adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Oktyabr 2018 00:12
40083
LAYİHƏ
A- A+

"Sarıbaş və Sarıbaşlılar" ətrafında düşüncələr

R.Tahirzadə
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Haşiyə: 2013-cü il noyabrın 20-də Qaxda-Ilisudan bir qədər yuxarıda, bir qisim adamların dediyinə görə, Ilisu sultanlığının atlarının saxlandığı, bir qisim adamların dediyinə görə isə rus hərbçilərinin Ilisu hakimlərini dilə tutub tovladıqları bir yer olduğu üçün "Tovla tala" deyilən və Kürmük çayın günçıxan tərəfində yerləşən səfalı bir guşədə əslən Sarıbaşdan olub, bizim bölgəmizdə xətri-hörməti, ziyalılığı və xidmətləri ilə xüsusi seçilən, 1947-ci il təvəllüdlü Abdukərim Rəsul oğlu Əliyevin ad gününə yığışmışdıq. Bu qədd-qamətli, təbəssümündən işıq, səsindən isə insana qarşı hörmət və ehtiram yağan Abdukərim müəllim söhbətləri və hərəkətləri ilə bizlərə iradə, inam, sərbəstlik bəxş edirdi.
Elə ki, qısa bir gəzinti həvəsinə düşdük, onda Abdukərim müəllim mənə doğulub boya-başa çatdığı Sarıbaşa bir qədər yaxından baxmağı təklif etdi və bu mənim ürəyimdən oldu. Abdukərim müəllimin maşınında Kürmük çayın günçıxan sahili boyunca, uçurumlar üzərindən burula-burula gedən yol ilə bir qədər getdik. Yolun Kürmrk çaya enişi üzərində dayandıq. Buradan Sarıbaş tam olmasa da, xeyli aydın görünürdü. Başını Yamac dağın döşünə qoyub dərin düşüncələrə dalan Saribaşın xatirələr içərisində uyuduğunu, üzünə gün işığı düşdükcə gülümsədiyini, üstünə buludların gölgəsi endikcə kədərləndiyini gördüm. Elə bil ki, Sarıbaş toylarla və yaslarla dolu xatirələrə bükülmüşdü. O, bu görünüşü ilə xeyrin və şərin qabağında sinə gərib dayanan, zamanın verəcəyi hər hansı bir hökmü qarşılamağa hazir olan qəhrəmana bənzəyirdi. Sarıbaş - övladının iyini alan ana, Abdukərim müəllim - anasına can atan bala timsalında idilər. Abdukərim müəllimin də üz-gözündə işıqlar və kölgələr gəzişirdi... Sarıbaşa əməlli-başli baş çəkməyimizi gündəmdə saxlamaq şərti ilə məclisə yığiışan dostlarımız çox da darıxmasınlar deyə geri qayıtmağı qərara aldıq.
Məclisin sonunda sağollaşıb dağılışarkən Abdukərim müəllim mənə bir kitab bağışladı. Kitabın müəllifi professor Rəsul Tahirzadə, adı isə "Sarıbaş və Sarıbaşlilar" idi.
Əlbəttə ki, hər kəsin öz yeri, öz yurdu haqqında danışmaq və xatirə söyləmək haqqı vardir. Yurda şeir qoşmaq şairlərin, dastan bağlamaq aşıqların, kitab yazmaq isə yazıçılarin işi olsa da, bunu ensiklopedik səviyyədə ərsəyə gətirmək hər kəsin işi deyildir. Burada sevgi, imkan və səlahiyyət məsələləri süsusi yer tutur... "Saribaş və Sarıbaşlılar" kitabını oxuyub belə bir qənaətə gəldim:
1. Bu kitabı kökləri Sarıbaşın bağrının başından su içən, su içdikcə nəsil-nəsil göyərən, ürüyüb artan, uryuklu-turuklu olan, özünəqədərki nəsillərin yurd sevgisini özündə cəmləşdirən, lap elə yazdığı kitab kimi zaman-zaman vərəqləndikcə yurd sevgisini özündən sonraki nəsillərlə paylaşa bilən bir adam yazmışdır.
2. Bu kitabı Ilisuda, Qaxda, Bakıda, Tibilisidə, Sankt Peterburqda, Moskvada və sair yerlərdə olmasından asılı olmayaraq "Ləqihəngi" ("Sarıbaşı") havasına köklənən, yurd-yuvası haqqinda tarixin verdiyi və tarixən verilən fərmanları, sərəncamları əldə edən, yurdunun itkin düşən daşlarını və daş kitabələrini -Sarıbaş məscidinin qapısı yanında üzərində qala labirintinin cizgiləri olub, 1930-cu ildə (Bax.səh.49-50.) yoxa çıxan, Səngər qalanın divarından qoparılıb, 1939-1940-ci illərdə harasa aparılan yazılı daşı, yəni yükü əyilib daşı qəribliyə düşən Sarıbaşın daşlarını yolu düşdüyü qərib ellərdə (Bax.səh.38.) axtaran, qayıdıb ağsaqqalları, ağbirçəkləri dinləyən, yaddaşını daim par-par parildayan güzgü kimi saxlayan, təkzibolunmaz faktların ona verdiyi imkanlar əsasında sözünü demək üçün məqam gözləyən bir yurdsevər qələmə almışdır və bu məqamı ona müstəqilliyimiz vermişdir.
3. Əldə etdiyi materialları, həyatda qazandığı bilikləri bir məcraya gətirmək səlahiyyəyətinə gəlincə isə bu kitabı insana Tanri tərəfindən fitri olaraq verilən müqayisə və mühakimə qabiliyyəti fonunda dərin zəkaya və ağla malik olan və eyni zamanda işıqlı insanlar tərəfindən dəstəklənən bir şəxs araya-ərsəyə gətirmişdir. O şəxs professor Rəsul Abbas oğlu Tahirzadədir - Sarıbaşlıdır. Bu kitabın çapını gerçəkləşdirən o işıqlı insanlar isə Abdukərim Rəsul oğlu və Rəsul Abdukərim oğlu -ata və oğul Əliyevdirlər. Onlar da Sarıbaşlıdırlar.

