adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Dekabr 2018 19:29
32857
LAYİHƏ
A- A+

"HEYDƏR ƏLİYEV VƏ GÜRCÜSTAN"

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə Azərbaycan Respublikasında hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən başlayaraq ölkənin daxili siyasəti ilə yanaşı, həm də milli maraqlarımıza cavab verən xarici siyasət yeritməyə başladı. "Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz", - deyən H.Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsi kimi, beynəlxalq maliyyə institutları ölkəmizə maraq göstərdilər, xarici investorlar, transmilli şirkətlər çəkinmədən ölkəmizin iqtisadiyyatına investisiya yatırımı etdilər.
Qafqaz regionunu sülhün və sabitliyin hökm sürdüyü bir məkan kimi görmək istəyən Heydər Əliyevin yeritdiyi bu siyasətin əsas tərkib hissəsi kimi, qonşu dövlətlərlə, xüsusilə Gürcüstanla münasibətlərə böyük diqqət yetirməsi isə Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Müdrik və uzaqgörən siyasətçi olan Heydər Əliyev Azərbaycan və gürcü xalqlarının tarixi dostluğuna və mehriban münasibətlərinin daha da inkişafına xidmət edən vacib məqamlara həmişə böyük diqqət yetirib. Bu günlərdə Tbilisidə işıq üzü görmüş "Heydər Əliyev və Gürcüstan" (ikinci nəşr) kitabında bu böyük dövlət adamının, dünya şöhrətli uzaqgörən siyasətçinin Gürcüstan Respublikası ilə münasibətlərindən - bu ölkəyə səfərlərindən, gürcü xalqına münasibətindən, dar gündə qonşuya necə əl tutmağın bariz nümunəsindən söhbət açılır. Kitabın müəllifi Əməkdar jurnalist, 25 ilə yaxındır ki, AzTV-nin Gürcüstandakı təmsilçisi Şahismayıl Şəmmədoğludur. Müstəqillik dövründə Azərbaycan-Gürcüstan münasibətlərinin bir növ salnaməsi olmaqla yanaşı, bu kitab eyni zamanda borçalıların - bütövlükdə Gürcüstanda yaşayan soydaşlarımızın ümummilli lider Heydər Əliyevə bir ehtiram borcudur və dəyərli ziyalımız Şahismayıl Şəmmədoğlu bunu çox yüksək peşəkarlıqla qələmə alıb. Axı, çox da uzaq olmayan keçmişdə - ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanda yaşayan azərbaycanlılara qarşı yeridilən ayrı-seçkilik siyasətinin qarşısının məhz Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra alındığı heç kəsə sirr deyil. Məhz həmin illərdə Tiflisdə soydaşlarımızla görüşündə ümummilli liderimizin dediyi bu tarixi kəlamlar bu ölkədə yaşayan soydaşlarımızın gələcəyə olan ümidlərini artırdı: "Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əzizdir. Ona görə ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar. Bu, sizin doğma torpağınızdır. Siz öz vətəninizdə, doğma torpağınızda yaşayırsınız".
Və elə Heydər Əliyev qətiyyətinin, onun borçalılara qayğı və diqqətinin nəticəsi idi ki, o illərdə Gürcüstanın prezidenti olmuş E.Şevardnadze deyirdi:
"Bizim qardaşımız və dostumuz Azərbaycan Respublikasının Prezidenti qarşısında etiraf etmək istəyirəm ki, burada yaşayan azərbaycanlılara qarşı bir neçə il bundan əvvəl ədalətsiz hərəkətlərə yol verilmişdir. Mən sizə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanında söz verirəm ki, o qara günlər Gürcüstanda bir daha təkrar olunmayacaq". Kitabda Heydər Əliyevin Gürcüstana səfərləri, bu ölkənin dövlət və hökumət rəsmiləri və burada yaşayan soydaşlarımızla görüşləri tarixi sənədlərlə öz əksini tapıb. Hər yazıda ulu öndərin Gürcüstanla əlaqələrə nə qədər böyük önəm verməsi, çətin günlərində bu ölkəyə kömək əlini uzatması öz əksini tapmaqla yanaşı, biz kitabda qardaş ölkədə bu dahi şəxsiyyətə böyük məhəbbətin də şahidi oluruq. Gürcüstanın keçmiş prezidenti E.Şevardnadze dostu H.Əliyev haqqında belə deyib: "Azərbaycan öz təbii ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrindən biridir. Lakin onun ən böyük sərvəti Heydər Əliyevdir".
Gürcüstanın indiki prezidenti G.Marqvelaşvili isə belə deyir: "Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradılmasında həlledici rola malik olmuşdur. Desəm, səhv etmərəm ki, müasir gürcü dövlətinin yaradılmasında da onun köməyi misilsizdir. Belə ki, Azərbaycandan gələn, ilhamvericisi və hərəkətvericisi Heydər Əliyevin olduğu geopolitik layihələr bizim üçün, bizim dövlətimiz üçün həlledici əhəmiyyət kəsb etmişdir. Bu layihələr Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsini və onun müasir dünya strukturunda funksiyasının müəyyən edilməsini nəzərdə tutmuşdur".
