adalet.az header logo
  • Bakı 12°C

“MƏNİM KİMİ SEVƏ BİLSƏN”

KAMALƏ ABİYEVA
69668 | 2019-01-09 13:18

Təqvim ilinin ilk günündə dünyaya gəlib. Həm də ömrünün 60 ilini yaşayıb. Ona ünvanlanan təbriklər, haqqında yazılanlar çox oldu. Hamısını oxudum. Hər dəfə də "Niyə mən yazmıram?” düşündüm. Axı mənim də sözüm var. Mən də onu tərifləmək, tərifləmək, tərifləmək istəyirəm. Əbülfət Mədətoğlunu tərifləməyə nə var ki?! Hər gözəl sözə layiqdi. Mədətoğlunun özünə yazdığı məktubunu, ya özünə ünvanladığı "Altmışı aşırdım, onun 28-i mənə güc gəldi” yazısını oxuyandan sonra ürəyimdən keçənlərin bir qismini də olsa, demək istədim. Mədətoğlu yazır:

Yəqin sizdə də belədi, yola saldığımız və yaxud arxada qalan hər şey üçün bir qəribsəmək hissi yaşayırıq. Yəni mən ömrümün demək olar ki, son illərində daha çox qəribsəməyə başlamışam. Xüsusilə doğulduğum torpaq üçün... dünyasını dəyişmiş dostlarım, doğmalarım üçün... görə bilmədiyim yerlər üçün... əlaqə qura bilmədiyim həmfikirlərim üçün... bir də təbii ki, itirdiyim zaman üçün... Bax, bu mənada dostlardan, doğmalardan, oxuculardan 60 yaşımla bağlı eşitdiyim, aldığım, oxuduğum bütün xoş sözlər məni bir az da çox kövrəldib, məni bir az da çox qəribliyə çəkibdir...

Və düşündüm ki, Niyə qəribdi Abülfət? Niyə qəribdi? Bu qədər dostun – tanışın, sevənlərin arasında niyə qəribdi? Ömrünün 60 – nı aşıran bir şair, bir dost, bir ata, bir baba- dəyərli insan niyə qəribdi? Cavabı da özü verib:

60 ilin düz 28 ilini ağrı-acıyla, xatirələrlə, həsrətlə, nisgillə, necə deyərlər, tikan üstündə yaşadım, daha doğrusu, mövcud oldum. Çünki gözümü açanda gördüklərimin hamısından uzaq düşdüm. Özü də könüllü yox, silah gücünə... yaralarımdan qan axa-axa... Və indi bütün bunları düşünə-düşünə 60-ın necə gəlib keçdiyindən xəbərsizəm deyə bilmirəm. Çünki dediyim həmin zaman kəsiyi səhəri mənə kipriklərimlə açmaq, gecəni dağı arana daşımaq işgəncəsi yaşadıbdı. Hətta elə anlar olub ki, "bu gün sondu, bu gün hər şey bitər!” – deyə düşünmüşəm. Lakin Tanrı iradəsi hər şeydən və hər kəsdən güclü olduğuna görə, mənim çıxardığım qərar, mənim inandığım nəticə havada qalıbdı...

Və mən indi bu 60 yaşın notları üzərində nə qədər özümü kökləsəm də 60-ın içərisindəki 28 daha güclüdür. Onun səsi daha bərk çıxır...


