adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Oktyabr 2018 09:05
33280
LAYİHƏ
A- A+

SEVİNDİRƏN ƏDLİYYƏ...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Bəli, ədliyyənin öz əməkdaşlarım, kədərləndirən günləri çox olub. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi illərindən isə bu nazirlik əsil mənada çiçəklənən dövrünü yaşamağa başlayıb. Prezidentimiz İlham Əliyevin qayğısını onun əməkdaşları bu gün də hiss edir, duyurlar.
İndi işlər az-çox yoluna düşüb. Müstəqilliyin ilk illərində heç də belə deyildi. Elə öz fəaliyyətimdən bəhs etmək istəyirəm. 1994-cü ildə oktyabr hadisələri ilə əlaqədar nazirlər yerlərə ezam olunmuşdular. Onda Kürdəmir rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyir, hakim məzuniyyətdə olanda onu əvəz edirdi. Yaradıcı bir adam kimi üç bədii kitabı çap olunsa da, hələ də öz ixtisası üzrə işlə təmin olunmamışdı.
Aydın idi ki, o vaxt əsil hürriyyət vaxtı idi. Hərənin ağzından bir avaz gəlirdi. Rayon Mədəniyyət sarayında ədliyyə nazirini əvəz edən şəxsin iştirak etdiyi tədbirdə çoxları kimi o da çıxış etdi. Çıxışı alqışlarla qarşılandı. Bəlkə də onun bu son sözləri idi onlara xoş gələn: "Yaxşı, indi siz kimin arxasınca getmək istəyirsiniz?!. Kreml yüksəkliyindən dünyaya baxmış Heydər Əliyevin, yoxsa bu naşı adamların?!."
Bir gün də Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Soltan Hüseynov ona dedi ki, Prezident Aparatında Südabə xanım Həsənovanı gördüm. Dedi ki, sizə deyim, tələsməyəsiniz, bir kadr kimi sizdən istifadə etmək istəyirlər. Beləcə, o, Siyəzənin dövlət notariusu təyin olundu. Əslində onu hakim göndərmək istəyirdi. Prezident təyinatı saxlamışdı. Az sonra test imtahanları, seçkilər başladı.
Siyəzəndə olanda isə, ilk vaxtlar dövlət notariusu təyin olunsa da, nə otaq vardı, nə möhür... Diplomu saxta çıxmış qız müdafiə olunur, arxivi belə təhvil vermirdi. Rayon inzibati orqanlarının, rəhbərliyin bu mövqeyi onu təsirləndirən kimi oldu. Yollarda qalmışdı. Bir gün əlacsız qalıb komissiya təşkil edərək qapını açdırdı... Təşkilati işdən gəlmişdi, az-çox belə işlərin yolunu bilirdi. Təzə möhur düzəltdirib fəaliyyətə başladı.
O vaxt Siyəzəndə "balıq mafiyası" çox güclü idi. Polis rəisinə bir sutka vaxt verib rayondan çıxartdırdılar. Rayon prokuroru öz otağında döyülüb, rayondan gedəsi oldu. Onda onu Respublika Prokurorluğu da müdafiə edə bilmədi. Hakim az sonra rüşvət üstə şərlənib həbs olundu. 1995-1996-cı illərdə Siyəzən rayon dövlət notariusundan çox, həm də İcra hakimiyyətinin mühazirəçisi kimi fəaliyyət göstərirdi. O tədbir yox idi ki, orada ona söz verilməsin. Həm də professor Murtuz Ələsgərovun aspirantı idi axı. O da o vaxt Milli Məclisin sədri idi. Yeni Konstitusiyanın layihəsi müzakirə olunurdu. 
Siyəzən rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müzakirədə ona da söz verildi. Tədbirdə Prezident Aparatının nümayəndəsi və deputat Maksud Musayev də iştirak edirdi. Bilmədi onların təklifi oldu, yoxsa başçının özünün gəldiyi nəticə... Rayonun ən iri təşkilatlarında onun çıxışları təşkil olunmağa başladı. 2500-dək işiçisi olan böyük neft təşkilatı NQÇİ-də müzakirəni rayon prokuroru Mehman Zeynalov keçirməli idi. 1000 nəfərdən artıq neftçinin o günlərdə isə çıxmadığı, tətil etdiyini görüb bir bəhanə ilə Bakıya getdi. Başçının tapşırığı ilə həmin təşkilatdakı müzakirədə o iştirak edəsi oldu. Düz iki saat onların qarşısında çıxış elədi. Saat yarım da sorğu-suallarına cavab verdi.
Hakim yanlışlıq nəticəsində həbs olunaraq tutulanda düz yeddi ay Siyəzən rayon xalq məhkəməsinə sədrlik elədi. Bu müddətdə yüzlərlə mülki cinayət, inzibati işə nəticə versə də, biri də ləğv olunmadı. Yalnız bir işdən prokuror cəzanın yüngüllüyünə görə protest verdi. Onda da Ali Məhkəmənin göstərişi ilə qonşu Dəvəçi rayonunda həmin işə baxan iyirmi beş illik təcrübəsi olan hakim, onun seçdiyi cəzanı, müddəti qüvvədə saxlayası oldu.
2000-ci ildə ədliyyə naziri Fikrət Məmmədovun bu sahədə fəaliyyətə başlaması ilə yeni bir dövr başladı. Elə qeydiyyat və notariat sahəsində də. Baş İdarənin rəisi İlqar Məmmədov çox səmimi bir insan idi. Prezident Aparatından bu işə gəlmişdi. İlk tanışlıqları hələ də yadındadı. Səhvən onu yox, köməkçisini rəis bilib ona müraciət etmişdi. Demə İlqar müəllim sadə bir insan kimi kompüter aparatı arxasında əyləşib yazı yazırmış.
Onda onu səmimiyyətlə qəbul elədi. Problemləri ilə maraqlandı. Onları yazıb bildirməyi tapşırdı. O da onda baş idarəyə, rəisə geniş bir məktub yazıb, yerləşdiyi otaqların çox yararsız olduğunu göstərdi. Həm də bir neçə təklif verdi. Xüsusilə vərəsəlik işlərinə aid qeydiyyat kitablarının çapı barədə.
Az sonra ədliyyə naziri Fikrət Məmmədov Siyəzənə məhkəmə binasının təmirindən sonrakı açlışına gələndə, Notariat Kontorunun yerləşdiyi otağa şəxsən baxıb, yeni binanın tikilməsi barədə elə oradaca göstəriş verdi.
Beləcə, müasir tipli ikimərtəbəli bina respublikamızda üç yerdə - Samuxda, Salyanda, Siyəzəndə tikilməyə başladı. Hər bir şəraiti olan həmin müasir bina 2007-ci ildə istifadəyə verildi. Düz on il orada işləyərək siyəzənlilərə notariat xidməti göstərdi. Özü də müasir tələblər səviyyəsində. Bu müddətdə orada illərlə Xızı, Dəvəçi (hazırkı Şabran) rayon dövlət notariuslarını da əvəz elədi.
Təqaüdə çıxanda xidmətləri layiqincə qiymətləndirildi. Respublika notariusları içində ilk dəfə o, ədliyyənin ən yüksək mükafatına - ədliyyə Döş nişanına layiq görüldü.
Bu müddətdə onun notariat işindən bəhs edən yazıları respublikanın mərkəzi qəzetlərində dərc olundu. "Azərbaycan" qəzetində dərc olunan "İnam, ümid yeri" yazısı nazirin belə diqqətini cəlb etmiş, həmin qəzetin şəxsi işinə əlavə olunması barədə göstəriş vermişdi.
Nəticələr göstərir ki, onun təqsiri səbəbindən iyirmi bir il ərzində əsaslı bir ərizə-şikayət yaranmamış, bir işi belə ləğv olunmamışdı. Nazirin göstərişi ilə ədliyyə Döş nişanı ona təqdim olunanda idarə rəisləri Mehman Soltanov Siyəzənə gəlmişdi. Rayon rəhbərlərinin iştirakı ilə çox təntənəli bir tədbir keçirildi. Axırda yaxşı bir ziyafət verildi. Gül dəstəsi əlində rəislə birlikdə çəkilmiş şəkli indi də internetdə göstərilir. Onda AzərTAC-da bu barədə xüsusi məlumat yaymış, "Ədəbiyyat" qəzeti geniş məqalə dərc etmişdi.
O, həm də yazıçı idi axı. Detektiv əsərlər yazırdı. Həmin tədbirdə Yazıçılar Birliyinin ona təbrik məktubu oxundu. İsmayıl bəy Qurtqaşınlı adına mükafata layiq görüldüyü bildirildi. Onda mükafatın sənədi ona təqdim etsələr də, mükafatın özünü sonradan Yazıçılar Birliyində şöhrətli yazıçımız Çingiz Abdullayev təqdim elədi. Hətta söhbətarası bildirdi: "Ədliyyə naziri, müavinləri sənin xətrini çox istəyirlər".
O, bu yaşa gəlib, heç vaxt haqqı-nahaqqa vermək istəməyib. Ədliyyə Nazirliyi, onun strukturlarında görülən işlər həm də onun gözləri önündə olub axı. İslahatlar nəticəsində ötən illərdə bu sahədə çox, xeyli iş görülüb. İstər məhkəmələrdə, ədalət mühakiməsinin həyata keçirilməsində, istərsə də Qeydiyyat və notariat işi sahəsində...

(ardı gələn sayımızda)

Əlisəfa AZAYEV