adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"HƏR ADAM BİR SƏTİR İMİŞ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
52101 | 2018-11-03 00:21
Bunu təkcə görmək yox, həm də duymaq insandan vəh istəyir

BAXIŞ BUCAĞI

Hər dəfə masamın üstündən kənara qoymadığım kitabı vərəqləyəndə mənə elə gəlir ki, hansısa bir qapını sakit, heç kimə hiss etdirmədən bir ustuflu adam kimi aralayıram. Və içəriyə daxil olmamış ətrafa baxıram. Sonar üzümü göy üzünə tuturam. Və mənə elə gəlir ki, ordan səs gəlir... ordan bir pıçıltı səpələnir üstümə... Və o pıçıltılar qar dənələrimi kimi və yaxud da yazda çiçəklər tozlanandan sonra çökülən ləçəklər kimi səpələnir üstümə və çiçiyünlərimə qonur, saçlarıma yapışır... kipriklərimin ucunda yer tutur. Və özüm də hiss etmədən o ləçəklər də ürəyimin qapısını açır. Onlar da ürəyimin iç dünyasında mənim yaşadıqlarımı yaşamağa başlayırlar... Və beləcə mən o kitabın adamına çevrilirəm. O kitabdakı misraların hər birilə təmas qururam... Anlayıram ki, bu o qədər də asan iş deyil. Çünki onların hər biri musiqi notları kimi fərqlidi. Amma o fərqli notlar bir araya gəlib bir fikrə xidmət edir... bir ifanı səsləndirir. Və mən də həmin səslənən musiqinin ahənginə uyğun olaraq haldan-hala düşürəm... İnan, tam səmimi deyirəm, düşməmək mümkün deyil!
Hamınız eşitmisiniz bu sözü. Bəlkə də çoxlarınız əzbərləmisiniz. Amma heç biriniz fərqinə varmamısınız... Heç biriniz deməmisiniz ki, alın yazın nədi? Nəyi özündə ifadə edir? Nəyin tərcümanıdı? Amma O deyib:

Talehim Tanrı əliylə
Yazılıbdı məndən öncə.
Hər adam bir sətir imiş
Əcəl torpağa gömüncə.

Fikir verdinizmi ifadəyə? Diqqət yetirdinizmi bu dörd sətirin kulminasiyasına? Mən şəxsən həmin an sözün qüdrətinə səcdə etdim... Sözün böyüklüyü önündə sudum. Çünki hər kəsin bir sətir olduğunu anladım - özü də Allahın öz qələmiylə yazıdı sətir. "OL!" deyib yaratdığı iki hərfin, iki işarənin tamamladığı sətir! Və bunu izinə düşüb getməyə başladım. Çünki bu da mənim alın yazımdı, bu da mənim qismətimdi. Axı, həmin "OL!" mənə də deyilibdi. Deməli, mənim də bir insan, bir adam olaraq son anıma kimi yazılmağım özü də sətir imiş. Hardasa bu həm də mənim ömür yolumun ifadəsidir. Onun şeirə gətirilmiş formasıdı, deyimidi...
Hamımız bilirik, həm kitablardan öyrənmişik, həm də həyatdan. Məlumdur ki, heç nə itmir, heç nə qurtarmır. Sadəcə, dəyişir, başqalaşır. Quruyan ağac torpağa qarışır. Başqa bir ağac kimi göyərib dünyaya gəlmək üçün. Və bir sətir olan adam da torpağa qarışıb yeni bir sətir kimi göyərir, yəni yenidən doğulur. Onu biz tibb elminin və yaxud digər elmlərin diliylə bu və ya başqa formada yazırıq, ifadə edirik, insanlara çatdırırıq. Amma kimin kim olduğunu, kimin hansı xislətlə sətirləndiyini O, tamam fərqli deyir. Yazır ki:

Qarışınca torpaqlara
Sətir-sətir göyərəcək.
Kimi qara tikanlara,
Kimi laləyə dönəcək.

Gördünüzmü, mənim dediyim öz təsdiqini tapdı. Məlum oldu ki, bu dünyanın yükü olan, bu dünyaya ləkə gətirən və varlığı göz dağı, yaşamı artıqlıq edən adamcığazlar mütləq qara tikan olacaqlar. Çünki onlar elə qaratikan kimi də sətirləniblər. Bunun başqa bir yozumu, başqa bir anlamı varmı?

Azalıb qələm, mürəkkəb,
Allah da yorulub, yazmır.
Min ildir doğranan torpaq
Qismətimi bəxtə yazmır.

... Vətən də alın yazımız,
Qorumasaq, pozulacaq.
Alından pozulan yazı
Günahlara yozulacaq.

Bu misraların təkcə bir poetik fikir olduğuna hamı normal yanaşıb "burda nə var?" - deyə bilər. Amma şəxsən mən "qələm, mürəkkəb azalıb", "Allah da yorulub" fikirlərini təkcə poetik deyim, yanaşma kimi görmürəm. Mənə elə gəlir ki, bu fikirlər əsas məram, məqsəd olan yurdumuzun, torpağımızın parçalanması fikrini qabartmaq üçün misralanıb. Məhz min ildir doğranan torpağımızın acısını, faciəsini, yaşantılarını göz önündə sərgiləmək üçün şeirləşdirilibdi. Həm də bunun böyük anlamda Vətənin alın yazısı kimi bizim üçün seçildiyini göstərməyə xidmət edən bir bədii yanaşmadır, bədii sözün ortaya qoyulmasıdır. Artıq vətən seçilmir. Vətəni biz dünyaya gələndə görürük. Deməli, burdan həmin o alın yazısının necə sətirləndiyi bir daha öz təsdiqini tapır.

Şuşa da, Laçın da qara yazımız,
Nəyin cəzasını çəkirik belə?
Torpaq itkisinə üsyanım bitməz,
Qəbrimin üstündə ot sətirlənər.

Adətən dilimizdə belə bir ifadə var və biz onu yeri gələndə səsləndiririk. Hətta yazılarımızda da ondan istifadə edirik. Deyirik ki: "qəbrimin üstə ot göyərməsin" və yaxud "ot bitməsin". Bundan başqa "evinə gələn yolda ot cücərməsin".
Bütün bunlar o anlamdadı ki, evində həmişə həyat əlaməti olsun, gəliş-gediş olsun, qəbrin həmişə ziyarət edilsin, xatırlansın, dualar, nurlar içində yatasan.
Amma şəxsən mən məhz bu şeirdə "otun sətirlənməsi" fikrilə qarşılaşdım. Deməli, hər bir adamın sətir olmağı onun özüilə paralel qəbrinin üstündə otun da sətirlənməsinə gətirib çıxarır. Bu, fikrin həm tamlığıdır, həm hardasa o sətirlənən adamın göyərməsi, ota, ağaca, həyat əlaməti olan yaşantı büruzə verən bir varlığa çevrilməsi deməkdir. Və bunun ardınca başqa bir fikir də gəlir. O yazır ki:

Dəyişir dünyanın alın yazısı,
Günahı yumağa sular çatmayır.
Haqq gücə, güc haqqa uduzulanda
Dağ elə ah çəkir, qaya çatlayır.

Ağacın, çiçəyin, quşun taleyi
İnsanın əlində sual, tapmaca.
Yer də balasına qurban anatək
Sevgi gəzə-gəzə dönər möhtaca.

... Bəzən də Tanrının gözəl xəttindən
Adamlar anlayar nə bir hərf, nə səs.
Qisməti göz üstə qoyulan kəsin
Əlləri quruyar, götürə bilməz.

Təqdim etdiyim bu parçada yəqin ki, sözün neçə qatdan ibarət olduğunu siz də his etdiniz. Sizə də bəlli oldu ki, dünyanın alın yazısı günaha süstlənib. Özü də o qədər süstlənib, o qədər günaha bələnib ki, bütün bəndələrin göz yaşları yağışın suları, çayların, bulaqların, dəryaların axını o günahları yuya bilmir. Bilirsniz niyə? Ona görə ki, güc haqqa hökm edir. Haqq gücün qarşısında boynubükükdü, gücsüzdü. Bunu görən dağın, daşın daşlaşmış səbri, daşlaşmış ürəyi dözmür çat verir, paralanır.
Hətta bu yerdə qara daşın göyərəcəyinə inanan şair özü də əmin olur ki, ağacın, quşun, çiçəyin, bütün canlı aləmin taleyi üçün göynəyən, haray çəkən, naləsi özünü yandıran Yer kürəsi də aciz qalır. Bir az obrazlı, bir az hər kəsin qəbul elədiyi formada desək, bu dünya o biri dünyanın ayağına çiyinlərdə gedir.
O çiyinlər əslində günah daşıyanların, günah istehsal edənlərin, günah obrazlarının çiyinləridi. Və burda artıq xəttin gözəlliyi, xəttin ecazkarlığı heç nəyi dəyişə bilmir. Hətta kimlərinsə taleyi, qisməti gətirib ovucun, ağızın içərisinə qoymağı da bir bəhrə vermir. Çünki sətir olan adam qaratikandır. Yəni günahın ifadəsidir, günahı mayasıdır. Bu isə haqqa qarşı çıxmaq, haqqın üstünə getməkdir. Ona görə də əcəl torpağa qarışdırana qədər o sətir başqa bir sətirlə vuruşdadı, döyüşdədi, haqsız olsa belə. Hərisliyi onu silahlandırıb. Və o, güvəndiyi, geyindiyi, özünə dayaq bildiyi hərisliklə gücə çevrilib haqsızlığını davam etdirir.
İnsan təkcə arzularıyla, əməlləriylə deyil, həm də özünün düşüncəsiylə, özünün məntiqiylə, özünün zahiri və daxili bütövlüyüylə bir həyat müstəvisinin nişanəsidir.
Yəni oturduğu, durduğu yerin bir elementidir. Deməli, o nə qədər ki, aid olduğu yerdədi, yəni torpağa qayışmayıb, deməli, o həm də görüntüdü. Özü də təkcə cismən, fiziki anlamda görüntü yox, o həm də dörd fəslin görüntüsüdü, etüdüdü. Yəni bir az da dərinə baş vursaq, onda qəbul etməliyik ki, fəsillər insanda ovqat yaradır. İnsan təkcə geyimiylə yox, həm də davranışıyla, yaşamyıla içərisində olduğu fəsli büruzə verir. Nə qədər ustalıq etsə də, məharət göstərsə də hər bir fəsil insanda əks olunur. Bax, elə indi yaşadığımız payızın etüdləri də, inkası da bizim özümüzün görünüşümüzdə, davarnışımızda açıq şəkildə yaşanır, müşahidə edilir. Ona görə də:

Payızın dilində şeir yazıram,
İçimdə, çölümdə payız nəğməsi.
Yarpaq qırğınıdır, məhşər başlayıb,
Yoxdu ağacların ağlayan kəsi.

Yəqin ki, bu fikir atıq sizi öz təsiri altına saldı, kökləndiniz bu ovqata. Və payız dilində deyilən yarpaq qırğını məhşərin başlanması, ağacların sahibsiz qalması, onların kimsəsizliyi... bütün bunlar bir həyat fəlsəfəsidi, bir sözün özündə birləşdirib şeirləşdirdiyi məntiqdi. Elə bir məntiq ki, o bir sətir olan adamın həyatında zamanı görüntüləyə bilir.
Bir sətir olan adam ağaclara sahib çıxa bilmir. Onların yarpaq qırğınından, məhşər sarsıntılarından hifz etməkdə acizdir. Çünki yarpaqlar da, ağaclar da bir sətirdi. Onlar da torpağa qarışmalıdı, otlar kimi sətirlənməlidi.
Mən bir sətir olan adam kimi harda tamamlanacağını təxmin etməyə çalışıram. İnancıma görə, o tamlıqdan sonra ot kimi sətirlənəcəm. Çünki mən həm də hardasa:

Ağacam bu payız dağ sinəsində,
Bu payız duyulmaz sevincim, dərdim.
Ruhumu dumana, yağışa bükün,
Bahar qayıdanda, bəlkə, göyrədim.

Yəqin ki, nə demək istədiyimi, nələr yaşadığımı siz az-çox hiss etdiniz. Amma inanın ki, mən bu yazıya köçürdüyüm duyğuları, fikirləri çox hörmətli Sona xanım Vəliyevanın misralarının işığında öz ürəyimin pıçıltısı kimi öncə özüm eşitdim, sonra da qələmim, vərəqim. Qalan və deyilməyən nəsnələr isə bir pıçıltı olaraq artıq ürəyimin qapısını döyməkdədi.


TƏQVİM / ARXİV