adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Noyabr 2018 00:10
41666
LAYİHƏ
A- A+

"Sarıbaş və Sarıbaşlılar" ətrafında düşüncələr

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

...Ən qədim zamanlardan bu iki kəndin... adamları bir-birlərini "xala oğlu" deyib çağırmışlar. ... Sarıbaşlı qadnlar Ilisudan, Ilisulu qadınlar isə Sarıbaşdan od və ya sac götürmək üçün" corab toxuya-toxuya gedib gələrmişlər. "Ülüsü", "Ülüs" qədim türk dilində "ayrılmış mülk" (yəqin ki, həm də "ulus" - V.As.) deməkdir. Kənd adamları indi də ora "Ilisu" yox, "Ülüsü" (Bax.səh.33,57.) deyirlər". (Sarıbaşın və Ilisuyun eyni bir toxumdan göyərdiyini sübut etmək üçün bundan etibarli dəlil tapmaq mümkün deyildir.-V.As.) "Sarvagel" sözünə gəldikdə isə müəllif onun qədim türk dilində "sarvaq", "sarvaginta" şəklində olub "saray", "qala", "kaşanə" (Bax.səh.57.), "Imarət", "El"in isə indiki halda da "el", "ölkə", "diyar"("El" sözünün həm də "nəsil", "qohum-əqrəba"bildirməsini də bura əlavə edirəm.
Məsələn, informativ şəkildə "O, elli-günlü adamdir", qarğış şəklində isə "Elin-günün üzülsün" formantlarını xatirlayaq.-V.As.) mənasəında işləndiyini, Sarvagelin "Qalalı el" (Bax.s.356.) demək olduğunu göstərir, qonşu Dağıstan əhlinin "Sarıbaşı "Sarvagel", Sarıbaşlıları isə "Sarvagelli" adlandirmasını (Bax.səh.57-58.) xüsusi qeyd edir. (Haykların bizə rast gəldikdə verdikləri "hayes, türkes?" sualındakı, Dağıstan əhlinin "Sarvagel" və ya "Sarvagelli" çağırışındakı dəqiqliyin genetik olaraq yaddaş kodlarından gəldiyini qəbul etmək lazımdır-V.As.).
Tarixdə leqilər haqqında olan ilk məlumatın əvvəlcə Strabon (b.e.ə.63-b.e.23), daha sonra Plutarx (b.e.45-127.)tərəfindən verildiyini xüsusi vurğulayan müəllif XIX və XX əsr tarixçilərinin qərəzli və mütəhərrik mövqelərindən irəli gələn dolaşıq və qarışıq mühakimələrini haqli olaraq qəbul etmir, onlarin düzgün elmi nəticəyə gələ bilməmələrini faktik artefaktları nəzərdən qaçırmalarında (Bax.səh.360.) görür. Sarıbaşlıların indi də özünü "ləqi" (Bax.səh.79.) adlandırması (Senin də gücü mağa çatiy.Bir baxaydın necə də oynaxlıydıla...Kim elipdi habıni?-Belə habbı Ləqi eləmişam. Sözün varsa, gəl, habbı ləqiyə di!.s.359.), Qax rayonunun Sarıbaş, Ilisu, Ağçay, Qaşqaçay, Armıdlı, Əmircan, Əmbərçay, Zərnə, Ləkit, Zaqatala rayonunun Əzgilli və Cimcimax, Dağıstanın Aşağı Katrux, Yuxarı Katrux, Miskincə kəndlərində "Ləqi" qrupuna mənsub olan adamların yaşaması, ləqilərin Axtı şəhərində də binayi-qədimdən mövcudluğu , tarixi mənbələrdə Qafqaz Albaniyasının "26 müxtəlif dildə danışan tayfa birlikləri içərisində çox qüvvətli olan ləqilərin (leqilərin, liqilərin) də yaşamasının (Bax.səh.79.) qeyd olunması , həm mənşəyi, həm də dili-ağzı türklüyünə şəhadət verən ləqilərin tarixən "Ilisu sultanliği" kimi sayılan bir dövlət yaratması (Bax.səh.361-362.) müəllif tərəfindən fakt və arqumentlərlə sübuta yetirilir. Müəllifin bəzi hallarda bu siyahıya etnotoponim kimi Qaxdan Tovlatalanı, Şəkidən isə Daşüzü (Bax.səh.59.), Gürcüstandan Ləgidağı (Laqodexini) əlavə etməsi, Qas, Kas kimi etnonimlərin ləqilərlə bağlılığını təsdiqləməsi (Bax.səh.361.) təqdirə layiqdir. (Ağdaşın "Ləki", Cəlilabadın "Ləkin" kəndlərinin də mənşə cəhətdən "ləqi"lərlə bağlılığını nəzərə alsaq, "ləqi" coğrafiyasının güman edildiyindən də geniş olduğunu təsdiq etmiş olarq-V.As.).
Müəllifin "Ləqi" tayfaları haqqında verdiyi məlumatlar etnoqrafik cəhətdən son dərəcə maraqlı, etnogenetik dəqiqləşdirilmələr baxımından isə son dərəcə etibarlıdır.
Y.H.Cəlalyan "Alban ölkəsinin qisa tarixi" əsərinin V fəslini "Xonlar tayfasının bütün Ağvan ölkəsində törətdikləri haqqında" adı ilə təqdim edir. O, Osmanli sultanı III Sultan Əhməd (1709-1730) zamanında Səfəvilərə qarşı 1712-ci ildən başlayan üsyanlara müvəffəqiyyətlə başçılıq etdiyinə görə Şəki və ona əlavə edilən Zaxur bəylərbəyisi təyin edilən (A.Bakıxanov.Gülüstani-İrəm. səh.126. Baki, 1962.; Alkadari.Asari-Daqestan.Maxaçkala, 1929,str.56.), və1721-1722-ci illərdə Qarabağa hücum edən Ilisu sultanı Əli Sultanın dəstələrini isə hunlar (Bax. Yesai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi. 1702-1722. Qədim erməni dilindən tərcümə edəni: T.İ.Ter- Qriqoryan.
Ön söz müəllifi və nəşrə hazırlayan: Z.M.Bünyadov. Bakı, "İşıq"-1992.səh.23.) adlandırır. Məhz elə bu fəsildə "xəzərlər" (ləzgilər) (Bax. Yesai Həsən Cəlalyan. (Göst.əsəri.səh.29.) , "xonlar" (ləzgilər) (Bax. Yesai Həsən Cəlalyan. Göst.əsəri.səh.30.) formantlarından istifadə edilir. Yəqin ki, Əli Sultanın dəstələrinin etnik rəngarəngliyi hunların -ləqilərin üstünlüyü ilə müşayiət olunduğundan Y.H.Cəlalyann gözünə bütün etnoslar hunlar kimi görünür. Bu məqama xüsusi diqqət yetirən müəllif (Bax.səh.22.) Sarıbaşdan Dağıstana keçən Ağbulaq keçidinin "Hun bol", Gönəxay keçidinin isə "Hun beli" adlandığını (Bax.səh.23.) qeyd edir. (Şəxsən mənə görə, "Hun bol" və "Hun beli" sözləri eyni semantikaya malikdir, sadəcə olaraq "bol" sözü "bel"sözünün fonetik variantidir-V.As.) Prof.Rəsul Tahirzadə bu bölgədə "türk dilinin xüsusi şivəsində danışan, keçmişlərdə də, indi də özlərini "Ləqi" adlandıran 14 kənddə tədqiqat apardığını" (Bax.səh.58.) və "Ləqihəngi" ("Sarıbaşı") kimi qara zurnada ifa edilən şaqraq bir oyun havasının, "ləqinaxışı", "Ləqidağarı", "Ləqibaşmağı", "Ləqiçomağı","Ləqixəngəli" kimi terminlərin (Bax.səh.361.) türkün kimliyinə əyani sübut olduğunu, türkün mətbəxdən tutmuş hərb meydanına qədər dünya mədəniyyətinə nələri verdiyini göstərir. Şövkət Əfəndiyevin 1960-ci illərdə yazdığı və bu kitaba daxil edilən "Ləqinamə" şeiri (Bax.səh. 361-362.) isə türk ruhunun poetikasından xəbər verir:

