adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
14 Sentyabr 2018 21:10
47715
LAYİHƏ
A- A+

O, əsl insan idi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
(əvvəli ötən saylarımızda)

Bir andaca yer-göy başıma fırlandı!.. Donub qaldım. Qəşəm yazıq bəlkə də bu xəbəri mənə beləcə deməsinə yaman peşman oldu. Dostluğumuzu bilirdi, xəbəri vardı. Ancaq hardan biləydi ki, bu xəbər məni belə sarsıdacaq. Rəngimin qaçdığını, uçunduğumu görüb mənə səbir verməyə çalışırdı:
-Həyatdır da. Allah rəhmət eləsin. Ancaq, heyf ki, çox tez getdi. Yaxşı adam idi. Hamıya qayğı göstərməyə çalışırdı. Xüsusilə də gənclərə...
Mən ona heç nə demədən otaqdan çıxdım. Heç qapımı bağlamaq üçün öz otağıma da dönmədim. Birbaş evə gəldim. Qapıdan içəri girən kimi həyat yoldaşım narahat halda soruşdu:
-Noolub sənə?!.
-...
-Sən Allah, noolub sənə?!.
-...
-Öldürmə də məni! Bir dillənsənə?!.
Danışa bilmirdim. Sanki dilim tutulmuşdu.
-Əlfi... müəllim... vəfat edib... - Bu sözləri hönkürtü, göz yaşları içində necə dedimsə, indi də xatırlayanda, gözlərim dolur. Evimizdə hamı mənə qoşuldu.
Həyat yoldaşım, qızlarım... Səsimizə qonşular tökülüşdü... Bizi sakitləşdirə bilmirdilər. Bu dostluqdan, bu səmimiyyətdən xəbərsiz olanlar sadəlövhlüklə soruşurdular:
-Yəni sizin Bakıda belə yaxın qohumunuz var?
Heç kim inanmırdı ki, dost üçün beləcə - ailəliklə göz yaşı axıdarlar. Nə biləydilər ki, o mənim üçün, ailəmiz üçün dost yox, ən yaxın, ən doğma bir adam idi.
Gecəylə hazırlıq görüb ailəliklə Bakıya yola düşdük. Dayım da bizimlə idi...
Bizi Əlfi müəllimin qardaşları Fazil, Elman qarşıladı. Nədənsə Vüqarın, İlqarın üzünə baxa bilmirdim. Qızı Gülnarın ata həsrətli nidaları, iniltili səsi hey eşidilməkdə idi. İlahi, Əlfi müəllim onu necə də çox istəyirdi...
Qadınlar evdə oturdular, biz isə həyətdəki mağara endik. Gələnlərin bəzisini tanıyırdım. Çoxu ilə elə Əlfi müəllim tanış etmişdi məni. Sanki qanında, canında idi... İstəyirdi yaxşılar bir-birini tanısın. Arada Rəhilə xanıma başsağlığı, təsəlli vermək üçün yuxarı qalxdım, amma nə deyəcəyimi, necə görüşəcəyimi bilmirdim. Məni görcək göz yaşları içində boynumu qucaqladı, başını çiynimə qoydu, ürəkparçalayan səsi eşidildi:
-Ay Əlfi, hardasan?.. Evimizin qəfləti qonağı Əlisəfa gəlib, ay Əlfi!..
Özümü saxlaya bilməyib ona qoşuldum. Bizi güclə sakitləşdirdilər...
O hadisədən sonra uzun müddət Bakıya gedə bilmədim. Elə bil bu boyda şəhər mənim üçün mənasını itirmişdi... Arada, dörd qızdan sonra bir oğlumuz da oldu. Evdə onun adını Əlfi qoymaq istədilər. Razı olmadım. "Rəhilə müəllimənin üzünə baxa bilmərəm" dedim...
Hərdən onlara yolum düşəndə Əlfili, xoşbəxt günlərimizi xatırlayıb kövrəlirik.
Onu heç unutmaq olar? Hər dəfə Bakıya yolum düşəndə məzarını ziyarət edirəm. Bir dəfə də oğlu Vüqarla bir dəstə qərənfil alıb getmişdik. Məzarı önündə susub qaldıq...
Bir dəfə də Bakıya çatan kimi məzarlığa getmək üçün gül dəstəsi aldım. Uzaqdan-uzağa tanıdığım sürücü qımışdı:
-Müəllim, deyəsən görüşə gedənə oxşayırsan ha...
Bir söz demədim. Üzümdəki ciddiliyi görüb susdu.
-Şəhər qəbiristanına sür, - deyəndə, peşman-peşman üzr istədi. - Burda yaxın adamınız dəfn olunub sizin? - soruşdu.
-Bəli...
-Kimdir ki?
-Əlfi müəllim.
-Hansı Əlfi?
-Yazıçı Əlfi Qasımov.
-Hə, aydındır, Allah rəhmət eləsin. Sizinlə dost olduğunu eşitmişdim. Yaxşı yazıçı idi. Çox heyf ki, "Toy gecəsi" yarımçıq qaldı.
-Əlimizdən nə gəlir ki... Bəlkə oğlu tamamlayacaq...
-Oğlu da yazıçıdır?
