adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Oktyabr 2018 00:09
55126
LAYİHƏ
A- A+

AŞIQ ŞAKİR SƏNƏTİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Aşıq Şakir Hacıyev sənəti haqqında danışmaq istəyəndə istər-istəməz yadına məşhur Amerika yazıçısı Cek London gəlir. Sovet hökümətinə baxıb başqa ölkələr də onun əsərlərini o qədər çap etdilər ki, hətta Amerika ilə Kanada arasında az qala qarşıdurma yaranacaqdı. Əlacsız qalıb onun sərhəddə yerləşən evini yarıya bölüb, hər iki tərəf muzey elədi.
Böyük söz-sənət ustası Şakir Hacıyev də az-çox belə bir taley yaşayası oldu. Kürdəmirlilər də, Ağsulular da onu özününkü hesab edirlər. Düzdür, o, bir vaxtlar Kürdəmirin tərkibində olan Xəlilli kəndində anadan olub, bütün taleyini Kürdəmirlə bağlamışdır. Doğulduğu kənd isə sonradan yaranmış Ağsu rayonunun inzibati ərazi vahidinə daxil edilmişdir.
Aşıq Şakir Hacıyev vaxtında çox imkansız, kasıb bir ailədə anadan olub. Uşaqlıq, yeniyetməlik illəri ehtiyac içində keçib. Nənəsi Mulxisənin bacısı Bəbir arvadın qızı Aşa xala ilə ailə həyatı qurandan sonra imkanlaşmağa başlayıb. Həyat yoldaşı çox diribaş bir qadın olub, hətta Çöhranlı kəndində kolxoz sədri işləyib.
Mulxisə nənəsi onlara tez-tez gedib-gələrdi. Elə daha çox bacısı Bədiri görmək üçün. Sonradan Kürdəmirdə şəhərin təzə məhəlləsində ev tikdirdilər. Ancaq bu, əlbəttə ki, Aşıq Şakir Hacıyev sənəti, gəliri hesabına başa gəldi.
Bir dəfə kəndləri Qaramahmudluda böyük toy idi. Daha doğrusu kəndin sayılıb-seçilən adamlarından olan Abduləziz kişinin qardaşı oğlu Vahabın böyük toyu idi. Toyu da aparmaq üçün Aşıq Şakir Hacıyevi gətirmişdilər.
Bütün kənd demək olar ki, həmin toyda idi. Aşıq Şakir Hacıyev meydana girib, sazı sinəsində çalıb-oynamağa, oxumağa başladı. Mahir el aşığı, Aşıq Bilil məktəbinin yetirməsi olan və Şirvan məktəbinin ən tanınmış nümayəndələrindən biri sayılan bu gözəl sənətkar həqiqi mənada həmin axşam onlara unudulmaz anlar yaşatdı... Şən səslər eşidilirdi:
- "Şirvan şikəstəsi" ni oxuyun!
- Baş üstə...
- İmkan olsa "El yolunda"nı da!..
- O da baş üstə...
Aşıq isə sazı sinəsinə basıb, bunlardan sonra məşhur "Nar ağacı" mahnısını, daha sonra məşhur, ona sənətkar şöhrəti qazandırmış "Nə bağ bildi, nə də bağban" mahnılarını oxudu.
Yenə də şənlik iştirakçıları onun oxumasını istəyirdilər:
- "Kəndimiz" i oxuyun!..
- "Bala Nərgiz"i!..
- "Bakı"nı!..
O, Kürdəmir rayonunda yaşamış, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin yaraşığı olmuş, hər zaman gözəl konsert proqramları ilə çıxış etmişdir.
Günorta fasilədən sonra gəzə-gəzə onlara tərəf gəldilər. Aşığın həyat yoldaşı Aşa xala atası Soltanın dost-doğma xalası qızı idi axı... Şakir bir qədər dolu, orta boylu, qarayanız adam idi. Həyətə girən kimi onu min bir dillə dindirdi:
-Ə, necəsən?!. Gəl üzündən öpüm. Adın nədi?
- Əlisəfa...
- A maşallah, belə də...
- ...
- Yox... Soltana oxşayırsan... Yoxsa bizim Ağaməhəmməd kimi, anası tərəfə çəkib...
