adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AĞLAYAN ÇİÇƏKLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
44003 | 2018-08-22 08:13
Göz yaşı sevincdən olsun

Neçə gündür ki, özümü ələ ala bilmirəm. Hava dəyişkənliyi, bir az da qayğıların ağırlaşan çəkisi bütün əhvalımı alt-üst edib. Qan təzyiqi də ki, nə dərman tanıyır, nə həkim, nə də xəstə... öz işindədi. Bir anın içində vurub çıxır kəllə çarxa. Həm adamın əhvalını korlayır, həm də ölümü gətirib qoyur gözünün qarşısına. Bax, belə bir durumda yaşamağın nə demək olduğunu, ümumiyyətlə, yaşamağın mümkünlüyü sual işarələrinə çevrilir. Üstəlik, tək özün, öz əhvalın, öz canın yox, həm də özünü, əhvalını, canını borclu olduğun doğmaların, xüsusilə övladların problemləri, bugünləri, sabahları səni özünü toparlamağa, yumruqlarını, dişlərini sıxmağa məcbur edir. Sanki daha bərk durmaq, daha dözümlü olmaq üçün içini alt-üst edirsən, əlavə güc mənbəyi, dözüm vasitələri axtarırsan. Axı, köhnə kişilərin dediyi kimi, təkcə bir cana borclu deyilsən. Həm də bütövlükdə vətəndaş borcun, insan borcun, valideyn borcun hamısı növbədədi, hamısı ödənilməsini tələb edir. İndi bütün bu borcların içərisində arxasız, köməksiz iki əlin bir başın çarəsinin dərmanını tapın görüm, necə tapırsınız?.. Eh, nə isə...
Bəli, bu gün kimsə çıxıb ortaya söyləsə ki, mən ətrafımda baş verən hər şeyə laqeydəm, dünya vecimə deyil, hər kəsin canı cəhənnəmə, mən onların heç birinə yüzə yüz inana bilmərəm. Təbii ki, söhbət insandan gedir. İnanmıram ki, normal insan özü və vücudu ilə məşğul olsun, başqa heç nəyi, heç kəsi görməsin... heç kəsin, heç nəyin qarşısına çıxmasın, üstünə getməsin... və yaxud heç nəyi, heç kəsi qarşılamasın. Əgər bütün parametrləri yerində olan insan belə bir addım atarsa, o artıq həqiqətən dünyanın sonunun yetişdiyini, məhşər günün artıq qapımızı açıb içəriyə daxil olduğunu göstərər. Şükürlər ki, hələ qapının açılmasına müəyyən bir zaman kəsiyi var. Və əminəm ki, o zaman kəsiyində biz nələrisə dəyişə biləcəyik, hansısa borclarımızı dərk edəcəyik və baxıb görəcəyik ki, beşikdən məzara, olumdan ölümə olan məsafə hər kəs üçün fərqli olsa da, amma səbəb və nəticə üst-üstə düşür. Yəni "Ol!" sözü ilə "Öl!" sözü səs baxımından ifadə ediləndə nə qədər yaxındısa, yazıda, yəni təhriflərdə çox cüzi dəyişikliklər var. Zənnimcə, bunu anlamaq, dərk etmək üçün nə böyük sirlər açmaq, nə də tarixi-nadiri sona kimi oxumaq lazım deyil. Elə özünü oxumaq, ətrafını görmək kifayət edir ki, "Ol!" və "Öl!" fərqli mənada olur, başlanğıcla sonluğu birləşdirdiyini dərk edəsən!.. Yenə nə isə...
Hə, mən bu söylədiklərimin içərisində özümün hansı durumda olduğumu sizə təqdim edə bildim, yoxsa yox, ancaq hiss edirəm ki, o dediyim durum, o düşdüyüm vəziyyət məni bir az da aşağı çəkir, bir az da çiyinlərimdən basıb torpağa yaxınlaşdırır. Ona görə də bədən üzvlərim get-gedə mənə ağırlıq edir. Elə bilirəm ki, çiyinlərimdən qollarım əvəzinə daş asılıbdı, özü də qara daş. Göyərməyəcək, heç nəyə yaramayacaq qara daş! Bax, bu göyərməyən qara daşın hardan ağlıma gəldiyini deməyə bilmirəm. Yəqin ki, oxumusunuz. Böyük Məmməd Arazın yazdığı misraları: "Bu dünyanın qara daşı göyərməz". Deməli, göyərməyəcəyinə əmin olduğum o qara daşa birdən-birə içimdə söz demək, onun könlünü oxşamaq istəyi baş qaldırdı. Və bir də gördüm ki, misralar düzülüb vərəqə. Həmin o misralar yəqin sizin üçün də maraqlı olar.
Qollarım
ağırlıq edir
bədənimə,
çiyinlərimə...
elə bil
daş asılıb
hər birinə
indi
doğma,
isti bir ələ
dəli ehtiyac var
qaldırıb qoya
qollarımı yerinə!..
