adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Yanvar 2019 11:13
45915
LAYİHƏ
A- A+

Valideyn dedi ki, uşağım oxumasa, döy! – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Bu dəfəki qonağımız İsmayıllı rayonu Mücü kəndinin riyaziyyat müəllimi Tünzalə Zöhrabzadədir.


Qısa tanışlıq

1996-cı il 12 yanvar tarixində İsmayıllı rayonunun Xankəndi kəndində doğulmuşam. 2001-ci ildə Xankəndi kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişəm. 2012–2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə təhsil almışam. Hal-hazırda İsmayıllı rayonu Mücü kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işləyirəm.

Pilot olmaq arzusu

Atam uzun illərdir, riyaziyyat müəllimi işləyir. Ailəmizdə həmişə müəllimliyə böyük hörmət olub. Amma mən pilot olmaq istəmişəm. Uşaqlıqda məni ən çox həyəcanlandıran şey özümü təyyarə sükanı arxasında təsəvvür etmək olub. Amma müəllimliyi seçməyim başqa səbəbdən oldu. 10-cu sinifdə oxuyarkən kəndimizə gözəl, savadlı, mehriban gənc bir qız Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq gəldi. Onun həyatı mənə nağıl kimi gəlirdi, evindən uzaq ucqar bir kəndə bizə dərs deməkçün gəlmişdi. Ondan sonra başladı məndə müəllimlik sevgisi, riyaziyyatı seçməyimdə isə, əlbəttə ki, atamın rolu böyük oldu, çünki uşaqlıqdan riyaziyyatı mənə çox sevdirmişdi.

İlk dəfə elə bu il İsmayıllı rayonunun Mücü kəndində başladım dərs deməyə. Bu kənd mənə çox doğmadır, uşaqlıq illərimi xatırladır mənə. Bura anamın doğulub böyüdüyü yerdir.

Kənd yoxsa şəhər?

Kənd məktəbləri təhsilin səviyyəsi baxımından məncə şəhər məktəblərindən daha irəlidədir. İşlədiyim məktəb təzə tikilib. Mərkəzi istilik sistemi olsa da, siniflər kifayət qədər isinmir. İnternet, elektron lövhə və s. bu kimi imkanlarımız məhduddur. Amma bu çatışmazlıqlara baxmayaraq, çox səmimi bir kollektivimiz var. Kollektivimiz, əsasən, gənc müəllimlərdən ibarətdir, aramızda çoxlu mübahisələr yaransa da, məncə bu, daha həvəslə işləməyimizə təkan verir. Bacardığımız qədər internetə çıxışı olmayan şagirdlərimizi hər mövzudan xəbərdar etməyə çalışırıq. İşıqlar sönəndə zəngin vaxtını bir-birimizə xatırladırıq və s.


Uşağım oxumasa, döy!

Şagirdlərimlə səmimi olmağa çalışıram, istəyirəm, məni də özlərindən biri olaraq görsünlər, əlçatmaz biri kimi yox. Hər mövzuda onlarla söhbətləşirəm, çalışıram, nəsə problemləri olanda çəkinmədən danışa biləcəkləri bir adam olaraq görsünlər məni. Uşaqları döymək mənə görə yolverilməzdir, bəzən əsəbiləşdirib qışqırtdıqları olur, amma döymək əsla. Hətta olub ki, valideyn özü deyib ki, uşağım oxumasa, döy. Amma mənə görə şagirdi döymək müəllimin acizliyidir, şagird dərsi oxumursa, deməli, ya fənni, ya müəllimi sevmir. Döymək yox, sevdirmək lazımdır.

Hələ ki məktub yazan olmayıb, amma arada sevgilərini göstərməkçün kiçik süprizlər edirlər.

Dörd aydır, müəllim kimi işləyirəm, belə əslində hər gün uşaqlarla maraqlı hadisələr yaşayırıq, amma indi ağlıma heç biri gəlmir. Əsasən, bir aya yaxındır, VI sinifdə mənfi ədədləri keçirik, onların çaşqınlığı məni güldürür, mənfi işarəsiylə çıxma işarəsinin eyni şey olduğunu onlara izah etməkçün xeyli əziyyət çəkdim.

Hər yoldan keçənə "müəllim” deməklə...

Bilmirəm, bəlkə də, mənim təsəvvürüm yanlışdır, amma məncə hələ də kənd məktəblərində müəllimə hörmət qalır, şəhər məktəblərində niyə əksi baş verir, səbəbini bilmirəm, açığı. Cəmiyyət olaraq özümüz ucuzlaşdırmışıq müəllim adını, hər yoldan keçənə "müəllim” deməklə, qohum-əqrəbadır deyə tədris etdiyi fəndən heç nə anlamayanları müəllim olaraq işə almaqla. Nə yaxşı ki, son dönəmlər Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanları keçirilir, ən azından özüm də iştirak etdiyimçün şəffaflığına şübhəm yoxdur. Və əlavə olaraq ucqarlara tətbiq olunan həvəsləndirmə müəllimliyə marağı əvvəlki illərdən qat-qat çox artırıb. Ümid edirəm, bütün bunlar müəllimin nüfuzunun yüksəlməsinə müsbət təsir göstərər.

Hər şey məktəbdən başlayır, müəllim uşağın savadının təməlini qoyan kəsdir. Ümumiyyətlə, təkcə bilik, savad yox, məktəb mühiti uşaqların tərbiyəsində mühüm rol oynayır. Müəllimlik müqəddəs peşədir, çünki yaxşı müəllim heç vaxt unudulmur, hələ də bayramlarda, ad günündə atama şagirdləri müxtəlif yerlərdən zəng vurub təbrik edirlər, halbuki, illərdir, məktəbi bitiriblər.

Dərsdən əlavə repetitorluqla məşğul olmuram. Kənddə qalmıram deyə buna vaxtım olmur, amma əgər orda qalası olsaydım, təmənnasız məşğul olardım, onlar mənim ümidlərimdir.

Bəzən dəcəl, dərsi bölmək istəyən şagirdlərlə də rastlaşırıq, müəllim onları ələ almağı bacarmalı, dərsi istədiyi kimi yönləndirə bilməlidir, bəzənsə bunlar əsəbiləşmədən başa gəlmir. Bir də təbaşirlə işləyirik deyə paltarlarımız ağappaq olur. Başqa bir problem hələ ki yaşamamışam.

Açığı bunun üçün dərslərdən imkan qalmır, amma boş vaxtımız olanda onlara bədii əsərlər oxumağı məsləhət görürəm, hansı əsərləri oxuya biləcəklərini və s. Çalışıram, onları ədəbiyyatla tanış edim.

Ümid edirəm, uşaqlar bu yazını tapıb oxumayacaqlar. Hər bir şagird doğmadır, təbii ki. Amma mütləqdir ki, içlərindən biri daha doğma gəlir adama. Mənim də belə bir qızım var – Firəngiz. VIII sinifdə oxuyur, keçənlərdə deyir ki, müəllim, mən də riyaziyyat müəllimi olmaq istəyirəm. Onu eşidəndə sevincdən uçmağa bircə qanadlarım çatmırdı. 


Xatırladıqları müəllim olmaq istəyirəm…

Təkcə müəllim yox, kənd yerində ümumiyyətlə, qadın olmaq çətindir. Çalışıram, qız şagirdlərimlə bu mövzuda çoxlu söhbətlər aparım ki, öz hüquqlarını bilsinlər, sırf qız olduqları üçün hüquqları tapdalanmasın. Mənim də təbii ki, bir qadın olaraq problemlərim çox olur, bunlara problem deməzdim, dedi-qodular deyərdim. Ki mən bunlara əhəmiyyət vermirəm, özüm nə olduğumu, nə istədiyimi, niyə burda olduğumu bilirəm, o mənə yetir. Qadın hüquqlarına gəldikdə isə bu barədə kollekivlə də çox müzakirələrimiz olur, məncə əslində hamı hər şeyin fərqindədir, sadəcə, hamı kimisə düşünərək yaşayır. Bir zamanlar qadının şalvar geyinməsinə də pis baxılırdı, bir azdan digər məsələlər də adi görünəcək. Çalışıram, bir müəllim kimi şagirdlərimə nümunə olum, özlərini heç kimə əzdirməsinlər, necə istəyirlərsə, elə də yaşasınlar kimlərisə, nələrisə düşünmədən. Ümid edirəm, onların heç vaxt unutmayacağı, həmişə sevgiylə xatırladıqları biri olaram.