Həmin gün Şakir çiy yumurta istədi. Üç ədəd gətirdilər. Onları bir-bir sındırıb, elə ayaqüstə içəndə, ona elə maraqla baxırdı ki... Bu marağı görüb dedi:
- Hə... Bundan sonra yaxşı olacaq... Dayının səsində heç bir xoşagəlməxlik ola bilməz. Bir sözlə "Xoruz" buraxmayacaq...
Musiqiçilərin bu dilini, əlbəttə, o vaxtlar hələ bilmirdi. Belə sözlərin mənası onda ona hələ aydın deyildi. Demə, aşıq demək istəyirmiş ki, heç bir xaric səs olmayacaq, yaxşı oxuyacaq.
Onlar əyləşib bir stəkan çay içəsi oldular. Naharı toyda etmirdilər. Ayrılanda aşıq bir daha onu qucaqladı, üzündən öpdü. Sanki öz doğmasından ayrılırdı. Səsləndi:
- Xoşum gəldi səndən...
Yanındakı qonaqlar gülüşdülər:
- Elə sənin uşaqlığına oxşayır...
- Toppuş, qarayanız...
- Qohum deyilik...
Dərhal bəndin üstə çıxıb onların arxasınca baxmağa başladı. Nənəsinin tutduğu toyuğu, hinduşka əlində qalmışdı. Aşıq əyləşsəydi atası lap qoyun kəsərdi. Ondan əziz qonaq gələcəkdimi evlərinə... Nənəsi deyirdi:
- Bacımdı da... Sən Allah, o Bədirdən muğayat olun.
Aşıq gülə-gülə onun sözlərinə cavabında deyirdi:
- Sən bizi ona tapşır. Ona kim bir söz deyə bilər? Aşa kimi qızı var...
- Yox da... Yenə kişi kişidi... Evin ağsaqqalıdı.
- Baş üstə... Tam arxayın ol. Onu elə öz anam bilirəm.
Bədir xala çox mehriban, sakit bir qadın idi. Üç qızı olsa da, Asa böyük qızı idi. Onun yanında olurdu. O biri qızları da ailəli idi. Oğlu yox idi. Hərdən qızı Quncanın oğlu Ağaniyaz onlara gəlib deyərdi:
- Ay nənə, gedək bizə də...
- Yox, ay bala... Nə fərqi var... Buradayam da...
- Qunca da qızındı da... O da sənin üçün darıxır... Elə Nazilə də...
Çöhranlı kəndi lap Kürdəmir hərbi bazasına yavxın bir yerdə salınmış kənd idi. Aşıq Şakir Hacıyev orada toyda olanda, təyyarələr qalxıb-enəndə, əlacsız qalıb fasilə edərdi. Gurultu səsindən bəzən adamın qulağı az qalırdı ki, tutulsun... Aşıq isə az sonra yenə də məclisi idarə edir, oxuyurdug Nənəsi Mulxisə hərdən onlara qonaq gedəndən sonra gəlib, o ki var aşığın gördüyü işləri, səliqə -səhmanını öyər, onu tərifləyərdi:
- Çox ağır, qonaqpərvər adamdı... Həyətdə bir neçə qoyun, erkək saxlayır. hamısının da əl-ayağı, başları, kəkilləri xınalı... Quşlar da onun kimi... Yaraşıqlı, tovuz quşu tək bəzəkli...
Bir dəfə ordan keçəndə çal-çağır səsləri eşitdilər. Deyəsən, aşığın qonaqları vardı. Meyvəli geniş həyətində hərdən belə tədbirlər olurdu... Bir dəfə onu rayon partiya komitəsinin birinci katibi Məmməd Rəhmanov çağırdı. Yanında cılız bir kişi əyləşmişdi. Katib onları tanış edərək dedi:
- Tanış ol, neftçidi... Siyəzəndən gəlib...
Məlum oldu ki, kişi oğluna böyük toy etmək istəiyr. Arzusu bu olub ki, onun oğlunun toyunu aşıq Şakir Hacıyev eləsin. Ancaq imkansız olduğu üçün, əlacı kəsilib bura gəlib. Bir vaxtlar Siyəzəndə birinci katib işləmiş, hazırda Kürdəmir rayon partiya komitəsinin katibi olan adamın yanına.