***
Bəri başdan etiraf edim ki, keçmiş, indiki və gələcək nəsillərə sevgi çələngi, imkan genişliyi və səlahiyyət böyüklüyü kimi bəxş edilən bu kitab mənə dərin təsir bağışladı: çünki orada Sarıbaşın tərcümeyi-halı, demək olar ki, bütövlüyü və tamlığ ilə verilmişdir. Bu kitabda Sarıbaşın bu günə qədər bitirdikləri və itirdikləri , bir üzü ağ, bir üzü qara ömrünün rəngləri və naxışları öz əksini tapmişdir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaşın gündüzlər Günəşlə, Gecələr Ay və ulduzlarla olan söhbətlərini, Baldırğan, Kəkilli (Çayin da kəkillisi olurmuş!-V.As.), Bulannıx çayların onun qulağına gah pıçıltı, gah şırıltı, gah da hayqırtı ilə dediklərini Kürmük çayin gurulaya-gurlaya aləmə necə bəyan etdiyini də bu kitabdan öyrənmək olar.
Bir kəndin ki, dekabrın 21-dən 22-nə keçən gecəsi "Ulu gecə" (Bax.səh.17.) ola və bu "Ulu gecə" indinin özündə də bir çox ailələrdə hörmət və ehtiramla qarşılana, o əziz axşamda bişirilən xörəklərə ruhları şad olsun deyə əcdadlarımızın adı anılmaqla duz salına, o kəndin özünün ululuğuna baş əyməmək olarmi?Axı,Təbrizdə də buna çillə gecəsi deyilir,o gecə qarpız suyu içilir, ləziz xörəklər bişirilir, yurdu qoyub gedənlərin adına duz salınır. Bir kəndin ki, fevral ayinin 5-i, 6-sı, 7-si "Günəşin təpədən aşması" günü (Bax.səh.17.) adlana və o üç gün ərzində adamlar "Günəş doğmazdan əvvəl" yuxudan durub "Alagöz dağın başındakı Yellitəpədən Günəşin necə aşmasının tamaşasına" duralar, əfsunlu gündüzləriylə də insanı Yaradana şükr etməyə çağıran o kəndin sehrinə düşməmək mümkündürmü?
Bir kəndin ki, Səngər qalasının yanında bitən qocaman cökə ağacından "1941-ci ilin aprelindən etibarən müharibə başlayan günə kimi, hətta, müharibə başlayandan sonra da (Bax.səh.37-38.) bir xeyli vaxt əməlli-başlı qan axa, nəhayət, qan ağlayan bu ağac quruya" və yaddaşlara köçə, "Kitabi-Dədə Qorqud" qəhrəmanları kimi:-Qara başım sənə qurban, ey qurumuş qaba ağac!- demədən o kəndə ayaq basmaq günaha yazılmazmı?
Bir kəndin ki, adamı hərdənbir qonşusunun sahibsiz qalan evinin qapısı önündə otura, açılıb örtülmədiyi və ya örtülüb açılmadığı üçün xiffət çəkən qapınnn da könlünü almaq istəyə, o kəndin necə zərif bir ürəyə malik olduğunu görməmək korluq olmazmı? Onda