***
Heç kim yaxasını kənara çəkməsin. Onsuz da istəsə də çəkə bilməyəcək. Çünki cəmiyyətdə yaşayır, cəmiyyətin içərisindədi. Yaxşı da olsa, pis də olsa yolu kəsişir, qarşılaşır. Ona görə də məcburdu reaksiya versin, ən azından özünü qorusun. Məsələn, getdiyi yerdə qarşısına çay çıxırsa, o çaydan keçmək üçün ya özü üzməyi bacarmalıdı, ya da kiminsə vasitəsindən istifadə etməlidir. Hər iki halda təmas zərurəti çıxır ortaya. Bax, budur insanları dünyada qopub ayrılmağa imkan verməyən. Əsas şərt və bəlkə də Allahın yazdığı birinci qanun. Mən yaşadığım bu illər ərzində dünyanı görə bildiyim üzündə ən çox bir məqama heyrət etdim. O da Tanrı yazan yazıların, qanunların pozulmazlığıdır. Nə qədər bəndə firon olsa da, o qanunların üzünün tozunu da silə bilməz, hələ qalmışdı özünü. Amma bəndə də az aşın duzu deyil. Bir az ləngidə bilir, bir az yolu dolanbac edir. Necə deyərlər, yanından keçməyə çalışır. Amma təbii ki, pozulmazlıq öz yerində qalır. Deməli, mən bütün qayğıların içərisində həmişə güvənc yeri kimi üz tutduğum Tanrının səbrinin böyüklüyünü də dana bilmərəm. Üstəlik, onu da dana bilmərəm ki, səbrlə qora bişirən güc sahibi insanı həmişə imtahan edir, sınaqlardan keçirir və onun bütün sınaqları, bütün imtahanları bir məqsəd daşıyır. O da imanlı olmaq, yəni Allah sevgisini sarsıtmamaqdır. Kim bu sevgidə büdrəyirsə, kim asi olursa, onun dözümsüzlüyü təbii ki, son nəticədə də özünü büruzə verir. Məhz bu mənada mən dünyanın yazılı tarixində və eləcə də yazılmayıb mifləşən deyimlərində ifadə olunan dərdin, kədərin hamısını canımdan keçirməyə özümü hazır sayıram. Bilirəm ki, o dərdi, o ağrını-acını insan üçün, bəndə üçün yaradıblar, dağ-daş üçün yox. Dözən, müqavimət göstərməyi bacaran nəyəsə nail olur. Onun mükafatı da Allah sevgisi ilə yanaşı, həm də çatdığı məqsəddi.
Təbii ki, insan həm də özünü ovutmağa meyllidi. Həm öz xatirələriylə, xəyallarıyla, gördüyü iş-güclə, həm də başqalarından aldığı, qəbul etdiyi münasibətlərlə. Ona görə də dözmək, müqavimət göstərmək məqamında həmin o başqasından alınan diqqət, ehtiram, səmimi ovutmaq təşəbbüsləri mübarizəni, dözümü birə-min artırır. Anlayırsan ki, tək deyilsən, təklənməmisən. Onda mənim də necə deyərlər, hərdən çoxlarına xoş gəlməyən, hətta bəzən onlara yersiz görünən addımların düşüncələrin olur. Bu hardan yaranır, necə yaranır, onu bir Allahın bilir. Amma misralara çevriləndə siz də görürsünüz. Sağ olun ki, arada qiymət də verirsiniz. Bunun özü də münasibətdi və mən də o münasibəti həm özüm üçün, həm də özüm günümdə olanlar üçün misralayıram.
Sən məni
ovutmağa
cəhd etmə...
sən məni
ovudanda
daha çox ağrıyıram
çünki mən
özümü
dahadan da çox
kədər üçün
qoruyub saxlayıram! -
tək-tənha
qalmasın deyə...
***
Yazımın bura qədər oxuduğunuz hissələrində yəqin ki, söhbətin duyğulardan, düşüncələrdən, bütövlükdə insanlıqdan ibarət olduğunu, ona kökləndiyini hiss etdiniz. Bu da elə-belə ağlıma gəlməyib. Yəni neçə vaxtdı bu yazını içimdə gəzdirirdim. Yazmağa, ürəyimi vərəqlərə boşaltmağa məqam axtarırdım. Elə bir məqam ki, yazdığım yazı mənim içimi göstərə bilsin. Özü də məqamla üst-üstə düşmək şərtiylə. Necə deyərlər, söz vaxtına çəksin. İndi zaman-zaman gözlədiyim həmin o vaxt qapımın ağzındadı. Mən qapının ağzında dayanmış o zamanın iki aya yaxın içimdə gəzdirdiyim yazının dünyaya gəlişinə fürsət verdiyini, şərait yaratdığını görəndən sonra götürdüm qələm-dəftəri və başladım içimdəkiləri sizlərə söyləməyə, çatdırmağa, yazmağa...
