adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Mart 2019 00:31
33307
LAYİHƏ
A- A+

İstiqlal tariximizə layiqli töhfə

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır. Tarixi təhrik etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.

HEYDƏR ƏLİYEV

Ölkə başçısı cənab İlham Əliyev 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cünhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamı Şərqdə ilk parlament respublikasının daha geniş tədqiqinə stimuldur. Sərəncamda deyilir: "Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi".
Respublikamız müstəqilliyə qovuşandan sonra Azərbaycan Xalq Cümhuriyyəti haqqında "veto" götürüldü. Bu mövzuda bilgi bolluğuna imkan yarandı. Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, "Xalqımız, xüsusilə gənc nəsil tariximizi bilməli, görkəmli şəxsiyyətləri yaxından tanımalıdır".
Bu baxımdan tədqiqatçı-jurnalist Rəhman Salmanlının "İstiqlal mücahidləri" kitabı (Red N line MMC nəşri. 2018) diqqətə layiqdir. Kitab "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovun redaktəsi, AMEA-nın Humanitar Elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin elmi məsləhətləri ilə oxucu auditoriyasına təqdim olunmuşdur. Kitabı ərsəyə gətirmək üçün müəllif dərin araşdırmalar aparmış, müxtəlif məxəzlərdən istifadə etmiş, arxiv materiallarını araşdırmış, qəhrəmanlarının həyat və fəaliyyətini daha dəqiq göstərmək üçün onları tanıyanların, yaxın adamlarının xatirələrindən bəhrələnmişdir. Kitab daxilində yeri gəldikcə istifadə olunan mənbənin göstərilməsi, fotoların verilməsi əsərin əyaniliyini daha da artırmışdır.
Müəllifin dili rəvan, təhkiyəsi oxunaqlıdır. O, əsərdə Cümhuriyyətin "atlı" yox, "piyada" əsgərlərin 22 nəfərinin fəaliyyəti timsalında verməyə çalışmışdır. Müəllif yazır:
"Azərbaycan Xalq Cümhuriyyətig ideoloqları Cümhuriyyət lideri olsa da, onu həyata keçirən vətənpərvər insanlar olmuşlar".
Günün reallığından çıxış edən R.Salmanlı deyir: "Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisi kimi onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi, ölkəni xaosdan, parçalanmadan, vətəndaş müharibəsindən və erməni işğalından qurtarmaq üçün 1993-cü ildə xalqın tələbi ilə böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev siyasi hakimiyyətə gətirildi.
Müəllif ölkəmizin 1920-ci il, bolşevik istilasından sonra yüz minlərlə cümhuriyyətçilərin qətlə yetirilməsini, həbsxana küncünə atılmasını, sürgünə göndərilməsini, maddi və mənəvi zorakılıqla üzləşməsini real faktlarla oxucuların nəzərinə çatdıra bilir.
Etiraf etməliyik ki, müstəqillik illərindəki AXC haqqında real məlumatımız olmayıb. AXC liderləri "Xalq düşməni" elan edilib, onların böyük xidmətlərinə kölgə salınıb.

Babaların ruhu bizdən küsə bilər,
Tarix saxta yazılanda səbr eləmə.

Z.Yaqub

Qəhrəman keçmişim, ulu tarixim,
Qələmlər əlində qətlə yetibdir.

