adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Noyabr 2018 00:09
38223
LAYİHƏ
A- A+

"Sarıbaş və Sarıbaşlılar" ətrafında düşüncələr

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
(əvvəli ötən saylarımızda)

Prof. R.Tahirzadənin bir hissəsini illərdən keçə- keçə dillərdən topladığı, bir hissəsini Azərbaycan Dövlət arxivindən əldə etdiyi "Qars davası" şeirini kitabına daxil etməsi ilk tarixi təşəbbüsdür. [Ölkəmiz müstəqil olandan sonra toplayanı və tərtib edəni f.e.n. Təranə Tofiq qızı olmaqla H.K.Sanılının (1878- 1937) Bakı Universiteti Nəşriyyatı tərəfindən 1993-cü ildə işıq üzü görmüş "Seçilmiş əsərləri"ndə "Qars davası" şeiri öz əksini tapmamışdır. -V.Aş] Elə bunu nəzərə alaraq mən də "Qars davası" şeirini prof.R.tahirzadə olduğu kimi təqdim edirəm:
Qalanın başında torpaq quruldu ...
İki nizam bir-birinə vuruldu!
Alagöz Osmanlı tamam qırıldı!
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Atımı bağladım qarsın daşına.
Güllə atılanda dəydi döşünə...
Nişanlımı qoyub getdim qoşuna.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Qarsa getmək üçün dağları aşdım,
Sıldırımlar keçdim, yollar dolaşdım.
Qafqazdanam, türkəm: qaynadım, daşdım...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Qalanın dibində qoydum maralı.
Sarı Moskov gəlir cibi paralı...
Alagöz Osmanlı tamam yaralı...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Qalanın dibində yıxılıb yatdım.
Yüzbaşı gələndə qan-tərə batdım...
Anamı, bacımı vətənə satdım...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Yeridim, yüyürdüm, yıxıldım, yatdım.
Aynalı tüfəngi Moskova atdım...
Atamı unutdum, anamı atdım...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Güllələr sinəmdə, gözüm qaralı...
Dostlarım qırılıb, özüm yaralı.
Anamın səsinə könlüm daralı...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Əyil, dağlar, əyil, üstündən aşım!
Yaram çox sızlayır, necə alışım?
Qismət deyil nazlı yarla danışım...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!
Özüm can üstündə, gözüm yaşlıyam...
Al-qana boyanmış bir Sarıbaşlıyam.
Xain fitnəsindən qəlbi daşlıyam!
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Qalanın şəhidlər bölgəsindəyəm.
Bir türk bayrağının kölgəsindəyəm.
Fəxr edirəm türkün ölkəsindəyəm.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Qalanın dibində bir nar ağacı...
Dənəsi şirindir, yarpağı acı.
Bir dərdə düşmüşəm, yoxdur əlacı.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Tüfəngim qazıxdan asılı qaldı...
Boğçam sandıqlarda basılı qaldı...
Nişanlım da məndən küsülü qaldı...
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Qalanın dibində bir bulaq axar...
Anam ağlar, bacım yollara baxar.
Nişanlım qəzəbdən dünyanı yıxar.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Anama deyin ki, atımı satsın.
Aynalı tüfəngi çəngəldən assın.
Nişanlım gözəldir, qardaşım alsın.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Nişanlım gözəldir, qardaşım alsın.
Qardaşım almasa, yoldaşım alsın.
Yoldaşım almasa, evmizdə qalsın.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

Atam başı uca məscidə getsin...
Anamın naləsi fələyə yetsin.
Bacım dostlarımdan birinə getsin.
Bu nə yaman, Allah aman! Gedən gəlmədi!
Kor olasan, Muxtar paşa! Cavan qalmadı!

(Bax.səh.92-94.)

Azadlıqsevər Sarıbaşın 1917-1919-cu illərdə 11 müsavatçı, 3 nəfər hümmətçi yetişdirməsi, müsavat ordusuna ilk çağırışdan 20 əsgər verməsi (Bax.səh.116.) təbii bir hal idi. 1930-il aprelin 12-dən 13-ə keçən gecə Şəkidə başlanan (Bax.Həbibulla Manaflı.Şəki Üsyanı. Bakı, "Zaman" , 2004. səh.47, 50.Bax.yenə Həbibulla Manaflı. Öyünc və güvənc qaynağı.Bakı, "Nurlan", 2007.səh.144-145.) üsyana dəstək olaraq Qaxda Sadıq Balacayevin, Zaqatalada qaçaq Şuayın, Məşədinin, Samuxlu Məmmədqasımın, Əbdülməcidin dəstələri tərəfindən dərhal xalqın ayağa qaldırılmasını,(Bax.səh.131). Qeyd: yəqin ki, 1930-cu il hadisələrinə aid sənədlərdəki bəzi dolaşıqlıqlara görə bu hadisə burada "1931-ci ilin aprel üsyanı. Bu üsyanda Sarıbaşlıların iştirakı".(səh. 127-135) adı ilə təqdim edilir.-V.As.] "türklər gəlirlər" şaiyəsinə inanıb Sarıbaşdan Qaxa gələn "pişvaz dəstəsi"nin bayraq qaldırmasını, üsyançıların rəhbəri Sadıq Balacayevin üsyancıları cəsarətlə vuruşmağa çağırışına pulemyot atəşi ilə cavab verilməsini, üstünə "Sarıbaş" sözü yazılan bayrağın ələ keçməsini (Bax.səh.129.), təqiblərdən yaxa qurtarmaq istəyən üsyançıların Sarıbaşdan Dağıstana keçmələrini (Bax.səh.128.) , üsyanda iştirakına görə həbs eilən 14 nəfər Sarıbaşlıdan 4-nün güllələnməsini, inək almaq üçün Dağıstana keçərkən Teymur Məmə və Molla Mansurun yoxa çıxmasını, Orta Asiyada darmadağın edildikdən sonra Qafqaza səpələnmiş basmaçıları axtaran çekistlər tərəfindən onların həbs edilib Daşkəndə aparılmasını, bir il səkkiz aydan sonra günahsız olduqları sübut edildiyi üçün Bakıya, oradan da Sarıbaşa qaytarılmalarını (Bax.səh.327-331.), aprelin 16-da Qaxda keçirilən mitinqdə (Bax.səh.132.) AFK sədri M.C.Bağırovun özünün dediyinə görə Şəkinin Qışlaq adlı yerində qızıl əsgər formasında olan adamlar tərəfindən saxlanmasını, gülləbaran edilməsini, Ləzgi Məhəmməd adlı bir nəfər tərəfindən xilas edilməsini (Bax.səh.130.) də, üsyanı yatırtmaq üçün bölgəyə gələn AFK-nın sədr müavini İbrahimovun orada xeyli vaxt qonaq qalmasını da (Bax.səh.175.) təbii qəbul etməliyik.

