adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Vaxtsız görüş - Əntiqə Rəşiddən psixoloji - mistik hekayə

Əntiqə RƏŞİD
81666 | 2020-01-14 13:03

Heç kim görünmürdü, heç səs-səmirdə gəlmirdi. "Yəqin nahara gediblər”-deyə düşündü. Əlindəki çəkici döşəməyə atıb, asta-asta fəhlə geyimini soyunmaq istədi. Elə əlini ilk düyməyə uzadanda hiss etdiki, yuxu gözlərinə elə bir sürətlə doluг кi, sanki qarşısı alınmaz bir seldi. Bir anda beyni dumanlandı. Bir neçə dəfə başını sağa-sola silkələdi, üzünə yumşaqca bir-iki sillə vurdu, gözlərini geniş açdı. Göz qapaqlarından sanki daş sallanırdı. Nə illah elədisə qəfil gələn yuxudan canını qurtara bilmədi. Bütün müvazinətini itirib, tappıltı ilə beton döşəməyə yıxıldı. Dərin yuxuya getdi.Nə qədər yatdığından da xəbəri olmadı.Birdən gözünün lap yaxınlığında güclü bir işığın parladığını hiss etdi.İşıq o qədər güclü idi ki, göz qapaqlarını dəlib içəri keçirdi. Yəqin fəhlə yoldaşlarımdı, yatmağımı görüb , mənimlə zarafatlaşırlar deyə düşünüb, gözlərini bərk-bərk yummağa çalışsada gözləri daha çox qamaşdı. Onu belə şirin yuxudan ayıran işığın nə olduğunu öyrənmək üçün gözlərini açdı. Ona elə gəldiki işıq topasının içindən Qənirsiz Gözəl gülümsəyə-gülüsəyə ona baxır.Təbəssüm ona elə ilıq, elə şirin gəldi ki, səbəbini anlamadan oda gülümsədi və qəflətən qarşısında dayanmış bu Qənirsiz Gözəlin nəinki gülümsəməsi, baxışlarıda, amiranə duruşuda onu valeh elədi. Qeyri ixtiyari :

- Sən kimsən?Burda nə gəzirsən, Bura necə cıxdın???-dayandıqları doqquzuncu mərtəbəni işarə ilə ona göstərərək soruşdu.
 
 
Qənirsiz Gözəl eləcə gülümsəyə-gülümsəyə; gəldimdə..gəlməyim vacib idi.-dedi və yenə o ilıq- şirin təbəssümlə ona baxmağa başladı.
–Bəs sən kimsən oğlan?- Qənirsiz Gözəlin səsinindəki gözəlliyini də sanki indi hiss etdi. Səs elə bil hansısa bir musiqini xatırladırdı.
 
Oğlan fəhlə geyimində, üst-başı toz içində olmaqdanmı, yoxsa Qənirsiz Gözəlin onu belə görməsindənmi, nədənsə bərk qızardı, utandı.Gözünü yerə dikərək:
 
-Əşşi, mən bir fəhlə baba!....yox. ömrümün axırına qədər fəhlə olmacağamki?! .Ailəmizin güzaranı yaxşılaşsın, özümə fərli-başlı bir iş tapacam.Fikrim var biznesə qoşulum. Deyirlər yaxşı qazanc ordadı.
 
-Neynirsən çox qazanmağı?
 
- Necə yəni neynirsən...? elə danışırsan elə bil bu dünyanın adamı deyilsən..(xeyli susur).Vaxt gələcək çoxlu pul qazanacam, lap çoxlu.. əvvəlcə atamı tarlada, çöldə işləməyə qoymayacam, sonra onu müalicə etdirəcəm. Halı pisləşəndə həkimə apardıq, dediki, vaxtında müalicə almadığından səhhəti günü-gündən bərbad vəziyyətə düşür. Belə getsə, orqanizmi çox duruş gətirə bilməz.
 
-Təkcə atanımı...?
 
Oğlan gözünü yerdən qaldırıb Qənirsiz Gözəlin üzünə təəccüb qarışıq bir maraqla baxdı:
 
Sən hardan bilirsənki, müalicə təkcə atama lazım deyil, həm də...
 
