adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: SON BAHARIN DİKTƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
55281 | 2018-10-09 10:13
BAXIŞ BUCAĞI

Yazını başlamazdan öncə son günlər kökləndiyimiz hava durumunun hər birimizə təsirinin özümdən uzaqlaşdırmağa çalışıram. Çünki hava elə sıxılıb, elə qaralıb ki, elə bil əsəbindən dolmuş adamdı. İndicə çırtma vursan qanı sıçarayacaq...

Görünür, adamların təbiətə bənzəri barədə deyilənlər həqiqət imiş. Belə olmasaydı, elə səhər-səhər "Azərbaycan" nəşriyyatında qarşılaşdığım adamların heç olmasa birinin sifətində təbəssüm görərdim. Amma elə bil son bahara, xüsusilə bugünkü havaya köklənmişdilər. Ovqat da bugünkü havanın ovqatı idi... Ovqat demişkən, yadıma çox da uzaq olmayan elli-obalı günlərim düşdü. O günlər ki, biz bir neçə dost hava tutulanda, göy üzünə qara bulud gələndə bir-birimizi arayıb xoş əhvalla soruşardıq:

- Bu gün havadan nə iyi gəlir?

Təbii ki, cavab da hamımızın ürəyincə olardı:

- Yeyib-içmək iyi!

Və beləcə həmin günün bir hissəsini özümüzə həsr edərdik. Özü də yağışın döyəclədiyi bir çətirin altında. Elə yer seçərdik ki, yağışın damcılarını, onun səsini eşidərdik. Bu da bizim ruhumuza bir dinclik, ovqatımıza bir şirinlik qatardı. İndi isə...

Bəlkə də bu sualı dilə gətirmək gülüncdü və yaxud da kimlərəsə ünvanlamaq yersizdi. Çünki nə zaman o zaman deyil, nə də maddi durum. İndi adamlar daha çox özünə çəkilməyə, öz süfrəsinin küncündə oturub qismətini dəyirman kimi üyütməyə çalışır. Bu gerçəklikdi. Kim istəyir dansın, kim istəyir görməsin. Amma mən hər gün bunun içərisindəyəm. Ona görə də birmənalı və bütün səmimiyyətimlə deyirəm ki, gün üyüdüb, ömür yola verib yaşamaq heç o qədər də fəxredici, şərəfli bir iş deyilmiş... Nə isə...

Bəli, həyat öz axarında, günlər, aylar öz yolunda. Artıq payızın ikinci ayı özünün ilk həftəsini yola verir. Özü də dəyişən hava durumuyla. Və bu dəyişən hava durumu adamı sual qarşısında qoyur. Fikrləşirsən ki, son bahar deyilən bu payız əgər belə haylı-küylü, toplu-tüfəngli gəlirsə, bunun ardınca gələn qış necə olacaq görəsən? Bu son baharın hay-küyündən əl-ayağa düşmüşüksə, qışında nə edəcəyik? Bilmirəm, sualların cavabı var, yoxsa yox. Amma bildiyim odur ki, həqiqətən təbiətlə və bir də yeri-göyü idarə edənlə zarafat etmək olmaz. Bütün güclərdən güclü, bütün adillərdən adil olan özü idarə edir hər şeyi. Özü də heç kimdən soruşmadan, heç kimin də ovqatını nəzərə almadan. Elə mən də öz içimdə öz dünyamı idarə etməyə çalışıram. Özü də heç kimdən soruşmadan, heç kimin də ovqatına soğan doğramadan. Və öz dünyamın yeganə səlahiyyətlisi olan sənə də bir tövsiyəm var. Demək istəyirəm ki, heç nəyə baxmadan, heç bir hava durumunu nəzərə almadan açılan səhərlərə əlini aç, sökülən dan yerinə üzünü tut və:

Sübhdən oyan, üzünü
Yuyub silmə, gözünü...
Qibləyə tut özünü -
Namaza dur...

Duanı içdən keçir
Mərasim üçdən keçir...
Sən dilində bir əcir -
Namaza dur...

Hiss etdirmə yükünü
Dərd ürəyə bükülü...
Qəm tərpətməz tükünü -
Namaza dur...

Gizlət içdə cidanı
Bu əbədi qidanı...
Sıx kirpiklə nidanı -
Namaza dur...

Yazmasam da şeirdə
Deyim uyğun yeri də...
Sən hamıdan geridə -
Namaza dur!..

***
Həyatın özünü, bizə yaşatdıqlarını və bizim onda axtardıqlarımızı bir qələmlə bir kağıza yazsaq, mənə elə gəlir ki, qələmin mürəkkəbi də bitər, bəlkə də böyük bir mətbəənin kağızı da. Ona görə ki, biz çox, bizə verilən həyat bir və bu çoxluğun da bitib-tükənməyən istəyi. Maraqlı bir məqam da var. Bir millət olaraq, bir din sahibi olaraq bizdə qəribə bir xüsusiyyət, qəribə bir təfəkkür var. Öncə özümüz üçün istəyirik, sonra övladımız üçün... Sonra nəvəmiz üçün... sonra nəticəmiz üçün... sonra... sonra... Və beləcə, bizimlə yanaşı, övladımız da istəyir, bizimlə, övladımızla yanaşı, nəvəmiz də. Bizimlə, övldadımızla, nəvəmizlə bahəm nəticəmiz də. Və yenə sonra... sonra. İndi özünüz qələmin də halını düşünün, kağızın da. Görün bu istəklərə dözə bilərmi, yazıb başa çatdıra bilərmi? Məncə yox! Ona görə də həyatın axarına qarşı yox, axırına qarşı gücün çatan kimi, təpərin olan qədər çarpışıb, vuruşub getmək lazımdı. Getdikcə də elə etməlisən ki, milyonlarla istəyinin heç olmasa beşini, üçünü ting kimi, çubuq kimi göyərdə biləsən. Göyərsin, qol-budaq açsın. Kölgəsində oturanlara səni xatırlatsın.
Təbii ki, bunun özü də istəkdi, həm də istəməkdi. Deməli, belə olan halda istəklə istəmək insana bir rahatsızlıq da gətirir. Çünki çarpışmalısan... fəaliyyətdə olmalısan... hərəkətinə son nəfəsə qədər səngimək imkanı verməməlisən. Bax, belə olan durumun içərsində də şəxsən mən yenə sənin təkcə varlığını yox, həm də dözümünü, məntiqini, qətiyyətini xatırlayıram. Görürəm ki, bütün gücünü toparlayıb həm dəf edirsən, həm də həyatın üstünə gedirsən. Bu müqavimətlə bərabər, həm də əks hücumdu. Bunu alqışlayıram və demək istəyirəm ki:

Kimə ümid bağladım
Kirpiyi nəm saxladım...
Kimi kimlə ağladım -
Bilmirəm...

Kimin üstünə qaçdım
Kimə qolunu açdım...
Kimlərlə qucaqlaşdım -
bilmirəm...

Kimdən uzaq dayandım
Kimə uzaqda yandım...
Kimi sazaqda andım -
Bilmirəm...

Kimə sığınmalıydım
Kimə yıxılmalıydım...
Kimdən çıxılmalıydım -
Bilmirəm...

Hara hörülməliydim
Kimlə görünməliydim...
O görünən məniydim? -
Bilmirəm...

Torpaq, səma, bir də su
Yanağımda girdə su...
Nəzir olar pirdə su? -
Bilmirəm...

***
Heç də təsadüfi deyil ki, adamın ovqatı onun bütün gününə hakim kəsilir. Üstəlik təkcə özünü yox, həm də ona simsar olanların əhvalını da öz təsir bucağı altına salır. Beləcə, bir ovqat bir neçə ovqata qalib gəlir. Çevrə böyüyür, əhval o çevrənin içində olanları ya sıxır turş alçaya çevirir, ya da güldürüb üz-gözlərindən səpilən nurun işığını yeddi ev o biri tərəfə də çatdırır. Bax, bunlardan hansının daha çox arzu edilən olduğunu yəqin ki, söyləməyə ehtiyac yoxdur. Amma bu gün daha çox bir istəyə, bir yaşama ehtiyac duyuram. O da öz təkliyimdən doğan, onun barı, bəhəri olan ovqatı elə öz içimdə sıxıb saxlamaq, onu kimsəyə büruzə verməməkdi.

Deyə bilərsiniz ki, burda nə çətin iş var ki? Bu iç dünyanın problemidi və onu da özün sakitcə iç dünyanın qapısını çəkib ört, pəncərələrini bağla, heç kimə də göstərmə. Danışmaq istəyəndə də dilinin altına çöp qoy...