Bu mənim kəndimdir, könül, dayan, dur!
Burda yarpaqların ətrini duyum!
Küsüb bənövşəsi, boynunu burur,
Gəl onu oxşayım, göz üstə qoyum!
deyə onun qarşısında diz çöküb torpağını öpməmək nankorluq deyilmi?
Bir kəndin ki, qərar tutduğu yer Yamac dağin sinəsi, qənşəri Qarşı dağ, sağı Calayer və Alagöz, solu Karal və Ağbulaq dağları, onların da həndəvəri Qaraqaya dağı (Bax.səh.9.) ola, hər bahar Baldırğan, Kəkilli, Bulannıx çayların (Bax.səh.18-19.) çəkdiyi nərələrdən silkələnən bir kəndi

Zirvəni qartallı, dağı dumanlı,
Göyləri hönkürən, ahlı, amanlı,
Çayları köpürən görməsəm, olmur!
Şehli lalələri dərməsəm, olmur!
deyə hayqıran bir ürəklə salamlamamaq, sonra da
Ora günbatandır, bura gündoğan...
Burda bulaqlar da həzin ötüşər.
Qonşu qız, ay mənə yad kimi baxan,
Asta get, səhəngin əlindən düşər!
deyə mürgülü xatirələri oyatmamaq manqurtluqdan xəbər verməzmi?

Burda babalar var - dərindən-dərin,
Burda nənələr var - həzindən-həzin.
Burda gözəllər var - pərdəsi-ismət,
Varliğı sadəlik, sevgi, məhəbbət.
Burda oğullar var - ellərə dayaq,
Koroğlusayaq!
həqiqətini hər şeydən əvvəl öz - özlüyündə doğru bir səmimiyyətlə etiraf edə-edə qabağına çıxan birinci kişiyə verilən "salam"ın ilahiliyini yaşamamaq ruhun ölümü sayılmazmı?

Bu mənim kəndimdir, könül, dayan, dur!
Çəkim ciyərimə yarpaq ətrini.
Vallah, min cənnətə dəyişdirmərəm
Bu sadə torpağın torpaq ətrini.
düşüncəsi ilə Sarıbaşı ürəyinə sıxmamaq, "babam ocağı" deyilən ocağı qalamamaq və o ocağın közü ilə "babam çırağı"nı yandırmamaq hər iki dünyada bağışlanmaz günah sayılmazmı?
***
Prof. Rəsul Tahirzadənin "Sarıbaş və Sarbaşlılar kitabını oxuduqca "hər hansı bir Azərbaycan kəndinin tarixini yazmaq müəyyən mənada Qafqazın, bəzi hallarda isə Yaxin Şərqin tarixini yazmaq kimidir" qənaətinə gəldim. Sarıbaşı etmologiyasına görə"tərəf" və "baş" (Bax.səh.54.) sözləri ilə (Bizim Şəkidə Yuxarıbaş adlı məhəllənin olmasını da qeyd etmək istərdim.-V.As.) izah edən, tarixən onun Ilisu və Sarıbaş üçün ortaq ocaq yeri olan "Eski kənd"in və ya "Sarvagel"in davamı kimi bizim günlərimizə qədər gəlib çatdığını göstərən prof. Rəsul Tahirzadə yazır: "Sarvageldən 2 km. şimal tərəfə köçənlər öz kəndini Sarıbaş, 4 km. cənuba köçənlər isə "Ülüsü" adlandırmışlar.

(ardı gələn sayımızda)

Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Müəllimlər
İnstitutu Şəki filialının
baş müəllimi.