adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyul 2020 14:44
145912
ƏDƏBİYYAT
A- A+

Kəmalə Abıyevanın şeirləri: SON SEVGİMSƏN

SON SEVGİMSƏN

İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim, kimi sevdim
bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə
ipək donlu gəlinciyi,
bər –bəzəkli yelləncəyi.
Bəlkə qışı, qarı sevdim,
Bəlkə də baharı sevdim.
Sənə qədər onu sevdim, bunu sevdim,
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini,
bəlkə də ən gözəlini?
Amma demə sənə qədər
sevməmişəm heç birini.
Demə Sənə çatanadək bilməmişəm

sevgi nədir.
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
gözlərimə, ürəyimə yığdım elə.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq,
yad əllərdən səni almaq and yerimdi.
Adım "Vətən” deyən neçə şəhidin var.
Türkün yurdu şəhid olmaz,

türkün özü şəhid olar.
"Vətən” adlı oğlun ilə,
qızın ilə mən əl-ələ
Təbrizimlə Bakım ilə
gedəcəyəm Qarabağdan Zəngəzura,
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü, yarpağını,
oxşayacam mən hər qarış torpağını.
Bəlkə bir az səndən doyum.
Səni bütöv sevəcəyəm ömrüm boyu.
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan -
ana Vətən.
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən -
Son sevgimsən.

DAHA ANAMIZ OLMA

Dərdi ilə qınanan başıbəlalı anam.
Ay sevgisi sınanan gözləri yaşlı anam.

Ana deyib nazlandıq –
Guman yerimiz oldun.
Ana tək nazlanmadın -
uman yerimiz oldun.

Oyulan gözlərinin
qarasına dönmüşük.
Paralı ürəyinin
yarasına dönmüşük.

Babək kimi kəsilən
qollarını tapmırıq.
gedər – gəlməzə dönən
yollarını tapmırıq.

Köksünə dağ basdılar,
fəryad ola bilmədik.
"Ana” deməyə nə var,
övlad ola bilmirik.

"Ana” dediyim səni
dərdindən seçmək olmur.
Bir az balamız ol sən,
baladan keçmək olmur.

Balamız ol, dərdinlə
sinəmizdə dağ ol sən.
Ana tək sevək səni
bəlkə sağaldın Vətən.

Daha anamız olma,
bir az balamız ol sən.
Bir az qayğına qalaq,
halına yanaq Vətən.
Daha anamız olma,
bir az da Ana olaq,
Məlhəm olaq yarana,
Bəlkə sağaldın Vətən,

***************

Hər gecə gəlirdi yuxularına ...

Hər gecə gəzirdi doğma yerləri.

O doğma yerlərə qayıtsın deyə

Hər səhər gəzirdi ayaqlarını.

Bir də ki hər səhər əzizləyirdi

Bir gün çin olacaq yuxularını,

MƏNİ BAĞIŞLAMA

Nə olsun qayıtdım, əlindən tutdum
Nə olsun ki sənə”bağışla” dedim.
bağışlama məni, qurbanın olum,
Məni bağışlama, qoy çıxım gedim.

Baxma sevgi dolu baxışlarınla,
Mən sənin dünyanı yıxıb getmişəm.
Sən həsrət qaldığın baxışlarıma
Özgə bir həsrəti yığıb getmişəm.

Sənin üzündəki qəmin izləri
mənim üzümdəki qəmdən dərindi.
Ağarmış saçların, nəmli gözlərin
Qatili olduğum ayın – ilindi.

Ömründə yer vermə, indi sən məni
ölən arzuların qoy arasına .
Mənim öz dünyam var qoy çıxım gedim,
gedim xəyalların xarabasına.

Bağışlama məni, başına dönüm,
Bir də bu yaralar köz bağlamaz ki.
qoy öz günahımın oduna yanım,
cəzam günahımdan ağır olmaz ki...

Ömrün baharı da qarlı qış oldu
Bir də o bahara dönə bilmərik.
Bağışlama məni, qurbanın olum,
biz xoşbəxt hekayə yaza bilmədik.

*************

BAĞIŞLARAM

Elə gözəl sevmişdim ki... Elə gözəl sevmişdim...
Baxışının çüt gözünü, tək dilinin bir sözünü
elə gözəl sevmişdim.
toxunduğun əşyaları, görmədiyim sabahları,
yuxu yoran gecələri, gəzmədiyim küçələri,
bilmədiyim necələrin hamısını sevmişdim.
Elə gözəl sevmişdim ki...
Elə gözəl sevmişdim.
Neylədim ki?
Gecələrdə qaranlığı görmədim mən,
ulduzların nurun gördüm, ayı sevdim.
Mən günəşin yurdu olan göyü sevdim.
o şahanə duruşunu, yerişini, gəlişini
bilsən necə, necə sevdim.
Bilmədim ki, gəlişinin gedişi var,
bir də geri dönüşün var.
Bilmədim ki,
bir gün niyə yanlış dedin bu sevgiyə?
Bilmədim ki, bilmədim mən...
Necə yazıq...Necə acı...
Bilmədin sən, nə qədər olsa da acı
necə gözəl sevmişdimsə,
eləcə də ayrılaram,
ağlamaram, sızlamaram,
daha səni gözləmərəm.
Əgər sevə bilmirsənsə,
ayrılıq daha gözəldi.
sevilmədiyindən getmək
özü də bir gözəllikdi.
Bilmədin sən gedərəm mən.
Gedişimi də sevərəm.
Mən gözəlliyi sevirəm.
Bəlkə yorğun olar sözüm,
bəlkə durğun olar gözüm,
Bəlkə elə susan ağlım haray salar,
ürəyimdən hesab sorar?
Yəqin bir az qəmgin ollam,
Bəlkə bir az küsgün ollam.
yanlış seçdi, yanlış sevdi-deyib
mən də ürəyimi qınayaram...
Amma bil ki,
ürəyimin yanlışını sevməyinə bağışlaram.
Sevə bilən özümü də bağışlaram.
Öz – özümlə, ürəyimlə barışaram.
əgər bir gün belə gözəl sevə bilsən,
mən səni də bağışlaram...


TƏLƏBƏYDİM

Bu həyatda

agrı dolu, sevinc dolu yollar keçdim.

Gör ömrümdən neçə-neçə

aylar keçdi, illər keçdi...

Gəncliyimdən nə vaxt belə iraq düşdüm,

bilmədim mən...

İlk sevgidən, ilk həsrətdən,

O bəxtəvər günlərimdən

nə vaxt belə uzaq düşdüm,

bilmədim mən...

Tələbəydim...

Bər-bəzəksiz o adicə

mühazirə otagları

gözəl idi aman necə!

Hər gün ötüb keçdiyimiz

o dəhlizlər əziz idi,

orda ötən günlərimiz əvəzsizdi...

Arabir də bir-birinə

oğrun-oğrun baxan gözlər,

pıçıltılar, gizli sözlər

necə safdı, təmiz idi...

Tələbəydim...

"Bu dərs bitsin,

tez qutarsın bu imtahan”

deyə yaman tələsirdim mən çox zaman.

onda mənə çətin gələn hər imtahan

nə asanmış, heç bilmirdim...

Həyatdakı neçə çətin imtahandan

xəbərsizdim....

Bu həyatda qiymət almaq

müşkül imiş, heç bilmirdim...

Tələbəydim...

Bir binanın divarları arasında

yaşayırdım xoşbəxtlərin sırasında.

Bəlkə elə bu dünyanın

lap ən kiçik bucağında

bəxtəvərdim səadətin qucağında...

Səadətdən xəbərsiz tək vurnuxurdum

hey səadət sorağında...

Tələbəydim...

Gəncliyimlə mən həyata naz edirdim

Bu həyatın hər nazından xəbərsizdim...

aman necə xoşbəxt idim!..

Həyat bütün sevinciylə

mənim idi, heç bilmirdim...

Tələbəlik...

Ömrümüzə şirin, kövrək

xatirələr yazan illər.

İllər ötür..

Ötən illər ömrümüzə sən yazanın

bir anını yaza bilmir...

Tələbəlik...

Ömrümüzün sədəfini pozan illər

Ömrümüzdən sən yazanın

bir anını poza bilmir...

Tələbəlik...

Ömrümüzdən neçə illər ötsə belə

o illərin sevincini

tapa bilmir ürək hələ...

ÖYRƏN

Həyat bir oyundur, biz də oyunçu
Həyatla oyunu asan bilmə sən.
Sən nə birincisən, nə də sonuncu
Bir az da fənd ilə udmağı öyrən.

Demə ki dünyaya təmiz gəlmişik,
Kimsəyə tərtəmiz gərək deyilsən.
Demə ki dünyanın seli, suyu çox,
Sən bir az çirkaba batmağı öyrən.

Həqiqət əlində çarəsiz qalma,
Hərdən yalanı da dadmağı öyrən.
Ədalət axtarıb özünü yorma
bir az da nahaqqı udmağı öyrən.

