adalet.az header logo
  • Bakı 17°C
22 Noyabr 2018 18:40
36924
LAYİHƏ
A- A+

MƏMMƏD ARAZ SEVGİSİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Bu, əlbəttə, daxili bir yanğıdı. Onu elə-belə söndürmək olmaz. O kükrəyir, şəfəq saçır!.. İnsanlar onun işığında sanki xumarlanır, gələcəyə böyük ümidlə baxır, addımlayırlar. Məmməd Araz poeziyası da belə bir poeziyadır. Müğənni Niyaməddin Musayevin oxuduğu, mərhum Prezidentimizin də valeh olduğu sözlər:

Bu taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Onu qəlbən, ruhən gah Nizamiyə, gah Fizuliyə, gah da Nəsimiyə oxşatmaq istəsə də, bu fikrində qərarlaşa bilmir. Yox, Məmməd Araz poeziyası başqa bir poeziyadır. Onun sözlərindəki yüksək qayə, təsir gücü, mənəvi saflıq tamam başqadır:
Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrdən olsam,
Ata millət, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!

Bu poeziya sanki dəniz kimi gurlamır, hay-küylə sənə nəyi isə diqtə, məcbur etməyi sevmir. O öz sözünü deyir, nəticə çıxarmağı öz mühakimənə buraxır. Bir sözlə sanki ruhunu yaz, payız dumanı, mehi bürüyür, hər şey sənə çiçəklərin çimdiyi, islandığı şehli damlalar tək gəlir ki... Günəş doğduqca şəfəqləri sanki bu əsrarəngiz gözəllik içində rəqs edir, oynayır və özünü unutmuş halda haykırmaq istəyirsən:
- Mən Azərbaycanlıyam! Mənim soyum, köküm olub, var!..Mənim torpağım, daşım bölünməzdir! Bütün riyaları, yalanları lap yaxşı görürəm! Vaxt olacaq, sular durulacaq! Haqq-ədalət öz yerini tutacaq!
Bəli, ordunun məğlub edilməsi, torpaqların tutulması hələ məğlubiyyət deyil! Bəlkə də 20 Yanvar faciəsi olmasaydı, ermənilər bütün Bakını pulla almışdılar! Necə ki, bəziləri əkin yerlərini də dəyər-dəyməzə satırlar. Xalq dili ilə desək, bir "dranqalet" maşın almaq həvəsilə...
Məmməd Araz poeziyası yarım əsrdən artıq belələrinə həmişə düz yol göstərən oldu. Ata ocağına bağlılığı təbliğ etdi. Təbii sərvətlərimizin qədrini bilməyi tövsiyyə etdi. Özü də dönə-dönə...
Bəlkə də o vaxtlar daha çox dəbdə olan "Azərbaycan" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinə başçılıq etmək, onların redaktoru olmaq ona həvalə olunsaydı, sözsüz ki, bununla razılaşmazdı. Bu böyük şair həmişə təbiətə, ilahi gözəlliyə yaxın olmağa çalışdı, onları vəsf, tərənnüm etməkdən yorulmadı. Onun kino-lentində necə həvəslə gül-çiçək topladığını, gözəl mənzərələr seyr etdiyini görəndə qəlbi qürurla döyünürdü. Şükür, torpağımızın, sərvətimizin qədrini bilən var!
Qarabağ dərdi onun ürək ağrıları idi... Onun ürəyi neçə il idi ki, bu torpaq, millət üçün döyünürdü! O cəbhəyə əsgər oğul göndərməmişdi, onun qız övladı elə belə bir əsgər idi... Sanki general yanında dayanmış kamil bir zabit! Onun demək istədiklərini gözlərindən oxuyurdu. Bütün Azərbaycan ona yaxın, doğma idi. Şeirlərinin hayqırtı səsi gör haralardan gəlirdi. Ona elə gəlirdi ki, Mübiriz İbrahimov Məmməd Araz poeziyasından təsirlənib əlinə silah alıb... Yüzlərlə düşmənə beləcə qan uddurub. Böyük ölkənin, böyük prezidenti Putin də bu qəhrəmanlığı heyrət içində öyərək dedi: "Mübariz İbrahimov əsil canlı Rembo imiş"..
Bəli, mənim xalqım! Sən əsil yatmış vulkana bənzəyirsən. Oyananda, birləşəndə, sənin qarşında heç kim dayana bilməz! Sən Heydər Əliyevi, Məmməd Səid Ordubadini, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Məmməd Arazı yetirən torpaqsan Naxçıvan! Sənin haqqında yazılan mahnını, sözlərini, musiqisini dinləmək nə xoş! Sən buna layiqsən! Ulu Öndərin qüdrəti ilə sən dirçəldin! Bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru gedirik. Bu yolda hər bir çətinliyimiz ola bilər. Ancaq bircə şeyi bilirik: Haqq yolundayıq!..
Bu gün torpaqlarımızı əsarət altında saxlayan düşmən də sevinməsin! Bütün dünya bilir ki, bu oyunun başında kim dayanıb... Necə ki, bir vaxtlar Xəzər dənizindən gələn gəmilər Bakımıza hücum çəkdilər, Qala qapımız aparıldı! Necə ki, bir vaxtlar at üstündə şəstlə oturan, öz qələbəsindən qürrələnən general susduruldu... Son damla qanı qalınca döyüşsə də Cavad xan təslim olmadı... Pənahəli xan aldadıldı... Fətəli xan meydanda tək qaldı... Bir sözlə tariximizdə bu qabarma-çəkilmələr həmişə olub, bundan sonra da olacaq. Bundan gileylənməyin, ruhdan düşməyin adı yoxdur.
Yaşlı bir kişi vardı. Həmişə deyərdi ki, tənbəlliyin daşını atmaq istəyirsənsə, qarışqalara, onların yuvasına, necə etdiklərinə nəzər sal. Səbəbsiz demirlər ki, insan övladı ev tikməyi qaranquşlardan, toxuculuğu hörümçəklərdən, oxumağı bülbüllərdən öyrənib.
Biz Məmməd Araz poeziyası, şeiriyyəti ilə bu aləmə daha yaxın olur, onun zəngin müşahidə qabiliyyəti ilə ortalığa çıxan bu zəngin həyat materialları ilə tanış oluruq. "Azərbaycan təbiəti" jurnalı ... Sən necə də oxunaqlı, zəngin, işıqlı çıxardın. Dünyada mövcud olan 11 flora - faunanın 9-u səndə var axıv... Bir geniş səhran, buzlaqlı Okeanın yoxdur. Qalan nə istəsən səndə tapmaq olar. Sən bu dünyanın cənnətisən. Böyük şairimiz Süleyman Rüstəm demişkən:

