adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Noyabr 2018 21:17
37554
LAYİHƏ
A- A+

FÜZULİ VƏ LEYLİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Dünyanın ən görkəmli bioqrafları, tarixçiləri həmişə bir sualın önündə tərəddüd etmişlər: Məhəbbətlə süslənmiş kövrək ömür sahibləri - qadın obrazları sənətkarın həyatında olmuşlarmı, yoxsa onlar xəyalın, təxəyyülün yetirməsidir? Nizaminin Şirini, Vaqifin Pərisi, Dantenin Beatriçası, Tolstoyun Nataşasıg barədə yazanlar da bu suala aydınlığı ilə cavab tapmamışlar.
Bəlkə də bunun bir səbəbi işə maneçilik törətmişdir: Qadınlar məhəbbətdən doğulur, sənətkarlar isə hər ikisini dünyaya gətirir. Bəlkə də belə deyil? Bir həqiqət danılmazdır ki, əsərlərin gözəl və zərif, ehtiraslı və xudbin, şöhrətpərəst və qatil qadın qəhrəmanları dünyanın bütün ədəbi-tənqidi və mübahisəli dalğalarına dözmüş, müəllifiylə sahilə çatmışlar. Belə təkrarsız obrazlardan biri də Füzulinin Leylisidir. Hələ orta məktəbdə oxuyarkən bu nəsli Məcnundan öncə Leyliylə tanış etmiş, Füzuli eşqini bir azərbaycanlı qızının sədaqətində mənalandırmışlar. Bəlkə də bu yanaşma ilə ədəbiyyat müəllimləri 3 nəslin yaş yanğısını, etibarsız sevmək hissini gözləmişdir? Axı, həyatın etibarlılığı bu yaşlardan ayaq tutur.
Deyə bilmərəm, amma Mən illər ötdükcə Leylinin nakam və ölməz bakir ömrünü vərəqlədikcə müəmmalı sualların dolambacından çıxmağı bacarmadım.
Təsəllim bu dəfə özümə verdiyim sual oldu: Fuzuli Leylisi Məcnun Məhəbbətinin təcəssümüdür, yoxsa eşqinin?! Mən möhtərəm oxucuları inandırmağa çalışacacam ki, Leyli Məhəbbətin pak suyundan içsə də o, Eşqin acı təmini dadmağa üstünlük verdi. Amma məsələyə keçməzdən qabaq, Füzuli yaradıcılığında kişi-qadın məhəbbətinin bioloji-genetik yozumuna toxunmaq istərdim. Füzulinin məhəbbət konsepsiyası (bizcə, "məhəbbət"i "eşq"lə əvəz etmək məqsədəuyğun olardı) "üzrə məhəbbət poeziyasının" (G.Baxşəliyeva) mahiyyətindən irəli gəlir və ərəb şairlərinin təsiri göstərilir. Maraqlıdır ki, "Leyli və Məcnun"dan danışarkən əsas fikirlər Məcnun obrazının fonunda verilir. Şübhə gətirməyə ehtiyac da yoxdur ki, Məcnun həyatda real şəxsdir. Lakin Məcnunu "dəli-divanə" eləyib çöllərə salan Leylinin gözəlliyidir, məhəbbətidir, yoxsa eşqidir? Birinci tərəfi Məcnun üçün də, oxucular üçün də bir o qədər maraq kəsb eləmir və hətta qədim zərb-məsəl də yaşayır: Leyliyə Məcnunun gözü ilə bax. İkinci tərəfi Məcnun üçün yalnız məktəb illərində maraqlı idi; onun üçün sinif rəfiqi, çəlimsiz cavan bir qız vardı. Ona münasibətinin mənasını bilməmiş deyildi. Uzağı, bu sevgiydi, məhəbbətdi. Əlbəttə, bu məqamlarda şəhvani hisslərə meyl yox deyildi. Təəssüf ki, Leylinin subyekti olan Məcnun obrazından yazanlar Füzulinin məhəbbət aləminə daxil olanda, şəhvaliliyin mahiyyətindən çəkinirlər. Hərçənd, üzri şairlər "şəhvani hisslərdən azad olaraq bu işlər sevgini ilahiləşdirib, ona ideal xarakter verir, məhəbbət hissini Allahın əmri ilə irəlicədən məlum obyektə yönəldilmiş, bir növ alnına yazılmış faciəli bir ehtiras kimi təsvir edirlər" - qənaəti vurğulanır. Əvvəla, Füzulinin "məhəbbət konsepsiyasına" vararkən, ona tam sərbəst yanaşmaq lazımdır. İkincisi, Füzulinin Məcnununu şəhvani canatmadan təcrid eləmək düzgün deyil. Məşhur türk füzulişünası Əbdulqadir Qaraxan əlbəttə istisnadır. O, haqlı olaraq Füzuli eşqini cinsi intimlərdən, şəhvani hisslərdən ayırmır. Onun qənaətincə, bu eşqi (Leyli və Məcnun eşqi nəzərdə tutulur) şairin yüksək dərəcədə tərənnüm etməsi - cinsi həyatda arzulara qovuşması, "ehtiraslarını boşaltması" qeyri-şüurdakı fırtınalarla burulan ruhunun alt duyğu təzyiqindən qurtarmaq istəməsi ilə bağlıdır. Ə.Qaraxan yazmışdır: "Cinsi həyatda arzularına qovuşmaya böyük sənət ərbabı bu iştiyaqlarını əsərlərində ifadə etmək surətinə ruhlarında dalğalanan fırtınanı boşaltmış olurg Şairimizdə cinsiyyət instinktinin dərin bir kompleks halında bütün ömrü boyunca qüvvətli təsirli olduğuna və fikri, dini etiqadlarının bu cinsiyyət həyacanilə daima mübarizə etdiyinə əsərləri şəhadət etməkdədir. Bu cinsi duyğu hər zaman bəşəri bir hüvayyətlə qarşımıza çıxmayacaqdır. Füzuli cinsi instiktin özündə oyandırdığı kompleksləri təmin etmək üçündür ki, əvvəl elmə yapışdı. Cinsiyyət instiktinin təzyiqilə müstəsna, mümtaz bir adam olmaq istədi".
Füzulidən 4 əsr sonra Z.Freyd tərəfindən əsaslandırılan bu faciəli, fırtınalı eşqin mayasında Məcnunun - şairin yaradıcı fəaliyyətində libido - cinsi enerji dayanır. Əgər məhəbbətdə həqiqətən faciəli ehtiras mövcuddursa, bir qədər dərinə gedək: Leyli aşiq-subyektdir; pak, ləkədən uzaq məxluqdur və o da ilk vaxtlardan Məcnunun münasibətlərini duyur. Çünki bu hiss simptomlara, şüura, varlığa daxil olduqda, xüsusilə gənclərə bir şey hakim kəsilir: Xəyalpərvərlik (Məcnunda bu, daha güclüdür), davranışın qəribəliyi (Leylinin anasının nəsihəti), Kainatın bir şəxsin-aşiqin ətrafında fırlandığı və heç kəsin bu hissi yaşamadığına dəlicəsinə inamı.
Qəribəlik ondadır ki, Məcnun-Leyli məhəbbətində buna heç kəs nə axmaqlıq, nə də yüngüllük kimi yanaşmayıblar, sadəcə dərk olunub ki, məhəbbət bioloji və kimyəvi proseslərlə təbiətin təkamülündən doğulan bir fonemendir.
Məcnunun məhəbbəti ilk baxışdan ağılsızlıq və onun davranışı ilə nəzarətdən çıxmış şəkildə görünən şey, əslində təbii qüvvələr sistemində ən mühüm elementdir, ümumiyyətlə, kişi və qadına yaşamaq, mübarizə aparmaq, min illərlə nəsil artımına kömək edəcək həyat cəhətdən zəruri bir mexanizmdir.
Məcnunun ilahi məhəbbətindən danışanlar nədənsə onun Leyliyə ilkin münasibət hisslərinin mahiyyətinə varmırlar; bunsuz Məcnunun Leyliyə gələcəkdə qovuşması reallığının inkarına haqq qazandırmaq çətindir. Necə ki, Məcnun və Leyli bir-birini ilk dəfə görərkən, baxışları qoşalaşarkən onlar varlığında müəmmalı duyğunun oyandığını hiss eləmişlər.
Bəllidir ki, məhəbbət hələ 4 milyon il qabaq Afrika düzənliklərində doğulmuşdur: Beynin neyrokimyəvi maddələri qana təsir göstərmiş, nəticədə xoşagələn qadının gözlərinə baxanda kişinin sifətində müəmmalı bir təbəssüm əmələ gəlmiş, əlləri titrəmişdir. Leyliyə Məcnun da bu stress haldan istisnalıq yaratmırlar.
Keyfiyyəti-halı qılmağa faş,
Gəlmişdi təkəllümə gözü qaş.
Eylərdi gözüylə bu, xitabı,
Qaş ilə verərdi ol cavabi.