Qənirsiz Gözəl duruxdu:
-Elə-belə dedim..məsəlüçün..
 
Oğlanın elə bil arzuların oyatmışdılar, Qənirsiz Gözəlin duruxmasına fikir verməyib söhbətinə davam etdi:
 
- O vaxt- qardaşım anadan olanda necə olubsa başından travma alıb. Anadangəlmə iş qabliyyətini itirib. Xəstədi. Onu da müalicə etdirəcəm..bircə qardaşım var də..o sağalsın- Allah qoysa- mənə arxa kömək olacaq, bir xarici ölkəyə gəzməyə, istirahətə gedəndə biznesimi o idarə edəcək
 
Dedi və xəyala daldı. Yəqinki, artıq xəyallarını gerçəklik kimi qəbul etmişdi.. nəsə gülümsəyirdi.
 
-Bəs bacına yardımçı olmayacaqsan?
 
-Sən hardan bilirsən eyy, mənim bacım da var?
 
-Elə-belə dedim..ola bilər də...
 
- Hə, bir bacım var. Ailəlidi. Onun toyu ailəmizin kasıb vaxtına düşdü. Doğru-dürüst bir cehizdə verə bilmədik. Rəfiqələri cehizinə lağ eləmişdilər, həm azıydı, həmdə ucuz...əvvəl kövrəldi-ağladı, sonra görəndəki hamımız pis oluruq, utanırıq, xəcalət çəkirik, susdu. Yaxşıki kürəkənimiz xalam oğludu, cehizə-filana fikir verən deyil. Bacım əvvəl pərt olsada sonra bizə ürək-dirək verdi. Dedi ki, heç narahat olmayın, vaxt gələcək mənim də hər şeyim olacaq, bahalı mebelim, üç otaqlı evim, bağ-baxçam.. Qaqam işləsin-qazansın, o mənə hər şeyin ən əlasını verəcək...bacım mənə güvənir, əlbəttə onada kömək edəcəm. Amma ən böyük arzum anamı sevindirməkdi. Onun kədərli, yorğun, üzgün gözlərində sevinc görməkdi.
 
-Onu necə bacaracaqsan?
 
Oğlan gülümsündü:
 
- Bayaqdan danışdıqlarımı həyata keçirsəm...anamın necə sevinəcəyini bilirəm. Bir dəfə təzə-təzə işləyən vaxtlarım idi. Ayın sonunda məvacibim verildi və ona 12 manatlıq bir yaylıq aldım. Bilirdim ki, anamın indiyə qədər elə bahalı bir yaylığı olmayıb. O yaylığı ona verəndə anamı görsəydin...əvvəl yaylığa əl vurmağa cürət eləmədi. Sonra astaca sığal çəkməyə başladı. Gözlərindən yaş gilələnib yaylığın üstünə düşdü. Anam əvvəlcə yaylığı, sonra məni bağrına basaraq öpdü. Həmin gün axşama qədər onun təzə oyuncaq alınmış uşaq kimi sevinməsini unuda bilmirəm. Sonra qulağım çaldıki, toyda-yasda hamıya deyirmişki, bu, yaylığı mənə oğlum Bakıdan alıb. (gülümsəyir). Anama qurban olum!
 
-Sevirsən?
 
-Nə?
 
- Sevdiyin qız var?
 
Oğlanın üzü tutuldu:
 
- Əşşi yox, nə sevgi..sevgi boş şeydi...sevmək mənlik deyil!
 
