adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Oktyabr 2018 00:15
31524
LAYİHƏ
A- A+

Biz muğama qayıdırıq

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Xalqımızın milli-mənəvi, əxlaqi dəyərlər zəminində ucaltdığı möhtəşəm sənət ucalığının qızıldan naxışı, bəzəyidir muğamlarımız. Hansı dəyərlərə mənsubluğumuzu, ulularımızın kimliyini, yaşam tərzini, sevincini, kədərini, mərdliyini, mübarizliyini özündə özündə saxlayan bu ecazkar musiqi janrı eyni zamanda bəşər mədəniyyətinə verdiyimiz ən böyük misilsiz töhfədir.
Bəli, bu qədim ecazkar sənət nümunələrimizin hər biri ahəng və harmoniyasına uyğun əxlaq, mənəvi dəyər aşılayır. Xalq şairi Bəxtiyar Vahabzadə muğamların hər birinin xüsusiyyətini dolğunluğu ilə vəsf edib. O, "Çahargah"ı- od püskürən vulkana bənzədib və qığılcımlarının insan qəlbinə çilənib yaxdığını vurğulayıb. "Bayatı-şiraz", segahın ahəstəliyinin, həzinliyinin könüllər oxşadığını bildirb.
Muğam insan səsinin sehri, nəfəs ovsunudur. Bu sehrdə, bu ovsunda ruh çırpıntıları, duyğu təlatümləri, hislərin tüğyanı, sevinc, kədər pərvəriş tapır. Muğamlarda səsin zil və bəm əvəzlənməsində duyğu və düşüncənin saflaşması, durulması onları səciyyələndirən əsas xüsusiyyətdir.
Odur ki, Azərbaycan muğamları bu kimi spesifik cəhətləri ilə seçilir. Bu tip şərq musiqisindən fərqlənir və dünyanı heyrətdə qoyur. Muğamlarımızda səsin rəng çalarları zəngindir, çoxşaxəlidir, rəngarəngdir. Qövsi-qüzeh rənginin çalarları var onların gözəlliyində, əsrarəngizliyində.
Muğam mənəvi dəyərimiz kimi insanlarda ruh yüksəkliyi yaradır. Onların düşüncələrində və yaradıcılığında mühüm rol oynayır.
Ümumilikdə, muğam aşıq sənətinə, milli dəyərlərə söykənən ümdə bir varlıq kimi məkanından asılı olmayaraq azərbaycanlıların varlığında yaşayan incəsənətdir. Muğamı inkişaf etdirmək, istedadlı ifaçıları üzə çıxarmaq isə muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. Çünki o ruhun sənətidir. İllərin sınağından çıxaraq dildən-dilə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çıxıb. Muğam sənəti əsrlər və nəsillər arasında sanki bir mənəvi körpü rolunu oynayır.
Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsi bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Bu gün Naxçıvan Muxtar Respublikasında bu sənətin inkişafına ciddi fikir verilir. Azərbaycan Respublikasının əməkdar artisti Qurban Qasımov deyir ki, Azərbaycan xanındələri digər xalqların xanındələrindən səs düzümünə görə seçilir. Ona görə də bizdə muğamlar çox gözəl ifa olunur və inkişaf edir. Həm nəzəri, həm də ifaçılıq cəhətdən. Bunun üçün də ölkəmizdə Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi muğam sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğının əməli ifadəsidir.
Mən uzun müddətdir ki, Naxçıvan Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul oluram. Bu sahəyə göstərilən diqqət özünü qabarıq şəkildə büruzə verir. Hər il muxtar respublikamızda uşaq musiqi məktəblərində, konservatoriyada müsabiqələr keçirilir, istedadlı gənclər aşkara çıxarılır, musiqimizə yeni səs, yeni nəfəs gəlir. 2016-cı ildə Naxçıvan şəhərində keçirilən "Xalq Mahnı və Təsniflərinin İfaçılıq Müsabiqəsi" və bu il Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə məktəbimizin tələbələri alqışlarla qarşılanıb.
Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Hünər Əliyev isə deyir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə məktəbimizin müəlimlərindən Əbülfəz Məmmədov, Zülfüqar Mahmudov da uşaqlarla birlikdə iştirak etdilər. Xalq artisti Arif Babayev deyib ki, "Naxçıvanda sən demə xanəndələr ordusu var. Bizimsə xəbərimiz yoxdur".
Bu gün MR-da 27 Uşaq Musiq Məktəbi fəaliyyət göstərir. Məktəblərin çoxunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlərin sayı isə az deyil. Bu onu göstərir ki, məktəblərdə bu sahəyə maraq xeyli artıb.
Qeyd etmək lazımdır ki, Naxçıvan MR-sı Ali Məclis Sədrinin "Naxçıvan MR-da Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli sərəncamına əsasən keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı muğamlarımız da gənc nəslə çatdırılır. 2012-ci ilin muxtar respublikamızda "Milli dəyərlər ili" elan olunması isə muğam musiqisi sahəsində yadda qalan tədbirlərlə əlamətdar olmuşdur. Həmin il keçirilən "Milli dəyərlərimiz-milli sərvətimiz" folklor və muğam müsabiqəsi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Muğamlar qəlbi oxşayır, ruhu titrədir, dəniz kimi şahə qalxıb hislərimizi təlatümə gətirir. Xalqımızın yaratdığı ölməzlik nümunəsi olan musiqimiz rus alimi İ. Şopen tərəfindən də yüksək qiymətləndirilmişdir. "Doğrudan da azərbaycanlılar oxumaq və instrumental ifada qonşularının müəllimi sayılırlar." Muğamlar ilahidən gələn qismətimiz, varlığımız, saflığımızdır. Düşündürən fikir karvanımız, qaynar qanımız, hissimiz, beşik nəğməmizdir. Məhz buna görə də dahi Üzeyir bəy muğamlarımızın qəlblərə ruhi qida bəxş etməsini belə mənalandırıb: "Rast"-dinləyicidə mərdlik və gümrahlıq hissi, "Şur"- şən lirik əhval-ruhiyyə, "Segah"- məhəbbət hissi, "Şüştər"- dərin kədər, "Çahargah"-həyəcan və ehtiraz, "bayatı-şiraz"- qəmginlik, "Humayun" isə Şüştərə nisbətən daha dərin bir kədər hissi oyadır. Bir sözlə muğamlar xalq şairi Bəxtiyar Vahabzadə tərəfindən öz qiymətini belə alıb.
Daş ürəklərdə yanıb, daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı yandırdı" muğam.
Dahi Üzeyir bəy muğamı simfoniya dilində dilləndirirdi. Vaqif Mustafayev bu milli sənət incimizi Avropanın ən modern caz musiqisinə sintez etməklə dünyanı heyrətdə qoydu. Əzizə Mustafazadə də atasının yolunu davam etdirib, muğam sənətimizi caz musiqisi ilə dünyaya sevdirir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü sayəsində muğam dünyanı fəth edir.
Hər il ölkə miqyasında muğam müsabiqələri keçirilir. Bir sözlə, muğam sənətinə yeni əlvanlıq və rəng qatılır. Qeyd edək ki, Mehriban xanım Əliyeva deyib: "Gənc, müstəqil Azərtbaycan qarşısında bu günümüzədək gəlib çatmış zəngin irsi bərpa edib qorumaq kimi məsul və şərəfli vəzifə dayanır." Bu mənəvu mədəniyyətimizin tərkib hissəsi və qollarından biri də heç şübhəsiz muğamlardır...
Bəli, muğam ruhun qidasıdır. Onu yaşatmaq, gələcək nəsillərə ərmağan etmək hər kəsin ümdə işi olmalıdır.
Ömür sona yetən zaman tapşırırıq körpələrə
Əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi,
Biz muğama qayıdırıq.
Adilə Səfərova,
Naxçıvan Televiziyasının
Baş redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi