adalet.az header logo
  • Bakı 18°C
02 Noyabr 2018 00:12
31231
LAYİHƏ
A- A+

"Sarıbaş və Sarıbaşlılar" ətrafında düşüncələr

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Rəsul Abdukərim oğlu Əliyev
(əvvəli ötən saylarımızda)

Prof.R.Tahirzadənin əsatirlər, əfsanələr, ovsunlar, mərasim nəğmələri şəklində kitaba daxil etdiyi nümunələr bizim tarixi inanclar sistemimiz, düşüncə tərzimiz haqqında çox qiymətli mənbələrdir. Bunun üzərinə kitaba daxil edilən düzgüləri, bayatıları, atalar sözlərini, məsəlləri və deyimləri də əlavə etmiş olsaq, onda görülən işin titanikliyi göz qabağında olmuş olar.
Hər şeydən əvvəl Sarıbaşın özünə xas olan deyimləri daha maraqlıdır. Özünəməxsus düşüncə tərzi və dünyagörüşü ilə az qala bütün türk dünyasını təmsil etməyə qadir olan bir kəndin öz coğrafiyası daxilində yaratdığı deyimlərdəki obrazlılıq qarşısında heyrətlənməmək mümkün deyildir. "Novruz gəldi yaz oldu, qırx kötük də az oldu" (Bax.səh.18.), "Evdə qonaq var, deməli yaxşı yemək var" (Bax.səh.168.), "Baxma sən xalxa, nəhrəni çalxa" (Bax.səh.359.), "Çoban aciz qalmaz" (Bax.səh.365.), "Axmaq dinmədikcə ağıllıdır", "At minənin, arvad saxlayanın", "Allah vuranda quluna, qalar vuruna-vuruna" (Bax.səh.367.) , "Deşikli muncuq yerdə qalmaz", "Kəndlərdə Güllük, çaylarda Kürmük" , "Təhlükə ilə bir yorğanda yatana nə qorxu", "It insana hürəndə insan itə hürməz", "Şöhrət at belindədir", "Keşiş çoxalanda kilsədən qaç", "Yaxşı yoldaş yol basar" (Bax.səh.368.) kimi deyimlərdəki həyatilik, "Hallar gələn adam kimi özündən çıxıb" bənzətməsindəki rişxənd və "Səni görüm Al aparsın", yaxud "Səni görüm Al vursun" (Bax.səh.225.) qarğışlarındakı həm mifoloji, həm də ufaloji təsəvvürlər , "Şaqullarını dirədi" (Bax.səh.222.) ifadəsindəki gözlərini adama zilləyib baxa - baxa duranlara məzəmmət, "Görüm sənin gözünə at yağı damsın"dakı (Bax.səh.228.) bəd nəzərin özünə bəd dua, "Başımın, dişimin ağrısı erməniyə, gürcüyə" (Bax.səh.227.) formantındakı inciklik, "Başkəsən ərhəkki (ərhəkki Zaxurluya deyilir) kimi xoruzlanma" (Bax.səh.367.), "Meşleşə gedən həki (Dağıstanlı) kimi sallanma" (Bax. səh. 368.), "Yeddi sudan əmələ gəlmiş vələdüzzina" (Bax.səh.301.) , "Can verdim-yoldaş tapmadım, söz verdim -oynaş" (Bax.səh.367.) , "Fahişə gəzir təptəzə, görənə verirlər cəza" (Bax.səh.368) məsəllərindəki kinayə və qınaq , "Bizə qorxu Dağıstan tərəfdəndir" (Bax.səh.24.) sözlərindəki tarixi informativlik, "Göynük bayraq qaldırdı" (Bax.səh.129) aforizmindəki yaddaş Sarıbaşın və Sarıbaşlının kimliyindən xəbər verir. Sarıbaşlıların və "Kitabi-Dədə Qorqud" qəhrəmanlarının həyat tərzindəki oxşarlıqlar (əslində eyniliklər) qarşısında insan qeyri-ixtiyari olaraq titrəyir və özünə dönür. Sarıbaşlılar, "hətta, özlərindən iki yaş böyüyə də hörmətlə :-Dədə,- deyib" (Bax.səh.364.) müraciət edirlər. ["Dədə" sözünün "əcdad" mənası ilə yanaşı "böyük" mənasında işlənməsi bizim Kiş kəndi üçün də xarakterikdir. "Mən hələ heş kimi özümə dədə seşməmişəm", "Buna bax aa, maa dədəlıx eliyir" ifadələrindəki "dədə" sözü "böyük" mənasında işlənmişdir.-V.As. ] "Adımı düz de, mənə beş çanax düyü töküb, ad qoyublar" (Bax.səh.261.) ifadəsində ada münasibət özünü qabarıq şəkildə biruzə verir. Adın qəsdən düz deyilməməsini təhqir hesab etmək böyükləri tərəfindən qoyulan adı ləyaqətlə daşımaq ənənəsindən irəli gəlib, Oğuz düşüncə tərzinə söykənir. "Hamilə qadının köhnə bir yay-oxun kirişindən keçirilməsi" (Bax.səh.261.) , "kişinin uşaq doğulan evə gəlməsinin əxlaqsızlıq hesab edilməsi, qadınlar tərəfindən onun ətəyinin kəsilməsi" (Bax.səh.261.), "yas mərasimlərində qadınların qara və ya tünd göy rəngdə geyinmələri " (Bax.səh.257.) , "səsvermə zamanı böyük bir daş üzərinə iki küpə qoyulub birinə xırdaca ağ, digərinə xırdaca qara daş salmaq, sayılarkən ağ daşın çoxluğunun məsələnin həllinə dəlalət etməsi, daşlar bərabər olduqda seçilmiş beymətləblər tərəfindən son qərarın verilməsi" (Bax.səh.73.) adətləri, "Igid odur, Aladağda at oynada" (Bax.səh.61,368.) , "Baş kəsib qalamı almısan?" (Bax.səh.61.) deyimləri "Kitabi-Dədə Qorqud" dünyasının Sarıbaş timsalında davamıdır. [Sarıbaşda "əmə" sözünün "bibi" mənasında işlənməsi (Bax.səh.92.) mənim çoxdan bəri mürgüləyən yaddaşımı oyatdı. O dəqiqə "Kitabi-Dədə Qorqud"dakı "Basat Dəpəgözi öldürdigi boyı bəyan edər, xanım, hey!" boyundakı sözlər yadıma düşdü: Dəpəgöz aydır":Əmdi qardaşlar,qıyma mana!" Buradakı "əmdi qardaşlar" (Bax. "Kitabi-Dədə Qorqud". Bakı, "Yazıçı", 1988. Mətnin əsli, səh.102.) "süd qardaşları" mənasındadır. Təpəgöz Basata bir döşdən süd içdiklərini