adalet.az header logo
  • Bakı 13°C
08 Mart 2019 00:14
49478
LAYİHƏ
A- A+

İstiqlal tariximizə layiqli töhfə

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Müəllif əslən Şəmkirin Qaracəmirli kəndindən olan iş adamı və istiqlalçı Hacı Rəhimin enişli-yoxuşlu həyat tarixçəsini vərəqləyərkən göstərir ki, Hacı Rəhim türk ordusu zabiti Hüsaməddin Tuğacın rəhbərliyi altında yaradılan könüllü ordu qrupunun üzvü olmuş, Şəmkirdə məsul vəzifələrdə çalışmışdır. Lakin represiya dalğası ondan da yan ötməmişdir.
Rəhman Salmanlı, adı istiqlal tarixində ehtiramla xatırlanan cümhuriyyət mücahidlərindən biri - Hüseyn Baykara (Qara Hüseynov) (1904-1984) haqqında geniş və əhatəli məlumat verir. Qeyd edir ki, Hüseyn hələ BDU-da təhsil alarkən qeyri-leqal yığıncaqlar təşkil edir, tələbə gəncləri Azərbaycanın milli dövlətçilik məfkurəsi uğrunda mübarizəyə səsləyirdi. Hüseyn bir dəfə gizli Milli Azadlıq Komitəsinin rəhbəri Dadaş Həsənzadə, Əhməd Cavad və Rəhim bəy Vəkilli ilə söhbətində qeyri-leqal komitə üzvlərinin mühacir etmələrini məsləhət gördükdə hər üç liderin cavabı belə olur: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?" Məhz belə prinsip nəticəsində Həsənzadə və Əhməd Cavad represiya qurbanına çevrildi, Rəhim bəy isə intihara məcbur edildi.
1927-ci ildə Hüseyn Türkiyəyə mühacirət edir. İstanbul universitetinin hüquq fakültəsinə daxil olur. Təhsilini tamamladıqdan sonra hakim və prokuror vəzifələrində çalışır, ömrünün son illərində isə vəkillik edir.
Hüseyn həmçinin dövri mətbuatda müntəzəm tarixi və elmi-publicist məqalələrlə çıxış edir. Sonralar bu məqalələri toplayıb kitab şəklində oxuculara çatdırır. Bu baxımdan onun 1975-ci ildə İstanbulda nəşr olunan "Azərbaycan istiqlal mücadiləsi tarixi" əsəri daha xarakterikdir. Bu kitabda Azərbaycanın bolşeviklər tərəfindən istilası, ermənilərin törətdikləri qırğınlar, türk ordusunun hərbi yardımı və s. əks etdirilir. Hüseyn Baykara haqqında 1966-cı ilədək heç bir məlumatımız olmayıb. Böyük sənətkarımız Niyazi 1966-cı ildə Türkiyədə olarkən görüşdüyü mühacir azərbaycanlılar arasında Hüseyn Baykara da olur. Maestro bu barədə televiziyada məlumat verir. Bir il sonra Hüseynin qohumlarının Türkiyədə onunla görüşü baş tutur.
Hüseyn Baykaranın bir neçə məqaləsi Azərbaycan dilində dərc olunub. Biz də müəllifin Hüseyn Baykara külliyyatını toplayıb ölkəmizdə nəşr etmək arzusuna qoşuluruq. Sovet dövründə bəy silkinə mənsub şəxslər haqqında pozulmaz bir ənənə vardı. Bəylər tünd boyalarla təsvir edilir, bütün mənfi keyfiyyətlər onlara şamil olunurdu. Bəy aristokratizmi, vüqarı, qeyrəti, mənsub olduğu xalqa məhəbbəti, yağılara qarşı barışmazlığı "unudulurdu".
Rəhman Salmanlı bu kitabında bəylərimizin zəngin mənəvi aləmini real boyalarla təsvir edə bilmişdir. Bu baxımından Qarabəy Qarabəyov (1874-1953) haqqında verilmiş oçerk daha maraqlıdır. İnsanda nə qədər məşəqqət, problem və çətinliklərə dözmək əzmi varmış. Kimdir Qarabəy? Şəmkirin Yuxarı Ayıblı (Şiştəpə) kənd sakini, ali təhsilli həkim, AXC-nin parlament üzvü, xeyriyyəçi, publisist, dilçi və əsl vətənpərvər.
