adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Yanvar 2020 10:44
162419
MARAQLI
A- A+

Balıq mövsümü - çeşidləri, yeməkləri, faydaları...

Belə bir deyim var ki, hansı ayda "r" hərfi yoxdursa, o ayda balıq yemək məsləhət deyil. Bu deyimə əsasən, artıq balıqsevərlər sentyabr ayından balıq mövsümünə start veriblər. Odur ki, bu proses may ayınadək tam təhlükəsiz hesab edilir. Biz də bu gün ki, araşdırmamızı məhz balığa həsr edəcəyik.

Azərbaycanda yeyilən balıq çeşidləri

Xəzər dənizi, Kür və Araz çayları, onlara qovuşan çoxsaylı çay şəbəkəsi və su tutarlarının mövcud olması ilə əlaqədar Azərbaycan zəngin balıq ehtiyatına malikdir. Bu səbəbdən də balıq əti əhalinin qida rasionunda mühüm yer tutur. Azərbaycan mətbəxində pulcuqlu balıqlara üstünlük verilir, pulcuqsuz balıqlar – ilan balığı, ağ balıq və digərləri isə yalnız müəyyən bölgələrdə tükədilir. Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var. Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyətlidir. Balıq növləri içərisində yox olmaq təhlükəsi ilə üzləşdiyi üçün Azərbaycan Respublikanın "Qırmızı kitabı”na daxil edilənlər də var: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sıfı. Son illərdə nərə balıqlarının bütün növlərinin (ağbalıq, kələmo-qayabalığı, uzunburun balığı), Xəzər qızılbalığının, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalıb.



Balıqdan hazırlanan yeməklər

Balıqdan Azərbaycan mətbəxində təzə, qurudulmuş və "küpləmə” şəklində istifadə olunur. Milli Kulinariya Mərkəinin yaydığı məlumarda deyilir ki, Lənkəran, Muğan və Abşeron bölgələrində təzə balıqdan kabab (təndir kababı, buxarı kabab), soyutma, qızartma (bütöv və ya doğramaqla qızartma), balıq ləvəngisi, buğlama, balıq sırdağı, ləmbic, balıq mütəncəmi, dolma və başqa yeməklər hazırlanır:” Quru balıq tədarükü dəniz və iri çay sahillərində yaşayan əhali arasında geniş yayılıb. Qaxac üsulu ilə balıq tədarükündən Kür və Araz çaylarının aşağı axarlarında və Xəzərsahili əyalətlərdə geniş istifadə olunur. Çapaq, kütüm, ziyad, siyənək, şamayı və s. hisəvermə yolu ilə alov hənirtisində qurudulur.

Qeyd etdiyimi kimi, Azərbaycan mətbəxində balıq məhsulları ən çox kabab, qızartma və ləvəngi üsulu ilə bişirilir. Bundan əlavə, bəzi bölgələrdə buğlama (mütəncəm) və soyutma bişirmə üsulları da geniş yayılıb. Xırda çay balıqları soyutma, iri balıqlar isə, bir qayda olaraq, bıçaqla doğranıb tava və ya saplıcada qızartma üsulu ilə bişirilir. Bir qədər də dəqiqləşdirsək, şamayı və qarasol kimi xırda balıqlar bütöv, qızılbalıq, ziyad (kütüm), xəşəm, çapaq və çəki kimi balıqlar isə fal-fal doğranmaqla tavada qızardılır, süfrəyə verilərkən yanına doğranmış soğan, sumax, istiot və narşərab qoyulur.



Azərbaycan mətbəxində balıqdan müxtəlif yemək çeşidləri hazırlanır ki, bunların içərisindəbalıq ləvəngisixüsusilə seçilir. Balıq ləvəngisi Azərbaycanın cənub bölgələrində, o cümlədən Şirvanda geniş yayılıb. Ləvəngi, adətən, kütüm, xəşəm, çəki, çapaq və külmə balıqlarından bişirilir, ziyafət süfrəsinə verilir. Bunun üçün qoz ləpəsi, soğan və balıq kürüsündən içlik hazırlanır. Həmin içlik içərisi təmizlənmiş, duz, istiot və turşu (alça turşusu) vurulmuş balığın içinə yığılır, sapla tikilir, balığın quyruğu başına bənd edilərək dairəvi şəklə salınır, sonra ocaqda və ya təndirdə bişirilir. Balıq ləvəngisi ayrıca və ya plovla yeyilir.

