adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Dekabr 2018 00:43
34104
LAYİHƏ
A- A+

LAYİQSƏN SEVGİYƏ, SÖZƏ LAYISQI

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Vaxtı, zamanı insanlar nurlu əməllər ilə tarixə çevirir. Bəzən bir kəndin, bir obanın min illik həyat yolu, yaşam tərzi, daş kitabələrə atdığı silinməz imzalar, yaratdığı əmək alətləri, zinət əşyaları- ölkənin mədəniyyət tarixinin ən qiymətli səhifələrini təşkil edir. Bəzən yüzilliklərin dərin qatlarından işıq şüası, nur haləsi kimi süzülüb gələn nəsil-soy şəcərələri milli kimliyimizin etalonuna çevrilərək bir xalqın mənəvi dəyərlər yükünü çiyinlərinə qaldıraraq şərəf və ləyaqətlə keçmişdən gələcəyə daşıyır. Tariximizin qədim və zənginliyini etiraf etməkdə dünya arxivlərinin fondlarını xəcalət təri bürüsə də, imdadımıza yenə də daş yaddaşlara həkk olunmuş kitabələr, arxeoloji qazıntılar zamanı tarixin dərin qatlarından boy göstərən maddi mədəniyyət inciləri çatır.
Bir neçə il öncə ziyalıların sıx olduğu məclislərin birində Şəkinin Baş Layısqı kəndindən tapılmış, yaşı min illərlə ölçülən, ilkin araşdırmalar nəticəsində eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən nizə ucluqlarından, kəsici alətlərdən, qolbaqlardan, sırğalardan, muncuqlardan, müxtəlif bəzək əşyalarından iftixar hissiylə söz açılsa da bu qədim yaşayış məskənin adı - "Layısqı" məfhumunun etimologiyası suallara səbəb oldu. Həmin kəndin yetirməsi, milli dövlətçiliyə sadiqliyi ilə seçilən, çağdaş zəmanəmizin nüfuzlu ziyalısı və görkəmli hüquqşünası, baş ədliyyə müşaviri Abdulla Yusifli üzünü mənə çevirərək: - Asif müəllim, arxivlərlə sıx təmasdasınız - dedi. Bu adın mənşəyi, kəndin keçmişi ilə bağlı faktlar, sənədlər aramaq, tapmaq mümkündürmü? Şübhəsiz ki, suala birmənalı cavab vermək asan deyildi. Çalışaram - dedim. İlk baxışdan cavab qaneedici təsir bağışlamasa da, Abdulla müəllim doğma kəndi haqqında səhih məlumat almaq, tarixin dərin qatlarına bələd olmaq, özündən sonrakı nəsillər üçün də "Layısqı" adına aydınlıq gətirmək, bu sözün etimologiyası, elmi mənşəyi barədə dəqiq bilgiyə yiyələnmək niyyətində idi və milli təəssübkeşlik aurasında daha da gözəl görünən bu xoş məramı yalnız təqdir etmək və alqışlamaq olardı.
Azərbaycan Dövlət Tarix Arxivində apardığım uzun müddətli araşdırmalar gözlənilməz zəngin və qeyri-adi tapıntılar ilə nəticələndi. Tariximizin 1805-1917-ci illərini özündə hifz edən arxivin 10,24, 29 və 43-cü fondlarında aşkar edilən Layısqıya aid əyalət dəftəri əslində çox dəyərli bir dəfinəni xatırladırdı. Tapılmış yeni materiallardan məlum olur ki, Rusiya imperiyasının müvafiq orqanları tərəfindən Şəki əyalətinin Layısqı kəndinə XIX yüzillikdə altı dəfə, xüsusilə 1824, 1831, 1842, 1863, 1873 və 1886-cı illərdə ekspedisiyalar təşkil edilmiş, əhalinin tərkibi, həyat tərzi, sosial-iqtisadi güzəranı, fərqli, özünəməxsus xüsusiyyətləri qeydə alınmış, siyahılar dövlət məmurları, kənd icması və nüfuzlu şəxslər tərəfindən möhür və şəhadət barmaqlarını sənədlərə basmaqla təsdiqlənmişdir. Kəndin adı 1824, 1831 və 1842-ci il siyahıyaalınmalarda "Layısqı" (bu ad ərəb qrafikalı Azərbaycan dilində olan mətnlərdə fərqlidir - A.R.), 1863 və sonrakı sənədlərdə isə "Baş Layısqı" kimi qeydə alınmışdır. İllər üzrə əhalinin sayını nəzərdən keçirdikdə müşahidə olunur ki, 1824-cü ildə Layısqıda 195 ailə, 1831-ci ildə isə 190 ailə mövcud idisə, 1842-ci ildə bu rəqəm birdən-birə 155-ə düşmüş, bizə məlum olmayan səbəblərə görə, mərkəzdənqaçma proses davam edərək 1863-cü ildə isə kənddə qalan ailələrin sayı 116-ya enmişdir. Beləliklə, əvvəl 40-45, sonralar isə 80-ə yaxın ailənin Layısqıdan köçməsinin şübhəsiz ki, əsaslı səbəbləri olmuşdur.