Artıq onlarda "faciəli bir ehtirasın" səsi eşidilir; aşiqlər eyforiyaya qapılır və bu prosesdə hər iki gənci hərəkətə təhrikləyən kimyəvi maddələr - dopamin, norepinefrin, xüsusilə fenilefilamin güclü təsir göstərərək işini görür. Əlbəttə, Məcnun varlığında hələlik zərif romantik təlatümün əbədiliyini götür-qoy eləmək iqtidarından uzaqdır, çünki fenilefilaminin nəşəsi həmişəlik olmur, bunu ehtiraslı romantik məhəbbətin ötəriliyi də təsdiq eləyir. Məşhur rus alimi G.N.Simkin bu barədə yazarkən göstərir ki, məhəbbət fərdi, bütün xarici, daxili və fizioloji xüsusiyyətlərin müəyyən olunduğu tayı-bərabəri ölçülməyən genlər dəstinin-genomun səsidir. Füzuli öz qəhrəmanı Məcnunu və qismində Leylini Eşq zirvəsinə çatdırmağa sanki tələsmir. Çox yaxşı bilir ki, ideal Məcnunda kimyəvi maddələrin təsirinin azalması - fasilənin yaranması ağılsız ehtiraslardan xilas olmağa gətirib çıxarar və o, adi varlığa çevrilər; əksinə, Məcnunda bu, getdikcə güclənir və o, vurulmağın sanki sər-xoşluğuna o dərəcədə mübtəla kəsilir ki, itirilmiş duyğuların sorağı ilə tərəfdaşı Leylidən uzaqlaşır, xəyalına üstünlük verir:

Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,
Könüldən daima yar olduğun aşiq xəyal etməz.

Doğrudanmı Leyli platonik məhəbbətin səddini aşıb, tamam görülməz məxluqa çevrilmişdi? Xeyr, Leyli heç yerə ayaq basmayıb, öz ata evindədir.

(ardı gələn sayımızda)

ALLAHVERDİ EMİNOV
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