 
Qənirsiz Gözəlin nüfuzedici baxışlarını üzərində, gözlərində hiss edəndə rəngi allandı.”Yalan danışa bilmirsən danışma dəəə” deyə özünü danladı. Asta, bir azda kədərli səslə söhbətinə davam etdi:
 
- Biri vardı. Dünya gözəli-zadda deyildi. Amma bir baxışları vardı, adamın içini oyub keçirdi. Əvvəl xoşum gəlirdi ondan...Sonra uşaq məhəbbətiylə sevməyə başladım. Bir zaman hiss eledim ki, onun baxışlarının kəməndinə düşmüşəm. O baxışlar məni qarabaqara izləyir. Başımı yastığa qoyanda tavandan üzümə zillənirdi. Gözümü yumanda yuxumu ərşə çəkirdi. Divardan, pəncərədən, günəşdən, göylərdən ancaq onun baxışları gözlərimə görünürdü. Day bu uşaq məhəbbətinə bənzəmirdi. İlk məhəbbət idi. Artıq hiss edirdim ki, onu bir az gec görəndə havalanıram, nə yeməyimi bilmirəm, nə danışdığımı bilmirəm, hec suda boğazımdan keçmirdi. Bilirdim, bilirdim ki, oda mənə etinasız deyil...
 
-Sonra nə oldu? Niyə sevgini elan eləmədin?
 
-Nə bilirsən eləmədim?...hə eləmədim.. deyə bilmədim...Ümumiyyətlə, sən bunları hardan bilirsən?
 
-Bilmirəm, elə-belə soruşdum...
 
- Onlar bizdən imkanlı idi...ona görə...
 
-Əsgərliyə gedəndə heç olmasa söz göndərəydin. O həmin gün səndən bir barmaq kağız gözləyirdi, əsgərlikdə olanda isə məktub yazacağına inanırdı. Şəklini indidə hamıdan gizlin qoynunda saxlayır.
 
Oğlan bu dəfə əməlli-başlı özündən çıxdı:
 
- İndi başa düşdüm..hmmm.. deməli səni bura o göndərib...həə belə deeeee...
 
-  Kim? O qız? (gülümsəyir)
 
- Gərək bayaqdan onu anlayaydım...Bəs ona demədin ki, yazmadım, heç olmasa sən yazaydın!Bəlkə məsələ başqa cür olacaqdı. Vacib idi ər??? 20 yaşı olmamış ərə gedəydi gərək?
 
-O getmirdi, onu zorla ərə verdilər. Verdilər və bədbəxt elədilər.
 
- Niyə bədbəxt? Altında bahalı maşını olan əri, 2 övladı, şəhərin mərkəzində evləri.. harasındadı bunun bədbəxtlik?
 
- Nə olsun! Qəlbindəki insan yanında olmadıqca insan özünü xoşbəxt hesab edərmi? O sənə elə gəlirki o xoşbəxtdir. Amma həmişə Allaha yalvarırki, səni sevdiyini biləsən. Məndə çatdırdım.
 
Oğlan öz-özünə mızıldandı:
 
- Elə bilirdim ki, məndən yaxşısını tapdığı üçün xoşbəxtdi? Neyniyim qürurum yol verməzdi anam o qapıya gedə, ordan əliboş qayıda...Ona görə unutdum onu, fikrimdən. xəyallarımdan, gələcək planlarımdan çıxartdım onu...gözəl yaşamaq, istədiyimi ammasız sevmək üçün başqa həyat , başqa arzular qurmağa çalışıram.
 
-Çalışma!
 
-Nə?
 
-Çalışma! Sən onsuzda arzuların ən gözəlinə, həyatın ən rahatına, sevgilərin ən atəşlisinə layiq olmusan!
 
-Pulsuz???
 
-Hə! Sənin xoşbəxtlik axtaracağın-tapacağın yer deyil bura...gəl gedək buralardan...boş ver arzularıda, həyatıda..gedək mənimlə...
 
- Hara?
 
-Səni xöşbəxt edəcək yerə....
 
-Axı haradı ora..?
 
-Getməsən görməsən, bilə bilməzsən. ..
 
-Orda planlarımı həyata keçirməyə nail ola biləcəm??
 
-Yox orda ancaq sən xoşbəxt ola bilərsən!
 
Anam, atam, bacım, qardaşımıda xoşbəxt olacaq mən ora getsəm?..Yəni planlarımı həyata keçirə biləcəyim bir yerdimi ora..?
 
.-Dedim axı...orda ancaq sən xoşbəxt ola bilərsən!
 