Lənkəran bölgəsi əhalisinin sevimli yeməklərindən biribalıq sırdağıdır. Çapaq və ziyad balıqlarından bişirilən balıq sırdağını hasilə gətirmək üçün ayrıca qızardılmış balığı və xırda-xırda doğranaraq yüngül qızardılmış sarımsağı lay-lay qazana yığıb, üstünə cəfəri və qora suyu əlavə etməklə vam odda bişirirlər. Balıq sırdağı həm plova qara kimi süfrəyə verilir, həm də çörəklə yeyilir. Balıq sırdağından fərqli olaraq, Muğanləmbicindəsarımsağı soğan və göy-göyərti tərkibi əvəz edir. Üzərinə yağ əlavə edilən ləmbic xəşəm və sıf balığından hazırlanır, sacın içində bişirilir.

Muğan bölgəsi üçün xarakterik olanbalıqmütəncəmiisə doğranmış, duz və soğanla qarışdırılmış balığı qazana (çölməyə) yığıb, üstünə yağ və sirkəli su əlavə etməklə vam odda bişirilir. Qazanın qapağı kip örtülür, balıq öz buğunda bişir. Onu qızıl, xallı və xəşəm balığından hazırlayır, plovla yeyirlər.

Abşeronda öz dəmində bişirilmiş quru balığı müxtəlif xörəklərin yanında süfrəyə vermək adət halını alıb. Aş ilə ən çox kütüm balığı yeyilir. Buxarda bişmiş quru balıq bir sıra aş növlərinin – paxla plov, südlü plov, lərgə plov, əvəlik plov, yarma çilov və s. yanında süfrəyə verilir. Quru balıqdan, həmçininküküdə hazırlanır. Kükü Abşeronda və digər Xəzəryanı bölgələrdə daha geniş yayılıb, qidalılığına və dadına-tamına görə əvəzsiz qida məhsulu sayılır. Balıq küküsünün hazırlanma qaydası belədir: Balıq kürüsü yuyulduqdan sonra ehmalca qabda qarışdırılır və üz pərdələri götürülür. Kürünün acılığını çıxartmaq üçün üzərinə su əlavə olunur, 10 dəqiqədən sonra suyu süzülür. Ona yağda qızardılmış soğan, yumurta, qara istiot qatılır və tavaya tökülüb yağda bişirilir. Kükü həm sərbəst halda çörəklə, həm də aşla yeyilir.

Balığın faydaları

Həftədə ən az iki dəfə balıq yeyirsinizsə, deməli, sağlamlığınızı qoruyursunuz.

Beynəlxalq səviyyəli tibb dərgilərinin məlumatlarında deyilir ki, müntəzəm olaraq balıq yeməklə fiziki və ruhi sağlamlığımıza ən böyük xidməti göstərmiş olursunuz.
Ürək xəstəliyini və iflicin qarşısını alır:Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağı baxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal və barbunya balıqları daha zəngindir.



Xolesterinin maddələr mübadiləsini nizamlar:Balığda bol miqdarda olan Omega-3, damar genişlədən, aqreqasyon önləyici təsiri var. Bu xüsusiyyətlərindən ötəri ürək və damar xəstəliklərinə qarşı qorunma təmin edər.

Şəkər xəstələri üçün faydalıdır:Şəkər xəstələri, ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün balıq yemək onlar üçün faydalıdır.

Balıq prostat xərçəngini qarşısını alır:Omega - 3 yağlarının anti kanserogen təsiri müxtəlif araşdırmalar nəticəsində ortaya qoyulmuşdur. Elm adamları Omega - 3 yağların zəngin bir diyetin şiş və metastas yaranmasını azaltdığını ifadə edirlər.

Balıq dəri qırışıqlarınaa qarşı təsirlidir:Avstraliyada nəşr olunan bir araşdırma, qidalanmanın dəri yaşlanmasıyla əlaqəli olduğunu ortaya qoydu. Balıq yeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gec yarandığını görüldü.

Astma təhlükəsini azaldır: Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardan yeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə daha azdır.

Ağlını itirmiş qocalıq və Alzheimer riskini azaldır.Balığda olan yağ asidi beyindəki iltihablanmağı önləyə, beynin və sinir hüceyrələrinin inkişafını təmin edir, beləcə Ağlını itirmiş qocalıq və əlzeymir riskini azaldır.

Omega-3 yağ turşularının körpələr və uşaqlarda böyümə və inkişafı dəstəkləməsi, hətta xəstəliklərdən qoruması artıq sirr deyil.

Əziz oxucular, tələsin, may gəlməmiş balıq yeyin! Hec olmasa həftədə iki dəfə! Nuş olsun!

Əntiqə Rəşid

Adalet.az