adalet.az header logo
  • Bakı 20°C
07 Yanvar 2019 20:59
80703
MÜSAHİBƏ
A- A+

Tanınmış futbol jurnalisti: “Qurban Qurbanov çox böyük səhv etmişdi...” – MÜSAHİBƏ

Adalet.az Sportfm.az saytının baş redaktoru, tanınmış futbol jurnalisti Araz Əhmədovla müsahibəni təqdim edir.


- Borçalı elindənsiz... Atanız da şair Allahverdi Təkləli...

- Mən Borçalı mahalının ulu söz yurdlarından biri kimi tanınan Təhlədənəm. Atam dediyiniz kimi, şairdir, hazırda Gürcüstan Yazıçılar Birliyinin (GYB) nəzdində fəaliyyət göstərən Azərbaycan bölməsinin rəhbəridir.


-1998- ildən idman jurnalistikasındasız. Bu sahəyə marağınız necə yarandı? Axı çox vaxt şairin oğlu da şair olur. Bizdə bu hallarla tez-tez rastlaşmışıq...

- Uşaqlıqdan futbolun dəlisi idim. Bu idman növünü mənə əmim Ziyadxan Əhmədov (vaxtilə "Kəpəz”də çıxış edib) və Diyeqo Maradona sevdirib. Həyətdə-bacada yumru nə görürdümsə, top əvəzi təpikləyirdim. Ancaq kəndimizdə futbola getmək imkanım olmadığı üçün sehrli top oyununa olan sevgim ürəyimdə qaldı. Bostandərə (Rustavi) və ya Tiflisə getməyə isə imkan yox idi. Yaxşı yadımdadır, 1990-cı ildəki dünya çempionatının final matçı oynanan günü kəndimizdə işıqlar sönmüşdü. Atam məni də götürüb Bostandərədə yaşayan yaxın qohumumuzun evinə apardı. Almaniya-Argentina finalını, Maradonanın uduzmasını orda seyr etdim.


- Maraqlıdır. Necə qalıb o anlar yaddaşınızda?

- Argentina finalda məğlub olanda o qədər ağlamışdım ki...1996-cı ildə "Xəzər Universiteti”nə qəbul oldum. Həmin dövrdə bu təhsil ocağının futbol komandası yaradılmışdı. Mən də həmin komandanın sıralarına qoşuldum. Həvəskarlar Liqasında mübarizə aparırdıq. "Vasmoy”da "rezinovı polya” deyilən yerdə məşq edirdik. Komandanın üzvləri universitetdə təhsil alan tələbələr idi. Sonradan yavaş-yavaş peşəkarlaşmağa doğru addımlar atıldı. "Xəzər Universiteti”nin rektoru Hamlet İsaxanlının futbola çox böyük marağı vardı. Universitetdə hər kəs komandanın oyunları, nəticələri ilə maraqlanırdı. Mən isə onlara bu xəbərləri də çatdırırdım. Orda "Xəzər Xəbər” adlı jurnal dərc edilirdi. Mənə jurnalistikadan dərs deyən Knyaz Aslan və Razim Məmmədli futbola olan marağımı görüb, həmin jurnalın idman səhifəsini hazırlamağı məsləhət gördülər. İlk dəfə yazım jurnalda gedəndə çox həyəcanlı idim, yaxşı yadımdadır, Razim müəllim "Xəzər Xəbər”in yeni çapdan çıxan sayı ilə otağa daxil olanda yerimdə otura bilmirdim. Beynimdə min fikir dolaşırıdı. Fikirləşirdim ki, birdən deyər ki, pis alınıb, sənlik deyil, daha yazma. Ancaq tam əksi oldu (gülür). Razim müəllim məni löhvə qarşısına dəvət etdi, qrup yoldaşlarıma yazını göstərərək təriflədi və təbrik etdi. Beləliklə, mən jurnalistikada ilk addımımı atdım.


- Sizi daha çox AzTv-nin idman xəbərlərindən tanıdıq. Hazırkı AzTv-nin idman xəbərləri sizi qane edirmi?

- Mən qəzetdə çalışdığım dönəmdə tez-tez Elnur Əşrəfoğlu ilə görüşürdüm. Elə AzTv-yə də məni o dəvət etdi. İdman redaksiyasında çalışmağa başladım. Onun üzərimdə əziyyəti çoxdur. Bir müddət sonra idman xəbərlərinin aparıcısı oldum. Dövlət televiziyası böyük məktəbdir. Orda çox şey öyrəndim. Altay Əliyev, Fikrət Adıgözəlli, Rəşad Rafiqoğlu, Siyavuş Əliyev, Elnur Məmmədli, Sənan Məhərrəmov kimi bu sahədə sözünü demiş jurnalistlərlə birgə çalışdım. Hazırda AzTv-də, İdman Azərbaycanda işinin peşəkarı olan idman jurnalistləri fəaliyyət göstərir. İdman xəbərlərini də bəyənirəm. Redaktor işi görsənir.


- Sizcə, Azərbaycan futbolunda inkişaf üçün nələr çatmır?