Əgər diqqətinizdə qalıbsa, mən insanın, bəndənin borcları içərisində valideyn borcunu da xüsusi vurğulamışdım. Elə indi də onun üzərinə gəlirəm və demək istəyirəm ki, həyatımda keçirdiyim bütün sarsıntıların içərisində ən dəhşətlisi övladımla bağlı olub. Yəni elə duruma düşmüşəm ki, nə edəcəyimi, hansı addımı atacağımı fəhm etmək gücüm olmayıb. Bax, onda Allahdan başqa kimsənin köməyə gəlmədiyini bir daha anlamışam, bir daha görmüşəm. Mənə doğmalıqdan, dostluqdan, qardaşlıqdan ağızdolusu danışanların heç biri həmin məqamda yanımda, yaxınımda olmayıb. Baxıb görmüşəm ki, bu dünya təkcə sözlərdən ibarət deyilmiş, bu dünya həm də bir reallığın göstərildiyi, nümayiş etdirildiyi yer imiş. Orada, yəni o tamaşa oynanılanda sən tək tamaşaçı olursan. Çünki o ssenari də, o ifa da, o quruluş da, elə o səhnənin özü də sənin özün üçündü... səni sənə göstərmək üçündü... sənin özünü dərk etməyin üçündü!!!
Bəli, övladımın həyatında olan riskli əməliyyat zamanı saatlarla dayanıb gözlədim. Nəhayət ki, çox uzun çəkən və etiraf edim ki, mənə az qala bir ay qədər uzun görünən o zaman başa çatdı. Nəhayət, həkim-cərrah əməliyyat otağından çıxdı, xalatın üstündəki qan damlalarını gördüm. Bunun valideyn üçün nə demək olduğunu yəqin ki, bir anlıq da olsa təxmin etdiyniz. Amma mən belə məqamı bir neçə dəfə görmüşəm. Hətta həkimlər əl boyda uşağı ram edə bilməyib mənim əməliyyat otağına keçməyə icazə verdikləri vaxt da olub. Müharibənin şıdırğı dövründə elə bir an yaşamışam və gözlərimin önündə cərrah, asissenti ilə birlikdə əməliyyatı edib. Əl boyda uşaq heç bir narkozsuz, sadəcə yanaqlarından axan yaşla ağrısını ifadə edib. Mən də dişlərimi bir-birinə sıxıb təkcə içimdə yox, həm də onun gözləri qarşısında ağlamışam. İndi bir anlıq həmin o səhnə gəlib keçdi gözlərimin önündən. Yavaşca həkimdən "xəstəni görə bilərəmmi?" - deyə soruşdum. Üzümə baxdı, arxamca gəl, - dedi. Gəldim, baxdım. Və yenə gözlərimdən yaş axdı. Çünki onun bütün sifəti sarğı içərisində idi. Gözləri güclə seçilirdi və güclə də əlini tərpətdi. Hiss etdim ki, ona baxdığımı duyur. Daha baxa bilmədim. Çünki o, reanimasiya otağında idi, mən şüşə arxasında. Və:
Sən
şüşə arxasında
çarpayıda
sarğıda -
hərəkətsiz...
mən şüşə önündə
ayaqda,
yükləndiyim ağrı da
mənim tək
hərəkətsiz...
sən
gözlərini açmağa
mən
gözlərimi
o mənzərədən qaçırmağa
çalışan
gücsüz...
reanimasiya otağında
personalın yanında
belə bir
haldayıq biz -
ata-bala -
ikimiz
səssiz
səcdədəyik
ürəyimizdə
Allaha!..

...Mən bu şeiri həmin əməliyyat gününün axşamı yazmışdım. Əslində yazmamışdım e, elə orada yaşamışdım onu. Sadəcə kağıza köçürdüm. İndi isə sizlərə təqdim etdim. Və xatırladım ki, etdiyim o zaman söhbəti elə-belə deyildi. Yəni yazının içində hazırlatdığım vaxtın gəlib çatması məqamı çox yaxın bir dostumun, çox güvəncli bir qardaşımın Ankarada öz qızını ikinci dəfəki, uğurlu əməliyyatdan çıxdığını mənə xəbər verəndən sonra yazını kağıza köçürdüm. Yəni onun da mənim kimi övlad təşnəsi olduğunu, övlad narahatlığını özünə ağrı-acı etdiyini bildiyimdən nəticəni gözləyirdim. Gözləyirdim. Gözlədim - şad xəbəri aldım və bu yazını hamı üçün oxuyan da sağ olsun, oxumayan da. O ki, qaldı...
O ki, qaldı yazımın adına. Mən güllərin ağladığını görmüşəm. Elə öz qız balamın timsalında bunu həm də varlığıma köçürmüşəm.


TƏQVİM / ARXİV