adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Oktyabr 2018 00:10
51987
LAYİHƏ
A- A+

QIRMIZI KÖRPÜ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Tarixlər şahidi bu qədim körpünün bərpa edilməsində, bu günə gəlib çıxmasında həmyerliləri, əslən Kürdəmir rayonunun Mollakınd kəndindən olan, bir vaxtlar Qazax rayonunda birinci katib işləmiş İslam Məmmədovun da böyük əməyi var. İstər onun bərpasında, istərsə də sonradan yenidən qurularaq təmir olunmasında.
Onu Qazax rayonuna birinci katib təyin etməzdən əvvəl Kürdəmirdə partiya fəallar yığıncağında iştirak edən, o vaxtlar Respublika MK-sunun birinci katibi olmuş Mircəfər Bağırov onun çıxışını dinləyəndə deyibmiş: "Necə yəni Kürdəmirdə kadr yoxdur?!. Bundan gözəl kadr!. Biz hökmən ondan istifadə etməliyik!.." Beləcə də az sonra onun fəallığını, çıxışını bəyənən Mircəfər Bağırov, onu Qazax rayonuna birinci katib göndərir.
İslam Məmmədov ucaboy, yaraşıqlı bir gənc olub. Çox qısa bir vaxt ərzində rayon camaatı ilə dil tapıb, onların əzizi, sevimlisi olub. Böyük şairimiz Səməd Vurğunla dostluq əlaqələri elə o illərə təsadüf edir. Otuzuncu illərin axırı, qırxıncı illərin əvvəllərinə... Hətta bu böyük şair bu ağır itkidən təsirlənərək ölümündən sonra ona "İslam" balladasını həsr edir.
Müharibədən sonra Polşanın Vrotslav şəhərində böyük sülh konfransında iştirak edən bu dahi şair, qardaşlıq məzarlığını ziyarət edəndə bir zabit qəbri onun diqqətini cəlb edir və böyük iztirab içində bu sətirləri yazır:

Bir məzar daşına baş əyirəm mən,
Görürəm üstündə yazılmış "İslam".
Qəmlər bulud-bulud keçir qəlbimdən,
Od tutub alışır sinəmdə ilham.

Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutan, onun Böyük Vətən müharibəsi haqqında yazılmış əsərlərindən biri olan "İslam" balladası beləcə meydana gəlir. Polşa torpağının vəsfi ilə başlayan bu şeirdə, şair böyük coşqunluqla yazmışdı:

Oder çayı dolanmışdır gümüşü bir
kəmər kimi
Vrotslavın gövdəsinə;
Şırıl-şırıl göy ləpələr axdıqca
nəğmələr kimi,
Heyran olur öz səsinə.

Şair sanki öz rübabının incə, hayqırtı səsini dinləyir. O böyük insanın - İslam Məmmədovun ölümünə yanıqlı bir ağı deyir:

Deyirəm bəlkə də özüdü ki var...
O, qırxıncı ildə, rahat bir vaxtda.
Qəlbində səngiməyən böyük arzular,
Raykom katibiydi bizim Qazaxda.

Onlar çox yaxın, doğma olmuşlar. Böyük şair həmişə onun qayğısını, köməyini hiss etmişdi. Bir gün onu görməyəndə darıxar, İslam Məmmədovun yanına tələsər, onunla xoş günlər keçirərdi. Necə ki həmin şeirdə yazmışdı:

O mənə ilk dəfə əl verən zaman,
Duydu bir-birini dost əllərimiz...
Oxudum o gəncin baxışlarından,
Ki, birdir eşqimiz, əməllərimiz.

Bəli, İslam Məmmədov çox alicənab, yaraşıqlı bir gənc olub. Boylu-buxunlu, işıqlı simalı... Hətta böyük şair də həmin şeirdə onun haqqında belə deyir:

Qaməti sərv kimi, köksü irəli,
Qapqara saçları, qaşları vardı:
Bir cüt ulduz kimi gülər gözləri,
Səhəri çox zaman çöldə açardı...

Böyük şairlə yaxın dost, qardaş olmaqla yanaşı, İslam Məmmədov çox insanpərvər bir adam olub. O vaxtın partiya qadağaları, çətinlikləri də bu qayğıkeşliyini onun əlindən ala bilməyib. Şairin dediyi kimi:

Yaşıl tarlalarda günəşdən qabaq,
Əllərin sıxardı qəhrəmanların.
Əvvəl qocaları salamlayaraq,
Halını soruşardı dostum onların.

