adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Dekabr 2018 22:09
30847
LAYİHƏ
A- A+

Poeziyamızın Məmməd-Qayası və Qaya-Məmmədi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən
saylarımızda)

Məmməd Araz isə bu düyünün açılmasını, elmi şəkildə, faktlar əsasında beynəlxalq aləmə təqdim edilməsini istəyirdi. Beynəlxalq aləm isə dəyişmişdi. O artıq 1976-cı ildə deyildiyi kimi "zərrəsinə milyonların şərik olduğu", "həm mənim, həm sənin və həm də onun" ola bilən və ola bilməyən dünya olaraq qalsa da, çox dəyişmişdi. Çünki dünyanı özəlləşdirmək istəyi ilə alışıb yanan xristian dünyası meydan sulamağa başlamışdı

IV

Məmməd Arazın dünya baxışlarından doğan şeirləri də digər şeirləri kimi zəncirləmə - silsilə şəklindədir. 1978-ci ildə qələmə aldığı "Dünya gözəl dünyadı"şeirindəki poetizm və romantika

Gündüzündə çiçəklənər duyğumuz,
Gecəsində gülablanar yuxumuz,
Oyunumuz, inadımız, uyğumuz,
Ömrümüzdən bir gül üzən dünyadı,
Dünya gozəl, dünya gözəl dünyadı.

misralarındakı ahəngə uyuşub necə də çağlayır və axıb gedir. Lakin zaman dəyişdikcə Məmməd Arazın dünyaya baxışları da lirik-fəlsəfi, siyasi-ictimai mənada dəyişir. Onun mahiyyəti və məzmunu dəyişməkdə olan dünyaya dikilən incik baxışlarında sınıq ürəyinin narahat döyüntüləri görünür. 1989-cu ildə Mikayıl Müşfiqin xatirəsinə həsr etdiyi "Belə dünyanın" şeirindəki ovqat əvvəlkilərdən tamamilə fərqlənir. Artıq bu o dövrdür ki, Azərbaycan türkləri öz yurdlarından-Qərbi Azərbaycandan və Qarabağdan qovulurlar. Bəs belə bir məqamda onun Müşfiqi xatırlaması nəyə dəlalət edirdi? Müşfiq o şair idi ki, onun kitablarından biri "Buruqlar arasında", digəri "Pambıq", bir ayrısı isə "Bir may" adlnırdı. Müşfiq o şair idi ki, xalqlar dostluğunu tərənnüm edirdi və Firdövsidən, Xəyyamdan, Puşkindən, Lermontovdan, Marşakdan, Taras Şevçenkodan, o cümlədən Yeğişe Çarensdən, Hovanes Tumanyandan, Baqram Alazandan, Norensdən, Petros Duruyandan, Vıştunidən tərcümələr etmişdi. Sovet ideologiyasına və xalqlar dostluğu siyasətinə bundan da artıq xidmət olardımı? Onun güllələnməsinin təkcə səbəbi "Oxu, tar" idimi, yoxsa türk olmasıydımı? Şəxsən mənə belə gəlir ki, bunun bir səbəbi də onun parlaq istedadı idi. Azərbaycan xalqına bundan ağır zərbə olmazdı. Onda Azərbaycan türkü beynindən (indi Müşfiqin alnından güllələnməsi ilə əlaqədar olaraq onun nəşinin eskumasiyası həyata keçirilir) və ürəyindən, ağlından və təfəkküründən güllələnirdi.
"Mən belə dünyanın nəyindən küsüm" deyən Məmməd Araz əslində bu dünyadan inciyir və küsür. Ona görə ki , dünya acizdir : umanın umacağını verə bilmədiyi kimi küsənin də könlünü ala bilmir. Məmməd Araz "nəyindən küsüm" dediyi bu əlacsız , bu miskin və bu yazıq dünyadan elə buna görə də narazıdır:

Söz verdim , söz adlı dəfinə verə .
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki , küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar, haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?

Bizim böyüklük ölçülərimizə sığmayan , olanı da , öləni də saxlamaq iqtidarında olmayan , "utana , həya edə bilməyən", "iti bazarında atından baha " olan, "qumara qoyulduğu"nun fərqinə varmayan dünyanı Məmməd Araz söyür, lakin şair kimi poetik söyür:
Olsan öz haqqının köləsi belə,
Əri öz içindən , öləzi belə.
Ondan inciyənin beləsi belə!..
Mən belə dünyanın nəyindən küsüm?

