adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Aprel 2019 14:49
145198
RUBRİKA
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötən saylarımızda)

XX. Bu Qanunun XIX hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 saat qalmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

XXI. Sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin XVI hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar.

XXII. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.

XXIII. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qadağandır.

XXIV. Parklanma yerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsinin parklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yol verilmir.

XXV. Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın.

Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.

II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.

IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir.

V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən).

VI. "Uşaqlar" tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması

I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir.

II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

(ardı var)