- Getmirəm...Mən onları xoşbəxt etməsəm, özüm xöşbəxt ola bilmərəm.. onlarsız xoşbəxt yaşamaqdansa ölərəm. O "xoşbəxt həyat” dediyin mənə haram olar..
 
-Başa düş! Getməlisən!
 
- Zorla aparacaqsan?? Dedim ki, getmirəm..Mənim arzularım var, onları həyata keçirməliyəm..Gör neçə nəfər mənə ümidlə baxır, xoşbəxtliyini məndə görür. Mən o ümid dolu baxışları məhv eləmək istəmirəm. Çıx get!
 
-Getməlisən! Bu saat, elə indi!
 
Oğlanı dəli bir gülmək tutdu:
 
- Başa düşmürəm sən axı kimsən mənə qanun qoyursan, yol göstərirsən? Qanun demişkən, heç bilirsən mənim işimə müdaxilə etdiyin üçün səni nə cəza gözləyir? -deyib Qənirsiz Gözəlin üzünə baxdı. Oğlanı bir anda təəccüb bürüdü. Qəribə idi, Qənirsiz Gözəlin üzündən təbəssüm silinmişdi, artıq o parlaq işıq da yoxa çəkilmişdi. İndi o gülər üzün yerində makiyaşı yağışa düşmüş bir qadın vardı. Adi, sadə bir qadın...
 
Qadından özünəməxsus olmayan, yoğun eyni zamanda yorğun bir səs çıxdı;
 
-Sənin arzuların mənə maraqlı deyil! Mən gəlmişəm səni aparım! Mən özbaşıma deyiləm! Heç səndə özbaşına deyilsən! Getməlisən!
Qadın danışdıqca səsi dahada yoğunlaşır, qoca bir kişinin səsini xatırladırdı. Üzündə demək olar ki, makiyajın izi-tozuda qalmamışdı.Yüzillik ağac gövdəsinə bənzəyən qırışların arasından elə bir zəhər damcılayırdı, cadar-cadar olmuş əlləri ilə üzünün dərisi eyni rəngdəydi. Qapqara! Dalgalı, gözəl sacları bir anda ağlı-qaralı kolluğa dönmüşdü. Pırtlaşıq qaşlarının altından görünən hissiz- duyğusuz gözləri qan rəngindəydi.
Oğlan qarşısında saniyə-saniyə dəyişən, başqalaşan bu qadının vahiməsini canında indi hiss etdi. Bədənindən giziltiyə oxşar bir üşütmə keçdi. Nə qədər istədiki, yenə nəyisə desin, nəyəsə etiraz etsin, dili söz tutmadı. Təhdidli, israredici baxışların altında qeyri-ixtiyari ayağa qalxdı. Özündən asılı olmayan bir qüvvə onu məhəccəri hələ qoyulmayan eyvanın ucuna qədər itələdi.Oğlan bir anlıq arxaya döndü. Yox! Bu qadın deyildi, bu heç insanada oxşamırdı. Həyatında ilk dəfə gördüyü bir möcüzəvi yaratıq idi bu...Adını tapa bilmədi...
 
Sanki onun fikirlərini oxudu o möcüzəvi yaratıq...
 
-Hə mənəm Əzrayil! Gəldimki səni aparım!
 
Oğlan olub-keçənləri bir andaca xatırladı, anladı, üzünə elə bir kədər, yazıqlıq, ümidsizlik çökdüki...son sözünü pışıltılarla söylədi:
 
-Bəs mənim arzularım??
 
*****
 
Tikinti binasının qarşısına xeyli adam topalaşmışdı. Bir fəhlə dil boğaza qoymadan danışırdı;
-Yazıq uşaq, hələ heç 25 yaşı tamam olmamışdı. Adı Nicatdı. Kənddən bura fəhlə işləməyə gəlmişdi. Elə yaxşı oğlanıydı, sakit, başıaşağı, mehriban! Binadan yıxılan kimi keçindi. Yazıq...
 
 
 
Əntiqə RƏŞİD

 

 

 

 

TƏQVİM / ARXİV