Kədərlidi... Yazılarında həsrət, ayrılıq, sevgi - hər birimizin yaşadığı duyğular var. İçimizi qovruldan Vətən dərdi var. O elə içdən ağrıyır ki, onunla birlikdə ağrımaya bilmirsən. Onun ruhu elə ağlayır ki, ona qoşulub hönkürürsən. Bilmirən dərd onun sözünə biçilib, ya söz dərdinə... Əslində şeir kədərdən yaranır. Bəlkə ona görə ki, bir damcı sevinc tapmaq üçün bir ümman ağrıdan, acıdan keçirik?.. Şeir baxdığımız yox, gördüyümüzdü. Şeir gözündən içinə keçənləri, yaşamı, həyatı - insanları görməkdi, olduğu kimi görməkdi - anlamaqdı. Və təəssüf ki, gördükcə, anladıqca daha çox kədərlənərsən.”Nədənsə kədər mənə daha doğmadı”, "nəyi itirəcəm qorxam təkliyimdən savayı” deyərsən. Əslində hər kəsin öz təkliyi var, hər kəs yalnız olur milyonların içində. Yaşayançün, anlayançün bu, doğaldı, təbiidi, qaçılmazdı. Bu zaman özünlə olursan, təkcə özün olursan:

Sığınıb bir otağın küncünə

susmuşam...özümdən başqa heç kimlə danışmıram.

düşünməyin ki, kimdənsə, ya da dünyadan küsmüşəm...

yox-sadəcə indi daha çox

ətrafla anlaşmıram və odur ki, susaraq gözləyirəm...

Və bu elə peziyadı. Dərdi olmayanmı var? Amma şair deyil hamı desin ki: "qurtulmaq çətindi dərddən, acıdan, hər addım başında üzünə durur”, ya da

Ovub qoydun ortaya, dərdimi sünbül kimi.

Fırlanıram başına havalı bülbül kimi.

Həyatı ancaq özü üçün yaşayan, məsələn, aclığı yalnız özü ac qalanda yaşayan və bu aclıq üzündən hər kəsi, hər şeyi tapdamağı bacaran heç vaxt şeir, ya nəsə maraqlı bir hekayə yaza bilməz. Bu, heç onun ağlına da gəlməz. Bunu insanın kim olduğunu anlayan edə bilər. Çünki onu ”gözlərini yummağa qoymayan bir qəhər var” həmişə. Çünki onun "dərd ilan tək dolanır yaralarının üstə”

Dan yeri söküləndən Oturmuşam dərdlərin

Qapısının ağzında...

Baxdıqca izlərini görürəm əritdiyim illərin hamısında.

Və başqalarının həyatını ağırlaşdıranları da ”həyatımı alt-üst edən qəlbi saxta var-əllərini ürəyimin qanıyla yuyan”ları da şair görər. Və şair deyər ki, ”adamlardan itgi kimi get”.

Kiprik ucundakı yaş dünyada ən ağır daş - bunu da şeir bilər.

Kədər göy qurşağı tək kəsib keçir içimdən.

Sıx gözünü ovcuma susamışam icim mən.

Və özünü sorğu-sual etməyənlər, yəni cavab verə bilməyəcəkləri suallarla dolu həyat yaşayanlar nə şeir yazar, nə şeir oxuyar, nə kimsəyə sevinc yaşatmaq, ya gərək olmaq üçün yaşayar.

Anlaya bilmirəm-qoyuram qarşıma

Papağımı yox, özümü...

Və başlayıram sorğu-suala.

Bilmirəm, özünü qarşısına qoyub sorğu - sual edənlər nə qədərdi, amma bilirəm ki, var. Onlar fərqlidilər-onlar İNSANDILAR. Mənimçün Əbülfət bəy də fərqli biridi. Dost bildiyimdi, dost dediyimdi. İllər ötəndən sonra gördüyümdə doğmalıq hiss etdiyimdi.

Bir ömrüm var uduzduğum udduğum,

Günlərini saymaq indi nağıldı.

