adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

DOYMUŞ MƏHLUL

ƏBÜLFƏT MƏDƏTOĞLU
57733 | 2018-11-18 11:50
Həyatın bir dəfə verildiyi və bizim də bir dəfə yaşadığımız min illərin bəlli həqiqətidir. Amma nədənsə biz təkrar-təkrar bu mövzuya qayıdırıq. Hər qayıdışımızda da, hər dönüşdə də düşünürük ki, yəqin nəyisə dəyişə biləcəyik. Yəni, ya iki dəfə yaşayacağıq, ya da payımıza həyatın pəncərəsindən iki dəfə baxmaq düşəcək...
Təbii ki, bunlar uşağı da güldürə bilən bir məntiqdi. Onsuz da bizim həyat məntiqimiz gülünc gündədi, etdiklərimiz, etmək istədiklərimiz, arzuladıqlarımız və nəhayət, elə içərisində olduğumuz reallıq bəzən elə məqamları kül altından qor kimi üzə çıxarır ki, heyrətlənməyə bilmirsən. Doğrudanmı, insanlar bu qədər nəfsə meyllidilər?! Doğrudanmı, insanlar bu qədər mal-mülk hərisdilər?! Doğrudanmı, insanlar bu qədər acgözdülər?! Doğrudanmı, insanlar bu qədər bir-birlərinin haqqını yeməyə, payını əlindən almağa, yırtıcı xislətilə savaşmaq üçün pusquda dayanıbdı?!
Bəli, günümüz o qədər cansıxıcı və mənasız gəlib keçir ki, adam hərdən həyata da, yaşadığına da, tam səmimi deyirəm, özünün varlığına da etinasız olur. Amma yaxşı ki, bizi bu etinasızlıqdan qurtaran ayrı-ayrı simaların hərəkətləri, atdıqları addımlar, gerçəkləşdirdikləri tədbirlər var. Yəni kimisi toyda dava salır, kimisi restoranda, kimisi borc üstündə o birisini bıçaqlayır, kimisi kasıbın sonuncu qəpiyini talamaq üçün gecə evinə girir... kimisi bir dul qadının son ümidi olan danasını, inəyini tövlədən çəkib aparır... kimisi də şəhidin adından alver edir... Və ən dəhşətli məqamlardan biri də budur ki, dövlətin mötəbər vəzifəsində oturub həmin bu dediklərimi edənlər də, gerçəkləşdirənlər də var. Məhz bütün bunlar da sosial və yazılı medianın aclığını doydurur, gündəmini zəbt edir. Biz də "İlahi, sənin böyüklüyünə şükür" deyib heyrətlə, bəzən də inanılmaz təəccüblə, lap bəzən də dəlicəsinə bir gülüşlə o adamların aqibətinin necə çözüləcəyini gözləyirik. Hətta bəzən dövlətin, xalqın malını boğaza sümük olub ilişdiyini, loxma kimi nəfəs yoluna düşüb gözünü bərəltdiyini dilə gətirənlərimiz də olur. Nə isə...
Bəli, mən bu həyatın özümə aid olan illərini, aylarını, günlərini təkcə gecələr göy üzüylə mizan tərəziyə qoymamışam. Gərək sığındığım dörd divarın arasında boş vaxtlarımın hamısında mən özüm-özümlə sual-cavab etməyə həm maraq göstərmişəm, həm də bu maraqdan yararlanmışam. Çünki öz sualımın cavabını özüm hər kəsdən yaxşı bilirəm. Qarşı tərəf suala öz baxış bucağından cavab verəcək deyə, ona sualımı ünvanlandırmıram. Öz baxış bucağım altında dərk etmək istəyirəm ki, 60-ıma sayılı günlər qalan bu ömürün önəmi nə olub? Kimə lazımdı?! Kimi isidib?! Kimi sevindirib?! Və yaxud bu ömür nə ilə başqalarından fərqlənir?!.
Çox təəssüf ki, uzana biləcək bu suallar mənim cavablarımdan asılıdı. Həm asılıdı, həm də asılı deyil. Çünki mənim verəcəyim cavab mütləq ikibaşlı görünəcək. Oxucu elə biləcək ki, mən bu cavabla oyun oynayıram. Özümü, həyatımı təmizə çıxarıram. Və yaxud da özümü, həyatımı sığortalayıram. Demək istəyirəm ki, bu dünyada məndən asılı olan hər şeyi etdim. Əgər edə bilmədiklərim varsa, deməli, onlar məndən asılı deyillər, onlar mənim gücümdən kənardadılar. Mən də bu gücsüz canımla onların altında tər tökməkdən, ləhləməkdən bezdim, usandım. Ona görə də çəkildim kənara, meydanı boş qoydum...
Elə bu yerdəcə ağlımdan gəlib keçir ki, bir dəfə yaşadığımız bu həyatda bizi yaşadan şərtlərin, bizi həyata bağlayan tellərin, bizi həyatda saxlayan üzlərin qarşısında bəzən günahkar bir duruma düşürük. Yəni həmin o dediyim ümid ünvanları bizi yaşıdır, amma biz onun etibarını doğrultmuruq. Və beləcə, bu dünyanın üzümə açılıb bağlanan qapı-pəncərələrindən ancaq Sən görünürsən. Və mən də qapı-pəncərə arxasındakı Sənə baxa-baxa düşünürəm. Düşünürəm ki:

De, hansı günü səssizcə
Yaddaş kartına atmısan...
Bütün ruhunla bərabər -
Günün şehinə batmısan...

De, hansı məqamı gizlin
Xatirə günü etmisən...
Onu içində almısan -
Həmin o günə getmisən?!

De, hansı sözü deyəndə
Hələ də dilin titrəyir...
Onu əyninə geyəndə -
Təlaş səni itələyir...
De, hansı hissin içində
Dara çəkirsən gecəni...
Toplayıb bütün gücünlə -
Gəzirsən bizim küçəni?!.

De, sən, barı indi danış
Sevginin ruhun sevindir...
Yaddaş kartındakı günlə -
O sevgi sənin evindir...

***
Heç vaxt eşitdiklərimi dərhal tirajlamağı, kiməsə danışmağı sevməmişəm. Eşitdiyim xəbəri həmişə hamıdan sonra dilimə gətirməyə, ona münasibət bildirməyə üstünlük vermişəm. Çünki yer qulaqlı olduğu kimi, xəbər də yüyənsiz atdı. Necə gəldi, hardan gəldi çapıb gedir. Bu xam atı tutmaq, onu cilovlamaq, hər oğulun işi deyil. Ona görə də cilovlanan xəbərlərin izinə düşmək daha məqsədəuyğundur. Mən düşünürəm ki, məhz bu cür xəbərlərdən yararlanmaq, məhz bu cür xəbərlərlə gündəmin mövzusunu, səmtini, sözünü dəyişmək olar. Təəssüf ki, köhnə zamanlarda deyildiyi kimi, "simsiz teleqraf"ların bulaq başında, binanın bloku önündə, ya da hansısa bir telefon söhbətində dilinə gətirdiyi, kökü, bünövrəsi olmayan xəbərlər bəzən elə sürətlə yayılır ki, elə cilalanır ki, o yalanı uyduranın özü də öz yalanına inanmağa başlayır. Bax, həyatın ən məşəqqətli, mən deyərdim ən sarsıdıcı nöqtəsi də burdan qaynaqlanır. Çünki o haqsızlığı ortadan qaldırmaq, onun bəraətini ağzına almaq təbii ki, ömürdən ömür qoparır, ürək ağrısının, könül sızıltımın hesabına başa gəlir. Neyləyək ki, adını İNSAN qoyan, özünü İNSAN sayan "insancığazlar" həmişə sönmüş küllə oynamağı özlərinə peşə ediblər...
Bəli, mən oturub düşünürəm ki, təkcə son günlərdə gördüyüm işlər, iştirakçısı və şahidi olduğum məqamlar məndə insanlara qarşı bir ümidsizlik, bir giley-güzar və hətta mən deyərdim ki, bir laqeydlik büruzə verdirir. Hiss edirəm ki, tutduğum ətək və yaxud da uzatdığım əl hardasa təmənnaya toxunur, hardasa məqsədli görünür. Və bu təmənna da, bu məqsəd də gəlib maddiyyatın üzərində qərar tutur. Hətta ən halal, ən səmimi duyğular belə o maddiyyatın kölgəsində qalır!..
Bax, bu yerdə əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətimlə deyirəm ki, inciyirəm adamlardan, küsürəm çevrəmdən. Çəkilmək, çıxıb getmək istəyirəm, heç kimin, heç kəsin olmadığı yerlərə. İstədiyim bir gün işığı, bir də qələm-kağız olur. O işığın altında duyğularımı, düşüncələrimi, sənə ünvanladıqlarımı kağıza köçürmək istəyirəm. Hətta ürəyimdən gəlib keçir ki, böyük və mərhum şairimiz Hadi kimi qeyb olum. Harda, necə yaşayıb, necə qeybə çəkildiyimi kimsə bilməsin. Bundan heç sənin də xəbərin olmasın. Çünki mənim varlığım, mənim olmağım, mənim düşüncələrim, mənim yazdıqlarım ən çox çevrəmi və xüsusilə səni incidir. Sən özünü o yazıların qəhrəmanı kimi gördükcə sıxılırsan. Düşünürsən ki, bu mənim sənə təzyiqim, səni təslim etmək cəhdimdi. Amma yox! Bütün hallarda və bütün məqamlarda gerçək olan bir şey var: o da dünyanı öz oxu ətrafında fırladan, dünyanın ağırlıq mərkəzi olan, dayaq nöqtəsi sayılan SEVGİdir. O sevgidən kənarda hər şey artıq mənəviyyatdan çıxmağa başlayır. Mən isə həmin vurğuladığım sevgini ürəyimin özü sayıram və sənə yazıram ki:

Ürəyimin gözlərini
Ürəyinə elçi saldım...
Ürəyinin gözlərindən -
Ürəyimə imza aldım...

Ürəyimi açıb sərdim
Ürəyinin düz önündə...
Ürəyimlə mən dərd dərdim -
Ancaq dünya düzənində...

Ürəyimə etdiyim ərk
Səni sevmək - bilir ürək!
Belə olmayaydı gərək -
Ürəyimdən imzalandım...

***
Bəli, mən yazımın əvvəlində vurğulamışdım ki, həyatın bir dəfə verildiyi, bir dəfə yaşadığımız gün işığı kimi bəlli bir gerçəklikdi. İndi təkrar vurğulamaq istəyirəm ki, bu gerçəkliyi biz unuda da, etiraf etməyə də bilərik. Amma heç nə dəyişməyəcəkdi. Dünya, həyat öz axarında, öz fırlanmasında olacaqdı. Biz də onun içərisində axıb gedəcəyik, fırlanacağıq. Əl atıb tutmaq istədiyimiz ən möhkəm dayaq belə bir saman çöpü qədər bizə yardımçı ola bilməyəcək. Çünki biz axınlı olacağıq. Elə bu gün də axındayıq. Ömrümüz həyat axınında öz gəmisinin, öz qayığının bir küncündə oturub...
Mən bu ömürdə kimsəyə pislik etmədim və etmək ağlımdan da gəlib keçmədi. Amma indi hərdən fikirləşirəm ki, bəlkə sənə bir pislik edim. Özü də elə bir pislik ki, o səni həyatında bircə dəfə ağlatsın. Düşünəsən ki, mənə ayırdığın vaxt itirilib, mənlə keçən zaman mənasız olub, məndən ümidləndiyin boşuna imiş. Və nəhayət, mənim sənin həyatında olmağımın özü də və bu həyatdan qəfil "əlvida" ilə getməyim də gözlənilən imiş. Bax, bunları fikirləşəsən, başını qaldırıb məni yox, uzaqdan gördüyün başdaşına baxıb bircə dəfə ağlayasan...
Amma ona qədər hələ nəyisə dəyişmək, nəyisə öz axarına qaytarmaq ümidilə günahkar axtarıb tapmaq araşdırmalarını davam etdirirəm. Deyəsən, o günahkarın izinə düşmüşəm. İndi siz özünüz də diqqət yetirin. Bəlkə o günahkar doğrudan da tapılıbdı?

Mən
uydurduğum
hər cür bəhanə ilə
özü də qəsdən
və bilə-bilə
səsini
eşitmək
istəyirəm
üz-üzə,
ya da telefonda...
Sən isə
bilmirəm
nədənsə
ya da qəsdən
hər cür bəhanəsiz
səsini
gizlədirsən!..
üz-üzə,
hətta telefonda da...
amma
hələ bu da
deyil son
indi
bilmişəm ki,
aramızda günahkar var
o da zəng çatmayan
əhatə dairəsindən
kənarda olan -
telefon!..

Həqiqətən də bu dünya istər saman çöpündən asılı olsun, istər poladdan hazırlanmış dirəklərdən. Dəxli yoxdur, o yerdə ki ümid tükənir, o yerdə ki gərəkli olmaq limiti başa çatır, o yerdə ki gözlər səni axtarmır, xəyallar səni özünə qonaq etmir və nəhayət, o yerdə ki adın çəkiləndə kimsə səksənmirsə, deməli, sən doymuş məhlulsan!.. Mən də hiss edirəm ki, bu həyatda və bu həyatımla doymuş məhlula çevrilməkdəyəm. Ona görə də bir dəfə ağlamağa özünü indidən hazırla...

TƏQVİM / ARXİV