adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2018 00:19
39346
LAYİHƏ
A- A+

ƏRDƏŞƏVİ KƏNDİ və yaxud da Ardaşı, Ərdəşi, Ər evi və Ərdəşəvililər

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Deyilənlərə görə, insanlar o vaxtlar o qədər əməli-saleh olubdur ki, Allah-təala onların istəklərini, arzularını daha tez eşidərmiş və daha tez imdadına çatarmış.
Bu yerlərin incəbel, gözəl qızları bir yerə cəm olub, çayda çimirmişlər. Birdən bir əjdaha peyda olur. Qayadan qızlara tərəf sallandığını görürlər. Qızların içində bir dünya gözəli varmış, o isə çaydan adlayıb qayanın dibində özünə tumar verərək saçlarına sığal çəkirmiş, daranırmış. Qızlar nə qədər səsləyirlərsə, çayın səsi, qıjıltısı qoymur ki, qoymur çağırış səsini eşitsin.
Qız şəlalə saçlarını arxaya yığıb sonsuz göylərə baxır. Birdən bir əjdahanın ona tərəf sallanıb onun gözəlliyinə tamaşa etdiyini görür. Əlacsız qalan gözəl qız əllərini sonsuz göylərin ənginliyinə tərəf qaldıraraq yalvarmağa başlayır ki, onların hər ikisi daş olsunlar. Hər ikisi də ilan da, qız da birdən daşa dönüb hündür sal qayaya həkk olunurlar.
Həkəri çayı o vaxtdan bu günə kimi İlanqaya əfsanəsini öz nəğmələrinə qatıb insanlara "danışmaqdan" doymur.

