adalet.az header logo
  • Bakı 12°C
21 Yanvar 2020 10:30
113683
MÜSAHİBƏ
A- A+

"Fəxri adlarını itirməmək üçün danışmırlar" - Tarzən Yaqub İlyasovla MÜSAHİBƏ

Müsahibim tarzən, "Qarabağ üçün oxu" layihəsinin koordinatoru Yaqub İlyasovdur. Onu sosial şəbəkədən izləyirəm. Gözəl tar ifa edir. Musiqilərimizi yeni nəfəs qatır. Bəlkə də yeni yaratdığı qrupa "Nəfəs” adını da buna görə qoyub. Mətbuatda nədənsə həmişə çox məşhur olan sənətçilərlə müsahibələr yayımlanır. Amma məncə, istedadı, bacarığı olan istənilər insanı cəmiyyətə təqdim etmək, tanıtmaq lazımdır. Onunla tar və indiki musiqimiz, cəmiyyətimiz haqqında biraz söhbətləşdik.

Adalet.az tarzən Yaqub İlyasovla müsahibəni təqdim edir.

- Yaqub, adətən, birinci sualda səndən özünü təqdim etməyini istəməliydim. Sən də tərcümeyi-hala oxşar cavab verməli idi. Amma məncə, səni tanımaq üçün tərcümeyi-hal lazım deyil. Ona görə də elə birbaşa keçirəm əsas suala. Suallarım az və qısa olacaq. 

Bir çox tarzənlərimiz var. Onların içində hamının tanıdığı tarzənlər də var, heç kimin tanımadığı tarzənlər də. Səncə bir tarzən üçün tanınmaq vacibdirmi?

- Sənəti ilə, ifası ilə tanımaq gözəl bir şeydir. Bunu mən də daxil olmaqla bir çox musiqiçilər də istəyir. Hamı tanımasa da olar, əsas odur ki, tanıyanlar dəyər versinlər. Yaradıcı insane hər şeydən vacib diqqətdir, dəyərdir.

- Müasir xarici müsiqiləri tarda ifa edirsən. Necə qarşılanırsan insanlar tərəfindən?

- Adətən müasir Estrada müğənnilərimizin, reperlərin, bəzən də rokerlərin mahnılarına tar partiyalarını ifa edirəm Buna görə hələ ki mənfi rəy almamışam.

Xarici mahnılara isə çalışıram az müraciət edim. Əsasən bizim retro musiqiləri, xalq mahnılarımızı tanımayan gənclərə tanıdıb sevdirmək üçün müasir tərzə uyğunlaşdırıram. Amma sevindirici hal odur ki, gənclərə sevdirməklə yanaşı, orta və yaşlı nəsildən də xoş fikirlər eşidirəm. Nostalji yaşadıqlarını deyirlər. Yəqin ki, gənclik illərində yaşadıqlarını xatırlada bilirəm. Bu mmənə çox xoş gəlir.

- Məsələn, şairlər şeirə hələ də bir tərif verə bilməyiblər. Bütün sahələrdə də belədir. Bəs sən tarı necə ifadə edərdin? Tar sənin üçün nədir?

- Şairlər şeirə tərif tapa bilməyiblərsə, bir tarzənin tara tərif tapmağı qəliz olar. Hər ifaçı üçün ifa etdiyi aləti ayrı bir məna, bir hissiyat verir. Mənə görə isə həyatımda tar insanlardan (istisnalar var) daha dəyərlidir.

- Kimlərlə birgə səhnəni bölüşmüsən və ya bölüşmək istəyərsən?




- Xalq artistlərimiz Səkinə İsmayılova, Simarə İmanova ilə bir səhnəni bölüşmüşəm. Bir müddət xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm” qrupu ilə işləmişəm. Rüstəm Zeynallının rəhbəri olduğu "Şeron” qrupu ilə də işləmişəm.

Hal-hazırda "Nəfəs” qrupunu yaratmışam. Çalışıram ki, mahnılarımızı, musiqilərimi yaddan çıxmağa qoymayım. Az da olsa gənclərə sevdirim. Səhnə bölüşmək istədiyim, xəyalını qurduğum bir sənətçi yoxdur hələ ki. Bu biraz yekəxanalıq kimi çıxa bilər, amma doğrudan da belədir.

