adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Oktyabr 2018 21:31
29263
LAYİHƏ
A- A+

"Balaca oğrunun etirafı"

(xarici novella)

Maks YURBİNİ

Oyunun qurtarmasına 5-6 dəqiqə qalırdı. Hesab hələ açılmamışdı. Braziliya yığma komandası ilə görüşdə Hollandiya millisi azarkeşlərini sevindirmək üçün çox səy göstərsə də, hər dəfə qol vurmaq şansını itirirdi. Stadiona toplaşanlar isə son dəqiqəyədək möcüzə baş verəcəyinə olan inamı itirmirdilər. İlk dəfə idi ki, Niderland komandası dünya çempi-onları ilə qarşılaşırdı.
Bütün Hollandiya həmin gün Amsterdamın "Olimpiya" stadionuna gəlmiş 60 min xoşbəxtlə bərabər futbol həyacanı keçirirdi. Gərginlik hər saniyə artırdı. Hər bir yer üçün "qara bazarda" iki qat, hətta üç qat pul ödəmiş bilet sahibinin ağlına gəlməzdi ki, matç qurtarmamış stadionu tərk etsin.
Fəxri qonaqlar üçün ayrılan lojada əyləşən 15 yaşlı bir oğlan bütün oyun ərzində yerində sakitcə oturub, yanındakılarla da heç bir söhbətə qoşulmurdu.
Lal-kar adama bənzəyən gənc oğlan Hollandiya idmanı tarixində göstərilən bu sehrli tamaşaya sanki biganə idi. O, ayağa qalxıb, oturanların cərgəsindən çıxmağa başladı.
- Əyləş! - arxadan qışqırdılar.
- Bağışlayın, mən təcili getməliyəm, - deyə, çox zəif səslə oğlan cavab verdi.
O, çətinliklə də olsa həmin sırada oturanların cərgəsindən çıxa bildi. Bütün baxışlar yaşıl meydana dikilmişdi. Hətta təlimatı unutmuş polislər də tamaşaçılara qoşularaq, onlarla birlikdə qışqırırdılar. Oğlan vəziyyətdən istifadə edərək, 3-4 maneəni aşıb, futbolçuların paltar dəyişmə otağına tərəf üz tutdu. O, xəlvəti əvvəlcə sağa, sonra isə sola baxaraq gözdən itdi. Oyunun qurtarmasına 1 dəqiqə qalırdı, hesab isə əvvəlki kimi 0:0 idi.
10 saniyə qalmış Petersonun zərbəsi dəqiq oldu. Qol!... Tamaşaçıların qulaqbatırıcı qışqırtısından elə bil göydə ildırım çaxdı. Peterson qapıçı Jilmarı aldadaraq, qələbə topunu vurdu. Bəli, bütün Hollandiya sehrbazlar üzərindəki qələbəni bayram edirdi. Meydanda, tribunalarda, hətta rəsmi qonaqların lojasında hamı bir-birini qucaqlayaraq təbrik edirdi. Görüş başa çatdıqdan sonra "Olimpiya" stadionunun rəsmi qonaqlar salonunda qələbəni şampan içməklə qeyd edirdilər. Yaxındakı kafelər isə pivə həvəskarları ilə dolu idi. Elə həmin vaxt 15 yaşlı hollandiyalı məktəbli "daban alıb" qaçırdı. Amma gödəkçənin altında nəyisə gizlətdiyi bilinirdi...
"Cənab Pele!
Artıq bir neçə həftədir ki, Sizə məktub yazmaq istəyirəm, ancaq hər dəfə nə isə mənə mane olur. Bilmirdim ki, bağışlanılmaz səhvi necə etiraf edim. Bu gün isə məktubu yazmağa cəsarət etməyimə səbəb kilsəyə getməyim oldu. Keşiş məsləhət gördü ki, etdiyim günah əməldən təmizlənmək üçün hər şeyi Sizə danışmalıyam. Təəssüf ki, Braziliya çox uzaqdır. Kim bilir, haçan yenidən Amsterdama gələcəksiz? Beləliklə, gördüyüm işdən peşmançılıq çəkmək nə qədər ağır olsa da, məktubu Sizə göndərirəm...