Gürcüstanın Baş naziri G.Kvirikaşvili isə Heydər Əliyevin böyüklüyünü belə səciyyələndirir: "Heydər Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti onun öz ölkəsinin və hətta bizim regionun sərhədlərini keçmiş və ümumdünya əhəmiyyəti kəsb etmişdir. Belə ki, bu fəaliyyət geopolitik dəyişikliklərə səbəb olmuş və bizim regionun siyasəti, ilk növbədə, Qərblə münasibətlərdə məhz Heydər Əliyevin göstərdiyi yolla gedir".
Ş.Şəmmədoğlu həmçinin onu da vurğulayır ki, Heydər Əliyevin Gürcüstana səfərini geniş işıqlandıran bu ölkənin mətbuatı onu manşetlərdə "Qəhrəman Heydər" və "Polad iradəli Heydər" kimi təqdim edirdilər və haqlı olaraq qeyd edir ki, iki qonşu ölkənin iqtisadi əməkdaşlığının əsasında Heydər Əliyevin Gürcüstana, gürcülərə səmimi dostluq münasibəti və qayğısı durur ki, bu gün bunu hər bir gürcü etiraf edir.
Kitabın məziyyətlərindən biri də odur ki, Heydər Əliyevin bütövlükdə Gürcüstan Respublikasına və gürcü xalqına dost münasibəti öz əksini tapmaqla yanaşı, burada ulu öndərin Gürcüstanda yaşayan azərbaycanlılara daim qayğı və diqqət göstərməsi, hətta soydaşlarımızın kompakt halında yaşadığı hər rayona göstərilən diqqət geniş faktlarla təqdim olunur. Oxucuların ixtiyarına verilən yazıların sərlövhələri çox mətləblərdən xəbər verir: "Heydər Əliyev və bolnisililər", "Heydər Əliyev və Qarayazı (Qardabani)", "Heydər Əliyev və Marneuli", "Heydər Əliyev və Saqareco", "Dmanisi rayonunda retranslyatorlar quraşdırılır", "Acarıstan azərbaycanlıları: biz Prezident Heydər Əliyevin dəstəyini həmişə duyuruq" və s.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə böyük önəm verməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər də kitabda özünün əksini tapıb.
Kitabın, oxucuların diqqətini çəkən maraqlı cəhətlərindən biri də Gürcüstanda yaşayan soydaşlarımız haqda qısa tarixi statistik məlumatların verilməsidir.
XX yüzilliyin müxtəlif dövrlərində aparılmış əhalinin siyahıya alınmasına dair rəsmi statistikaya əsasən Gürcüstanda yaşayan azərbaycanlıların sayı (eləcə də hazırda yaşayanların) sayı, hətta bunun həm də ayrı-ayrı bölgələr üzrə, eyni zamanda respublikada və ayrılıqda hər rayonda əhalinin neçə fazini azərbaycanlıların təşkil etməsi haqda məlumatın verilməsi təqdirəlayiq haldır.
Qısa da olsa, kitabda Gürcüstanda doğulub və sonralar Azərbaycanda və digər ölkələrdə yaşamış məşhurlar - ictimai-siyasi və dövlət xadimləri (Kutlu Arslan (XII-XIII əsrlərdə Gürcüstanda hərbi sərkərdə, dövlət xadimi), Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Pepinov, Emin ağa Acalov, Ömər Faiq Nemanzadə, Həsən Seyidov, Həsən Həsənov və b.), hərbi xadimlər (Mehralı bəy Darvazlı, İsrafil bəy Yadigarov, Axund Yusif Talıbzadə və b.), mədəniyyət xadimləri (Rəşid Behbudov, Möhsün Sənani, İbrahim İsfahanlı və b.), məşhur alimlər, şair və yazıçılar, tanınmış idmançılar və eləcə də, bu gün bu ölkədə ictimai-siyasi fəal soydaşlarımızı öz ətrafında birləşdirən təşkilatlar haqqında da məlumat verilir ki, bu da Gürcüstanda yaşayan soydaşlarımızın dünəni və bugünkü durumu ilə maraqlananlar üçün çox dəyərli bir bilgidir.
Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin Gürcüstanla bağlı önəmli bir sahəsinə işıq salan "Heydər Əliyev və Gürcüstan" kitabının bu ölkədə yaşayan soydaşlarımızın bu dahi şəxsiyyətə bir ehtiram borcu olduğunu yuxarıda qeyd etmişdik. Bu borcun yükünü məhz Şahismayıl Şəmmədoğlunun öz üzərinə götürməsi isə tamamilə qanunauyğun haldır. Çünki peşəkar jurnalist olan Ş.Şəmmədoğlu uzun müddətdir ki, Gürcüstanda çalışır və kitabda haqqında bəhs etdiyi görüşlərin, tədbirlərin hamısı bilavasitə onun gözləri önündə olub, necə deyərlər, kimdənsə eşitdiklərini yox, gördüklərini qələmə alıb.

Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