- Musiqiçi üçün təhsil önəmlidirmi? Yoxsa istedadla da musiqiçi olmaq olur?

- Təkcə istedad mükəmməl olmağa yetmir. Təhsil mütləqdir. Bunlardan əlavə isə çox çalışmaq, axtarmaq, araşdırmaq, hər janra, hər xalqın musiqisinə qulaq asmaq lazımdır.

- Musiqinin içində olan insansan. Hal-hazırkı musiqimiz səni qane edirmi?

- Musiqimiz və efirlərimiz məni qətiyyən qane etmir. Dinləyicilər də həsrət qalın yaxşı musiqiyə. Amma yaxşı musiqi arzulayan dinləyici kütləsi də çox azdır. Bunu youtube-da yaxşı musiqilərlə digər musiqilər arasında olan baxış sayındakı fərq də aydın göstərir. Anlamaq lazımdır ki, musiqi insanın psixologiyasına, düşüncəsinə çox güclü təsir göstərə bilir. Keyfiyyətsiz, mənasız söz yığınına, musiqimizə aid olmayan tərzdə yazılan melodiyalara qulaq asan cəmiyyətdə sağlam düşüncəli insanlar azalır. Bunun üçün həm kanallar, həm də Mədəniyyət Nazirliyi çox sərt qadağalar tətbiq etsə, yaxşı olar. Çünki mən sağlam düşüncəli cəmiyyət görmək istəyirəm.

- Zövqlər müxtəlifdir, yoxsa?

- Zöqlər təbii ki müxtəlifdir. Amma bayağılığı və youtube-da trend olan mahnıları zövq saymıram.

- Musiqi qrupu yaratmısınız. Qrupun hədəfi nədir?

- Qrupun hədəfi bəstəkar və xalq mahnılarımızı yenidən dinləyicilərə çatdırmaq, göstərmək ki, tar yalnız xanəndə ilə ifa olunan alət deyil. Həm də musiqilərimizi unutdurmamağa. Təbii ki musiqilərimiz unudulan deyil. İndiki musiqiləri nəzərə almasaq. Tar hətta avropa alətləri ilə də yola gedir. 

- Sənətkar doğrudan da toyda yetişir?

- Azərbaycanda sənətkar toyda yetişir. Amma əslində belə olmalı deyil. Toy yalnız və yalnız kommersiya məqsədli olan bir şeydir. Hnası ki dolanışıq üçün məcburən getməliyik. Sənətkarın yeri isə konsertlərdir. Normal cəmiyyətdə sənətkar qazancını konsertlər və albomlardan təmin edir. Təəssüf ki bu, bizdə çətin məsələdir.

- Bir tarzən kimi ansamblda özünü rahat hiss edərsən, yoxsa solo?

- Öz qrupumda daha rahatam, çünki mən müşayiətçi deyiləm, solo ifaçıyam. Amma dəvətlər olanda tədbirlərdə, konsertlərdə ansamblla da işləyirəm.

- Səncə əksər musiqiçilərimiz niyə cəmiyyətdə baş verən proseslərə mövqe bildirmirlər?

- Bir neçə variant var. Ya əksər musiqiçilər bu xalqdan deyil, ya fəxri adı varsa, onu itirmək istəmir deyə danışmır, ya da fəxri ad almaq istəyir. Mənə fəxri ad onsuz da verən deyillər, heç istəmirəm də. Düzə-düz olmaq lazımdır, xalqın içindən çıxmışıqsa həmişə xalqın sözünü deməliyik. Bir incəsənət adamı təkcə özünə və ailəsinə aid deyil. Həm də xalqın mülküdür. Ona görə də xalqını sevməlidir, xalqın sözünü deməlidir, xalqı üçün çalışmalıdır ki, xalq da onu sevsin. Fəxri ad olmasa da olar. Əsas əsl təmənnasız, qarşılıqsız sevgidir.

- Bu mənim həmişə soruşduğum sualdı. Ədəbiyyatla aran necədir? Hansı yazıçıları, şairləri oxumusan?

- Düzü bir neçə müddətdir ki, mütaliəyə vaxt ayıra bilmirəm, sonuncu dəfə oxuduğum kitab da, yazıçı da yadımda deyil. Amma şairlərimizdən səni, Salam Sarvanı, Ramiz Rövşəni, Nüsrət Kəsəmənlini, Cabir Novruzu sevərək oxuyuram.