Nə varsa görməyə çox da çalışma
Yaxşıdır bir az da kor ola bilsən.
əlinə keçəndən bərk-bərk yapışıb
bir az da kor kimi tutmağı öyrən.

Bir əl verəndisə biri alandı,
Tək əldən səs çıxmaz deyib atalar.
həyat da verdiyin bir-bir alandı
Bir az da almağı, satmağı öyrən.

Fənd ilə udmağı öyrənə bilsən
nahaqqı udmağı öyrənə bilsən,
yalanı dadmağı öyrənə bilsən,
çirkaba batmağı öyrənə bilsən
kor kimi tutmağı öyrənə bilsən,
almağı,satmağı öyrənə bilsən
bir az yaşamağı öyrənəcəksən...

ŞƏHİDİM

Özü getdi başqaları gətirdi
bir evdən getdi,min evə gəldi.
bir ananın oğluydu

hamının oğlu oldu.
bir qadın Onu doğdu -
O vətən torpağını.

Nə qəribə havadı, elə mənim havamdı...
Bir azacıq tutqundu,bir azca da işıqlı,
Bir azca dumanlıdı, bir azca da yağışlı...
Bir az donuq kimidi,bir az soyuq kimidi,
Bir azca da durğundu,bir azca da yorğundu,
bir az ağ, bir az qara, bir az da boz kimidi...
Qəhərdən boğazıma ilişən söz kimidi...
Nə qəribə havadı, Elə mənim kimidi...

KÜLƏK SAÇLIM

Köhnə Bakım təzələndin nə yaman

Ha aradım köhnə bir üz tapmadım.

Küçələrin bəzənibdi nə yaman

Ha aradım köhnə bir iz tapmadım.

Ha dolandım, ha vurnuxdum, ha baxdım

Doğma Bakım səni görə bilmədim.

O qarışıq dalanları axtardım

Doğma Bakım səni görmək istədim.

Zorla ərə verilən qız kimisən

Baxışından kədər yağır,qəm yağır.

Gəlinliyin dar gəlirmi əyninə?

Yoxsa dərdin öz dərinə sığmayır?

Əlimizlə yazdıq sənə bu baxtı

Yaraların köz bağlamaz heç zaman.

O bakirə gözəlliyin hardadı

Külək saçlım, dəniz gözlüm hardasan?

ŞƏKİM

Qızılgül ətirli gecələrində
Ayın işığında uyuyan Şəkim.
Kəlağayı kimi səhərlərində
Günəşlə birlikdə oyanan Şəkim.


Nağıl danışar sanki çeşmələrinin səsi
dağların dilindəki gözəlliyin nəğməsi
hər daşı, hər kəsəyi tariximin harayı
Möhtəşəm Xan sarayı sevgimin xan sarayı

hər qarışı, cığırı sehrlə, sirlə dolu
Gözümdən ürəyimə uzanan ipək yolu.
Çələbi yadigarı nazlı, işvəli Şəkim.
möcüzələr diyarı şirin şivəli Şəkim.

GETMƏ DEMƏDİM

Mən "getmə” demədim sənə bir zaman,
Nə də yollarını kəsmədim sənin.
Vaz keçə bilmədim öz qürurumdan
Nə də ki arxanca gəlmədim sənin.

İndi nə fərqi ki, günahkar kimdi,
İllər o günahın üstündən keçib.
Qəm yüklü, dərd yüklü bir qatar kimi
o günah qəlbimin üstündən keçib.

Günahkar axtarıb yorma özünü
axtarma gerçəyin yalan üzünü
Ya mənə, ya sənə bəraət vermək
ölən arzuların nəyinə gərək?

Xoşbəxt olmadıq ki, nə sən, nə də mən
Arzusuz,ümidsiz gəzirik indi.
Indi gerçəyimiz saçımızda dən,
arxadan boylanan gəncliyimizdi.

QƏLƏBƏ

Payız küləyinə qoşularam,
bir payız yarpağı kimi.
Gözəllik duyğusu yaradaram
solğun görünüşümlə,
bilmərəm son olduğunu Rezorford kimi.
atom kəşfinin sevinci
budaqdan qopan yarpağın
azadlıq duyğusu kimiydi,
ikisi də ölümə sürükləyirdi.
Atomu anlamaq ehtirası
doğulacaq əzabları üstələdi
dünyaya "atom silahı” adlı
adamyeyən gətirdi.
insan zəkasının ucalığıyla
ölümü hökmran etdi.