V
1989-cu ilin sıxıntılarını yaşayan xalqımızın başının üstünü alan qara dumanlar daha da sıxlaşdıqca, bizlərə qarşı gerçəkləşdirilən soyqırımın coğrafiyası genişləndirildikcə, keçmiş Sov.İKP MK-nın Baş katibi Qorbaçovun "təmkinli və səbrli olmaq" çağırışları fonunda dədə-baba torpaqlarımızdan qovulmağımız, 1990-cı ilin 20 Yanvar soyqırımına məruz qalmağımız, dünyanın gözünə kül üfürən erməni faşistlərinin xristian dövlətləri tərəfindən dəstəklənməsi, məzhəb və təriqət xəstəliyinə tutulmuş müsəlman ölkələrin susqunluğu Məmməd Arazı siyasi liderə deyil, ədəbi liderə - özü də o tarxdən 67 il əvvəl dünyasını dəyişən Mirzə Cəlilə üz tutmağa vadar etdi. Xristianlı, müsəlmanlı, buddalı, konfusili dünyanın hələ də düzəlmədiyini etiraf etmək məcburiyyətində qaldığını Məmməd Araz özünəməxsus şəkildə dilə gətirdi, sanki ayaq üstə qırxı çıxmış bu yazıq və miskin dünyaya ağı dedi:

Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı...
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!

Gedir yal davası, sümük davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!

Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Çox verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba?

VI
Akademik İsa Həbibbəyli demişkən: "Xalq şairi Məmməd Araz milli mücadilə savaşında lazım gələndə böyük cəsarətlə "vətəndaş qələmini - hərbi nazirə", "yazı masasını- paytaxa", "kağızını-bayrağa", "sevgisinini, nifrətini ən nizamlı qoşuna" çevirməyi bacarmış sənətkar" idi. Azərbaycana qarşı edilən qərəzlərin Şərqlə Qərbi birləşdirən körpünün çökməsi kimi mənalandıran Məmməd Araz yazırdı:

Doğudan Batıya yol uçub deyən,
İnsandan-insana yol gözə dəymir.
Kimsə, deyirlər ki, yol tapıb göyə,
Dəymir gözlərimə möcüzə, dəymir.

1991-ci ildə qələmə alınan "Göy altında, yer üstündə" adlı bu şeir xalqına haqsızlıq edilən şairin ürək ağrıları ilə davam edir.
Dünya dövlətləri sırasında ən böyük coğrafiyaya malik olan və böyüklüyü ilə özünü hər daim gözə soxan keçmiş Sovet İttifaqında məhz dövlətin fitvası ilə gedən torpaq davası şairi məyus edirdi.

Torpaqsız, bu yurdda min bölgü olur,
Böyüyən iddiam - bəlkə də sonum!
Ey atamın ruhu, mənə həyan dur,
Quş olum, bir kola, bir daşa qonum...

Dövlətdən, hakimiyyətdən dönüklük görən Məmməd Araz 1966-cı ildən "babasının gur səsinə", "atasının ruhuna", bütövlükdə isə "kommunist qardaşları" arasında təklənmiş Azərbaycana üz tuturdu.
"Sözü qəmli, özü dəmli rəhbər adam"a uymağın mənasız olduğunu qət etdiyindən 19 mart 1992-ci ildə yazdığı "Ayağa dur, Azərbaycan!" şeirində sanki torpağın yaxasından yapışıb onu dağları və qayaları ilə birlikdə silkələyirdi:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Bütün bunların müqabilində "Dilənçi qaçqın" şeirində "qarşısındakı qaçqın bir uşağın birdən əl açıb:-Rəhm edin, qaçqınıq, - müraciətindən sarsılan şairin vətəni qoruya biləcək ordu arzusu ilə səmaya üz tutub Allaha əl açdığını görürük:

İlahi, varımdan yox oldum bu gün,
Mən öz yumruğumdan yıxıldım bu gün.
Daşlara süd verən yurdum hardasan?
"Vətənim!" - hayqıran ordum, hardasan!

(ardı gələn sayımızda)

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
ADPU Şəki filialının baş müəllimi