adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Yanvar 2019 18:09
44870
LAYİHƏ
A- A+

Şagirdim məndən daha çox kitab oxuyur – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Cəbrayıl rayon N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Orxan Əlibəyovdur.


Müəllim olacam

23 may 1992-ci ildə Füzulidə doğulmuşam.Ailədə müəllimlik peşəsiylə məşğul olan yoxdur. Mən müəllimlikdən əvvəl bir neçə yerdə çalışmışam. Bank, market, jurnalistika, teatr...Və mən bu üç iş yerinin heç birində özümü indiki işim, yəni müəllimlik qədər xoşbəxt hiss etməmişəm. Bilirsiniz, universiteti bitirəndən sonra müəllimliyə isti münasibətim olmadı nədənsə. Özümü başqa sahədə sınamaq istədim. Heç birində də uğur qazana bilmədim. Sonra müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlara gənc müəllim dostların, belə desək, axınını gördüm. Bu məni həvəsləndirdi. Oturub düşündüm və dedim: mən müəllim olacam! Bir də məni müəllimliyə gətirib çıxaran başqa səbəb də var: paylaşmaq və öyrətmək ehtiyacı. Mən mütaliəni sevirəm və oxuduqlarımı paylaşmaq ehtiyacı yaranır təbii olaraq. Düşündüm bunu ən yaxşı şagirdlərimlə edə bilərəm və onlar da mənim danışdıqlarımdan, nəticələrimdən nəsə öyrənə bilərlər.

İlk dəfə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən məktəbdə başlamışam müəllimliyə və hələ də burda davam edirəm.


Zəngin kitabxanamız var

Məktəbdə tədrisin keyfiyyəti müəllimlərin hazırlıq səviyyəsindən və məktəb rəhbərliyinin müəllim qarşısında qoyduğu tələblərdən asılıdır. Bizdə direktor hər müəllimə gündəlik dərs planı tutmağı tapşırıb. Yəni müəllim sabah keçəcəyi dərsi necə, hansı standartlar əsasında quracağını dərs planında qeyd etməlidir. Bunsuz heç bir müəllim dərsə buraxılmır. Bu tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən bir şeydir. Ümumiyyətlə, məktəbimizdə şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb. Elektron lövhədən tutmuş, zəngin kitabxanaya qədər.


Sevgi

Biz ənənəvi təlim metoduyla təhsil almış adamlarıq. "Sevgi", "Birlik", "Mərhəmət", "Xoşbəxtlik", "Ədalət" və s. kimi məfhumlar haqqında heç bir təsəvvürümüz olmayıb. Çünki dərs müddətində bunlar barədə fikrimiz soruşulmayıb ki, biz də pis-yaxşı nəsə deyək, bilmədiyimizi də müəllimin izahından əxz eləyək. Eləcə qayda əzbərləyib müəllimə danışmışıq, çalışma yazmışıq. Dünyagörüşümüz isə ikinci planda qalıb həmişə. Universitetdə hansısa əsərin təhlilində bunun əziyyətini çox çəkmişəm. Amma yeni təlim metodunun maraqlı dərskeçmə üsulları var. Məsələn Klaster üsulu (şaxələndirmə). Tutaq ki, lövhəyə dairənin içində "sevgi" yazırsan və uşaqlardan sevgini necə başa düşdüklərini soruşursan. Onlar da hərəsi bir cür fərziyyə irəli sürür və beləliklə fərziyyələr tutuşdurulub ortaq bir nəticəyə gəlinir. Uşaqların aşağı-yuxarı təsəvvürləri formalaşır. Başqa bir maraqlı üsul Venn diaqramıdır. Bu da şagirdlərin müqayisə qabiliyyətini formalaşdırır. Mən bacardıqda dərsimi bu üsullardan istifadə etməklə qururam və nəticəsini də görürəm.

Hələ ki, heç bir şagirdimlə problem yaşamamışam. Ümumiyyətlə, zorakılıq mənə yad xüsusiyyətdir. Hər şey müəllimin davranışından və idarə etmək bacarığından asılıdır. Şagirdlərimin içində nadinc olanlar da var, amma mən onları yola gətirməyi bacarıram. Baxmayaraq ki, pedaqoji təcrübəm azdır. Şagirdlərin məktub yazmaq məsələsinə gələk. Yox hələ ki. Yəqin nə vaxtsa olar.

Şagirdim məndən çox oxuyub

Ara-sıra maraqlı hadisələr olur təbii ki. Bəzən yorğunluqdan bunlara o qədər də diqqət göstərmirəm. Şagirdim var, onun haqqında danışmaq istəyirəm. Məncə, o da maraqlı biridir. 7-ci sinifdə oxuyan uşaqdır. Keçən dəfə onunla kitablar haqda söhbətimiz oldu. Oxuduqlarını deyəndə özümdən utandım açığı. Etiraf edim ki, mən onların eləcə adını eşitmişdim. Hətta bəzilərinin müəllifini belə unutmuşdum. Amma o, həm oxuduqlarını, həm onların mövzusunu, həm müəllifləri haqda danışdı mənə. Kitabxanada uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyatın demək olar hamısını oxuyub. Bu çox gözəldir, həqiqətən. İnanmaq müşküldür. Amma o uşaq məndən çox kitab oxuyub.

Mən kənddə yaşayıram və burda müəllimə necə yüksək qiymət verildiyini görmüşəm. Şəhərdə bir az başqa münasibət var müəllimə. Şəhərdəkiləri müəllim adından daha çox onun cibi maraqlandırır. Müəllim nə qədər maaş alır, hansı şəraitdə yaşayır, sürdüyü maşın nədir və s. Özüm 25 il şəhərdə yaşamışam və uşaqlar arasında gedən söhbətlərdən bunu eşitmişəm çox vaxt. Amma kənddə müəllimə münasibət fərqlidir. Adicə yolda gedəndə insanların sənə xüsusi izzəti-hörmətlə salam verdiyini görəndə çox xoşbəxt olursan. Onda deyirsən ki, yaxşı ki müəlliməm.



Həyatlarını itirirlər...

Mən 20 ildən çox bir müddətdə şəhərdə yaşamışam. Sonra məcbur rayona köçəsi oldum. Əvvəl bu mənə çox ağır gəlirdi. Düşdüyüm vəziyyətlə də heç cür barışa bilmirdim. Düşünürdüm rayonda yaşamağım günbəgün geriləməyimə gətirib çıxaracaq. Və maddi durumumuzun ağırlığı da bir tərəfdən belimi bükürdü. Amma getdikcə işlər qaydasına düşdü, yaşadığım mühitə, insanlara öyrəşməyə, həyatımdan zövq almağa başladım. Mütaliədən, yazı-pozu işlərindən uzaqlaşmadım, bu da bir tərəfdən həyatıma stimul verdi. Sonra dönüb şəhərdə yaşadıqlarıma, ordakı həyat şərtlərinə, şəhər cəmiyyətinin tələblərinə, insanlararası münasibətlərə bir də nəzər yetirdim. Belə bir qənaətə gəldim:şəhər adamları əksər hallarda səmimi ola bilmirlər, daha bahalı həyat yaşamaq naminə bəzən gələcəklərini qurban verməyə belə hazırdılar, bir-birlərinin bəhsinə günlərini boşuna bahalı restoran, AVM-lərdə keçirməklə bu istehlak cəmiyyətinin içərisində get-gedə təbiiliklərini, həyatlarını itirirlər...

Klişelərlə razılaşmıram çox vaxt və dəyərləri bütləşdirməyin tərəfdarı deyiləm. Müəllimlik ali məqamdır və müqəddəslik onun yanında bir az kölgədə qalır, mənə görə.

Peşənin sıxıntılarını və problemlərini görmək üçün həvəssiz olmaq lazımdır. Çünki insan həvəssiz olanda işindəki ən xırda çətinliklər tez gözünə batır və sən onun öhdəsindən gələ bilmirsən. Heç cəhd də eləmirsən. Amma mən işimi çox sevirəm. Bəlkə də buna görə işimlə bağlı heç nə çətin gəlmir mənə.

Keçən dəfə beynimdə olan bir neçə şeiri əzbərdən dedim uşaqlara. Bunlar daha çox müasir poeziya örnəklərimiz idi. Hamısı qəribə maraqla qulaq asmışdılar.

Kimisə xüsusiləşdirmək istəməzdim. Çünki onlar mənim ilklərimdi və hamısı çox doğmadı. Amma bayaq dediyim şagird. 7-ci sinifdə oxuyan. Adını deməyim (gülür). O uşaq çox maraqlıdır. Xətayə adında 8-ci sinif şagirdim də var. Dərslərin birində "Səfillər"dən, "Robinzon Kruzo"dan, "Ağ diş"dən danışdı mənə. Hələ nə qədər oxuyub, amma dərs müddətində danışıb çatdıra bilmədiyi kitab adları çəkdi. Heyrət elədim.


Son

Mən ümumiyyətlə, şagirdlərimlə dost münasibəti qurmaq istəyirəm. Bir dəfə kitabxanaya gedəndə şagirdimi gördüm orda. Tətildə oxumaq üçün kitab seçirdi özünə. Xahiş elədim mənim üçün də birini seçsin. Əvvəl tərəddüd elədi, amma təkidimi görüb Herbert Uellsin "Zaman maşını" kitabını uzatdı mənə, dedi: Maraqlı kitabdır, müəllim.


Düzü oxumamışdım və kitabı tək seçməyi xoşlayıram. Amma şagirdlərimi oxumağa həvəsləndirmək üçün seçimi onun öhdəsinə buraxdım. Bu kitabı bitirəndən sonra digər şagirdlərimin də mənim üçün kitab seçməyini istəyəcəm. Belə ki, onlar mənsiz də kitab oxuyurlar. Sadəcə belə bir jestin şagirdlərdə maraq oyadacağını və bundan sonra seçəcəkləri kitabları daha da həvəslə oxumalarına yardımçı ola biləcəyimi düşündüm.