Məmməd Rəhmanov aşıqdan bir daha soruşdu:
- Yəqin ki, məni başa düşdünüz də?
- Əlbəttə ki...
- Əli mənim sevdiyim işçidi. Onun oğluna yaxşı bir toy çalıb yola verərsən.
- Baş üstə, yoldaş katib... Sizin sözləriniz mənim üçün qanundur.
- Çox sağ olun.
Başqa birisi özü gəlibmiş. Behini də verib gedir. Hətta gedəndə də deyir:
- Aşıq, inanın, gəlməsəniz, bu atı qaranəfəs edib, düz bura qədər çapıb gələcəyəm.
Kişi həmin gün nə qədər gözləyirsə Aşıq Şakir gələnə oxşamır. Əsəbi halda kəhər atını minib Kürdəmirə tərəf çapmağa başlayır. Giləzinin yanında qarşılaşırlar. Aşıq "Pobeda" maşınında gəlirmiş... Mənzil başına çatanda aşıq orada elə bir adam görməyib deyir:
- A kişi, bunun üçün hirslənib arxamca gedirsənmiş? Burada elə bir adam yoxdu axı... Bu toy şənliyini qarağanlar, yovşanlar üçün çalıb-oxuyacağam...
Kişi özünə, qonaqlara tam arxayın olduğu üçün deyir:
- Sən səbirli ol... İndi baxarıqg
Bir azdan sonra bütün Siyəzən orda olur... Aşıq Şakir Hacıyev o yerlərdə çox sevilirdi. Onun dinləməyi, onun apardığı toyda iştirak etməyi böyük şərəf sayardılar. Onunla bağlı bu eldə nə qədər xoş lətifələr, hekayətlər vardı.
Bir dəfə iki nəfər oğurluğa gedir. İnəyi açıb aparmaq istəyəndə Aşıq Şakir Hacıyevin oxuduğunu eşidirlər. Dərhal bir-birlərini dümsükləyirlər ki, sakit olsunlar... Aşıq Şakirə də Allah kömək olsun, başlayanda qurtarmaq bilirdi ki... Qoşmadan, gəraylılardan, dastanlara keçirdi... Hamısı da bir-birindən gözəl, xoş səslə, avazla oxuyardı... Oğrular bir də duyuq düşürlər ki, artıq səhərdi, dan yeri ağarır... Bir azdan günəşin qızılı şəfəqləri görünür... Əlacsız qalıb, inəyi apara bilmir, oradan qaçırlar...
"Bilik" cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi vəzifəsində işləyirdi. Aptek tərəfdən yenicə keçmişdi ki, gümrah bir səs eşitdi:
- Elli salam!
- ...
- Necəsən?!.
- Çox sağ olun, yaxşıyam, - desə də, aranı yaşıllıq az-çox tutduğu üçün səsin kimin olduğunu hələ dəqiqləşdirməsə də, onda bir doğmalıq duyurdu. Sonradan arxadan baxanda bunun kalifeyi aşıq şalvarında, paltarında olan aşıq Şakir Hacıyev olduğunu gördü... Arxasınca tələsmək istəsə də, nədənsə, dayandı. Dövlət Bankının yanında bir neçə adam onu dövrəyə almış, söhbət edirdilər.
Arada aşıq Şakir Hacıyevin xəstələndiyini eşitdi. Deyirdilər ki, bir az nasaz kimidi, özünü yaxşı hiss etmir. Qohumluq münasibətində də elə bil ki, sərinlik yaranmışdı. Bir o qədər əvvəlki kimi get-gəl yox idi. Onları daha çox elə birləşdirən Ağaniyaz idi. Hərdən avtalovka maşını ilə onlara da gəlirdi. Bir dəfə gənc həyat yoldaşı Həqiqət xanımla gəlmişdi. Üç qızı, iki oğlu vardı. Əlniyaz, Natiq onda hələ balaca idilər. Bir gün Kürdəmir rayon partiya komitəsinin binasında növbətçi idi. İstirahət günü olduğu üçün içəri tam sakitlik içində idi. Birdən ağlayış, hönkürtü səsi eşitdi. Kimsə göz yaşları içində ağlar bir səslə deyirdi:
- Aşıq Şakiri itirdik! Aman Allah!.. Daha o yoxdur, onun böyük ürəyi döyünmür!..
Küçədə toplanmış adamlar arasında xoşagəlməz bir narahatlıq vardı. Hey səslənirdilər:
- Ə, o kimdi?
- Aşıq Əhməddi də...
- Deyir ki, aşıq Şakir ölüb...
Bu ağır xəbər bir andaca ildırım surəti ilə ətrafa yayıldı. Onun evinin qabağı şakirsevərlərlə dolu idi. Burada kimlər yox idi... Respublikanın hər tərəfindən adamlar, dost-tanışlar gəlib, ona son ehtiramlarını bildirirdilər... Onun dəfni əsil ucsuz-bucaqsız təntənəyə çevrildi... Vəssiyyətinə uyğun olaraq telli saz çalınırdı. Ondan yadigar qalan Telli saz... Yetmiş illiyi Kürdəmirdə çox təntənəli qeyd olundu. Tədbirdə şöhrətli şairimiz Hüseyn Arif də iştirak edirdi.
Cavan oğul dağı görmüş bu gözəl şairin çox böyük qəlbi vardı. Hətta arada yaradıcı adamlardan söz düşəndə dedi:
- Belələrinin üstə çox getmək, sıxma -boğmaya salmaq lazım deyil. Çap etmək lazımdır. Hər çiçəyin bir ətri var... Zaman hər şeyi öz yoluna qoyub, pisi-yaxşını ayrıd edəcək.
Siyəzəndə dövlət notariusu işləyəndə, bir gün yanına iki nəfər gəldi. Onları yaxşı tanıyırdı. Onlardan biri uzun müddət rayonda yol-tikinti idarəsinə rəhbərlik etmiş Səftər kişi, o birisi sovxoz direktoru, rayon Sovetinin sədri olmuş Həbib kişi... Hər ikisinin xətrini istəyirdi. Elə o da onların. Görüşəndə min bir dillə dindirərdi onları. Səftər kişi həm də sənət adamı, itkin oğul atası idi. Qovluğundan üstünə üç şəkil tikilmiş bir neçə vərəq yazı çıxarıb ona dedi:
- Bunlar aşıq Şakir Hacıyevlə Naftalanda olduğumuz günlərin şəkilləri, xatirələridi. Elə onda da Həbib müəllimlə bir yerdə idik. Aşıq Şakir Hacıyevlə çox maraqlı görüşlərimiz, qardaşlığımız oldu. Bu şəkilləri də elə orada istirahət edəndə, müalicə alanda çəkdirmişik.
- Çox gözəl...
- Hər ikimz imzalamışıq. İndi sizdən bircə xahişimiz var. Ondan istifadə edəsiniz.
Siyəzəndə hakimi əvəz edəndə, yanına bir aşıq gəldi. Kürdəmirli olduğunu biləndə dedi:
- Gəncədə (o vaxtkı Kirovabadda) konsertdə idik. Aşıq Şakir necə ürəklə oxudusa, zaldan bir qadın səhnəyə çıxıb dedi: "Ay camaat, ərim də burdadı, məni bağışlasın!.. Mən bu aşığı qucaqlayıb öpəcəyəm!.." Necə dedisə, eləcə də etdi!..
Bax, aşıq Şakir Hacıyev belə gözəl, unudulmaz şəxsiyyətdir. Yeganə aşıq olub ki, birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Moskvada, Rusiyanın digər şəhərlərində çıxışları olub. Çox böyük şöhrət qazanıb... Qulağıma indi də onun məlahətli səsi gəlir: "Nə bağ bildi, nə də bağban!"
Aşıq Şakir Hacıyev haqqında "Telli saz yadigar qaldı" yazısı 1993-cü ildə "Qobustan" curnalında çap olundu. Sonra da "Azərbaycan" qəzetində, həmin bu şəkillə birlikdə. Aşıq Şakir adı, sənəti əsil mənada bizim adımız, baş ucalığımızdır. Onu layiqincə yaşatmalı, təqdir etməliyik!