adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Avqust 2018 00:06
44243
LAYİHƏ
A- A+

TOPONİMİK RƏVAYƏTLƏR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Xəbər Əmir Teymura çatır ki, bəs cırtdan bir kəndin kişiləri qəzəblərini qılınca çeviriblər, kəndə girmək mümkün deyil. Əmir Teymur döyüş yerinə gəlir. Ətrafı qan içində görür. Hər iki tərəfdən xeyli yaralı və qanlı döyüş səhnəsini seyr edərək deyir:
-Bu qədər yerləri qılıncımın altından keçirdim, amma indiyə kimi öz yurdunu kişi kimi qoruyan, mərd dindaşlarımızı görmədim.
Deyirlər ondan sonra bu kəndin adı qalır Mərdinli-mərdlər məkanı, ərlər, kişilər yurdu.
Teymurun elçilərini Mərdinlinin ağsaqqallarının yanına göndərib barışıq təklif edir. Ağsaqqallar "dalaşmaq var, əyrişmək yoxdur" - deyə təklifi qəbul edirlər. Aclıqdan və susuzluqdan əziyyət çəkən qoşun hissələrinə səxavətlə süfrə aşılır. Mərdinli sözünün bir mənası da əliaçıq, qoçaq, comərd deməkdir.
Mərdinli kəndi Füzuli rayon mərkəzindən 9 km şərqdə, Qarabağ silsiləsinin ətəyində, Köndələnçayın sahilindədir. Cavanşir elinin bir qolu olan Mərdinlidə orta çağlarla səsləşən qoç-daş, at-daş heykəlləri vardır.

Rəfədinli

Səfəvilər dövründə davam edən və uzun sürən Türkiyə-İran müharibələri çox vaxt Azərbaycan ərazisində getdiyinə görə, Azərbaycanın bütün təsərrüfat həyatını sarsıdır, aclıq, xəstəlik törədirdi.
Səfəvi şahları, xüsusilə 1 Şah Abbas və ondan sonrakılar Azərbaycan şəhər və kəndlərində yaşayan əhalinin çoxunu imperiyanın başqa yerlərinə köçürürdülər. Yeni ərazilərə köçürülmüş əhali çox vaxt toplu halında yaşamağa başlayır və yeni məskunlaşdıqları ərazilərə köçüb gəldikləri yaşayış məntəqələrinin adını verirdilər. Beləliklə, eyni adlı yaşayış məntəqələri yaranırdı.
I Şah Abbas eyni zamanda hakimiyyətdə farslaşma siyasəti aparır, əsas vəzifələrə farsları, eləcə də fars yönümlü insanları təyin edirdi.
Bu dövrdə Azərbaycanın şimal hissəsindəki kəndlərə də çoxlu sayda ailələr köçürülmüşdür. Bu kəndlərdən biri fars mənşəli ailələri, o cümlədən də farsyönümlüləri qəbul etməmişlər. Sonralar bu kəndi Rəfədinli adlandırmışlar. Rəfədinli, yəni başqa dinləri qəbul etməyən, onları rədd edən deməkdir.
Füzuli rayonunda Aşağı və Yuxarı Rəfədinli kəndləri mövcuddur. Yuxarı Rəfədinli rayon mərkəzindən 18 km cənubda, Aşağı Rəfədinli isə 20 km cənubda Qozluçay dərəsindədir. Kəndin adı bəzi tarixi sənədlərdə Ruhidinli kimi də qeyd olunmuşdur. Rəfədinli obası qədim Qaradağlı elinin bir qoludur.

Xələfşə (Xələfşah)

Deyirlər I Şah Abbas dərvişlibas olub tabeliyindəki vilayətləri gəzirmiş. Bir dəfə o, vəziri Allahverdi ilə birlikdə gəlib Arazın güney yaxasındakı kəndlərin birinə çıxır. Bu kənd zümrüd donlu meşələrin əhatəsində, çayın kənarında qərarlaşmışdı. Sanki təbiət bütün gözəlliklərini səxavətlə bu kəndə bəxş etmişdi. Bu mənzərəli yaşayış məntəqəsi şahın çox xoşuna gəlir. Geriyə qayıdandan sonra övladlarından birinin bu yerdə məskunlaşmasını məsləhət bilmişdir. Təbiidir ki, şahın oğlu da atasının məsləhətini can-başla qəbul etmişdir.
Həmin vaxtdan da bu yer Xələfşah (nəsil, övlad, xələf, özündən sonra gələn şah) adlanmışdır.
Xələfşə kəndi Füzuli rayon mərkəzindən 6 km cənub-şərqdə, düzənlikdə yerləşir. Bəzi mənbələrdə Xələfşahlı kimi də qeyd edilmişdir.