Qaynar bulaq kəndi

Ata-babalarımızın yaşadıqları yerləri bir-birlərindən fərqləndirmək, yadda qalmaq üçün ona adlar vermişdilər. Qorqundağ (Laləli dağları) dağlarına qalxmaq üçün Ərdəşəvi kəndindən çıxadnda Mirinbəy meşəsindən, Qaravul daşından, Haqnəzər kəndinə çatmamış Şikar suyu bulağından su içməsən, günah hesab olunar. Təzəkənd kəndindən Fingə kəndi yolu ilə getmək üçün Əppəkli, Daryal, Şirin ölən, Palan tökən, Tıppildayan sərt keçidlərdən, bərələrdən, dar yollardan, cığırlardan keçməlisən.
Vaxtı ilə burada bir daha sonra dörd ailənin yaşaması üçün təməl daşı, bünövrəsi qoyulmuş evlər, damlar tikilmişdi. Deyilənlərə görə, Ərdəbil vilayətindən köçüb gələn Seyid Məmməd Sarıbaba dağlarının qoynunda qərar tutmuş Yığın Seyidlər obasında bir müddət yaşamalı olur. Seyid titulunu daşısa da, əməlləri onu tanıyanlar tərəfindən çox da rəğbətlə qarşılanmazdı. Odur ki, onu qonşular günüləməyə başlayırlar. Burada dul bir qadınla eşq macəraları yaşayır və onunla ailə qurmağa məcbur olur. Qadının da qabaqkı ərindən bir oğlu varmış. Seyid Məmməd həmin dul qadını da, oğlunu da götürüb Ərdəşəvi obasına pənah gətirir. Heç kimdən icazə, izn almadan Çoban Alının düzündə koma tikmək qərarına gəlir. Bundan xəbər tutan Xudum Seyid Məmməd haqqında gizli məlumat toplamalı olur. Öyrənir ki, çox da yaxşı adam deyildir. Ona görə də, saymazyana gələrək, heç kimdən icazə almadan yaşamaq üçün koma tikməsi onun xoşuna gəlmir.
Bu ərazilərin qayda-qanunlarına Alıqulu obasında yaşayan Almurad bəy nəzarət edirdi. Onun yanına adam göndərir ki, buralara xoşagəlməz bir nəfər ailəsi ilə qonaq gəlib, yaşamaq üçün də koma tikir. Dərhal atlı yasavul gəlib ərazini nəzərdən keçirir, Seyid Məmməd evdə olmayanda gizlicə gəlib komanı uçurur. Seyid Məmməd şələsini götürüb Çoban alının düzü adlanan yerdən uzaqlaşır. Xudum deyir:
- Ə, bu yanı qoduqlu bir arvadı da alıb, yanına düşübdu çöllərə. Mərifəti, qanacağı da yoxdu. Ona görə xoşuma gəlmədi ki, gəlsəydi, desəydi ki, icazə ver, buralarda bir yerdə məskən salım, razı olardım. Ona görə ondan xoşum gəlmədi.
Xeyli müddət orda, burda gizli kahalarda yaşayır. Qozlu çayının yaxasına gəlib çıxır. Bu ərazini qarış-qarış gəzir. Çoban Alının düzü, Yaylım yeri, Ağ peyinlər, Cınqıllı dərəsi, Zazalı, At boynu sınan, Palan tökən, Əppəkli, Daryal, Şirin ölən, Tıppıldayan, Xizək yolu, Şikar suyu ərazilərində yaşamalı olur. Onun ailəsində dörd oğul olur: Şaməmməd, Bəyalı, Xanməmməd, Şəbəndə. Oğlanları böyüyüb həddi-buluğa çatırlar. Yasovul isə uzun müddət bu ailəni təqib edir. Harada koma düzəldirlərsə, dərhal onların başının üstünü alarmış, evlərini sökərmiş. Şaməmməd xeyli müddət görünməz olur. O, gəzə-gəzə gəlib Laləli dağının qoynunda bir təpənin üstündə oturub dincini alır. Susuzluq ona güc gəlir, dərəyə enir. Baxıb görür ki, dərənin o tayında, bu tayında qarşı-qarşıya bulaq qaynayır. Hər iki bulaqda su içir, xoşuna gəlir. Xeyli tamaşa edir. Atasını və qardaşlarını da götürüb bu yerə gəlir. Onlara deyir:
- Bura mənim çox xoşuma gəldi. O tayda bir, bu tayda bir bulaq qaynayır. Yerin üst-qatına çıxır. Bəlkə burada məskən salaq.
Tez torpağı qazıb bünövrə yeri açırlar. Daşları üst-üstə yığıb ağacların qol-budaqları ilə üstünü örtürlər. Yasovul gəlib görür ki, koma tikilibdi. Bacadan baxıb görür ki, balaca bir uşaq yatıbdı. Ürəyi rəhmə gəlir, evi uçurmaqdan daşınır və bir də arxaya dönmür. Məlumat verir ki, azyaşlı uşaq vardı, ona görə də uçurmadım, uşağa yazığım gəldi. Ondan sonra Şaməmməd Qaynar bulaqda dinc yaşamalı olur. Onun yeddi oğlu olur. Oğlanları üçün koma tikir. Koma kiçik yaşayış evi deməkdir.
İmkanlı kişilər isə dam tikərdi. Damı tikmək üçün tikinti materialları, daş, ağac tədarük alınardı. İşçi qüvvəsinə ehtiyac olardı. Odur ki, qonşu obalarda kömək etmək üçün Şaməmməd Fingə kəndindən, Haqnəzər kəndindən köməyə adamlar dəvət edir. El gücü, sel gücü. Axtalıq meşəsindən ağacları kəsib dam tikməsi üçün icazə alır. Oğlanlar üçün dam tikir, evləndirir, ailə sahibi edir. Şabəndə cavan ikən dünyasını dəyişir. Şaməmmədin - Mehti, Xanməmmədin - İsirəfil, Bəyalının - Mahmud adlı oğlanlarının döl-döşü doğulub-törəyir, tayfanın sakinlərinin sayı artır.
Qaynar bulaq obasında on iki ailə yaşaması üçün dam (ev) yeri, bünövrəsi vardı. Burada havaların yazda, yayda isti, payızda, qışda çox soyuq olması adamların məkanlarının dəyişməsinə səbəb olmuşdur. Odur ki, həmin ailələrdən Qarabağa, Təzəkənd kəndinə, Haqnəzər kəndinə köçməli olmuşlar. 1941-45-ci ildə Böyük Vətən müharibəsinə xeyli oğlanlar döyüşə getmişlər, arxaya dönməmişlər. Qaynar bulaq kəndi sahibsiz, sakinsiz qaldığı üçün xarabalığa çevrilmişdi. Bura yazda, yayda yaylaq kimi istifadə olunardı. Təzəkənd kəndində bu nəslin Mehdi, Məmməd, Cahangir, Mahmud, Xanməmmədin döl-döşləri yaşamaqdadır.

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Media "Qızıl Qələm"
mükafatı laureatı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