adalet.az header logo
  • Bakı 13°C
28 Avqust 2019 17:56
57617
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: “GÜLÜNÜN ŞEİRLƏRİ”

Yaxın günlərin söhbətidir, imzasını tanıdığım, yazılarını mətbuatda, o cümlədən "Ədalət” qəzetində oxuduğum Zaur Ustacın kitablarını həmkarım şair Qələndər Xaçınçaylı mənə verib tanış olmağımı istədi. Onsuz da az qala hər gün yeni kitab almağa, yeni imzayla tanış olmağa adət etdiyimdən kitabları heç bir təəccübsüz və tərəddüdsüz qəbul etdim. Özünəməxsus adam olan Qələndər Xaçınçaylı sözarası onu da vurğuladı ki, Zaur yerlimizdi və onun da qohumudu.

Təbii ki, mən yerliliyə də, qohumluğa da laqeyd deyiləm. Amma dəyərli sözün dəyərini də bilməyi, onu oxucu olaraq qiymətləndirməyi də az-çox bacarıram. Ona görə də şair Qələndər Xaçınçaylının təqdimatı mənə kitab barəsində bilgi verməkdən daha çox müəllifi tanıtmaq təsiri bağışladı. Və mən də elə onun yanında sallofan kisədə olan kitabları çıxardım və düzdüm yazı masamın üstünə.

Kitablar müxtəlif mövzuları əhatə edir. Onlardan biri Milli Qəhrəman Mübariz İbrahimov haqqında povestdi, digəri məşhur Şamaxılı rəssam barəsində poemadı, üçüncüsü isə "Gülünün şeirləri”di. Nədənsə "Gülünün şeirləri” daha çox məni özünə çəkdi. Ola bilsin ki, bu öncə kitabın sadə tərtibatının yatardığı ovqat idi və yaxud da kitabın balacalara- uşaqlara ünvanlanmasının təsiri burda güclü rol oynadı. Çünki mən bu ildən ibtidai sinfin hazırlıq mərhələsini başlayan nəvəm Nigar üçün bu cür kitabları toplamaqda maraqlıyam. Və...

Zaur Ustacın "Gülünün şeirləri”kitabı müəllifin özünün də qeyd etdiyi kimi, əlavə tədris vəsaitidi. Zaur Ustac kitabın ilk səhifəsində vurğulıayır ki, "əsasən orta məktəb-liseylərin birinci sinifləri üçün sinifdən xaric oxu vəsaiti kimi nəzərdə tutulduğundan şeir və tapmacaların düzülüşü hərf və rəqəmlərin proqramla keçirilmə ardıcıllığına uyğun gəlir”.


Bəli, həqiqətən də kitabın məsləhətçiləri Bakı şəhərindəki məktəblərin tanınmış orta ibtidai sinif müəllimləri olduğundan mən şeirləri və tapmacaları oxuyanda onların azyaşlılar üçün maraq doğuracağına şübhə etmədim. Məsələn, "A” ilə bağlaı Zaur Ustac yazır:


A ilə Ana deyə

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.


Ata, ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.


Bu şeirdə A hərfi ilə başlı səslənən fikirlər, edilən təqdimatlar uşaq üçün də anlaşılandı, həm də maraqlıdı. Məsələn, G hərfi ilə bağlı:


Hər Günəşin doğması

Yeni günü başlayır.

Günəş qürub edəndə

Demək, gün başa çatır.


Günəş özü möcüzə

Sirr dolu varlığıyla

"Bir gün” isə mesajdır

Dünyaya, insanlığa.

Mən bu kitabdakı bütün hərflərlə bağlı şair, yəni Zaur Ustac fikirlərini geniş şərh etmirəm. Çünki onun şərhi hər bir oxucunun öz üzərinə düşür. Daha doğrusu, onları necə qəbul edəcəyindən asılıdır. Elə bu kitaba görə müəllifi təbrik etməklə ona və oxuculara uğurlar diləyirəm. Düşünürəm ki, kitab azyaşlıları sevindirəcək.