adalet.az header logo
  • Bakı 20°C
29 Sentyabr 2018 10:45
107707
LAYİHƏ
A- A+

Ərim mənə toxuna da bilmirdi – Azərbaycanlı qadının hekayəsi


Xəbər verdiyimiz kimi, "Ədalət” qəzeti "Azərbaycanlı qadının hekayəsi” adlı yeni layihəyə start verib. Bu layihədə qadınlar öz dərdlərini, yaşadıqları çətinlikləri yazıb bizə göndərəcək. Hazırda çoxsaylı məktublar almışıq.

Adalet.az "Azərbaycanlı qadının hekayəsi” layihəsindən növbəti yazını təqdim edir. Xanımın xahişi adını, soyadını yazmır, anonim imza kimi qadının yazdıqlarını diqqətinizə çatdırırıq.

Sizə bunu yazmaq mənə çətindi. Amma ürəyimi kiməsə boşaltmalıydım. Bilmirəm, necə olacaq. Yazmaq da çətindi. Bacarmıram yazmağı.

20 ildir evli olduğum bir adam var idi. İndi yoxdu. Rəhmətə gedib. Biz sevgiylə ailə qurmamışıq. Bizi zorla evləndiriblər. Mənim onda 13 yaşım var idi.

Çətin günlər idi. Heç cür alışa bilmirdim. Təhsil almaq fikrim var idi. Alınmamışdı. İstədiyim adama getmək istəyirdim. O da alınmadı. Qaldım heç tanımadığım bir adamın əlində.

Amma onu deyim ki, yaxşı adam idi. Məni çox sevirdi. Biz birlikdə olanda heç cür onunla yaxın münasibət qura bilməmişəm. Diksinmişəm nəsə. Uzaq durmuşam ondan. Hər dəfə məni qucaqlamaq istəyəndə itələmişəm. Qəribə gələ bilər ki, bəs necə yaşamısınız bir yerdə. Çətin idi, hə, çox çətin. Amma yaşamalıydıq. Boşana da bilmirdim. Qorxurdum açığı. O da sevdiyi üçün boşana bilmirdi.

Hamı bizi ideal ailə hesab edirdi. Bircə uşağımızın olmamağını soruşurdular. Niyə yoxdur? Niyə olmur? Bezdirmişdilər. Daha deyə bilmirdim ki, ərim mənə heç toxuna bilməyib. Hərdən ona da deyirdim. Deyirdim, niyə çıxıb getmirsən, səni yaxınıma da qoymuram. Nə tapmısan məndə? Başlayırdı başını bulamağa. Bilmirəm deyirdi. Əl çəkə bilmirəm səndən. Məni rayonda lap balacalıqdan tanıyırdı. Sonra da sevmişdi. İmkanlı ailə idilər. Elçi düşdülər. Atam da verdi. Amma belə olacağını bilmirdi. İlk gecə yorğunam dedim. Sonralar da bəhanələr gətirdim. Bəhanələr qurtaranda isə ondan xoşum gəlmədiyini dedim. Çox pis oldu. Hər gün içirdi. Dalaşırdıq. Düzdü, adamın üstündə Allah var, heç vaxt mənə əl qaldırmayıb. Eləcə qışqırırdı, niyə ona zülm verirəm deyirdi.

Bir gün belə olmayacağını anladım. Dedim ki, başqa bir qadın tap, onunla yaşa. Mən heç nə deməyəcəm. Əvvəl-əvvəl razılaşmadı. Dedi, elə bir şey ömründə ola bilməz. Rusiyaya işləməyə gedirdi arada. Sən demə, orda bir rus qadını ilə münasibəti varmış. Sonradan öyrəndim. Heç nə demədim amma. Əksinə razılaşdım. Nə deyə bilərdim ki ona? Sevmirdim. Yaxınıma qoymurdum. O belə necə yaşaya bilərdi?

Uşaq götürdük sonra. Balaca bir qız. Elə şirin qızdı ki. Başımı onunla qatdım. Qaçmaq istəyirdim. Türkiyəyə. Qızımı da götürüb qaçacaqdım. Danışdığım biri də vardı. Onunla cəmi bir dəfə görüşmüşdüm. O da qorxa-qorxa. Mən qabaqda gedirdim, o arxada. Kafedə də lap künc yerdə oturmuşduq. Qorxurdum ki, ərim görər. Belə məni sıxmırdı. Amma çox qısqanc idi. Bilsəydi, belə bir şey var, ikimizi də öldürərdi. Yaxşı ki, xəbəri olmadı. Türkiyəyə qaçmaq istədiyimi dedim danışdığım oğlana. Mənnən yaşca balacaydı, qorxdu açığı. Sonra da yavaş-yavaş əlaqəni kəsdi...

Nə bilim e... Həyatım romandı. Danışacaq çox şey var. O, çox yaxşı adamıydı. Rusiyada ölüm xəbəri gələndə dəliyə dönmüşdüm. İndi o da yoxdu, amma mən çox pisəm. Xoşbəxt deyiləm. Başqa bir həyat qurmağa da gücüm yoxdu.