adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2019 14:52
63965
MARAQLI
A- A+

İnsanı Qulliverə çevirən sənətçi

Alper Bıçaklıoğlu...

Yeni tanış olmuşam bu insanın əsərləri ilə.

Öz dilindən desək, qrafiti ilə məşğul olanlar küçə divarlarını, o isə kiçik küçələri yaradır.
O, özü də 1994-2000-ci illər arası qrafiti ilə məşğul olub. Bunun sayəsində küçələri ən xırda detallarına kimi öyrənən Alper böyük küçələri kiçik ölçülərə daşımağa başlayır. Özünün kiçik küçələrini yaratmaqla insanları böyüdür, devləşdirir.

Bu üslubun adı "diorama”dır. Fransız dilindən "dia” içindən, "orama” isə görünən mənasını verir. Yəni bir anın, zaman kəsiyinin canlandırılması. Bu üslubda müxtəlif ölçülərdə sənət əsərləri yaradılır. Alperin işləri ilə tanış olanda insan özünü liliputlar ölkəsinə düşmüş Qulliver kimi hiss edir. Alper küçə sənətini ölümsüzləşdirir. Çünki küçə boyu uzanan divarların üzərindəki əl işlərini bir andaca ağ boyayla yox etmək, yaxud da üstünə hansısa elanları yapışdırmaqla gizlətmək olar.

Alper küçədə tapdığı dəmir lövhəni kəsir, rəngləyir, düzəldir, kiçik bir qapıya çevirir. Yəni küçədən gələni təkrarən küçəyə qovuşdurur və dioramalarında yenidən var olur.

İmzası "Powoq” dur.

Alper küçələri gəzir, rəngləri, bütün detalları beynində kodlaşdırır, çəktiyi fotoları atelyesinin divarından asır və əsərini gerçəkləşdirməyə başlayır. Əvvəlcə binaları yaradır, sonra rəngləri, sonra isə xırda detalları. Bəzən o küçələrə xırda müdaxilələr də edir. Məsələn, divarlara yazılar, şüarlar əlavə edir. Bu, onun gündəlik həyatda qarşılaşdığı hadilərə verdiyi reaksiya da ola bilər.

Alper Bıçaklıoğludan bəhs etməyim əbəs yerə deyil.



Yaşadığımız şəhərin çox az yerində küçə sənəti olan qrafiti nümunələri rast gəlmək olar. Halbuki bu sənət növü küçələrə ayrı rəng qatır. Aqlay divarların, yaxud da sınıq-salxaq daxmaların üzərində bu cür işlər görmək yaxşı olmazdımı? Olmazdımı ki, küçələr insanların yerinə dil açıb danışsın?
Çox təəssüf ki məmləkətimizdə Alper kimi insanlar yoxdur. Olsa belə, onlar diqqət görməyəcəklər. Bizim toplum sürətlə öz sənətsəlliyini itirib bazarlaşmağa, kapitalizmin quluna çevrilməyə başlayır. Məsələn, elə insanlar var ki, mən onları Hitlerə tay tuturam. Hitler heyvanları çox sevirdi deyə heyvanların qorunması ilə bağlı qadağalar da tətbiq etmişdi öz dövründə. Amma o, heyvanları yəhudilərlə, günahsız insanlarla əvəzləmişdi. İndi bizim cəmiyyətdə də bu cür insanlar az deyil. Sosial şəbəkələrdə addımbaşı rastınıza çıxan pişik, it, dovşan, quş məhəbbəti. Pişiklərə yemək verin, itlərə su verin, quşlara yuva tikin, öldürməyin bu heyvanları. Amma bir insanı fikrinə görə öldürməkdən betər edin. Həzz alın bundan. Sizin Hitlerdən fərqiniz nə oldu?

Biz sənətə də belə yanaşırıq.

Sənətkarı sevirik, əsərlərini sevirik, amma yazıçıdısa kitabını, rəssamdısa rəsm əsərini almırıq. Bizə çal oynasın, vur çatlasın lazımdı. Bizə müğənnilər, nə olduğu bilinməyən başdanxarablar lazımdı…