Onlar ailəvi dost olublar. Oğlu Vidadinin adını o qoyub. Şair bir dost, qardaş olaraq onun işgüzarlığını böyük ilhamla vəsf etmiş, əsil mənada çalışqan, xalqı üçün yanıb-yaxılan mübariz bir insan obrazı yaratmışdır:
Tarlalar eşitcək onun səsini,
Onun yerişindən bilirdi hamı.
Duyardı hər kəsin öz nəfəsini,
Kənd yeri sevərdi yoldaş İslamı.

Onun "İslam" şeirindəki bu sətirləri həyəcansız oxumaq olmur. O, bu şeirlə sanki qırxıncı il Qazaxının canlı mənzərəsini yaradır. Hər şey işıqlı bir tablo kimi gözlərimiz önündə canlanır. İslam Məmmədov şəxsiyyəti bir insan olaraq bizim üçün xüsusilə qürurverici olur:

Tez-tez görünərdi xeyirdə-şərdə,
Nə qədər mehriban bir qəlbi vardı.
Döşünə döyməzdi o məclislərdə,
Hər yerdə bir işdən söhbət açardı.

Şair yaxın dostu İsləm Məmmədovun vətənin ağır günündə cəbhəyə getməsini böyük coşqunluqla vəsf edir, ona son ehtiramını bildirir:

Qırx birinci ilin bir yaz səhəri,
İslam da geyindi əsgər paltarın.
Son dəfə seyr edib göy zəmiləri,
Öpdü dönə-dönə, öpdü baharı.

Bu əbədi ayrılıq onun qəlbini ağrıtsa da, İslam Məmmədov cəsarətindən, fədakarlığından sanki qüvvət alıb, öz eloğlusunun hünərlərinə fərəhlənir, əsil mənada sanki alqış deyir.

Kürün sahilindən Oderə qədər,
O neçə ölkənin suyundan içdi.
Daima dost oldu ona zəfərlər,
Alovlar içindən şir kimi keçdi.

Şair Səməd Vurğunun böyüklüyü onda idi ki, hər bir vətən oğlunu, o, özünə yaxın, doğma bilərdi. Necə ki, İslam Məmmədovu beləcə özünə yaxın, doğma bilmiş, onun yaxşı əməlləri, zəfərləri ilə öyünmüş, fəxr etmişdi:

Ağzından od çıxan ağır topları,
Oder sahilində qurdu yan-yana,
Mərmilər uçduqca Berlinə sarı,
Min salam göndərdi Azərbaycana.

Şair onun ölümünü necə də ağır, acı, yanğı ilə qeyd edir, yazır... Sanki bu ağır cəbhə yollarında həlak olan, ölən bir başqası yox, öz doğmaca qardaşıdı:

Əridi dağlarda axırıncı qış,
Qırx beşinci ilin səkkizi may günü.
Zəfər bayramına bircə gün qalmış,
Bizə qurban verdi İslam ömrünü!

Öz dostuna, yaxın bildiyin bir adama nə qədər bağlı olasan ki, ürəkdən gələn bu odlu sətirləri yara biləsən. Böyük şairimiz Səməd Vurğun "İslam" balladası ilə onun ölümünə əsil mənada yas tutur, ağı deyir, qəlbləri kövrəldir:

Yox-yox, ayrılmadı o bizdən, dostlar!
Yaşadı ən şirin xatirələrdə.
Hər il al geyinib gəldikcə bahar,
Biz onu görürük min bir səhərdə.

Adla deyilən, tarixlər şahıdı məşhur Qırmızı körpü... Vətənimizin fəxri, vüqarı...
Sərhəd keçid məntəqəsi. Böyük şairimiz nəsillərə yadigar olacaq bu körpünü, onun bərpasına rəhbərlik etmiş yaxın dostu İslam Məmmədovu, onun təmirində min bir zəhməti olan insanı qətiyyən unutmur, fəxrlə yazır:

Ellər yol üstündəki dəmir körpüdən,
Keçdikcə piyada, ya da ki atlı,
Ən əziz, ən şirin bir xatıratla
İslamı yad edir tanışlar hərdən.

(ardı gələn sayımızda)

Əlisəfa Azayev