xatırladır."Kitabi-Dədə Qorqud"da "əmdi" sözü ilə bağlı verilən izahat isə belədir: "Müasir dil üçün təbii görünməyən "əmdi" feli ismi "əmzik" mənasında işlənmişdir" (Bax. "Kitabi-Dədə Qorqud", Bakı, "Yazıçı", 1988. Qeyd 48, səh.249.) Yəqin ki, diqqətsizlik üzündən buradakı "ismi" sözü "əmzik" sözündən əvvəl yazılmışdır. Aydındır ki, "əmzik" sözü "əm" fel kökünə şəkilçi artırmaqla düzəlmişdir. Beləliklə, kiminsə atası ilə bir döşdən süd içən qadın onun üçün "əmə"("bibi") dirsə, atası ilə bir döşdən süd içən kişi onun üçün "əmi"dir. Bir döşdən süd içən, lakin qardaş olmayan oğlan uşaqları isə, əlbəttə ki, "əmdi qardaşlard"ır -"süd qardaşlarıdır". Elə buradaca kiçicik bir haşiyə çıxmaq istəyirəm: Gəncə-Qarabağ, Qazax-Borçalı coğrafiyamızda "mama" sözü "bibi" mənasında işlənməkdədir. Şamaxı və onun bir çox kəndlərində "ana"ya "əmə" deyə müracıət edirlər.Şəxsən mən "əmə" sözü ilə "əbə" sözü arasında m//b əvəzlənməsindən - türk ləhcələrinə xas olan fonetik variantdan başqa bir şey görmürəm. Çünki bizim ləhcəmizdə "bəbə" sözü də vardır, bu söz m//b əvəzlənməsi zamanı "məmə" kimi tələffüz olunur. "Əmi"-"əmdi qardaş-süd qardaşı"-"Əmə-bibi"-"aba-ana"-"abay-ana"-"bəbə - çağa"-"əbə-çağa"-"əbəçi-çağatutan"-"mama-bibi"- "mamaça" sözlərinin kökündə "ana-məmə verən", "məmə" və "əmmək" semantikası durur və bu sözlər xalis türk sözləridir.-V.As.] Qarşıdağ, Ağbulaq dağı, Alagözdağ, Aladağ, Qaradağ və ya Qaraqaya dağı, Calayer dağı, Oğuzqoşun yaylağı, Parasar dağı Sarıbaşın özündə, ondan 30-40 km. aralı Qanıx çayı ətrafında "Ağcaqala", "Sürməli", "Torpaqqala" kimi qalaların olması isə Sarıbaşın həndəvərində bir "Kitabi-Dədə Qorqud" coğrafiyası yaradır. Sarıbaşlılar arasında Tir Qafur, Dəli Fətəli, Dev Yusif adı ilə hələ də məşhur olan igidlər "Kitabi-Dədə Qorqud" dastanlarındakı "Parasarın Bayburt qalasından aşıb gələn Bamsı Beyrək", "əli-qolu uzunca, at ağızlı Aruz Qoca" kimi qəhrəmanları xatırlatmaqdadır. Türk ruhundan gələn oynaqlıq, şuxluq və zarafatcıllıq Sarıbaş tapmacalarında tam parlaqlığı ilə əks olunmuşdur: "Bir tapmaca salım, tapmasan birini də salım"(açması-"duz". Bax.səh.294.), "Səhər durdum, haçaya mindim"( açması-şalvar) , "Ağ toyuq çim-çim edər"( açması-düyü. Bax.səh. 295.). Bunlarla yanaşı onu da qeyd edim ki,