Ay diz çöküb ətəyindən tutduğum,

Niyə mənim yurdum-yuvam dağıldı?

deyən şair elə öz həyatıyla, yazılara köçürdüyü, köçürə bilmədiyi duyumu, sevgisi, ayrılığı, həsrətiylə sözdü - söz sahibidi. Onun nə şerlərində, nə yazılarında heç kəsdən ağıllı görünmək, nəsihət vermək iddiası yoxdu. Əbülfət Mədətoğlu sadəcə oxucuyla danışır, dərdləşir. Oxucu özü anlayır onun ağlını da, demək istədiyini də. Çünki o şeirlərində özüdü ”Mən yazdığım şeirlər elə mənim özüməm.” Əbülfət bilir ki, oxucu bunu hiss edəcək anlayacaq. Çünki Əbülfət ”Yanmaq boyuna biçilən ürəklərin” – vətən həsrətli, yerini-yurdunu tapa bilməyənlərin, namərdliyi, ədalətsizliyi, haqsızlığı görənlərin kədərini yazır. ”Sevgimi dilsiz edən bir dil arzusundayam”, ”ilahi eşq dünyada bir səndədi, bir məndə”- deyir, sevgidən yazır. Və bütün bunları yaşayır. Bütün bunları yaşayanların yaşamaqdan, yaşamaqçün çarpışmaqdan bezdiyi anlar olur.”Niyə mən?” sualıyla üzbəüz dayanıb əlbəyaxa olduğu zamanlar olur Əbülfət kimi:

...Mənim adım, bütün həyatım

Və bir misram da çörəyə çevrilmədi,

ev olmadı, pul olmadı...

şairin yarımçıq şeiri kimi

qaralanmış kağız parçasına çevrildi

atıldı zibil qutusuna.

Bəlkə doğurdan ürəyimizi - ürəyini "zibil qutusu” eləmək lazım deyil. Yəni nadanlığı, xəyanəti, haqsızlığı, torpaq, vətən acılarını ürəyə yükləmək lazım deyil? Axı ürəklərini "təmizcə” saxlayanlar, özüyçün yaşayanlar var. Bacarmaq olarmı? Bacararsanmı? Mən Ona demək istəyirəm ki, sənin misraların həmişə ac olduğumuz çörəyə çevrilib. Hamısının da evi var. Hər oxucu ürəyi onların evidi. Və bu misralar anlayan üçün xərcləndikcə bitməyən var-dövlətdi. Bir də

Mən kədəri hərdənbir gülən görmək istədim,

Baş qoyub dizim üstə ölən görmək istədim-

deyən Əbülfət Mədətoğlunun, onu sevənlərin, onun kimi sevənlərin, yaşayanların kədərinin ölməsini istədim.

Əlbəttə, Azərbaycanın bir daşı da, bir çınqılı da doğmadı – Vətəndi. Amma vətənin doğulduğun bir guşəsi, bir bucağı, bir qucağı, bir kəndi var hər birimiz üçün. Bir də ola sən küncdən, o bucaqdan, o kənddən didərgin düşəsən və düşünəsən ki:

şəhərdə əslində

dörd divardan ibarət

dibçəkdə yaşamaq

mövcud olmaqdı...

Əbülfət deyir: " həyatın gerçək üzü heç nəyin geri dönməyəcəyidi. Hətta çayın qarşısını kəsib öncədən axmış suları üzü geri qaytarmaq mümkün olmadığı kimi, illəri, ayları, günləri də geri

səsləmək mümkünsüzdü”. Əlbəttə, mən ona 15, 25, ya 35 yaşının geri dönməsini arzulaya bilmərəm. Bu real deyil. Nə də ona güc gələn didərgin həsrətli 28 ilinə güc gələ bilmərəm. Amma istərdim ki, arzularının yaşının üstünə yaş gəlməsin. Ömrünün yeni ilində mövcud olmasın, yaşasın. Ürəyincə yaşasın. Onun üçün yaşamaq

Tuğda –

qurşağa qədər

qarın içində

buz-daş olmaq

yaşamaqdı yaşamaq.

P.S. "Mənim kimi sevə bilsən”- onun onlarla kitablarından birinin adıdır. Niyə yazıya bu adı seçdim? Çünki onun kimi sevə bilən Əbülfət Mədətoğlu ola bilər.

KAMALƏ ABİYEVA

"RESPUBLIKA" qəzeti  09.01.2019

TƏQVİM / ARXİV