adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Dekabr 2018 00:25
52522
LAYİHƏ
A- A+

ƏRDƏŞƏVİ KƏNDİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

və yaxud da Ardaşı, Ərdəşi, Ər evi və Ərdəşəvililər


(əvvəli ötən saylarımızda)

Mal-qaranı saxlayan naxırçıya, qoyun-keçiləri otaran çobanlara, ilxıya xidmət edən mehtərlərə, əkinlə məşğul olan cütçülərə, biçinlə məşğul olan biçinçilərə əmək haqqı verməklə yanaşı, vergi də ödəyərmiş. Osmanlı ağçası dəyərində batmanla taxıl paylayarmış. Zəmilərdə arpa əkilərmiş. Arpa məhsulunu su ilə işləyən dəyirmanlarda un üyüdərmişlər. Adamlar arpa unundan çörək bişirib onunla qidalanarmışlar.
Xudumun ərazisində 4 su ilə işləyən dəyirman olmuşdur. İnzibati ərazisində Davalı yer meşəsi, Qaynar bulaq, Qısxanclı yurdu, Qəjəl, Taxtalar, Əvəlikli, Çiçəkli, Pirin yalı, Sarıcalı, Qoruq dərəsi, Qoruq çayı, Kərim ağanın yaylağı, Çoban Alının düzü, Səlciyin düzü, Yaylım yeri, Zazalı, Qara şam, Palan tökən, Dik yoxuş, At atlan, Daryol şirin ölən, Xizək yolu, Qaravul düzü, Qaravul daşı, Xırdaların yalı, Mirinbəy, Orta daş, İlanqayası, Həsən uçan, Çirişli qaya, Tilsimli qaya, Ağ qaya, Ağsaqqalların kahası, Əriyin düzü, Göz bulaq, Sarı bulaq, Pullu bulaq, Göy bulaq, Ayğır bulağı, Məmməd Bağır ölən, Qara Məmmədin dərəsi, Buzxana, Əhmədalının şamı adlanan yerlər, yaylaqlar, yurd yerləri, ormanlar, keçidlər, bərələr, talalar ona məxsus olmuşdur.

Ərdəşəvi kəndi

Tanrıverdi kişi oğlanları və başının dəstəsi ilə birlikdə tez-tez Araz çayının sahilinə gələrdilər. Ticarət məqsədi ilə çayı keçərdilər, satmaq üçün və evdə istifadə olunan məişət əşyaları, zəruri mallar, ərzaqlar bazarlıq edərdilər. Sonra isə arxaya dönərdilər. Ona görə də atla İrana, bəzən Turana da səfərə çıxardılar. Xudum bir dəfə səfərdən qayıdanda Araz çayını keçən zaman qulağına ağlayan uşaq səsi gəlir. Atı saxlayır, ətrafa nəzər salır. Görür ki, Araz çayının ortasında, daşın üstündə bir uşaq oturub ağlayır. Atı ona tərəf çevirir və ona yaxınlaşır, əlini uzadıb uşağın geyimindən yapışıb qaldırır, sahilə çıxarır. Uşaq ağlaya-ağlaya deyir:
- Məni çaya atma, yazığam. Məni də özünlə apar, əmim gəlib məni bir də çaya atar, qorxuram.
Xudum qayıdır ki:
- Ay bala, qorxma, mən səni niyə çaya atıram ki, mən səni xilas edirəm, özümlə də apararam.
O, uşağı yuxarı qaldıraraq, atın tərkindəki xurcuna qoyur və iplə uşağı belinə bağlayır. Fikirləşir ki, atı möhkəm sürəndə uşaq yıxılmasın. Yol boyu uşağı danışdırmağa başlayır.
- Hə, danış görüm, əmin səni niyə çaya atdı? - deyə Xudum uşağı dilə tutmağa başladı və yol çantasından çörək çıxardıb ona verdi. Uşaq çörəyi dişləyə-dişləyə sözə başladı:
- Atam müharibədə ölmüşdü. Əmim bizim evə gəlib-gedərdi, anam həmişə ağlayırdı. Bir dəfə anamı döyməyə başladı. Dedi ki, sizdə qalacam. Anam da razı olmadığı üçün onu vurub öldürdü. Cəhrənin altını qazdı, qızıl küpünü çıxarıb apardı, heyvanlarımızı da satdı. Mənim adım Usuf olduğu üçün dedi, dədəmin adıdı. Ona görə məni öldürmədi, çaya atdı.
Xudum Araz çayının sahilindən tapdığı kimsəsiz uşağa rəhmi gəlir və onu özü ilə Fingə kəndinə gətirir. Öz ailəsindəki uşaqların içinə qatır. Ona öz övladı kimi baxır. Adını da Usuf deyə çağırmağa başlayır. O, böyüyür, həddi-büluğa çatırdı. Xudum kişi hara getsə idi, onu da özü ilə aparırdı. At minməyi, at çapmağı öyrədərdi, özünə məxsus ərazini gəzib tanış edərdi, torpaq sahələrinin yerini göstərərdi.
Laçın rayonunun Ərdəşivi kəndinin yerləşdiyi ərazidə həmişə arpa əkərmişlər. O vaxtdan bitən və bu günə kimi qalan Boz armud (daş armud da deyirlər) ağacının ətrafında biçin işçiləri aparılması üçün kotan düzəldirlər. Böyük taxıl zəmisində xeyli müddət idi ki, qızğın işlər gedirdi. İşlərin görülməsi üçün qonşu kəndlərdən köməyə adamlar, biçinçilər çağrılardı. Dərəkənd kəndində təcrübəli biçinçi Nəcəfalı kişi bir gündə dizini yerə qoyub oraqla yarım hektar sahənin taxılını biçərmiş.
Belə qüvvəli, zəhmətkeş adamın yeməyi isə səkkiz fətir çörək, bir sərnic qatıq olarmış. Yeməkdən sonra bir bardaq da su içərmiş və deyərmiş: Əə, bu bardağı niyə boş gətirmisən?
Arpa dərəsi, Səlciyin düzü və Qarovul daşı adlanan sahənin tən ortasında Qafqaz Albaniyası dövrlərində inşa edilmiş 50 kvadrat metr ölçüdə kilsə, monastır tikilmişdi. Üst hissəsi qövsvari şəkildə idi. Hörgünün daşları Vağazin kəndinin yaxınlığında olan Qayış qayası adlanan karxanadan boz rəngli daşlardan kəsilmiş, kvadrat formasında doğranmış və üzərinə də ovçu, əlində ox, kaman, quş şəkilləri təsvir olunmuş və divara hörülmüşdü.
Xudum işin qızğın gedən vaxtında köməyə gələn adamların qarşısında bildirir ki, onlar da agah olsun: Bu gündən bu ərazini Usufa bağışlayıram. Onun sahibi odur. Əksin, biçsin, qorusun, olsun onun. Mən də ata kimi yenə həyan olacağam. O, hər dəfə hova gələn (köməyə gələn) adamlara cöngə kəsərmiş ki, yemək sarıdan korluq çəkməsinlər.
Usuf bir dəfə təsadüfən Ağcayazı kəndinin yaxınlığından keçəndə Almədəd kişinin qızı Xanımı görür və ona vurulur. Yolun kənarında ağacın kölgəsində dincəlmək üçün atdan düşüb, cilovu qoluna keçirib oturur. Atın cilovunu üzəngiyə bənd edir. Usufun hərəkətinə bayaqdan fikir verən Xanımın anası ona yaxınlaşır. Onu sorğu-suala tutmağa başlayır:
- Ay oğul kimlərdənsən? - deyə soruşur.
- Xudumun oğluyam. Yolla ötürdüm, dedim bir az at yorğunluğunu alsın, mən də kölgədə bir az rahatlanım, dincəlim.
- Belə iş olar, ay oğul. Xudum bizim tanışdı, dur evə gəl, olandan, qopandan qonağımız ol. - dedi Xanımın anası.
Usuf də elə bil bir himə bənd imiş, ayağa qalxdı və atı tutub yedəyinə aldı və arvadın arxasınca evə getdi.
O vaxtlar adamlar bacalı damlarda yaşayardılar. Xanım da qonağa xoş gəldin elədi. Tezbazar qonağa süfrə açdılar. Bir kasa qatığı, təzə süd ilə qarışdırıb kətəməz etdilər və arpa unundan bir parça çörəyi qonağın qarşısına qoydular. Usuf da bir gözü qızda, çörəyi kətəməzin içinə doğrayıb ağacdan düzəldilmiş qaşıqla qarışdırıb yeməyə başladı. Çörək yeyib qurtarandan sonra razılığın bildirdi və atına minib yola düşdü.

(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Media "Qızıl Qələm"
mükafatı laureatı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