Dağ başı qar olubdur,
Dərələr dar olubdur.
Məni yollara salan
Vəfasız yar olubdur.

(Bax.səh.294.)

bayatısındakı həzinlik və kövrəklik

Bostanda tağım ağlar,
Basma, yarpağım ağlar.
Nə qədər sağam, ağlaram...
Ölləm, torpağım ağlar.

(Bax.səh.285.)

ağısındakı ağrı və sızıltı əlahiddə götürülən bir türk ləhcəsinin bədii imkanlarının nə qədər geniş olduğunu sübut edir.
***
Sarıbaşın antik və ilkin orta əsrlər tarixinə səyahət edəndə də, rus-alman tarixçisi general Fon-Plottonun 1870-ci ildə yazdıqlarına əsasən "gürcülər ingiloyların (qələlərin) köməyi ilə 315 il bundan əvvəl, təxminən 1555-ci ildə Sarıbaşlıların üzərinə yeridilər" (Bax.səh.41.) məlumatını verəndə də, 1564-cü ildə Şah I Təhmasibin fərmanı ilə yaradılan İlisu sultanlığından bəhs edərkən "Zaxur sultanlığın dağ mülkü, İlisu aran mülkü, Sarıbaş azad camaatlıq idi" (Bax.səh.63.) deyə danışanda da, 1712-ci ildən Səfəvilərə qarşı başlayan üsysnlara müvəffəqiyyətlə başçılıq etdiyinə görə Osmanlı sultanı III Sultan Əhməd tərəfindən Şəki və Zaxur bəylərbəyisi təyin edilən "Əli Sultanın1722-ci ildə başçılığı ilə ləqilər Tiflisi tutdular, VI Vaxtanq qaçdı, Kaxetiya çarı II Konstantin (İmanqulu xan) ilə müqavilə bağlandı, bu müqaviləyə əsasən gürcülər xərac verməli və bölgəyə basqın etməməli idilər, lakin 1725-ci ildə gürcülər yenidən basqın etdilər, Əli Sultanın hücumundan qorxan II Konstantin Türkiyəyə qaçdı, II Konstantinə köməyə gələn türk İbrahim paşa Zaqatalanın indiki Muğanlı kəndi yaxınlığında məğlub oldu, lakin ləqilər 1727-ci ildə Kaxetiyadan keçib buraya gələn Şirəli paşa ilə müqavilə bağladılar, Əli Sultanın qvardiyasını Sarıbaşlılar təşkil edirdilər" (Bax.səh.85-86.) deyib tarixi ekskursuna davam edəndə də, "İlisu cümə məscidini və məşhur Ulu körpünü inşa etdirən Əli Sultanın bir versiyaya görə 1732-ci ildə gürcülərlə döyüşdə Siqnax ətrafında şəhid olduğunu, başqa bir versiyaya görə 1734-cü ildə qoca yaşlarında öz əcəli ilə" vəfat etdiyini (Bax.səh.87.) dilə gətirəndə də, "1803-ü ildə İlisu sultanı Soltan Əhməd rus təbəəliyini qəbul etdi" (Bax.səh.88.) , "1806-1812-ci illərin rus-türk müharibəsində öz dəstəsi ilə türklərə qarşı vuruşdu, oğlu Alxaz bəy ruslarla birlikdə Axalsıx qalası üzərinə hücum edərkən həlak oldu" (Bax.səh.91.) , "Azərbaycanda İsmayıl Əfəndi Şirvani, Dağıstanda isə onun şagirdi Molla Məhəmməd Yaraği 1820-ci ildən müridizmi yaymağa başladılar" (Bax.səh.89.) , "1844cü il iyunun 9-da Sarıbaş dərəsində ruslarla döyüş oldu, sultanlıq ləğv edildi, rus imperiyasına sədaqətlə xidmət etdiyi üçün kapitan rütbəsindən general rütbəsinədək yüksələn Daniyal Sultan qızı Kərimətin əri Qazi Məhəmməd Şeyx Şamil oğlunun yanına getdi, Sarıbaş Qax hərbi dairəsi naibliyinə tabe edildi, xristianlığı qəbul etmiş ingiloy hərbi zabit ona rəhbərlik edirdi" (Bax.səh.88-90.) deyə baş verən hadisələri qələmə alanda da prof. R.Tahirzadə oyanmış yaddaşına və tarixi bilgilərinə istinad etmişdir.
1877-ci ildə Qafqazın müsəlman əhalisinin zorla və ya rüşvətlə xristianlaşdırılmasına etiraz kimi Dağıstandan başlayan üsyana Sarıbaşlılar da qoşuldular. Sarıbaş üsyanının rəhbəri vaxtilə Şeyx Şamilin naibi və mirzəsi olmuş Sarıbaşlı Molla Muxtar Əfəndi, təşkilatçısı isə onun şagirdi, cavan müdərris Hacı Abdurahman (Bax.səh.95-96.) idi. 15 nəfər Sarıbaşlını Sibirə sürgün etdilər, on ildən sonra onlardan dördü salamat (Bax.səh.97.) qayıtdı.
1877-1878-ci il rus-türk müharibəsi zamanı Qars davasında Sarıbaşlı 12 gəncin türklər tərəfə keçməsi və vuruşa-vuruşa şəhid olması bu kitabda yer alan ən təsirli epizodlardan biridir.
"İslamı qəbul eləmiş Muxtar paşa adlı bir erməni Qarsın komendantı idi" (Bax.səh.91.) və qəsdən səhv komandalar verməklə türklərin kütləvi qırğınına səbəb olmuşdu. İndi sual olunur: "Sarıbaşlı gəncləri nə vadar etmişdi ki, onlar rus ordusunun əsgərləri ola-ola türk ordusuna keçmişdilər?" Bunun bircə səbəbi var idi: onların türk olmaları və yaddaşlarının oyanması. Nə yaxşı ki, oyanmış yaddaşla döyüşə atılan əsgərlərimiz olduğu kimi oyanmış yaddaşla yazıb-yaradan şair və yazıçılarımız da olmuşdur və vardır.

(ardı gələn sayımızda)

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Müəllimlər
İnstitutu Şəki filialının
baş müəllimi.