- Bu mövzuda danışmağa başlasam, aylarla bitirə bilmərəm. Çatışmayan çox şey var. Peşəkar mütəxəssislər, yaxşı bazalar, təşkilati işləri bacaran savadlı kadrlar, menecerlər, skautlar. Uşaq futbolumuzun hazırkı durumuna baxıb ölkə futboluna qiymət vermək olar. Azərbaycanda istedadlı uşaqlar həddindən artıq çoxdur, sadəcə onları üzə çıxara biləcək şərait və mühit mövcud deyil. Biz batıb qalmışıq. 20-30 ildir yerimizdə sayırıq.


- Qurban Qurbanovun millidən getməyinə münasibətiniz necədi?

- Qurban Qurbanov milliyə gəlməklə çox böyük səhv etmişdi. Bunu dəfələrlə demişəm. Adam Valeri Lobanovskinin, Fatih Terimin bacarmadığını etmək istədi. Həm klubda, həm də millidə paralel şəkildə uğurla çalışmaq mümkün deyil. Amma Qurbanov buna getdi. Uğursuz nəticələrdən sonra isə ölkəmizdə futbolun səviyyəsinin olmadığını önə sürdü. Bəyəm, Qurban Qurbanov bilmirdi ki, Azərbaycanda futbolun səviyyəsi nə yerdədi? Mən görürəm ki, mənə verilən evin fundamenti yoxdur, güclü külək olsa başıma uçacaq, o evdə girib necə yaşaya bilərəm? Elə götürək Qurbanovun 11 ildir çalışdığı "Qarabağ”ın futbol akademiyasını, bu günə qədər Avropa səviyyəsində hansı futbolçunu yetişdiriblər? Özündə yoxdursa, başqalarında necə axtara bilərsən? Suallar çoxdur. Mütəxəssisin istefaya göndərildiyi xəbəri də düzgün deyil, Qurbanov özü getmək istədi. Əslində isə heç gəlməməliydi. Mən yuxarıda sadaladığım məsələlərə görə, millidə olanda daim onu tənqid edirdim.


Sizcə, millimiz nə vaxt Avropa və ya Dünya çempionatlarının final mərhələsinə çıxa bilər?

- Millətlər Liqasının bizim kimi zəif yığmalara şans yaratdığını düşünürdük, ancaq göründü ki, biz burdada çoxlarından geri qalırıq. Demək ki, problemin kökü çox dərinlərə gedib çıxır. Araşdıranda məlum olur ki, məsələnin bünövrəsi 5-6 yaşında futbola başlayan uşaqların məşq etdiyi meydançalardadır. Ordan başlamaq lazımdır. Yoxsa, alınan deyil. Bəlkə uşaq futbolundakı problemləri nisbətən aradan qaldıra bilsək, 20-30 ildən sonra nəyəsə ümid edə bilərik.


- Ölkə çempionatının oyunlarında niyə stadionlar boş qalır? Niyə bizim liqamızın səviyyəsi aşağıdır?

- Bəziləri stadionların boş qalmasını əhalinin maddi vəziyyətinin aşağı olmasına bağlayır. Bu qətiyyən belə deyil. 90-cı illərdə bəyəm yaxşı yaşayırdıq? Amma azarkeşlər stadionlara gəlirdi. Küsdürüblər, insanları futboldan küsdürüblər, biletlər pulsuz olsa da stadiona gəlmək istəmirlər. Hamımız yığışmışıq Bakıya, futbol istəyirik. Bölgə komandaları yoxdur. Gəncə yox, Tovuz yox, Şəmkir yox, Lənkəran yox, azarkeş necə olsun? Azərbaycan çempionatının səviyyəsi də get-gedə düşməyə başlayacaq. Futbolçu yoxdur, yetişmir. Xaricdən gətirilən isə lazımsız materialdır. Elə götürək "Qarabağ”ın transfer etdiyi islandiyalı qolkiper Hannes Halldorssonu. Adamı Lionel Messinin penaltisini dəf etdiyi üçün transfer etdilər. Bir neçə qarşılaşmadan sonra məlum oldu ki, bu heç qapıda əməlli-başlı dayana bilmirmiş.


- Azərbaycan televizyasında yayımlanan futbol proqramları sizi nə dərəcədə qane edir?

- Dəyişikliyə, yeniliklər etməyə hər zaman ehtiyac var. Bu gün idman jurnalistikamızın səviyyəsi futbolumuzun səviyyəsindən qat-qat üstündür. Artıq rəngarəng verilişlər də yayımlanır. Bu sahədə irəliləyiş hiss olunur. Vallah proqram hazırlayanların işləri çox çətindir. Adam birdən oturub düşünür ki, kimi çəksin, nəyi efirə versin? Yoxdur axı.


- Sizin sahənizə iki yolla gəlirlər: bu peşənin romantikasıyla gələnlər və sadəcə gələnlər. Sualımsa belədir: seçdiyiniz sahə sizi dolandıra bilirmi?