Ş.Əkbərzadə
Müəllifin haqqında danışdığı şəxsiyyətlər müxtəlif sənət və peşə adamlarıdır: şair, yazıçı, jurnalist, ictimai xadim, hərbçi, mühəndis, pedaqoq, həkim, hüquqşünas və s. Onları birləşdirən ümumi cəhət isə azadlıq carçısı olmaları, vətənə, xalqa yüksək sevgisidir.
Kitabda haqqında oçerklər verilən Əhməd Cavad, Mikayıl Müşfiq, Vəli Xuluflu, Abbasqulu ağa Şadlinski, Almaz İldırım və s. haqqında oxucuların müəyyən bilgisi olsa da, digər şəxsiyyətlər barədə məlumatları yetərincə olmayıb.
Biz müəllif mövqeyindən çıxış edərək onun təsvir etdiyi qəhrəmanların bəzilərinin həyat və fəaliyyətinə toxunmağa çalışacayıq.
Gəncə tarixən yadelli ünsürlərə qarşı mübariz olmuş, qəhrəmanlıq salnaməsi yaratmışdır. Üçrəngli bayrağımızın ilk dəfə Gəncədə dalğalanması da təsadüfi deyildi.
Çünki burada azadlıq uğrunda canından keçmiş Bəndərlərin, Cavad xanların ayaq izləri qalmışdı. AXC-nin liderlərinin əksəriyyətinin (Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadad bəy Rəfibəyli, Musa bəy Rəfiyev, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı və s.) Gəncədə doğulması fikrimizə dəyərli sübutdur.
Müəllif bu liderlərin gəncəli varislərindən də məhəbbətlə bəhs edir, Cahangir Ağazadə, Abuzər bəy Rzayev, Əli Razi Şamçızadə haqqında geniş məlimat verir.
Cahangir Ağazadə (1894-1937) bəy ailəsindəndir. Rusiyada ali tibbi təhsil alıb, Cümhuriyyət dövründə yığıncaqlarda çıxış edir, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, səhiyyənin inkişafı və s. məsələlərə toxunurdu. O, 1926-cı ildə "Müsavat"ın gizli Gəncə Komitəsinin sədri seçillir. 1927-ci ildə QPU əməkdaşları bir gecədə Ağazadə ilə bərabər Gəncə özəyinin digər üzvlərini də həbs edirlər.
Ağazadə on il müddətinə Solovki həbs düşərgəsinə sürgün edilir. Sürgündə də fəaliyyətindən qalmır, həkimlik edir, gizli təşkilat yaradır. Sürgün müddəti başa çatdıqdan çox keçmir yenidən həbs olunur və qətlə yetirilir.
Abuzər bəy Rzayev (1876-1920) ali təhsilli mühəndis olmuşdur. 1909-cu ildə Gəncə şəhər idarəsi başçısının müavini seçilir.
Bu vəzifədə çalışarkən şəhərin içməli su təchizatı sahəsində fəallıq göstərir, bir neçə yerdə içməli su quyuları qazdırıb əhalinin istifadəsinə verir.
1918-ci ildə AXC-nin parlament üzvü seçilir. Heç bir partiyanın üzvü olmadığı üçün parlamentdə bitərəflər qrupunu təmsil etmiş, maliyyə-büdcə komissiyasının sədri təyin edilmişdir. Bu vəzifədə çalışdığı qısa müddətdə bir sıra qanunlar hazırlamış, dəmir yolu işçilərinin maaşlarının artırılmasına nail olmuşdur.
Abuzər bəy həm də Gəncədə inzibati və yaşayış binalarının layihələşdirilməsində, şəhər mərkəzindəki evlərin planauyğun tikilməsində əsas mühəndislərdən biri idi. Həyatına bolşevik quldurlarının gülləsi son qoymuşdur.
Əli Razi Şamçızadə (1886-1939) Gəncə ədəbi mühitinin tanınmış nümayəndəsi idi.
Şair, publicist və ictimai xadim kimi fəaliyyət göstərmişdir. O, XX əsrin əvvəllərində dövrü mətbuatda müxtəlif imzalarla zamanın eybəcərliklərini satira atəşinə tutmuş, publicist məqalələrlə çıxış etmişdir. Şamçızadə Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin ilk katibi olmuş, nəhayət, represiya ondan da yan ötməmişdir.
1918-ci il mart qırğını ərəfəsində erməni quldur dəstələri həmvətənlərimizi qanına qəltan edir, var-yoxlarını talayırdı.
Bu hal Bakı kəndlərində də baş verirdi. Kənd əhalisi özünümüdafiə dəstələri düzəldib erməni quldurlarının hücumunu dəf etməyə çalışırdı. Belə dəstə rəhbərlərindən biri də Hacıbala Cəbiyev idi. Onun dəstəsi ermənilərin Yuxarı Dağlı ərazisinə basqının qarşısını ala bildi.
Hacıbala Səttarxan hərəkatının da fəal üzvlərindən olmuşdur. AXC-nin istiqlal mübarizəsinə köməyinə görə Solovki ölüm düşərgəsinə göndərilmiş, sürgün müddəti başa çatdıqdan sonra vətənə qayıtmış, 1956-cı ildə 81 yaşında vəfat etmişdir.
Müəllif görkəmli dinşünas alim, ictimai xadim hərbçi-yazıçı Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadənin (1877-1923) həyat və fəaliyyətinin geniş təsvirini verə bilmişdir. Təəssüf ki, 1991-ci ilədək sovet sisteminin yasaqlarına görə bu böyük şəxsiyyət haqqında heç bir məlumatımız olmayıb. R.Salmanlı bu boşluğu doldurmağa çalışıb. Müəllif göstərir ki, 1918-ci il iyun ayının 4-də AXC ilə Osmanlı dövləti arasında imzalanan "Sülh və dostluq müqaviləsi"nə əsasən ölkəmizin hərbi müdaxilədən xilası üçün Osmanlı ordusu tərkibində Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı. Həmin vaxt Türkiyədə yaşayan Yusif Ziya da bu orduda təmsil olunurdu.
Cümhuriyyət dövründə ictimai asayişi qoruyan Yardım alayının rəisi təyin olunan Yusif Ziya son nəfəsinədək sovet sisteminə qarşı mübarizə aparıb.
Müəllif bu böyük şəxsiyyətin Bağdadda ali ruhani təhsili almasını, XX əsrin əvvələrində Bakıya gəlməsi, N.Nərimanovla görüşünü, H.Z.Tağıyevlə tanışlığını, burada pedaqoji fəaliyyətini, dövri mətbuatda müntəzəm çıxışını real faktlarla verə bilmişdir. Müəllif həm də qeyd edir ki, Yusif Ziya N.Nərimanovun təkidi ilə Türkiyədən vətənə dönür, 1921-ci ildə Naxçıvana hərbi komissar təyin olunur. Naxçıvanı erməni daşnaklarının hücumundan qoruya bilir. Bakıda oturan bəzi kürsü sahiblərinin minnətdarlıq əvəzinə, liberal münasibətlərini görüb yenidən Türkiyəyə qaydır. Ənvər Paşa onu Türküstanda basmaçıların rəhbəri təyin edir, nəhayət, o, Qızıl Ordu ilə döyüşdə qətlə yetirilir.
(ardı növbəti sayımızda)

Füzuli RÜZİGAR
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