Tuğ yalı

XII-XIII yüzildə bu ərazidə məskunlaşan türkdilli tayfalar "qara donlu" kafirlərin hücumuna məruz qalır. Düşmənlərin qəfil hücumu türkləri qətiyyən qorxutmur. Tayfanın qoçaq oğlanlarından biri qeyrətli, vətəncanlı igidləri döyüşə səsləyir:
-Düşmən torpaqlarımıza ayaq açıb. Düşmən bizə üstün gəlmək istəyir. Eşit, türk oğlu, türk! Əgər əbədi göy uçub tökülməsə, əgər aşağıdan yer parçalanmasa, onda heç kim türk xalqına üstün gələ bilməz! Qalxın ayağa! Tuğlarınızı götürün, meydana girin!
Bu haray tayfanın bütün kişilərini ayağa qaldırdı. Qəzəbini qılınca çevirən türk oğlu "qara donlu" kafirlərin qoşununu darmadağın etdi. Yalnız bir neçə adam qaçaraq canlarını qurtara bildilər.
Həmin vaxtdan da bu yer Tuğ adlanmağa başladı. Tuğ-türkcə mızraq, iti deşici silah, nizə anlamındadır. Müharibənin sonunda qoşun hissələrinin önündə aparılan bayraq da Tuğ adlanır.
Tuğ (kəndi) yalı Füzuli rayon mərkəzindən 12 km qərbdə, Qarabağ silsiləsinin ətəyində, Quruçayın sağ sahilində, Xocavənd rayonu ilə sərhəd ərazidədir.

Cin Qobu

Bir kişinin günün günorta çağı keçiləri itir. Ora keçi, bora keçi-tapılmır ki, tapılmır. Soraqlaşa-soraqlaşa gəlib çıxır kəndin ayağına. Burada ona deyirlər ki, bəs bir topa keçi otlaya-otlaya bu qobuya endi. Kişi keçilərinin dalınca qobuya enir. Bu qobu ağaclarla, kol-kosla basırıq olduğundan bura gələn adam vahimələnərmiş. Kişi bir cığırla dərəyə enib keçilərini bir talanın qırağında otlayan görür. O, heyvanları qabağına qatıb qobudan çıxarmaq istərkən səs-küy eşidib duruxur. Görür ki, bir talada zurna-balabanın səsi ərşə dirənib. Burada bir çal-çağır var ki, gəl görəsən. Bir tərəfdə iri toy samovarları paqqır-puqqur qaynayır, bir tərəfdə plov qazanları sıra ilə düzülüb, bir tərəfdə xeyli adam süfrənin ətrafına toplaşıb yemək yeyir. O biri tərəfdə isə adamlar qol götürüb oynayırlar. Kişini görən kimi ordan-burdan tökülürlər onun üstünə:
-Xoş gəlmisən, beş gəlmisən! Buyur yuxarı başa.
Keçi yiyəsini süfrənin başına keçirirlər. Qabağına iri bir qabda plov qayurlar. Plovun da üstündə omba sümüyü, ətrafında da plovun xuruşu. Kişi əl uzadıb çörəkdən bir barça götürür, "bismillah!" deyib ağzına qoymaq istəyir. O, "bismillah!" deyən kimi hər şey yoxa çıxır. Kişi görür ki, əlində bir parça qurumuş mal təzəyi var.
Kişi qorxusundan az qalır ki, huşunu itirsin. Özünü birtəhər ələ alır və keçilərini qabağına qatıb qova-qova oradan düzəngahlığa çıxarır.
Onun qabağın bir dəstə adam çıxır. Kişinin rənginin ağardığını, bərk təlaş keçirdiyini görüb nə baş verdiyini soruşurlar. Keçi sahibi də qobuda başına gələnləri nağıl eləyir. Adamlardan biri deyir:
-Sən cinlərin yığnağına düşmüsən. Sənin bəxtin onda gətirib ki, nənən namaz üstündə olub, "bismillah!" demisən. Yoxsa sən o çörəkdən "Bismillah!" demədən kəsib yesəydin dəli olacaqdın. Sonra həmin adam qayıdır ki, bəs bir dəfə o da həmin qobuda cinlərin yığnağına düşüb.
Bu söhbəti eşidən kişilərdən bir neçəsi də bu hadisəni təsdiqləyirmiş kimi deyirlər ki, bəs bu qobu həmişə cinlərlə dolu olub. Buraya enən adamlar gərək ehtiyatlı olsunlar.
Bu hadisədən qərinələr keçib, amma indi də həmin yer Cin Qobu adlanır.
Cinqobu Füzuli şəhərində, rayon mərkəzinin 1 km şərqində, çökəklikdədir.

Babı türbəsi

Babı kəndi Araz çayının güney yaxasında yerləşir. Mənası ərəbcə qapı deməkdir. Bu kəndin yaxınlığındakı türbə qısa şəkildə Babı türbəsi adlanır. Türbənin üzərində kufi xətlə 1273-cü ildə Şeyx Əbu Yaqub İbn Səd tərəfindən inşa edildiyi həkk olunub. Görkəmli Azərbaycan ilahiyyatçısı, sərkərdə və alim şeyx Babi Yaqubun şərəfinə ucaldıldığı bildirilir.
Türbə 8 guşəlidir, üstü 8 bucaqlı çatma günbəzlə örtülü olan bu türbənin divarları ağ daşdan hörülmüşdür. Günbəz özü isə birqat daşdan hörülüb. Buna el arasında Şıxbaba türbəsi də deyirlər. Bəzən isə Parababı da adlanır. Sonralar qeyri-müəyyən səbəbdən minarə türbədən ayrılmışdır. Ornamentlərinə görə Əcəmi memarlıq məktəbinin təsiri duyulur.
XVI-XVII yüzilin məşhur bayatı ustası, el şairi Lələnin bir neçə bayatılarında Babı kəndinin və eyniadlı türbənin adı çəkilir:

Mən Lələ der Arğalı,
Parababı, Arğalı.
Sərasər meydanında,
Namərd qaçar, ər qalı.

Ələmin Babı haray,
Arğalı, Babı haray...

Arğalı haray, Babı haray,
Haqq Aşığı Lələ haray...


(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf