adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Oktyabr 2018 22:10
33585
LAYİHƏ
A- A+

SEVİNDİRƏN ƏDLİYYƏ...

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Respublikanı az-çox gəzən, həmin strukturların yerləşdiyi binada olan, kadrları az-çox tanıyan bir adam kimi deyə bilər ki, son illər ədliyyə sahəsində xeyli ürəkaçan irəliləyiş var. Bir bu sahələrdə yox, icra işi, pentensiar xidməti sahəsində də. Ədliyyə işçilərinin rahat iş yerlərində yaraşıqlı formalarında görəndə adamın ürəyi açılır. Nazir Fikrət Məmmədov vaxtaşırı olaraq yerlərdə olur, görülən işlərlə maraqlanır. Siyəzənə təzə binaya baxmağa şəxsən özü gəlmişdi. Ədliyyə Nazirliyi Xaçmaz rayonu regional idarəsinin müasir tipli dördmərtəbəli binasının açılışında ona çox yaxın dayanmışdı. Gözəl çıxış elədi, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışdı.
Belə bir insanın qayğıkeşliyindən sonra yaxşı işləməyəsən, göstərişlərə az-çox əməl etməyəsən, vallah, günah olar. İnsan ona nəsib olan səadəti qiymətləndirməlidir! Bəxtimizə, taleyimizə düşmüş bu xoş günlərin qədrini bilməliyik! Sevinirik ki, ədliyyəmizin 100 illik yubileyini üzağlığı ilə qarşılayırıq! Vaxtı ilə onların ucaltdığı, əsl mənada göy qurşağını xatırladan o üçrəngli gözəl, yaraşıqlı bayrağımızı ilk dəfə onlar qaldırıblar axı... Elə işləyək, fəaliyyət göstərək ki, onların adına, əməllərinə layiq olsun!
Bu günlərdə cənab nazir Fikrət Məmmədova bir məktub yazmışdı. Burada da həmin məsələdən bəhs etmək istəyir.
Çox istərdi ki, ədliyyənin 100 illiyi münasibəti ilə Bakı şəhərində Ədliyyə Nazirliyinə və ya Ədliyyə Akademiyasına yaxın bir yerdə "Ədliyyə Evi" açılsın. Onun kimi təqaüdçülər lazım gələndə orada görüşə, toplana bilsinlər. Unudulmadıqlarını, hələ də Vətənə lazım olduqlarını hiss etsinlər. Bunun həm də çox böyük mənası, dəyəri var. Necə deyərlər, filosoflar demiş, orada başqa bir şey yox, yalnız kitabxana, kiçik bir bağça olaydı.
İnanın, gənc ədliyyə kadrlarının formalaşmasında bu addım əvəzsiz olar. Sizə də məlumdur ki, insan daha çox oxumaq, mütaliə etməklə, bir lə oxuduqlarını, əldə etdiyi məlumatları bir başqaları ilə bölüşdürmək, fikir mübadiləsi etməklə kamilləşir. Ola bilsin ki, bu sahədə az-çox xidmətləri olan həmyerliləri İkram Kərimovu, Ağamməd İbişovu orada daha yaxından görə bilər, iş təcrübələrindən bəhrələnər. Gənc ədliyyə işçilərinə örnək olası kitablar yazar, çap etdirər.
Həm də yazı-pozu əhli olduğumu gözə soxmaq fikrində deyil. Ancaq inanır ki, təzə qəzetləri, kitabları oxumayan bir gəncdən yaxşı ədliyyə işçisi olsun. Ədliyyə işçisi hər şeydən əvvəl insanlara işləyir. Az-çox onlara bələd olmalıdı. Bu da lazımi mütaliə olmadan qətiyyən mümkün deyil. Düzdür, sən qanunu, məcəllələri əzbərləyə bilərsən. Üzr istəyirəm, sənə heç bir fərq olmayacaq. Yaxşı ədliyyə işçisi olmaq üçün daim öz üzərində işləməli, dünyanın son yeniliklərinə, bədii sözün qüdrətinə bələd olmalısan.
Qədim Yunanıstanda vəkilə ehtiyac yox idi. Hər bir şəxs özünü müdafiə etmək üçün natiq olmalı idi. Qədim Romada isə qanunlar o qədər çoxaldı ki, vəkilə ciddi ehtiyac yarandı. Necə ki, indi bizdə... Ancaq bütün bunlarla yanaşı, indi hər bir vətəndaş qanun-qaydadan az-çox məlumatlı olmalıdı. Onların qarşısında dayanmaq, duruş gətirmək üçün daha hazırlıqlı olmalısan. Bütün bunlar istər hakimə, istərsə də notarusa, VVAQ müdirinə, icraçıya, pentensiar xidmətinin əməkdaşı olsun, hamısına aiddir.
Heç vaxt yadımdan çıxmır, bir hakimlə partiya vaxtı birinci katib öcəşdi. Katib onu rayondan əsil mənada qovub çıxartdı.  Sonradan həmin katib xəcalət içində deyirdi: "Ə, mən nə bilim... Demə, onun vəzifəsi seçkili imiş"...
Rayonları Kürdəmirdə cavan bir hakim vardı. Əslən Astaradan idi. Elman Hüseynov... Katibin bütün haqsızlıqlarına dözüb, əsil mənada hakim ləyaqəti göstərdi. Hətta işdən azad olunsa da, onda əyilmədi, qanun-qaydanın tələblərini gözlədi, öz sözünü dedi. İnanın, belələrini Allah da sevir! Nahaq yerə peyğəmbər haqsızlıq qarşısında susanları "dilsiz şeytanlar" adlandırmayıb ki.
Bu yerdə tibb aləmində çox məhşur olan bir misal yada düşür. Deyir Almaniyanın kansleri Bismark çox sərt adam imiş. Bərk xəstələnəndə, bütün həkimlər çalışsalar da, onu müalicə edə bilmirlər. Bir sözlə, kanslerin sərtliyindən qorxan, ehtiyatlanan həkimlər onu sorğu-sual edib, düzgün diaqnoz qoya bilmirlər. Şivenninger adında bir cavan həkim gəlir. Bismark sorğu-sual zamanı ona da alın turşudanda deyir: "Cənab kansler! Mən baytar həkimi deyiləm. Çox xahiş edirəm, sorğu-suallarıma doğru-düzgün cavab verin, diaqnoz qoyub sizi sağaldım".
Belə də olur, həkim diaqnoz qoyub, onu müalicə edir. Kansler sağalır və ömrü boyu onu yanında saxlayır, şəxsi həkimi olur. Bəli, düz söz ilk baxışda kimə xoş gəlməsə də, nəcib adamlar bunu qiymətləndirirlər. İnanın, həmişə hiss eləmişdir ki, ədliy yə naziri Fikrət Məmmədov belə nəcib bir adamdır.
Artıq təqaüddədir. Ədliyyəlik elə bir işi olmasa da, haqqı, ədaləti demək onun mənəvi borcudu. Başqalarını bir o qədər deyə bilməsə də, şəxsən o özü nazirdən həmişə hörmət görüb. Onun qayğısı ilə "Bilgəh" sanatoriyasına yollayış (putyovka) alıb, orada həm də "Sanatoriya əhvalatları" povestini yazıb.
Bugünlərdə az-çox tanıdığı notariusların həyatından "Qırxqardaş" adlı bir kitab yazmaq həvəsinə düşdü. Bir sözlə, iki yüzə yaxın notariusun qırxının portret cizgisini yaratmaq... Bu da səbəbsiz deyil. Qədim kitablarda deyildiyi kimi, işçinin yaxşı işləməsi üçün onu cəzalandırdığın kimi mükafatlandırmağı da bacarmalısan... Xoş söz isə həmişə az-çox xeyir gətirir.
Ədliyyə Döş nişanlı sabiq dövlət notariusu kimi bu kitabı ədliyyənin 100 illiyinə hədiyyə etmək istəyir. Sağlıq olsun... Onun yazılıb tamamlanmasına, çap olunmasına səy göstərəcəkdir. Bu barədə baş idarəyə də bildirib, rəsmi məktub yazıb.
Notariuslarla görüşəndə, onlarla bu barədə fikir mübadiləsi edəndə, onların bəzisini çox narahat görür. Bir yana baxanda onları da qınamır. Hələ də bəziləri dördüncü hakimiyyətin qüdrətinə bələd deyil. Yazını alver malına çevirənlərdən gözləri qorxub. Yersiz tənbeh eşitmək istəmirlər.
İnsan qəlbən təmiz olanda, haqq-ədalət üçün çalışanda, özünü güclü, haqlı hesab edir. Belə yersiz iradları da çox vaxt nəzərə almır. Axı bu ömür bizə bir dəfə verilir. Onu da ləyaqətlə yaşamalıyıq. Bəyəm nazir istəmir ki, onun işçisi, əməkdaşı daha yaxşı fəaliyyət göstərsin?!. Öyülsün, onun haqqında yazsınlar?!. Axı əməkdaşın yaxşı işindən bəhs etmək elə nazirliyin yaxşı adıdı!
Bəli, öz iş sahəsində az-çox baş girləyənlər, həmişə rahatlıq içində olanlar belə işlərdən daha çox uzaq qaçanlardı. Güzgüdə əyri görünəcəklərindən, nöqsanlarının aşkar olunacağından ehtiyatlanırlar. Düz işin heç bir qoruq-qaytağa ehtiyacı yoxdur! Qoy kim nə deyir desin, yazır-yazsın!.. Bir də ki, axı bu ədliyyə işçiləri də sabah baba olacaq, nəvələri qarşısına çıxacaqlar. Onlar bir o qədər gizli idarənin işçiləri deyillər ki, hər şey qapalı, sirli qalsın.

Əlisəfa AZAYEV