adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Yanvar 2019 00:29
72456
LAYİHƏ
A- A+

Otuziki eli

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycanın qədim yaşayış məskəni olan Qarabağda yaşam tarixi minilliklərlə hesablanan bir sıra el dövran sürürdü ki, onlardan cavanşirlər, otuzikilər, kəbirlilər, təkləlilər, kolanlılar, püsyanlılar, qaraçorlular və s.-ni qeyd etmək mümkündür.
Otuzikilər Səfəvilər dövlətinin həyatında mühüm rol oynamış türkdilli tayfa birliyi olmuşdur. Otuzikilər haqqında İsgəndər Münşi, Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu xan Hidayət və başqaları məlumat vermişlər. Mənbələrdə XVİ əsrdən adları çəkilməsinə baxmayaraq, Otuzikiləri təçkil edən bəzi tayfalar, məsələn, qacarlar və başqaları, hələ Xİİİ əsrdən məlum idi. Otuzikilərin ən məşhur tayfaları qacar, cavanşir, müqəddəm və b. olmuşdur.
Ə.Nəbiyevin "Coğrafi adlar", Q.Məşədiyevin "Zaqafqaziyanın Azərbaycan toponimləri" və ASE-nin Vİİ cildinin 396-cı səhifəsində Otuziki, Otuzikilər toponimləri haqqında təxminən eyni materiallar dərc edilmişdir.
"Qarabağnamələr"də "Otuziki" tayfası haqqında yazılır: "...hazırda İmişli rayonu ərazisində "Otuzikilər" adlı bir kənd vardır... Mənbələrdə göstərilir ki, bu adın yaranması XVİ əsrə aiddir. Həmin əsrdə Qarabağda yerli tayfaların birləşməsi nəticəsində "Otuzikilər" yaranmışdır. Bu tayfalar içərisində Cavanşir tayfası sayca və qüdrətcə başqa tayfalardan seçilirdi. Cavanşirdən çıxanlar eyni zamanda "Otuziki"lərə başçılıq etmişlər. Həmin tayfaya aid kəndlərin bir çoxu XVİİİ əsrin sonu XİX əsrin əvvəllərində hazırkı Mirbəşir, Kəlbəcər, Bərdə, Qasım İsmayılov, Yevlax, Ağdam ərazilərində yerləşmişdir. Bu səbəbdən çarizm dövründə Yelizavetpol quberniyasının tərkibinə daxil olan Cavanşir qəzası (Mərkəzi Tərtər qəsəbəsi idi) əsasən həmin tayfalara mənsub yaşayış ərazisini əhatə etmişdir. Cavanşir qəzası Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinə qədər mövcud idi". ("Qarabağnamələr", (2-ci kitab), Bakı, Yazıçı, 1991. səh.426)
"Qarabağın el və obaları" kitabında qeyd olunur ki, Otuziki eli süni surətdə otuziki oymaqdan ibarət idi. Bu elin içində kökbir və bir-birinə yad oymaqlar vardı. Öncə bu oymaqlar müstəqil bir el kimi Qarabağın dürlü yerlərində qərar tuturdular. Sonralar qonşu tayfaların təsiri altında birləşdilər. Elxanların, elbəyilərin yaratdıqları möhkəm nizam-intizam sayəsində Qarabağda, eləcə də bütün Qızılbaşlar məmləkətində sayılan-seçilən bir el oldular. Ünlü Qızılbaş tarixçilərinin əsərlərində Otuziki elinin qoçaqlığından, qəhrəmanlığından tez-tez söhbət açılır. (Ə.Çingizoğlu və F.Baxşəliyev, "Qarabağın el və obaları", Bakı, 2007, səh.97).
Otuziki elinin adı bir sıra tarixi mənbələrdə çəkilir. 1593-cü ilə bağlı Osmanlı qaynağında bildirilir ki, Arasbarda bir çox el və oymaqlar yaşayırdı ki, onlardan da biri Otuziki eli idi. Cavanşir, Xancanlı, Padar, Dügərli, Hasırlı, Müqəddəm, Sarıhacılı, Silkəli, Şirvanlı oymaqları Otuziki elinə bağlı olmuşdur.
1727-ci ildə Osmanlıların tərtib etdikləri vergi dəftərində isə Otuziki elinin 20 oymağının adı çəkilir və onların yaşadıqları yerlər qeyd olunur. Gərəkliyini düşünüb həmin oymaqların adlarını sıralayırıq: Üçoğlan, Məfruzlu, Qiyaslı, Dəlilər, Veysəlli, Hacı Turəli, Xəlil Fəxrəddinli, Barani, Şəkərbəyli, Qaraqoyunlu, Mollalar, Düyərli, Eymirli, Ozan, Məhəmmədşahlı, Buğdayüzü, Zəngişalı, Atlıcalı, Yosundüz, Bayəhmədli.
Ellərin quruluşu və daxili bölgüsü də maraqlı idi. Ə.Çingizoğlu və F.Baxşəliyev yazırlar ki, elin quruluşunda daxili bölgü eldən evə düsturuna əsaslanırdı. Belə ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü.
Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər. Bəylərbəylik dönəmində el başçılarının xan, sultan rütbələri olurdu. Adlarının önlərinə çox zaman əmir və yaxud mir ünvanları əlavə olunurdu.
Oymaqlara oymaqbəyi kimi kələntərlər, yüzbaşılar və kədxudalar başçılıq edirdilər.
Tayfalar, tirələr və törəklər isə ağsaqqalın nəzarətində idilər. Evləri ailə başçıları idarə edirdilər. Evin başçısı olan kişi vəfat edərdisə və ya savaşda həlak olardısa, bir qayda olaraq, nəzarət böyük oğula keçirdi. Ailə və tüstü siyahılarında atasız evin başçısı böyük oğul göstərilirdi. Ər və oğulsuz ailələr "başsız" adlanılırdı. Başsız ailələr el içində çox davam edə bilməzdi. Arvad əlli yaşınadək olanda qaynına, qaynı olmadıqda yaxınlarının birinə ərə verilirdi. Ailə malının parçalanmaması, bölünməməsi xatirinə eldə qohumluq nigahı üstünlük qazanmışdı. Başsız ailələrdən vergi alınmırdı. (Ə.Çingizoğlu və F.Baxşəliyev, göstərilən əsər).
Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Qarabağın aparıcı, məşhur ellərdən biri olan Cavanşir eli bir surə gücünü itirmiş və Otuziki elinin tərkibinə qatılmşdır.
El əhli özünü nişan verəndə öncə oymağını bildirirdi. Soyad da beləcə yazılırdı: Sarıcalı-Cavanşir, Veysəlli-Otuziki, Qərvənd-Kəbirli, Fuğanlı-Cəbrayıllı və s.
El-oymaq əhalisi əsasən, oba biçimində yaşayırdılar. Oba əhli özlərinin məşğuliyyəti, təsərrüfat həyatı ilə əlaqədar işlərini qururdular. Əkin-biçinçilər bir qayda olaraq əkib-becərdikləri məhsulları toplamaq üçün oturaq həyat sürürdülər. Heyvandarlıqla məşğul olanlar isə yaylaq-qışlaq güzəranı keçirirdilər.
Otuziki eli Qarabağda öz adları ilə adlanan Otuziki mahalında məskunlaşmışdılar. Bu mahalindiki Bərdə, qismən də Ağdam bölgələrini əhatə edirdi. Bütün bunlarla bərabər hazırda İmişli rayonunun ərazisində iki Otuziki kəndi (Aşağı Otuziki və Yuxarı Otuziki), həmçinin Bərdə rayonunda da Otuzikilər kəndi mövcuddur. Tutarlı tutanaqlardan və arxiv materiallarından aydın görünür ki, həm İmişli, həm də Bərdə rayonunun ərazisində mövcud olan Otuziki və Otuzikilər kəndləri 700 ilə yaxındır ki, tarix səhifəsində şərəfli bir mövqe tutur.
(ardı gələn sayımızda)

Faiq Şükürbəyli,
tədqiqatçı-etnoqraf
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