O, Bakıda ilk dəfə olaraq zöhrəvi xəstəliklər üçün kabinet açır, burada kasıb və imkansız adamları pulsuz müalicə edir?
Tale onu dözülməz sınağa çəkir. 1918-ci ilin yanvarında daşnak Şaumiyanın təhriki ilə 400 nəfərlik dəstə Şəmkirdə onun ata mülkünü və dayılarının mülkünü mühasirəyə alaraq Qarabəyovlardan 21 nəfəri, dayıları Zülqədərovlardan isə 20 nəfəri qətlə yetirirlər. Bu nəsildən salamat qalanlar isə bolşevik istilasından sonra bolşevik-erməni birləşmələrinin əli ilə işgəncələrə, təzyiqlərə və terrora məruz qalmış, bir neçəsi mühacirət etmiş, əksəriyyətinin isə qisməti qazamat və sürgünlər olmuşdur. Qarabəy Cümhuriyyət dövründə "İttihad" partiyasının rəhbəri kimi, Parlament üzvü olmuş, burada milli dövlətçilik mövqeyindən fəaliyyət göstərmişdir. O, 1920-ci ilin sentyabr ayında həbs edilmiş, təsadüfən həbsxanaya gələn N.Nərimanov tərəfindən azadlığa buraxılsa da, 5-6 aydan sonra yenidən tutulmuş, əmlakı müsadirə olunmaqla, Solovki düşərgəsinə sürgünə göndərilmişdir. Qısa müddətdən sonra Nərimanovun köməkliyi ilə yenidən azadlığa buraxılmışdır. 1923-cü ilin iyununda Nərimanovun rəsmi göndərişi ilə Kreml xəstəxanasında və Dövlət Siyasi İdarəsinin müalicə müəssisində həkim işləmiş, az sonra Kreml xəstəxanasının baş həkimi təyin olunmuşdur. O, Nərimanovla birgə Qorki şəhərində xəstə yatan Leninin də müalicəsi ilə məşğul olmuşdur. Fəqət Qarabəy sapı özümüzdən olan baltaların şikayəti əsasında yenidən təhdid və təqiblərlə üzləşmiş, 1929-cu ildə ailəsi ilə birgə Qırğızıstana, oradan da Özbəkistana gəlmişdir. 1936-cı ildə N.Nərimanovun silahdaşı, pantürkist adı ilə on il müddətinə Maqadana sürgün edilmiş, sürgün müddəti başa çatdıqdan sonra ömrünün sonunadək Səmərqənd şəhərində yaşamışdır.
Müəllif el qeyrəti çəkən Qazanpapaq oğlu Məhəmməd (1885-1964) haqqında da geniş söhbət açır. "Qaçağı el saxlar" deyimi təsadüfən deyilməyib. Həmvətənlərinin dərdinə qalan, haqsızlığa qarşı barışmaz olan Qaçaq Nəbi, Qaçaq Kərəm, Dəli Alı, Qandal Nağı kimi "el saxlayan" qaçaqların adı bu gün də fəxrlə çəkilir.
Rəhman Salmanlı qaçaqların fəaliyyətinə "düzü düz, əyrini əyri" prizmasından yanaşmış, ətraf kəndləri talayan, haqsız qanlar tökən Cavad, Qatır Məmməd, İsmayıl kimi quldur qaçaqlara qarşı oxucuda nifrət yarada bilir.
Qarxunlu Əşrəf bəyin belə quldurlara qarşı başına topladığı igidlər sırasında Məhəmməd də vardı. Onların zəhmindən quldur dəstələri bir də ətraf kəndlərə hücuma cürət etmədilər. çox keçmədən Məhəmməd özünümüdafiə dəstəsi yaradır. 1917-ci ildə bu dəstə ermənilərin mühasirəyə aldıqları kəndi xilas edə bilir. 1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri qırğının qarşısını almaq məqsədilə dəstə vuruşa atılır, itkilər versə də, qırğının qarşısını ala bilir.
