adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Yanvar 2019 15:06
88153
MÜSAHİBƏ
A- A+

YUĞ-dan çıxarılan rejissor "Ədalət"ə danışdı: "Bu məsələni belə qoymayacam!" - EKSKLÜZİV

YUĞ Dövlət Teatrının rejissoru Sahib Agazadə işdən çıxarılıb. Rejissorun işdən çıxarılması etirazla qarşılanıb.

Adalet.az Sahib Ağazadə ilə əlaqə saxlayıb və onunla qısa söhbət aparıb. Həmin söhbəti sizə təqdim edirik.



- Mirsahib bəy, YUĞ Teatrından çıxarılmağınızın səbəbi nə oldu?

- Əsas səbəb başqadır, rəsmi göstərilən başqa. Əsas səbəb budur ki, mənə qarşı qərəzli münasibət olub teatrda. Həm direktordan, həm də baş rejissordan.

- Qərəz niyə?

- Buna səbəb də keçən ilin oktyabrında Vaqif İbrahimoğlunun ad günü ərəfəsində yaradıcılıqla bağlı iradlar bildirmişdim ki, YUĞ teatrının simasını, estetikasını, adət-ənənəsini dəyişmək olmaz.

- Aha... Səbəb burdan qaynaqlanıb demək...

- Bu və bu kimi məsələlər idi. Bunun ardınca böyük bir kompaniya başladıldı və bəhanələr tapdılar.

- Hansı bəhanələr?

- Üzərimdə avto qəzayla bağlı məhkəmə işi var və qanunla mənim işləməyimə tam hüququm çatır. Cəzaların icrası ilə bağlı 119-cu maddənin üçüncü bəndində göstərilir ki, bu vəziyyətdə mənim işləməyimə heç bir maneə yoxdur. Bununla bağlı qeydiyyatda olduğum məntəqədən arayış gətirdim, o arayışda da göstərilirdi ki, işləməyimdə heç bir qəbahət yoxdur. Bütün bunlara baxmayaraq məni Əmək Məcəlləsinin 74-cü bəndinə əsasən işimə xitam veriblər.

- İşdən azad edilməyinizə görə etiraz edəcəksiniz?

- Bunu belə qoymayacam. Haqq-ədalət bərpa olunmalıdır və bu qanunsuz hərəkəti edənlər cavablarını almalıdırlar.

- YUĞ teatrına qayıtmaq istəyirsinizmi?

- Təbii ki, YUĞ teatrına qayıtmaq istəyirəm. Ora mənə çox doğmadır. Ora mənim ustadım Vaqif İbrahimoğlunun teatrıdır. Başqa teatrlarda da çalışmışam, amma əsas doğma iş yerim YUĞ-dur. Kimlərsə gəlib ürək bulandırıb nələrisə dəyişmək istəyir, o demək deyil ki, mən teatrdan uzaqlaşmalıyam.  


Direktor və baş rejissor təyinatladı, sabah başqaları gələ bilər. Amma teatrın yaradıcı kollektivi və məxsusən teatrın yoluna sadiq qalan sənətçilər həmişə YUĞ-dadırlar və olmalıdırlar. Bu baxımdan təbii ki, mən Yuğ Teatrını niyə tərk etməliyəm və ya ora qayıtmaq istəməməliyəm? Buna görə də YUĞ-a qayıtmaqda israrlıyam.

- Sizin məsələylə bağlı rəhbərliyə etiraz edən aktyorlar oldumu?

- Bəli. Əsas da respublikanın xalq artisti Məmməd Səfa müəllim açıq şəkildə böyük bir yazıyla sosial şəbəkədə də münasibətini bildirdi və bu hadisənin baş verməsini pislədi. Bununla yanaşı Əbdülqəni, Qasım Nağı, Natəvan Qeybani, tələbələr, ədəbi cameə, istər bizim teatrdan, istərsə də başqa teatrda çalışanla da etirazlarını bildirdilər.

- Uğurlar sizə! Təşəkkür edirik.

- Çox sağ olun.