adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SALAMLARLA

SEYFƏDDİN ALTAYLI
50744 | 2019-02-26 00:35
"Sevgi, dostlara hörmət etməklə möhkəmlənər"

Həzrət Əli əleyhissalam

Söhbəti sevgidən açdım, çünki kainatın yaradılmasının özülündə Ulu Yaradıcı olan Tanrının yaratdıqlarına duyduğu məhəbbət dayanır. Sevgi olmasa kainat da olmazdı. Söz sevgidən açılmışkən ulu ozanımız Hüseyn Cavidi xatırlamamaq məncə günahların ən böyüyü olardı:

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.

Şəhid Şairimiz bu bəndində sevgisinin mənzilinin haqlı olaraq biraz da eyhamla Tanrı olduğunu vurğulayır, çünki bütün sevgilərin axırıncı dayanacağında Tanrı dayanır. Tanrım məkanını cənnət eyləsin demirəm, çünki Ulu yaradıcı müqəddəs kitabımız Qurani Kərimin Bəqərə surəsinin 154-cü ayəsində "Allah yolunda öldürülənlərə "ölülər"" dəməyin. Əksinə onlar diridir, lakin siz bilə bilməzsiniz" deyərək bizim gözlərimizin qüdrətinin onları görmək qabiliyətinə malik olmadığını buyurub. Ulu Şairimiz müqəddəs vətəni və milləti yolunda şəhid düşdü, lakin əqidəsini indi milyonlar bölüşür. Deməli Tanrı ona bu missiyanı biçmişdi, dünyaya gəldi, missiyasını yerinə yetirdi və Tanrısına qovuşdu. 1988-ci ildə ciyərparəsi Turan Xanımla doğma evlərində görüşümüz o tarixi anı ömrüm boyu unutmayacağam. Həyat yoldaşım Fatma xanımla qucaqlaşıb doyunca ağladıqları hələ də gözümün qabağındadır. Heçbir zülm ədəbi olmadı, heçbir zalım cəzasız qalmadı və qalmayacaqdı. Bu qısa ömrümdə nələr gördüm İlahi..!
Türkün Tanrısı qalübəlada ruhları yaradarkən peyğəmbərimiz Hz. Məhəmmədin ruhunu yaratdığında təkidlə, "Sən olmasaydın, sən olmasaydın bütün bu fələkləri yaratmazdım" deyərək ona duyduğu sevgini dilə gətirib. Ulu peyğəmbərimiz də sevginin, özəlliklə də vətən sevgisinin müqəddəs olduğunu "Vətən sevgisi imandandır" deyərək onun qutsallığını vurğulayıb.
Türkiyə Cümhuriyyətini silahdaşlarıyla, əqidədaşlarıyla əl-ələ verərək Osmanlının necə deyirlər məhv olmuş külləri arasından çıxarıb yaradan Atatürk də vətən səvgisiylə bağlı olaraq bunları deyib:
"Vətən sevgisi ruhları xilas edən ən güclü küləkdir. Yurd sevgisi ona xidmətlə ölçülər. Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı yerinə yetirəndir".
Əlbəttə vətən və millət sevgisi kiçik yaşlardan başlayır, yəni uşaq bağçasından, ibtidai məktəbdən. Təhsil nazirlərimiz bu həqiqəti yaddan çıxarmamalıdır. Gözəl yaşamaq hesabına və ya nəyə görəsə ölkələrimizi tərk edərək köçən beyinlərimiz bizim itirdiyimiz əvəzsiz sərvətlərimizdir, bunlara mane olunmalıdır. Əziz Sancar kimi alimimiz niyə Amerikaya xidmət etsin və Nobel mükafatını orda qazansın!? Dövlətimiz niyə ona lazımi imkanları yaratmadı və o cür nəhəng sərvətimizi itirdik, bunu qəbul etmək mümkün deyil..
Yaşadığımız çağa istər milenium, istər nüvə, istər bilgisayar və ya hansı adı qoyarsanız qoyun, bu çağ əslində müstəmləkəçiliyin ən vəhşi, ən qəddar və o nisbətdə də özünü ən sevimli və ən mülayim göstərdiyi çağdır. Soyqırıma uğrayan Apaçi qəbiləsinin adının bir həlikopterdə yaşadılması nə qədər absurd mənzərə yaradırg Folklorumuzda bununla bağlı birçox örnəklər vardır. Ən maraqlı örnəyi də qurdun keçini və balalarını yemək üçün onu nə cür aldatdığının dilə gətirildiyi "şəngülüm-şüngülüm" nağılıdır. İndiki müstəmləkəçilər əyinlərinə quzu dərisini bürünmüş vəhşi qurdlardılar, kaftarlardılar. Bunu bilməli və yeni nəsillərimizi uşaq bağçasından etibarən ayıq yetişdirməliyik, buna məcburuq.
Dünyada müstəmləkəçiliyin yolunu Avropada XVI əsrdə sxolastik düşüncənin məhv edilməsiylə birgə yaranan ziyalanma çağı açmışdır. Avropalıların bəzi alimləri XVII əsrdə kanonik hüququ (kilsə hüququ) ləğv ədərək milli mədəniyətlərinə aid ənənəvi hüququn əsaslarını toplayıb milli hüquq sistemi halına gətirdilər. Digər tərəfdən də millətlərinin tarixini hüquqi yöndən tədqiq etdilər özlərinə məxsus yeni və milli mentalitetlərinə uyğun hüquq sistemlərini yaratdılar. Bəs biz neynədik? Öz milli hüquq sistemimizə arxa çevirdik qərbin hüquq sistemini mənimsədik. Axırda bu hala gəldik. Bir sözlə hər bir şeyimizlə Avropalılaşdıq ???
Əlbətdə bunların yanında ürəkaçan yeni şeylər də olur. Bir örnek: Həddən artıq çox səvdiyim Güneyli iki gəncimiz, Arif Kəskin və Bilal Hatəmi "Maduniyət" adlı üç aylıq maraqlı bir dərgi təsis ediblər. Onu da deyim ki, bu gənclərimiz mərhum şəxsiyətimiz Məhəmmədtaqi Zehtabinin şəxsən mənə ən müqəddəs amanatlarıdır. Tanrım bu yolda məni utandırmasın.
Güney Azərbaycan, Doğu Türküstanla birlikdə Türk dünyasının ən çətin problemlərindən biridir. Güney məsələsi həll edilmədikcə Türkün başı çox ağrıyacaqdıg
Bunu da yaxşı bilməliyik ki, Güney probleminə çağdaş anlamda yiyə duranların, onu könüldən mənimsəyənlərin vəziyəti 1980-ci illərə qətiyən oxşamır. Səhərin ən yaxın olduğu çağın, gecənin ən qaranlıq olduğu vaxtdır, bu da unudulmamalıdır.

Seyfəddin Altaylı,
Ankara,

TƏQVİM / ARXİV