***
Sarıbaş xörəkləri 172 adda olmaqla (Bax.səh.237-246.) dünyanın özünü heyrətə salacaq qədər qədim və zəngin mətbəx mədəniyyətindən, Sarıbaş kişi və qadın geyimləri (Şəkillərin çoxu müəllif tərəfindən akademik Q.S.Çitayanın arxivindən götürülmüşdür) az qala bütün iqlimləri əhatə edə biləcək modelyerlik səviyyəsindən (Bax.səh.248-257.) xəbər verir. Bunu unutqanlıqdan tamamilə uzaq, yaddaşı torpağın və səmanın yaddaşı kimi pozulmaz olan bir xalq edə bilərdi.
Sarıbaş yaddaşında torpaqdan gələn ilkinlik,səmadan gələn bakirəlik və bunların birgəliyi kimi müasirliklə qaynaq edilmiş qədimlik genetik olaraq çulğalaşdığından və irsi kodlarla nəsil-nəsil gələcəyə ötürüldüyündən Sarıbaşlıları qara qutusu salamat qalmış toxum adlandırmaq olar.
Sarıbaşın pirləri, üləmaları, əfəndiləri, ara həkimləri, hətta, ovsunçuları, cadugərləri, falabaxanları haqqında da sevgi ilə danışan prof.R.Tahirzadə o kənddə gördüyü yuxuları da müqəddəs sayır. O, qələmə aldığı əhvalatlardakı mifoloji, ufoloji, fərdi-psixoloji məqamları da şahidi olduğu hadisələr və özünün yaşantıları kimi təsvir etmişdir. "Ərdov Sarıbaşda", "Vəhşi insan haqqında rəvayət", "Kazım oğlu İsrafilin başına gələnlər", "Şeyx Səlim əcayib məxluqların toyunda", "Nəcməddin və əcaib məxluqlar", "Səmada böyük tavasara bənzər cisim" və s. haqqında olan hadisələr bu qəbildəndir.
"Sarıbaş və Sarıbaşlılar" kitabını birnəfəsə oxuduğum. Ürəklə dyə bilərəm ki, prof.R.Tahirzadə içindəki yurd sevgisini gah Yamacdağın sinəsindən qaynayan çeşmə kimi Sarıbaşın qulağına pıçıltı ilə demiş, gah da Bulandıx çay kimi özünü qayalara və daşlara çırpa-çırpa, hayqıra -hayqıra söyləmiş, gah da ki, kürlüyündən əl çəkməyən Kürmük çay kimi yeri-göyü silkələyə-silkələyə hamıya və hər kəsə var səsiylə bəyan etmişdir.
Budur, prof.R.Tahirzadə indi də kəndinin rəsmi şəxsləri, dövlət və iş adamları, alimləri, müəllimləri, həkimləri, hərbçiləri, sənətkarları, deputatları, ticarətçiləri, kolxozçuları, mexanizatorları barəsində də eyni coşqu ilə söz açır. Burada da yaddaşda kök salan ilkinlik, bakirəlik və müasirliklə qaynaq edilmiş qədimlik (möhtəşəmlik) özünü göstərməkdədir. Buyurun, baxın, prof. R.Tahirzadənin nitqində "ilk" sözünün işləndiyi məqamlara diqqət edin:
1. "Sarıbaşda kənd soveti 1920- ci il 11 may günü XI ordunun ... bir bölüyü kəndə daxil olandan sonra bir neçə gün ərzində yarandı. ... İlk kənd soveti sədri Əhməd Mahmud oğlu oldu."
(Bax.səh.142.).
2. "Kənddə partiya təşkilatı ilk günlərdən fəaliyyətə başlamışdı. Onun ilk özək katibi Lətif Əhmədov olmuşdu."
(Bax.səh.143.)
3. "Sarıbaşın ilk kooperativini yaradan Əbdülməcid Rəcəbov olmuşdu."
(Bax.səh.144.).
4."Sarıbaşda ilk məktəb 1921-ci ildə açıldı. Bu, ibtidai məktəb idi. Onun ilk müəllimləri Əbdülrəhman Xəlilov, Əbdülməcid Xəlilov olmuşdular."
(Bax.səh.118.)

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Müəllimlər
İnstitutu Şəki filialının
baş müəllimi.