adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Noyabr 2018 09:08
61392
LAYİHƏ
A- A+

AŞIQ ƏHMƏD SƏNƏTİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Həmin tədbirə qonaqlar dəvət olunanda Kürdəmir də unudulmadı. Bu barədə o vaxt humanitar sahəyə rəhbərlik edən Cəfərov Ramizə deyilmişdi.
Deməsinə görə hətta Şilyan kəndindən ona hədiyyə vermək üçün qiymətli bir xalça da alıb gətiriblərmiş. Sonradan həmin səfər təxirə salınıb. Başçı Taleh Qaraşov deyib ki, xalçanı maşına qoyun, özüm Bakıdan gedib iştirak edəcəyəm.
Həmin tədbir 1997-ci ilin oktyabr ayında yüksək səviyyədə təşkil olunub keçirildi. Televiziyadan o vaxtlar üzdə olan Mehriban Hacıyevanın rəhbərlik etdiyi çəkiliş qrupu gəlmişdi. Yerevan teatrının artistləri iştirak edirdilər. Onun mənsur şeirləri, "Siyəzən gözəli" şeirinə bəstələnən mahnı oxundu, əsərlərindən səhnələr göstərildi. Həmin tədbir Az.TV-də bir saatdan artıq yayımlandı.
Xeyli müddət sonra rayona gələndə, Aşıq Əhməd Rüstəmovun nasaz olduğunu eşidib, ona dəyməyə getdi. Aşıq onu çox böyük səmimiyyətlə qarşıladı:
- Ə, xoş gəlmisən!... Sənə canım qurban!... Bizim evə həmişə sən gələsən!..
Onun beləcə sağlam, gümrah olmasını görüb, lap şad oldu. Hal-əhval tutandan sonra dedi:
- Heç nədən sənin də yanında xəcalətli qaldıq da.
- Allah düşmənlərimizi xəcalətli eləsin, aşıq... Bu nə sözlərdi?
- Yox, həmin tədbirdə biz iştirak etməli idik. Allah yol vermədi də...
- Hərdən belə işlər olur da... O kişinin nə təqsiri.
- Düzdür... Çoxu elə bəndə işləridi...
Beləcə deyə-gülə danışanda, dərdləşəndə, o, həyat yoldaşı Mələk xanıma dedi:
- Qonşumuz, yazıçı Əlisəfa Azayevdi də... Tanıdın?..
- Əlbəttə ki... Xoş gəlib...
Aşıq gümrahlıqla dedi:
- Xoş söz deməklə ağız şirin olmaz, kisə dolmaz. Sən hərəkətə keç, süfrə aç...
Dilləndi:
- Yox, çox sağ olun... Mən elə sizə dəyməyə gəlmişdim.
- Ağ eləmə... Görürsən ki, lap yaxşıyam. Bir də ki, el aşığının evinə gələn bir şey yeyib-içməlidi də...
- Çox sağ olun.
- Sağam da... Əvvəl xanımın gətirdiyi bu pürrəngi çaydan başlayaq...
Bu an Aşıq Əhməd bir uşaq cəldliyi ilə yerindən qalxaraq dedi:
- Ə, sənin haqqında mən bir şeir də yazmışdım axı. Həmin tədbirdə oxumaq üçün. İndi heç olmasa onu özünə verim də...
Onun verdiyi şeiri oxuyub lap sıxılan, kövrələn kimi oldu. Ona belə bir şeir ilk dəfə Siyəzənli şair İlyas müəllim yazmışdı. İndi də Aşıq Əhməd "Mübarək!" şeirində deyirdi:

Əziz dostum Əlisəfa müəllim,
Bu şad günün, şən məclisin mübarək!
Şairli, aşıqlı, sözlü nəğməli,
Bu şad günün, şən məclisin mübarək!

Bu an ani olaraq Aşəq Əhmədə tərəf baxdı. Sanki bu böyük aşıq ona yazdığı şeirini necə qarşılayacağımı gözləyirdi. Onun isə sanki bu qiymətli sətirləri oxuyanda dili tutulmuş, bir söz deyə bilməsə də, gözləri həmin yazılarda idi:

Doğma balam kimi durub üz-üzə,
Şəninə söz düzümBakir təp-təzə.
Yurd sal ürəklərdə könüllər bəzə,
Bu şad günün, şən məclisin mübarək!

Öz-özünə fikirləşirdi ki, bu ölməz sözlər Siyəzəndə, o tədbirdə deyilsəydi nə gözəl olardı! Aşıq Əhməd sənətinə, onun qüdrətinə bələd olmayanlar da bu sözləri eşidib təsirlənərdilər. Necə ki, Aşıq Şakir Hacıyev haqqında çoxları orada beləcə hörmətlə deyib-danışırdılar... Sussa da, hələ də Əhməd müəllimin bu gözəl şeirini oxumaqda idi:

Əhmədəm, sözümü yetirib başa,
Deyirəm istəkli ailənə qoşa...
Lerikli Şirəli babaycan yaşa,
Bu şad günün, şən məclisin mübarək!

O daha bir söz demədən Aşıq Əhmədin əlini sıxdı, onu qucaqlayıb üzündən öpərək pıçıldadı:
- Çox sağ olun... Minnətdaram... Gözəl yazmısınız... Lap məni göylərə qaldırmısınız ki... Gülümsər halda dilləndi:
- Üzünə demirəm... Sən buna layiq olasan... Hələ mən az yazmışam...
O gün həqiqi mənada bütün etirazlarıma baxmayaraq, Əhməd müəllim bolluca bir süfrə açdırdı. Stolun üstü Kürdəmirin öz nemətləri ilə dolu idi: qızardılmış toyuq, balıq, üzlü pendir, qatıq, yaxşı saralmış heyva, nar, dillər əzbəri Şirvanşah üzümü, Kürdəmir konyakı...
Konyak şüşəsini görəndə soruşdu:
- Aşıq, doğrusu, mən bilmirəm, siz içənsiniz? Bu konyakı bura niyə qoymusunuz?
- Niyə ki?.. Süzüb için də...
- Bəs siz?
Gülə-gülə dilləndi:
- Mən onsuz da beləyəm... Onu içsəm lap dəli olaram ki...
O da içkiyə meyilli olan deyildi. Konyak şüşəsi açılası olmadı. Əhməd müəllim nə qədər təhkid etsə də... Hətta açıq dedi:
- İnanın, məni çox vaxt elə toy məclislərindən bu içki uzaq salır... Məclisdə tək qalanda pis olursan da. Biri başa düşür, biri yox... Eləsi də olur ki, təhkid edir, özünə yoldaş etməyə çalışır...
- Hə... Bu çox pisdir...
- Qaynım Vaqif demişkən, yüz qram araq içəcəksən... "Bəli-bəli" deməkdən yorulacaqsan. Gərək ondan sonra belələrinin dediklərini təsdiq edəsən də... Yoxsa mübahisə, münaqişə başlayacaq...
Aşıq Əhməd onun dediklərini bütünlüklə təsdiq edərək dedi:
- Ə, ağıllı ilə, ağılsız belə yerdə tanınır, bilinir də...
1989-cu ildə Aşıq Əhməd Rüstəmov "Respublikanın Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Onun yaradıcılığı çox zəngindir. Çap olunmamış 100-lərlə şeiri, 20-yə yaxın dastanı bu gün də öz dərcini, çap olunmasını , işıq üzünə çıxmasını gözləyir. O, Dağlıq Qarabağ hadisələri zamanı bütün cəbhə boyu səngər-səngər gəzmiş, əsgərlər qarşısında maraqlı, yaddaqalan konsertlər vermişdir. Belə səfərlərin bir neçəsində onunla birlikdə olmuşdur.
Aşıq Əhməd Rüstəmov Respublika Yazıçılar Birliyinin üzvü idi. Sanki bulaq kimi çağlayan bu böyük insan öz sadəliyi, səmimiyyəti, alicənablığı ilə başqalarından çox seçilər, hamının sevimlisi olardı. Səslər eşidilərdi:
- O gələn Aşıq Əhməd Rüstəmovdu!
- Əhməd əmidi!..
- Bizim Əhməddi!..
Sonradan həmin təəssütatlar Aşıq Əhmədin şeirlərinə çevrildi:

Şakir, əcəl səni məndən ayırdı,
De, hansı diyarda taparam səni,
Ovda gəzdiyimiz şehli çəməndə,
Turaclı bağlarda taparam səni.
De, hara gedirsən bu bahar şağı,
Getmə sənsiz qalar Şakir oylağı.
Gəzib həsrətilə Aranı, dağı,
Güllü yaylaqlarda taparam səni.

İnsan nə qədər sadə, səmimi olarmış... O necə də sazını çala-çala gözəl rəqs edərdi, İlahi! Sanki bu yaşlı adam iliyinə qədər musiqi, mədəniyyətlə yoğrulmuşdu. Mənəviyyatımızın əvəzsiz ötürücüsü, yaşadanı, təbliğ edəni idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Özünü çəkmək, yuxarı tutmaq nə olduğunu bilməzdi... Sadə geyimi, səliqə-səhmanı ilə də çoxlarına nümunə, örnək idi.
Kürdəmir Şəhidləri Xiyabanına getmişdi. Onlardan bəhs edən kitabını yenidən çap olunması üçün şəkillərini çəkdirib cəmləyirdi. Axı vaxtında onlar 81 nəfər idisə, inidi 130-a çatıblar... Bir qədər kənardakı, Kürdəmirin fəxri olan insanların dəfn olunduğu məzarlığa baxanda, Aşıq Əhməd Rüstəmovun qara mərmərli baş daşının üstündəki şəklini, yazıları görəndə fotoqraf Ələkbərə dedi:
- Aşığın şəklini çək... Mənə lazım olacaq... Haqqında yazı yazmalıyam...
Özü isə onu haqlamış həzin bir kövrəklik içində Aşıq Əhməd Rüstəmovla olduğu günləri xatırlaya-xatırlaya... Sağ olsun fəlsəfə elmləri namizədi həmyerlimiz Yaqut xanım Əsgərovanı... Aşıq Əhməd yaradıcılığı haqqında kitabında onun sənəti haqqında dəyərli sözlər deyib... Bu gün isə o, burada, Aşıq Əhməd Rüstəmovun məzarı önündə az qalırdı ki, uşaq kimi kövrəlib ağlasın... Özü də onun baş daşına yazılan, həyat yoldaşı Mələyə xitabən deyilmiş sözlərini oxuyandan sonra:

Əlvida Vətənim, torpağım, daşım,
Qohumum, əqrəbəm, yarım, yoldaşım...
Həyalı, ismətli, ürək sirdaşım,
Ay Mələk, ay Mələk, sağ -salamat qal,
Əirimi güllərdən, çiçəklərdən al!..

Aşıq Əhməd Rüstəmov poeziyasının, sənətinin bu şeiri, bəzi hallarda çat verən, pozulan ailə, övlad münasibətləri üçün sanki bir məlhəm, ağıdı... Aşıq Əhməd Rüstəmov poeziyasının elə böyüklüyü də bundadır! Onun şeirləri həqiqi mənada müdriklik, mənəviyyat sənətidi! Kimlər ona müraciət etməyib, kimlər üçün onun sözləri, şeiri dillər əzbəri olmayıb?!. Tanınmış aşıqlarımızdan olan Aşıq Əhlimanın bir məclisi də onun sözlərinə, fikirlərinə isnad etmədən keçməz. Özü də həmişə sözlərinə belə başlar:
- Ustad Aşıq Əhməd Rüstəmov demişkən!.. Onun gözəl şeirlərindən qoşmalarından deyim sizə!.. Söz sərrafı idi Aşəq Əhməd!.. Bu gün də yeri görünür!.. Onun qiymətli sözlərinə, kəlamlarına həmişə mənəvi ehtiyacımız var, olacaq!..