Bəli, dünyada ən asan iş məsləhət verməkdi və bir də dünyada ən çox qınaq yeri olan məsləhət verəndi. Çünki məsləhətin iki başı var. Necə ki, çomağın iki başı olur. Bəzən biri məsləhət verənin özünə dəyir. Ona görə də mən kiməsə məsləhət verməkdən həmişə yayınmışam. Çalışmışam ki, dinləməyə üstünlük verim. Axı yaxşı dinləyici özü üçün nəticə çıxarmağı bacarır. Bax, bu mənada mənə hakim olan ovqatı mən bu yazıya köçürmədən elə özümə söyləyirəm. Bilirəm ki, onu səndən başqa kimsə duymayacaq, kimsə mənim hansı ovqatda olduğumu hiss etməyəcək. Həm də ona görə ki, mənə aid olan söhbət hardasa elə sənin özünə də aiddi. Ona görə də ikimizə aid olan mövzunun indiki andakı ovqatını şeir dilyilə pıçıldayıram:

... Onda mən hiss etmədən
Toxundum əllərinə...
Əlin uzaq getmədən -
Sarıldı əllərimə...

Bir nöqtədə birləşdi
Duyğuların axını...
Qovuşdurdu bu nöqtə -
Uzaqdakı yaxını...

Nəfəsimiz sıxdıqca
Söz içimdən püskürdü...
Dönüb mənə baxdıqca -
Dodaq qaçdı, üz güldü...

... İndi qəmli, sevincək
Təzadlı bir durumda ...
Buraxma əllərimi -
Ömrün vurhavurunda...

***
Bəli, bu gün bütün düşüncələrimin, bütün qurduğum xəyalların maketini nə qədər ütüləməyə, sığallamağa çalışdımsa, onu ovqatıma hakim olan sıxıntıdan kənar tuta bilmədim. Elə bil gerçəkdən hava durumu da mənim istəyimə qarşı gedirdi. Çünki bir hava çatışmazlığı hiss edirdim içimdə. O çatışmazlığı dolduracaq hava yox idi nə şəhərdə, nə ətrafımda. Onun üçün qapı-pəncərə də açmağa dəyməz. Çünki bu hava göy üzündən bulanıb. Onu durultmaq üçün göy üzünə doğru yol getmək lazımdı. O yolun ucunu tanıyıram, hardan başladığını bilirəm. Amma ora doğru atacağım addımı qətiləşdirə, hərəkətə gətirə bilmirəm. Ona görə ki, sənin xeyir-duanı almamışam, sənin "yaxşı yol" söyləməni eşitməmişəm. Üstəlik, arxamca atılacaq iki damlanın hələ ki, kipriyinin ucunda görməmişəm. Deməli...

Ümumiyyətlə, bu həyatın bütün sifətlərini və bütün adamlarını bir anın içərisində gözdən keçirmək imkanım olsaydı, onda həmin o dediyim yolun başlanğıcını tərəddüdsüz seçmək şansında olduğuma bəlkə də inanardım. Amma neyləyim ki, mən yalnız özümə verdiyim suallardan özüm yaratdığım cavablardan ibarət deyiləm. Mənim iç dünyamın sahibi olan sən həm də elə ÜMİDsən! Və mən də hələ bu dünya ilə təmas qurmamış, necə deyərlər, mürəkkəbi qurumamış kağıza köçürmüş olduğum misralarla sənə demək istəyirəm ki:

Məni bir az ovcunda tut
Sonra da uçur! - gedəcəm...
Canımdakı məhəbbətdən
Qalacaq puçur -
Gedəcəm...

Bir daş at qəlbin gözünə
Baxma qəlbinin sözünə...
Bir az cəfa ver özünə -
Sən özün qaçır! -
Gedəcəm...

Demirəm özünü yor, bax
Qopan meyvədi, ya yarpaq?
Mənimçün ayrılmış torpaq
Yaxasın açır -
Gedəcəm...

Nəhayət, onsuz da bütün gəlişlərin gedişləri var. Və hər kəs də bu gəlimli-gedimlidünyanın qonağıdı. Sadəcə olaraq qonaq yerini biləndə, qonaq özünü urvatlı tutanda onu qarşılayan da, yola salan da gülərüz olur. Elə deyil?!

TƏQVİM / ARXİV