adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Avqust 2018 08:09
42155
LAYİHƏ
A- A+

TOPONİMİK RƏVAYƏTLƏR


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)


Yeddiqardaş dağı

Qarakollu kəndi yaxınlığında neçə yüzilliklərdir ki, Yeddiqardaş dağı tarixə yoldaşlıq edir.
Bir kişinin yeddi boya-başa çatmamış oğlu varmış. Özü də qocalmışdı. Yağılar tez-tez basqın edib obanı çapıb-talayırmışlar. Günlərin bir günü yağılar növbəti dəfə hücum edəndə bu qardaşlar düşmənin qabağına çıxırlar. Qardaşlar görürlər ki, təpədən dırnağa kimi silahlanmış çoxsaylı düşmən ordusunun qarşısında basılacaqlar, yağılar obanı yenə yağmalayacaq, qız-gəlinləri əsir aparacaq. Üzlərini göyə tutub tanrıya yalvarırlar:-"Ei Ulu Tanrı! Bizi keçilməz dağa döndər, düşmənlərin qabağını kəsək, onları irəliləməyə qoymayaq.!" Tanrı onların sədalarını qəbul edir. Qardaşlar yan-yana düzülmüş formada yeddi dağa dönürlər. Yağılar keçməyə yol tapmayaraq, qayıdıb birdəfəlik gedirlər.
Deyirlər, həmin vaxtdan da yeddiqardaş dağı insanları ağır hücumlardan qoruyur.

Yedditəpə

Qarabulağın (Füzuli) 6 km-yində Mirzəcamallı kəndinin yaxınlığındadır. Tunc dövrünə aid arxeoloji abidədir. Burada 20-yə yaxın kurqan vardır. Yedditəpədən erkən orta əsrlərə və daha əvvəlki dövrlərə aid daş qutu qəbirlər aşkar edilmişdir. Ölən adamlar burada bükülü vəziyyətdə basdırılmışdır. Qəbirlərdən gil, şüşə, tunc qablar, mis və gümüş bəzək əşyaları, heykəlciklər, nizə, balta, qılınc, xəncər, metal toqqa, zınqırov və s. tapılmışdır.

Teşnək bulağı

Deyirlər lap qədim zamanlarda yağılar hücum edib əhalinin var-yoxunu qarət edib aparır, qız-gəlinləri əsir edib aparır, müqavimət göstərənləri isə qılıncdan keçirirmiş.
Yayın isti günlərinin birində yenə də xəbər yayılır ki, yağılar hücuma keçiblər. Eşidənlər canlarını qurtarmaq üçün meşələrə üz tutur, o yerlərdən mümkün qədər tez uzaqlaşmağa çalışrlar. Anasından ayrılmış iki körpə uşaq necə olursa, camaatdan da ayrı düşür. Onlar yolu azırlar. Bir tərəfdən düşmənin əlinə keçmək qorxusu, bir tərəfdən yorğunluq, ən başlıcası isə susuzluq onları əldən salır. Hərəkət etməyə taqətləri qalmır.
Əllərir yerdən-göydən üzülən uşaqlar bir qədər aralıda yaşıl vadi görürlər. Bütün güclərini toplayıb ora doğru sürünməyə başlayırlar. Onlar valideynlərindən eşitmişdilər ki, yaşıllıq olan yerdə su da olur. Çox keçmir ki, susuzluq onları taqətdən salır. Bulağa bir neçə metr qalmış təşnəlik onların hər ikisini öldürür. Az sonra camaatın bir qismi həmin bulağa gəlib su içmək istərkən qardaşları bulağa çatar-çatmaz ölü halında görürlər. Heyrətlənirlər:-Susuzluqdan təşnə oldular-deyə fəryad qoparırlar. O vaxtdan da Horadiz kəndinin ərazisindəki həmin bulaq Təşnə bulağı adlanır. Təşnə yerli dialektə görə "susuz", "susuzluqdan dil-ağzı quruyan", "suyun həsrətini çəkən" və s. anlamındadır.
Şah Abbas məscidi

Şah Abbas Qarabağa hücum edərkən burada alı-güllü bir yerə rast gəlir. Buradakı oba yaşıllıqlar içərisində itib batırdı. Bu çox gözəl, füsunkar və mənzərəli guşə, burada yaşayan insanların alicənablığı onun xoşuna gəlir. Şah Abbas onları vergidən də azad edir. Hətta onlara ibadət üçün məscid də tikdirir. Sərdarlı kəndində qərarlaşan bu məscid el arasında Şah Abbasın məscidi kimi məşhurlaşır.

Səngər yalı

Bu yalı yerli sakinlər Cavad bəyin səngəri də adlandırırlar. Cavad bəy dövrünün qoçaq, mərd və qorxmaz kişilərindən biri olmuşdur. O, ac qarınları doydurar, kasıb-kusuba səxavət göstərərmiş.
Cavad bəylə qaçaq Dəsgiralı arasında qan düşmənçiliyi olur. Qaçaq Dəsgiralı da comərd adam imiş. Hər ikisi intiqam almaq üçün məqam axtarır.
Vaxt gəlir onlar üzbəüz vuruşmalı olurlar. Cavad bəy bu yalı özünə səngər seçir və düşməni ilə son gülləsinə kimi döyüşür. İşıqlı kəndinin ərazisində Cavad bəyin səngər yeri indi də Səngər yalı adlanır.

Quruçay

Quruçay vaxtı ilə Qarabağda iri çaylardan biri olub. Bir dəfə dağların lala, kəkliyin bala vədəsində Quruçay aşıb-daşır, qabağına çıxanları selə qərq edir. Deyillər iri-iri qayaları başına helləyə-helləyə qudurmaş aslan kim gələn sel bir gəlinin körpəsini qucağından alıb bircə anda görünməz edir. Əli yerdən-göydən üzülən gəlinin qıjıltıyla ötüb keçən çayın ortasında körpəsinin bir neçə dəfə batıb çıxmasını seyr etməkdən savayı əlacı qalmır. Övladının daşlara çırpılaraq öldüyünü görən ana yanıb-yaxılır, başlayır çaya qarğımağa:
Selə-suya qərq oldu.
Gözlərimin nuru, çay.
Səni görüm
Quru, çay, quru, çay!

Deyirlər həmin vaxtdan da çayın adı Quruçay qalır.

Elləri Dilağarda

Füzulin rayonunda üç Dilağarda kəndi var. Biri Bulax sayılır, aşağıkı Qobu, o birisi isə Araz Dilağarda. Bu kəndələrin üçünün də əhalisi mərdanəliyi, comərdliyi və kişiyana hərəkətləri ilə seçilir.
Dilağardaya bəzən "oğru Dilağarda" da deyirlər. Keçən əsrlərdə oğru olmayan varıdı ki, hamı oğurluqla başını dolandırırdı. Amma oğurluqların da fərqi var. Bir var oğurluq, bir də var qara oğurluq. Bunnar ayrı-ayrı şeylərdi.
Bir var cin, bir də var şeytan. Dilağarda vaxtı ilə oğru olub. Şübhəsiz ki, kəndin camaatının hamısı yox. Bir qrup adam bu yolun yolçusu olub. Bu işnən məşğul olanlar qaraoğru olublar. Onlar adi oğru olmayıblar. Yəni gedib dul arvadın adar-madar bircə keçisini, yaxud saqırı olan birisinin inəyini aparmayıblar. Onlar qaraoğru olublar. Özünnən deyənin, varlı-hallıların pəyələrinə əl gəzdiriblər.
Belə deyirdilər ki, Dilağarda hankı torpaqda o ürəyinən gəzirsə, orada 7 il ot bitmir. Yəni oğurluq adıynan harda gəzirsə, yüz əli silahlı olsa da, ora süpürgə çəkib çıxar. Onlar kiminsə qəsdinə dolsalar, qızıl sandığın içində gizlənsə belə xeyiri yoxdur.
Bu barədə şair Qasım bəy Zakir də yazıb:

Zərgər, Dilağarda aləm aşikar,
Bir yandan oğurlar, bir yandan satar,
Vay odu sahibi at başı tutar,
Yüz yerdən tökülər üstünə çomaq.

El arasında belə bir ifadə də işdənir: "Dilağardanın şahidi Zərgar olar". Zərgar da Füzuli rayonunun kəndlərindən biridir. O, kəndin camaatı göy-göyərti əkib-becərməklə məşğul olur.
Dilağarda haqqında belə bir bayatı da dolaşmaxdadır:

Elləri Dilağarda,
Gözəl yurd Dilağarda.
Aşiqlərdə qaydadı,
Qıç yora, dil ağarda.

Qaraquzey

Yağlıvənd kəndinin qənşərində Əsgərxan bulağının qabağında iri bir dağ var. Ona biz "Qaraquzey" deyirdik. Ora gün düşmürdü. Güntutmaz yer olduğuna görə Qaraquzey adlanırdı. Həm yağlıvəndin, həm də Dilağardanın mal naxırı, qoyun sürüləri demək olar ki, burda otlayırdı.
Qaraquzeyin ətəkləri əkin yeri idi. Bir də gördün ki, ya əkin-biçinçi, ya da çoban-çoluq bir ağız bayatı ilə dağı-dərəni başına götürdü:

Aşıq Qara quzeydə,
Xalın qara quzeydə.
Öküz getməz, xış batmaz,
Qaldım Qara quzeydə

Yelli gədik

Yağlıvənd kəndinin ərazisində, Qaraquzeydən sağ tərəfdə bir gədik var. Adına Yelli gədik deyillər. Burda ilin bütün fəsillərində yumşaq, sərin meh, yel əsirdi. Bura yayın istisində də yaylağı xatırladırdı. Mülayim havası, sərin, yumşaq küləyi ilə fərqlənirdi. Dildə-ağızda belə bir bayatı da dolaşmaqdadır:

Gün getdi dağa düşdü,
Kölgəsi bağa düşdü.
Yelli gədikdən ötdüm,
Yolum uzağa düşdü.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf