adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Yanvar 2020 09:55
124670
MÜSAHİBƏ
A- A+

Rəşat Kəsəmənli: Böyük səhv etmişəm - Müsahibə

Bu dəfəki müsahibimiz aktyor Rəşat Kəsəmənli oldu.
O, Azərbaycanın hazırki film sektoru və digər sahələr haqqında suallarımızı cavablandırdı.


- Hansı seriallarımızı izləyirsiniz? Sizcə seriallarımızda çatışmayan nədir?

- Heç birini. Seriallarımızın əsas çatışmazlığı maddiyyatdır, bir də rejissorların küçədən keçənləri filmə çəkməsi. Əsl aktyorları siz efirdə görmürsünüz. 30%-ini görə bilərsiniz, 70%-i küçədən keçənlərdir. Bədbəxtçilik də bundadır. Sənəti o qədər ucuzlaşdırıblar ki, elə bilirlər hər yoldan keçən aktyor, aktrisa ola bilər. Halbuki aktyorluq dünyanın ən çətin sənətidir. Buna görə bizdə inkişaf yoxdur.

- Kinoteatrlarda nümayiş olunan komediya filmləri haqqında nə düşünürsünüz?

- Hamısına gedib baxmışam: sıfır dərəcəsindədir. Azərbaycanda komediya janrı yoxdur. Komediya gündəlik zarafatlar demək deyil. Komediya ona deyərəm ki, aparıb İtaliyada, Fransada, Amerikada nümayiş olunsun, onlar da gülsünlər bu filmə. Buna deyərəm komediya. Amma sırf bizim kütlənin güldüyü şeylərə komediya deyə bilmərik. 
Məsələn, Pyer Re Şarın, Jerar Depardyenin, Cim Kerrinin, Çelentanonun filmləri var idi, bunlara biz də gülürdük, amma bizim filmləri xaricə aparsaq heç kim gülməyəcək. Bu gün bizim filmlər mövsümlük filmlərdir. Heç biri də tarixdə qalmayacaq. 
Mən əslində bu filmləri çəkənləri qınamıram. Çünki bu günün tələbatı budur. Çünki camaat ucuzluğa, adi gülüşə daha çox qiymət verir. Hər şeyin yüngülünə, adisinə qaçırıq. Təkcə kino sənətində deyil, hər bir şeydə.


"Senzuranı bərpa etmək lazımdır!"

- Yüksək səviyyəyə gəlməsi üçün nə etmək lazımdır?

- Senzuranı bərpa etmək lazımdır! Özbaşınalığa son qoymaq lazımdır. Gedin teatrlara baxın, necə gözəl aktyorlarımız var. Sadəcə olaraq aktyora yaxşı pul vermək lazımdır. Onu da verməmək üçün küçədən keçənlərdən pul alıb filmə çəkirlər, film olur bərbad. Aktyor əbəs yerə oxumayıb bu sənəti. Çağırın aktyorları çəkin görün film necə gözəl alınır. 
Bu gün Azərbaycanda tutarlı serial varsa hamısında məhz əsl aktyorlar oynayır. Deyə bilmərik Azərbaycanda serial yoxdu. Var, inkişafdadır. "O gecə”, "Uçurum” serialı var, "Sevgi naminə” serialı var, reytinqli seriallardı. Serialın reytinqi varsa deməli orda aktyor işi var. Ssenari ola bilər mükəmməl olsun, yığıb küçədən keçəni çəkdinsə, o film bərbad olur. Biraz sənətə hörmət qoymaq lazımdır.


- Vaynerlər populyarlıq qazandıqdan sonra filmlərə də çəkilirlər. Onların aktyorluq iddialarına münasibətiniz necədir?

- Vaynerlik aktyorluq demək deyil. Bunu tamaşaçı birmənalı şəkildə qəbul etməlidir. Vayner qoyur telefonu, çəkir, bu aktyorluq deyil. Aktyorluq məktəbini keçməyib, səhnə danışığını bilmirsə, vəziyyəti analiz etməyi bilmirsə, obraza xarakter verməyi bilmirsə ona aktyor demək olmaz.

"Pul qazanmaq üçün bunu edərəm"

- Onlara nə kimi məsləhətləriniz var?

- Heç bir məsləhət vermərəm. Nə istəyirlərsə etsinlər. Əcəb edirlər. Pul qazana bilirlərsə, niyə də etməsinlər? Bu gün mənim də istedadım olmasa, pul qazanmaq üçün bunu edərəm. Niyə də qazanmayım? Aclıqdan ölməli deyiləm ki. 

Bizdə bir düşüncə də var: modeldirsə filmə çəkmək lazımdır. Heç yerdə belə qanun yoxdur. Rus filmləri ən baxımlı filmlərdir, görmüsünüz model oynasın? Aktyor və aktrisa yaraşıq demək deyil. Oskar alan aktyorlara baxaq, içində bir-ikisi yaraşıqlı olar. Bizimkilər deyir modeləmsə mən də filmə çəkilim. Çəkil, sənə çəkilmə deyən yoxdur, amma təhsilini alıb gəl. Yoxsa sürüdən ayrı düşmüş qoyunu xatırladırlar. Baxırsan ki sürüyə aidiyyatı yoxdur, amma ortalıqda fırlanır. Peşəkarlar bunu daha rahat görür.

- İndiyədək çəkildiyiniz filmlərdən sizinçün ən yadda qalan obraz hansı olub?

- Hamısını sevmişəm. Mənfi obrazlar daha çox olub, elə mənfiləri daha çox sevmişəm. Mənfi obrazı həmişə daha peşəkar adama verirlər. Tamaşaçıda nifrət oyadacaq obraza xarakter vermək daha çətindir. Mən hamısına məsuliyyətlə yanaşmışam. Obrazlarda təkcə ad dəyişikliyi olmasın, xarakterlərində fərqlənməsi üçün çalışmışam . 
Sezon ərzində oynadığım serialda, sezon sonunda məni küçədə obrazın adıyla çağırırlarsa deməli rolu ağıla həkk etdirməyi bacarmışam. Mən "Küləklər şəhəri” serialına çəkiləndə Rəcəb deyə çağırılırdım. "Bir ailəm var” serialında Sakit obrazı vardı. "Sako” adı ilə yadda qalmışdım. Əgər yox, öz adımla çağrılıramsa deməli mən yadda qalmışam, obraz yox.

- Aktyor kimi daha çox hansı rollara çəkilməyi xarakterinizə uyğun sayırsınız? Necə obraz olsa onu oynamaqdan imtina edərsiniz?

- Xarakterimə uyğun obraz "Küləklər şəhəri” serialında Rəcəb obrazı olub. Digər obrazlar o qədər də xarakterimi yansıtmayıb. "Bir ailəm var” serialında Sakit obrazı vardı. O obraz biraz uyğun idi, lakin o obrazda qəddarlıq vardı. Mən nə qədər əsəbi olsam da, bir uşağa əl qaldırmaram. Bu xasiyyəti çıxsaq qalan hər şey uyğundur. Mənim üçün fərqlilik daha vacibdir. Özüm də olmayanı oynamaq daha vacibdir.

- Ən çox bəyəndiyiniz xarici film və aktyor hansıdır?

- Bəyəndiyim xarici filmlər çoxdur. Aktyorlardan Jerar Batler, Corc Kluni, Coni Depi bəyənirəm.

- Atanız şair olub, özünüz də şeir yazırsınız. Bes sizin sevimli şairiniz kimdir?

- Ən sevdiyim şair Nüsrət Kəsəmənlidir. Atam olduğu üçün belə demirəm. Şeirlərini sevirəm həqiqətən. Atamdan sonra sevdiyim şair Ramiz Rövşəndir. Şeirdə fəlsəfəni daha çox sevirəm.

- Televiziyadan kənarda Rəşat Kəsəmənli necə biridir?

- Efirdə necə görünürəmsə eləyəm. Hər şeydə ciddiliyi sevirəm. Zarafatda belə ciddiliyi sevirəm. Səmimiyəm. Uşaqlarımla çox sərbəstəm .Onlarla uşaqlaşıram. İməkləyirəm, belimə çıxırlar gəzdirirəm. Bəzən əynimə kiçik olan paltarlarını belə geyindirirlər mənə. Mən bundan həzz alıram. 

Bəzən deyirlər ki uzaqdan yekəxana, lovğa görünürsən. Mənsə yekəxana adamlara nifrət edirəm. Əslində insanlar təkcə görünüşə görə deyil qarşısındakına olan düşüncələrinə əsasən insanı qiymətləndirirlər. Məsələn, əgər bir adam sənə mənfi münasibət bəsləyirsə, sən ciddi olsan da, gülərüz olsan da, sənə yekəxana deyəcək. Əgər siz birini çox istəsəniz, onun hər xüsusiyyətini xoş qəbul edəcəksiniz. Mən səmimiyyətimi insanlara tam göstərirəm. Deyib-gülən biriyəm. Bəzən yaxınlaşıb şəkil çəkdirmək istəyənlər olur. Telefonu götürüb özüm çəkirəm ki, siz əziyyət çəkməyin.

- Poeziya və aktyorluqdan başqa hansı sahəyə marağınız var?

- Mən rəssamlıq üzrə birinci yer tutmuşam. 28 ildir idmanla məşğulam. Peşəkar olaraq ikinci dərəcəli idman ustasıyam. Tələbələrim beynəlxalq yarışlarda birinci yer tutublar. 14 yaşına kimi futbolla məşğul olmuşam. Nəyə maraq göstərmişəmsə onda da nailiyyət əldə etmişəm.


"Messi dünyaya bir də gələcək, ya yox, sual altındadır"

- Hansı futbol klubunun azarkeşisiniz?

- Biz uşaqlıqdan "Neftçi” ilə böyümüşük. "Neftçi” mənim qəlbimə kök salmış bir komandadır . Hansı komanda Avropa kubokunda bizi təmsil edibsə birmənalı şəkildə hamısına azarkeşlik etmişəm . Məndə Azərbaycan komandaları arasında rəqib komanda deyə anlayış yoxdur, amma fanatik kimi 1987-ci ildən bu günə qədər "Beşiktaş” futbol klubuna azarkeşlik edirəm. 

Bəlkə Azərbaycanda yeganə adamam ki ,1987-dən "Beşiktaş” azarkeşiyəm. Evimdə "Beşiktaş” bayrağı, stəkanları, uşaqlarım anadan olmamış "Beşiktaş” formalarını almışdım. "Beşiktaşın” yatağı, qələmi, saatı var evimdə. Avropadakı komandalardan soruşsanız, "Barselona” deyərəm. Amma "Beşiktaş” ilə "Barselona” oynasa, "Beşiktaş”a azarkeşlik edərəm. Ən güclü oyunçu deyə soruşsanız, düşünmədən Messi deyərəm. Messi dünyaya bir daha gələcək, ya gəlməyəcək, sual altındadır.

"Böyük səhv etdiyimi düşünürəm"

- Son olaraq atanızla bağlı ən maraqlı xatirənizi bizimlə bölüşməyinizi istəyirəm.

- Atamla bağlı o qədər danışmışam ki, nə desəm təkrar olacaq. Mənim bu sənətə gəlməyimdə atamın rolu olub. Mən hüquq fakültəsində oxumuşam, amma təhsilimi yarım buraxmışam. Ondan sonra İncəsənət Universitetinə gəlmişəm. 

Uşaqlıqdan incəsənəti çox sevmişəm. İkinci sinifdən yeddinci sinifə qədər aktyor dərnəklərinə getmişəm, amma həyat elə gətirdi ki hüquq fakültəsinə istəmədən qəbul oldum. Anam çox istəyirdi hüquqşünas olmağımı. Oxudum, ikinci kursda müharibə dövrü idi artıq . Könüllü surətdə orduya yazıldım. Qayıdandan sonra artıq təhsilimi davam etdirmək istəmədim. Onda atam anama dedi ki, sıxma uşağı, qoy nəyi ürəyi istəyir onu da oxusun. Bununla da İncəsənət Universitetinə qəbul oldum.

İndi isə səhv etdiyimi düşünürəm. Bu dövr üçün bu sənəti seçməklə böyük səhv etmişəm. Bu ölkə üçün deyil bu sənət. Biz əziyyətimizin müqabilini görmürük. Elnar Qarayev, Tural Əhməd, Anar Heybətov, Manaf Dadaşov kimi bir çox aktyor, aktrisalar var ki çox istedadlıdırlar. Bu aktyorlar bu gün xaricdə olsalar qazanc maddiyyat dərdləri olmaz, içi mən də qarışıq. Amma bu gün deyirəm ki, gərək hüquq oxuyardım. Bəlkə ürəyimin bir hissəsi incəsənətdə qalacaqdı, amma çox şeydə rahatlıq tapacaqdım. Ona görə də övladlarımın aktyor olmasına əsla razı olmaram.


söhbətləşdi: Ulucay Akif