adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Mart 2019 23:16
124216
RUBRİKA
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötən saylarımızda)

Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri

I. Üstündə "polis", "təcili tibbi yardım", "yanğınsöndürən" yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.

Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.

III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.

IV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır.

Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.

V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi

I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.

IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.

V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.

(ardı var)