-Hə, İlqar Qasımovu tanımırsınız bəyəm? "Qorxu" povesti "Ulduz" jurnalında çıxmışdı. Bir müddət xaricdə işlədi, indi televiziyadadır.
-Ə, yoxsa o "Dalğa" verilişini aparan bığlı oğlanı deyirsən?
-Özüdür ki, var. Elə az-çox, atasına oxşayır. Amma balaca oğlu Vüqar lap elə bil Əlfi müəllimin özüdür.
-Belə de də. Ay halal olsun ona Əlfinin çörəyi. Ay veriliş aparır ha! Adamın ürəyindən tikan çıxır. Arada deyəsən onu da yaman sıxma-boğmaya salıblarmış... Biz sürücülər beləyik də - qulağımıza hər şey çatır. Deyilənə görə, hətta xəstəxanaya da düşübmüş...
-Hə, elədir. Mən də eşitmişdim. Şükür ki, indi yaxşıdır, yenə qayıdıb işinə...
Sürücü maşınını xeyli kənarda saxladı. Hər ikimiz üzərinə gül-çiçək qoyduğumuz məzarla üz-üzə durduq. Sürücünü məndən artıq kövrəlmiş gördüm.
-Allah rəhmət eləsin. Tanıyanlar bu kişini çox yaxşı adam deyirdilər. Yaxşılar tez gedir də... Deyirəm bu dünyanın qəribə işləri var ha... Lap məəttəl qalmalıdır.
Adam var ki, yaşlaşsa da, üzü qarağac qabığına dönsə də, yaşayır ha... Elə bil belələriylə ölüm də bacarmır - şiniyib dururlar...
Bu baməzə sürücüdən ayrılandan sonra gəlib Axundov bağında əyləşdim. Bir zamanlar Əlfi müəllimlə oturduğumuz həmin oturacaqda... Sonra da dəniz sahilinə getdim. Onunla ötən günlərin şirin xatirələri qoynunda xumarlana-xumarlana pıçıldaşmaq, Əlfi müəllimlə bağlı anları, günləri, ayları, illəri xatırlamaq üçün.
Tez-tez gedə bilməsəm də, hər bayram Rəhilə müəlliməni, onun şəxsində bütün Qasımovlar ailəsini təbrik edirəm. Çox vaxt teleqramla. Bunu özümə mənəvi borc bilirəm. Axı Rəhilə xanımın qəlbimdə yeri bir başqadır.. Özümə mənəvi ata bildiyim, xeyirxahım, yol göstərənim Əlfi müəllimin istəklisi, ömür-gün yoldaşı, sevimli Qara qızıdır Rəhilə xanım... Necə mehriban, səmimi idi münasibətləri. Lap köks ötürməli münasibət. İndi taleyin işinə bax. Şair Nəriman Həsənzadənin Rəhilə xanıma həsr etdiyi, bu günlərdə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan şerini mən göz yaşlarsız oxuya bilmədim. O yazı məni yenə də xəyalən o xoşbəxt günlərə apardı və qeyri-iradi, istər-istəməz kövrəltdim. Unudulmaz Əkbər Ağayevin "Dostlardan biri" yazısını oxuyanda da, beləcə kövrəlmişdim...
Əlfi müəllimin altmış illik yubileyini biz evimizdə böyük təntənə ilə qeyd elədik. 5 yanvar, 10 mart günləri bizə həmişə əzizdir. Axı onlardan birində Əlfi Qasımov dünyaya gəlibsə, birində də vurğunu olduğu bu işıqlı dünya ilə vidalaşıb, hamımıza əlvida söyləyib. Heç şübhə etmirəm ki, mənsiz də o gözəl insan bizim ailədə həmişə hörmətlə xatırlanacaq, məhəbbətlə yad ediləcək. Axı onu həmişə bir ailə üzvümüz bilmişik. Necə ki, bir dəfə Əlfi müəllim mənə demişdi: "Əlisəfa, sənə necə deyim, adamın həyatda çox dostu, tanışı olar. Ancaq ev elə müqəddəs bir yerdir ki, qapını kiminsə üzünə açanda arxayın olmalısan. Sən öz səmimiyyətinlə, istiqanlılığınla inan ki, bizim ailənin lap bir üzvü olmusan. Biz sənin xətrini çox istəyirik. Sən mənim qardaşımsan..." 1983-cü ilin avqustunda "Şirmayi bıçaq" hekayəm. "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunanda, necə də sevinir, "Sən əsil yazıçısan!..." deyidi.

***
Mən bütün bunları bir qədər genişliyi, təfərrüatıyla ona görə yazdım ki, taleyimə düşən narahat illərdə yazıçı Əlfi Qasımovun mənim üçün kim olduğunu biləsiniz, onun qədərsiz xeyirxahlığından xəbərdar olasınız, gözəl ədibimizi yaxından tanıyasınız. Biləsiniz ki, o həqiqətən qayğı göstərməyi bacarırdı!... Əsl insan, əsl yazıçı idi!..
Əlisəfa Azayev