Cənnət görmək istəyən,
Azərbaycana gəlsin!

Bir də Məmməd Araz, bu böyük şairin ölməz, dünyalarca yaşayacaq poeziyasından danışa-danışa, ulu Şəhriyar yadına düşdü. Onun poeziyasını Məmməd Araz da çox sevər, sanki onunla bir yaxınlıq, doğmalıq duyardı. Ona elə gəlirdi ki, Şəhriyarı, bu ölməz sətirlərini o da oxumuş, öz-özünə təkrar etmişdi:

Can qurban etməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can.
Atıram başımı ayaqlarına,
Ey məğrur vətənim, Azərbaycan!

Qarabağ zilləti, Qarabağ dərdi şair Məmməd Arazı əsil mənada sarsıtdı, çökdürdü... Yazdığı odlu şeirlərin tonqalında sanki özü ütüldü, yandı, alışdı... Qəlbi bu kükrəyişə, bu titrəyişə dözmədi... Şəhriyarın bir şeirində də yaxşı deyir:

Cəza vermədikcə cinayətkara
Yaxşı adamlar da düşür pis yola.

Bax, bütün nöqsanlarımızın, çatışmamazlıqlarımızın düyün nöqtəsi budu! Nahaq demirlər ki, sulu, dərin çaylar lal, dayaz çaylar səs-küylü axar. Məmməd Araz həqiqi mənada böyük şair idi! Lal axınlı, müdrik şair idi! Ulu Öndərimiz Heydər Əliyev demişkən, səs-küyçülükdən, qalmaqallardan uzaq bir şair! Sənəti ilə xalqa yaxın bir insan idi!


Əlisəfa Azayev
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