Ehtimal etmək olar ki, XIX əsrin 30-cu illərində Layısqı kəndi təbii fəlakətlər, sel daşqını və ya digər səbəblərə görə iki yerə parçalanmış, birini digərindən 10 km məsafə ayıran düzənlik sahədə yeni kənd salınmış, burada 40-45 layısqılı ailə yeni yaşayış məskənin təməlinin bünövrəsini qoymuş, onlar yeni ünvanlarını coğrafi mövqeyə uyğun olaraq Aşağı Layısqı kimi tanıtmışlar. Ən çətin sınaqlardan mərdanəliklə, üzüağ çıxan, yer-yurdlarını tərk etməyən, ulu babalarının müqəddəs ocaqlarını, qədim məzar yerlərini Qafqaz sıra dağlarının cənub yamaclarında qoruyub yaşadan cəsur, zəhmətkeş insanların yaşadığı qədim məskən isə Baş Layısqı adlandırılmışdır. Arxiv sənədlərində qeydə alınmışdır ki, layısqılıların əsas məşğuliyyəti əkinçilik, (buğda, arpa, çəltik zəmiləri), baramaçılıq, arıçılıq və heyvandarlıq olmuşdur. Layısqılılar haqqında 1842-ci ilin siyahıyaalınmasında yazılmışdır: "Bu kəndin əhalisi taxılçılıq və ipəkçiliklə məşğul olur. Kustar sənətkarlığa meylli deyillər. Bu kənddə 6 dəyirman və 2 çəltiküyüdən var. Əhali yaxşı vəziyyətdə yaşayır. Torpaqlar əsasən daşlıqdır. Onların meşələri yetərincədir. (AR DTA fond-29, siyahı-1, saxlanma vahidi-21, vərəq-71).
Bu yığcam və çox dəyərli informasiya çörəyi "daşlıq"dan çıxan layısqılılar haqqında geniş təəssürat yaradır. Təbiətlə əlbəyaxa döyüşən, zəhmətsevər əhalinin "yaxşı vəziyyətdə yaşaması" nisbi dəyərləndirmədi və əsasən ətraf yaşayış məntəqələrilə müqayisədə gəlinən qənaətdi. Lakin, o da həqiqətdir ki, 6 dəyirmanın, o cümlədən 2 çəltiküyüdənin bir kənddə mövcudluğu böyük hadisə olmaqla yanaşı, məhsul bolluğuna, ahəngdar iş prosesnin intensivliyinə bariz nümunədir. Etiraf edilməlidir ki, 6 dəyirman bir kənd üçün həddən ziyadə olsa da, şübhəsiz ki, ətraf kəndlərin də dəyirmana olan ehtiyacı məhz layısqıda ödənilmişdir.
İstinad etdiyimiz sitatda "Əhali yaxşı vəziyyətdə yaşayır" fikri yalnız iqtısadi anlamda deyil, daha geniş mənada qəbul olunmalıdır. Layısqı kənd camaatı içərisində təhsil almış insanlar, ziyalılar, mollalar, əfəndilər, döyüşçülər müəyyən zümrələr təşkil etmişdir. Maraqlıdır ki, bu bölgədə hörmət əlaməti olaraq nüfuzlu insanlara, ziyalılara, geniş dünyagörüşlü şəxslərə "molla", "əfəndi" deyilmişdir. "Əfəndi" sözünün əyalətdə geniş yayılmasının səbəblərindən biri də bu mahalın - Osmanlı Türkiyəsinin mənəvi təsir dairəsinə düşməsi ilə şərtlənir. Bəzən layiq olmayan insanlara da "molla", "əfəndi" deyə müraciət olunması əslən Layısqıdan olan, aşıq poeziyamızın görkəmli nümayəndəsi Molla Cüməni də hövsələdən çıxarmışdır. O, məsələyə qeyri-ciddi yanaşmanı sərt tənqid edərək demişdir:

"Əlac yoxdur əfəndidən, molladan,
Həqiqətin binasını axtarım".

(ardı gələn sayımızda)

Asif Rüstəmli
Filologiya üzrə elmlər doktoru, professor

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