Məhəmməd 1918-ci ilin iyul ayının 12-də Yevlaxda olan Nuru Paşaya söz verir ki, əlavə yerli dəstələr toplamaqla ətraf rayonların müdafiəsini öz boynuna götürəcək. O, öz vədinə əməl edə bilir. Məhəmməd Gəncə Müsəlman Komitəsinin Bərdə könüllü özünümüdafiə batalyonunun komandiri təyin olunur. Təsadüfən Bərdədə qonaq olan Mircəfər Bağırovun həyatını xilas edir. O, Aran Qarabağı üzrə milis rəisi vəzifəsinə irəli çəkilir. Haqq-ədalətə söykənən Məhəmməd quldurluq edib, adam öldürən yeganə qardaşı Mədədin qətlinə fərman verməkdən belə çəkinmir.
İstiqlal savaşında düşünən beyinlərin fəaliyyəti daha çox vuran əllə-güclü ordu ilə reallaşır.
Bu prinsipdən çıxış edən müəllif hərbçi Hüsaməddin Tuğac (1889-1975) barədə oxucuda zəngin təsəvvür yaradaraq göstərmişdir ki, Hüsaməddinin atası Əhməd Şəmkirin Qaracəmirli kəndindəndir. O, Həcc ziyarətindən qayıdarkən Türkiyədə tanış olduğu qızla ailə qurmuş və bir daha vətənə dönməmişdir. Hüsaməddin də Türkiyədə doğulub. O, 1910-cu ildə hərbi məktəbi bitirmiş, Bağdad və Şamda hərbi xidmətdə olmuş, Balkan savaşına qatılmışdır.
Hüsaməddin 1915-ci ilin yanvarında tabeliyində olan bir neçə əsgərlə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir alınır. Sibir sürgününə göndərilir. İki ildən artıq sürgün həyatından sonra qaça bilir. Bakıya, oradan da Gəncəyə gəlir. O, tezliklə Gəncəbasar əhalisindən könüllü ordu birləşməsi yaradır və bu bölməyə rəhbərlik edir. Çar ordusu əsgərlərinin Dəllər stansiyasında tərkisilah edilməsində fəallıq göstərir. 1919-cu ildə yenidən Türkiyəyə qayıdır və İstanbul Hərbi Akademiyasında təhsil alır. Polkovnik-leytenant rütbəsinədək yüksəlir. Atatürklə ailəvi dostluğu olub. 1920-23-cü illərdə Atatürkün başladığı İstiqlal savaşına qatılıb və məsul vəzifələrdə çalışıb.
2012-ci ildə onun qızı, 90 yaşlı Solmaz xanım oğlu Türkanla vətənə gəlmiş və Gəncəni, Qaracəmirli kəndini ziyarət etmişlər.
Kitabda bütün müsbət keyfiyyətlərlə yanaşı, bəzi mətbəə xətalarına da yol verilmişdir.
Belə ki, yazıçı Qafur Əfəndiyevin təxəllüsü "Qantəmir" olduğu halda, 228-ci səhifədə "Qantəmir" "Qafur Əfəndiyev" adından sonra mötərizəyə alınmamış, nəticədə Qantəmirlə Qafur Əfəndiyevin ayrı-ayrı şəxslər olması təsəvvürü yaranmışdır.
Kitabda Bakıda Sisyanovun qatili Bakı xanı Hüseynqulu xan olduğu deyilir. Əslində isə Sisyanovu qətlə yetirən Hüseynqulu xanın yanında olan xalası oğlu İbrahim bəy olmuşdur.
Kitabda mühacirət edən həmvətənlərimizə ağuş açan Türkiyə olması da iki xalqın əzəli, əbədi birliyinə bariz nümunədir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu dəyərli kitabın cəmi yüz tirajla nəşrinə təəssüf ediləsidir. Rəhman Salmanlıya bu müqəddəs mövzuda araşdırmalarını davam etməyi tövsiyə edərdik.