Deməli belə, cənab Pele, keçən ilin aprel ayında Braziliya yığma komandası bizim şəhərdə qonaq olanda mən Sizi qarət etmişəm. Dünyada məşhur olan 10 nömrəli köynəyinizi oğurlamı-şam. Mən özüm də futbol oynayıram. Və elə zənn etdim ki, Sizin köynəyinizi geyinsəm, yoldaşlarım çox təəccüblənəcəklər. Bir gün səhər hamıdan tez klubun paltardəyişmə otağına gəldim. Paltarımı dəyişib, butslarımın bağını bağladım. Sonra isə, Sizin köynəyinizi səliqə ilə masaj stolunun üstünə qoydum. Bir neçə dəqiqə həmin köynəyə baxdıqdan sonra Sizi, cənab Pele, futbol sehrbazını, azarkeşləri və rəqibləri ovsunlayan futbol ulduzunu bir anlığa xəyalımda canlandırdım. Siz Amsterdam stadionunun yaşıl meydanında yarım saatdan çox olmadınız. Topa vurulan ilk zərbədən sonra azarkeşlərin nəzərlərini digər futbolçular cəlb etmişdi. Mən isə yalnız Sizin oyununuzu izləməklə hər vəchlə çalışırdım ki, futbolun mahiyyətini dərk edim. Elə o zaman köynəyinizdə hansısa fövqəltəbii bir qüvvənin olduğunu zənn edib, onu oğurlamaq qəra-rına gəldim. Ola bilər, bu iş bir qədər gülməli görünsün. Ancaq məşhur futbolçu olmaq arzusu ilə yaşayanda adamın ağlı çaşır.
Sizin köynəyinizi, cənab Pele, mən ikicə dəqiqəliyə geyindim. Güzgüyə baxarkən etdiyim hərəkətdən utandım. Utandım, ona görə ki, Sizin icazəniz olmadan dünya çempionunun köynəyini geyib, özümü dahi Pele kimi görmək istədim. Belə hərəkəti yalnız oğurluq adlandırmaq olar.
Peşmançılıq hissi keçirdiyimdən, tez köynəyi çantama qoyub, öz daimi idman paltarımı geyindim. Mən bunu yoldaşlarım gələnə kimi edə bildim. Cümə axşamı idi. Məşq oyununun keçirilməsi günü idi. Həmin gün mən ən pis oynumu oynadığımdan görüşün ikinci hissəsində əvəz edildim. Çox qəmgin halda evə qayıtdım. Tez köynəyi çantadan çıxardıb şkafda gizlətdim.
O, xeyli müddət şkafda qaldı. Bu vaxt ərzində mən nə futbol oynaya bilirdim, nə də rahat yata bilirdim. Yoldaşlarıma deyirdim ki, xəstəyəm və həkim mənə məşq etməyə icazə vermir. Rahatlıq tapmağa çalışırdım. Elə bu səbəbdən də kilsəyə gedib tövbə etməyi qərara aldım. Keşiş məni diqqətlə dinlədikdən sonra Sizə məktub yazmağı, üzr istəməyi və köynəyi qaytarmağı məsləhət gördü. Ünvanınızı dəqiq bilməsəm də, keşişin məsləhətinə əməl edirəm.
Elə bilirəm zərfin üstündə: "Braziliya, cənab Peleyə" - ünvanını yazsam, bütün dünya poçtalyonlarına aydın olar. Dönə-dönə Sizdən üzr istəyirəm. Əminəm ki, günahımdan keçərsiz. Zənn edirəm, hər gün Sizin gördüyünüz işin yüzdə bir faizini görə bilməyəcək zavallı futbolçunu anlayarsız.
Keyes, Amsterdam".
Həmin məktubun paketlə bərabər ünvana çatmasına mində bir şans var idi.
Lakin bəzən möcüzələr də olur. Pele, demək olar, hər gün kiminləsə söhbət etmək və ya ona ünvanlanan məktub və bağlamanı qəbul etmək üçün klubun idarə heyətinə gəlirdi. Bu gün aldığı paket onu çox maraqlandırdı. O, katibədən soruşdu:
- Bunu kim göndərib?
- Bilmirəm, paketə bir məktub da əlavə edilib. Buyurun, oxuyun!
- Hansı dildə yazılıb?
- Güman edirəm, alman dilində.
- Orada nə yazıldığını bilmək istərdim.
Katibə həmişə Pelenin xahişini yerinə yetirdiyi üçün bu dəfə də məktubu tərcümə etməyə verdi. Məlum oldu ki, məktub holland dilində yazılıb. Pele məktubla tanış olduqdan sonra əhvalı xeyli dəyişdi. Bir qədər fikrə gedib cavab məktubu yazmağa başladı:
"Keyes!
Mən sizi oğru hesab etmirəm. Görürəm, futbolu çox sevirsiz. Odur ki, həmin köynəyi Peledən və Braziliya komandasından xatirə kimi özünüzdə saxlaya bilərsiz. Haçansa yenidən Hollandiyaya səfər etsək, o zaman mehmanxanaya gələrsiz və mən məmnuniyyətlə sizinlə tanış olaram.
Pele".
Bir neçə gündən sonra Keyes həyatında onun üçün ən əziz olan hədiyyəni qəbul etdi. Elə o gündən 15 yaşlı oğlan Pelenin məktubunu portmanetdə ürəyinin üstündə saxlayır.