- Bu gün Azərbaycanda əsl jurnalistika ilə dolanan adam tapmaq mümkün deyil. Bu sahəyə gələnlər üç tip insanlardır – entuziastlar, məşhurlaşmaq fikrinə düşənlər və pul qazanmaq istəyənlər. Sonuncular bir müddət sonra ortada heç nəyin olmadığını görüb bu sahədən uzaqlaşırlar. İkincilərin içərisində istəyinə çatan az-çox adam olur. Qalır birincilər. Bu işin yükünü də onlar çəkirlər. Tək idman jurnalistikası ilə indiki zəmanədə ailəni dolandırmaq mümkün deyil. Təəssüflər olsun ki, bu acı reallıqdır. Mən müxtəlif idman tədbirlərində aparıcılıq edirəm, həmçinin ictimai-siyasi saytlarda fərqli mövzularda yazılarım da dərc olunur.


- AFFA-nın fəaliyyətindən razısız?

- Dünya reytinqində ilk yüzlüyə düşə bilməyən ölkənin futbol federasiyasının işindən necə razı olmaq olar?


- Vaxtı ilə maraqlı futbol şərhçilərimiz vardı: Asif Bağırov, Doktor Ziya, İlqar Mikayıloğlu. Hazırda isə tək-tük yaxşı şərhçilər qalıb. Şərhçiləri sosial şəbəkələrdə çox vaxt tənqid edirlər. Sizcə, hazırkı şərhçilərdə əsas problem nədir?

- Tənqid hər zaman olacaq, bunu normal qəbul etmək lazımdır. Ola bilər ki, mənim xoşuma gələn şərhçi kiminsə könlüncə deyil. İndinin özündə də yaxşı şərhçilər var. Müstəqillik dönəmində yetişən Altay Əliyevin yeri bir başqa idi. O, Azərbaycan futbol şərhçiliyinə yeni tərz gətirə bilmişdi, seçilirdi. Ona görə də, bu gün də Altayın şərhi yaddaşlarda qalıb. İndiki şərhçilərin bəziləri oyunları əslində öz bildikləri kimi şərh etsələr daha maraqlı olar. Başqasına bənzəmək lazım deyil, o zaman tamaşaçının gözündə adiləşirsən. Öz stilin olmalıdı, bunu şərhçinin özü formalaşdırmalıdı.


- Dünyada ən çox bəyəndiyiniz futbol spikeri kimdir?

- Mən türkiyəli Ercan Tanerin vurğunuyam. Onun səsi, diksiyası, epizoda reaksiyası mükəmməldir. Bəzi rusiyalı şərhçiləri də bəyənirəm, ancaq Ercan bir nömrədir.


- Araz bəy, bir az da dünya futbolundan danışaq. Mənə görə dünya futbolu artıq burjuaziyanın əllərindədir, gün keçdikcə çirklənir. Bir futbolçunun qiyməti 220 milyon olarmı?

- Ümumiyyətlə, futbolun bu günü bizləri onun sabahı üçün qorxuya salır. Müasir futbola yön verən müxtəlif hadisələr var. Onlardan biri Bosman qanunu idi. Bəzilərinə görə 1995-ci ilin 15 dekabrı nəhayət ki, futbolçuların azadlıq əldə etdiyi gündür. Digərlərinə görə isə futbolun idman olmaqdan çıxıb, biznesə çevrildiyi tarixdir. İstənilən kəskin dəyişiklikdə olduğu kimi, əslində həqiqət, bu iki mövqeyin ortasında yerləşir. Bir şeyi mübahisəsiz qəbul etməliyik ki, köhnə sistemin dəyişilməsi artıq şərt idi. Həmin ərəfədən başlayaraq, Avropa futbolu çox eroziyaya uğradı. Düzdür, futbolda böyük pulların dövr etməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Ancaq bunlar yetərli deyil. Düşünürəm ki, 220 milyon rəqəmi çox yerində qalmayacaq. Çünki bu sahə bizdən fərqli olaraq, dünyada böyük gəlir mənbəyidir.


- Türk futbolu da hazırda enişdədir. Sizcə bunların səbəbləri nələrdir?

- Türk futbolunun yüksəliş dövrü 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərinə təsadüf etdi. Bu təsadüfi deyildi. Çünki 80-ci illərin ortalarından başlayaraq, türk futboluna böyük pullar yatırıldı, xarici mütəxəssislər dəvət edildi. Türkiyə futbolu bunun bəhrəsini gördü. 2002-ci ildə keçirilən dünya çempionatından sonra isə türk futbolu tənəzzül dövrünə qədəm qoydu, bu hələ də davam edir. Türklər düşündü ki, "Qalatasaray” UEFA Kubokunu qazanıb, yığmaları dünya üçüncüsü olub, bu belə də davam edəcək. Xeyr, ona görə ki, həmin dönəmdə uşaq futbolu yaddan çıxdı. Hamı bahalı transferlər etməyə, adlı-sanlı məşqçiləri cəlb etməyə çalışırdı. Və türk futbolu bir dönəm geri düşdü. Hazırda yenidən ayılıblar, uşaq futbolu yadlarına düşüb. Nəticənin olması üçün isə gözləməli olacaqlar.


Söhbətləşdi: Oğuz Ayvaz