Bir adam ki, "Şovxun" nədi bilməyə,
Məx* sürüyüb, alın tərin silməyə,
Yasda ağlamaya, toyda gülməyə,
Qusur**, ona "Ləqi" deməy olarmı?
Dadaş dayı onu yada salarmı?
Qoy o desin Sumaqala hardadır?

Miqirqiylə Quzaytala hardadır?
Muşun harda, Qada-bala*** hardadır?
Bu suala onda cavab olarmı?
Bilməyənə "Ləqi" deməy olarmı?

(Məx*- şəl, yənibir neçə odunluq ağacı birləşdirib dağ aşağı çəkmə. Qusur**-yaşlı adama deyilən ayama. Qada-bala***- ağacdan hazırlanan taxta qab. Bax.səh. 361-363.)
Çox ciddi axtarışlar tələb edən bu şərəfli işin öhdəsindən fədakarlıqla gələn müəllif təkcə tarixi faktlarla kifayətlənməmiş, deyimlər və dialektizmlərdən əyani misallar gətirməklə Sarıbaş ləhcəsi və şivəsinin leksik - morfoloji və sintaktik özəllikləri fonunda arxaikliyini və müasirliyini sinkretik şəkildə günümüzə qədər qoruyub saxlayan türk təfəkkür tərzi formulalarından birini bir çox görüntüləri ilə qələmə almışdır. Dilimizin dialektoloji xüsusiyyətləri haqqında çox maraqlı məlumatlar verən bu nümunələrin gələcəkdə daha da dərindən araşdırılması son dərəcə zəruridir. Sarıbaş ləhcəsində "imiş" köməkçi felinin nəqli keçmiş zamanda "qoparanmışlar" - yəni, "qoparmış imişlər" (Bax.səh.346.),.. "düşənmiş"- yəni, "düşmüş imiş" (Bax.səh.353.) şəklində işlənməsi , "Baldırğanın çay", "Qış hövrünün dərə", "Qarax oğlunun düz" (Bax.səh.11-12.) (Yeri gəlmişkən bizim Kiş kəndində də "Qarax daş" deyilən yer vardır.-V.As.), "Qırx açarın cam" (Bax.səh.262.) , "Dolamanın dik" (Bax.səh.359.) və s. bu kimi söz birləşmələrində mənsubiyyət kateqoriyasının təkcə yiyəlik hal şəkilçisi şəklində təzhür etməsi diqqəti cəlb edir. Hələ 1980-1990-cı illərdə məşhur geoloq Həsən Çələbi ilə "Sarıbaş ləhcəsində olub, Azərbaycan orfoqrafik lüğətində və Dağıstan əhalisinin dillərində olmayan 360-a yaxın söz toplayan və onların nəşrinə hələlik müvəffəq olmayan" prof.R.Tahirzadə akad.M. Şirəliyevin "Zaqatala-Qax dialektoloji ekspediyasının ilk yekunları" haqqındakı 1945-ci il tarixli məruzəsindən "... bu ləhcə qədim albanlarla qıpçaq türklərinin dillərinin qarışığından formalaşmışdır" fikrinə (Bax.səh.358-359.) - tezisinə istinad etməyi unutmamışdır. [Əlbəttə ki, dillərin qarşılıqlı zənginləşməsi təbii prosesdir.
Sarıbaş deyilişinə xas olan "Honnan"("ondan"), "habıni" ("bunu"), "qıü":::a"("qıts?a"-"qılça") kimi formantların (Bax.səh.359) Şəki və Naxçıvan dialektlərində də işləkliyi türk mənşəli xalqların ləhcələrinin eyni leksik qatdan qidalandığını sübut edir.-V.As.]
Sarıbaş ləhcəsində işlənən "qaşqala-itburnu", "göləs-əvəlik", "kursana-fırfıra", "yumalamaq-diyirlətmək", "zinzilə-dağ sürüşməsi", "çöp salma- püşk atma", "erkək daş-qara və boz qumdaşı", "dolama-dolay, sarma", "törə-adət", "simsar-qohum", "ağdam- ağ keçədən hazırlanmış kəndarası yığnaq yeri" (Təkcə elə bu faktın əsasında "Ağdam","Ağdaş", "Ağbulaq" və s. kimi toponimləri izah etmək mümkündür.-V.As.), "beymətləb-seçkidə son qərarı verən şəxs", "səticə-nəticə", "cıqqılı-azacıq", "sicim-çatı", "arxana-pendirin suyu", "çal-kənarları sıldırım, lakin üstü düzəngah olan otlaq", "ətənə-buzovla birlikdə düşən son", "can-iblisin övladı" (Elə buradaca qeyd edim ki, bizim tərəflərdə işlədilən "cana" sözü məhz bu semantikanı ifadə edir: məsələn "onu qırağa eliyin, cana şeydir" və s. -V.As.), "öpgə- kəsilmiş qoyunun ağ ciyərindən bir tikə", "cik-oxlov", "kakut-kəkotu", Hövüc-qoz, ceviz", "cicimay-cır alma", "işdan-şalvar", "diləmə-nişanlama", "şax-xonça" (yenə bizim tərəflərdə edilən "Şaxın qara bəzənsin!" qarğışınına diqqəti cəlb etmək istəyirəm.-V.As.), "boyun almaq-gəlin tərəfin yolu kəsib xərac alması", "həkiyə-hekayə", "lecan-iy", "oğat-ovqat", "ədqun-fərsizliyə, qeyrətsizliyə. əfəlliyə işarə ilə müəyyən şəraitdə kiməsə qoyulan ləqəb", "nara-hara-nerə-nərə", "qələ-ingiloy", "tələmk-itələmək", "tökmərək-tösmərək", "ərdöv-dev adam", "sital-tərs adam, (bu söz bizim Kiş kəndində də eyni mənada işlənir)" və bu qəbildən olan yüzlərlə sözün türk mənşəli olduğu göz qabağındadır.

(ardı gələn sayımızda)

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Müəllimlər
İnstitutu Şəki filialının
baş müəllimi.