adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Avqust 2018 22:09
84477
LAYİHƏ
A- A+

AZƏRBAYCANIN QADIN AŞIQLARI

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan aşıq sənətinin tarixi çox qədimdir. Tarixin müxtəlif dövrlərində çətin mərhələlər keçən bu sənət Dədə Qorqud əzəmətini özündə yaşatmış, eyni zamanda şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü rolu oyanamışdır. Dövrün siyasəti bəzən yazılı ədəbiyyata təsir edəndə, aşıq ədəbiyyatı xalqın gücünə söykənərək haqqın, ədalətin sözünü deyərək zamanın sınağından üzüağ çıxmışdır. Min illər boyu xalq şifahi ədəbiyyat nümunələrini yaddaşına köçürərək nəsillərdən nəsillərə ötürüb yaşatmışdır. Şifahi ədəbiyyat nümunələrinin yaşadılmasında aşıq sənəti müstəsna rol oynamışdır.
XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq aşıq sənəti elmi cəhətdən tədqiq olunmağa başlamış, aşıqların şifahi şəkildə nəsildən-nəsilə ötürdükləri dastanlar, nağıllar, rəvayətlər öz ilkinliyini saxlamaqla yazıya alınmışdır. XX əsrdə Azərbaycanda aşıqların qurultayları keçirilmiş, ayrıca təşkilatları yadılmışdır. Azərbaycan Aşıqlar Birliyi 1984-cü ildə - hələ Azərbaycan Sovetlərin tərkibində olduğu vaxtda yaradılıb. XX əsrin sonlarında Azərbaycan yenidən özünün müstəqilliyinə nail olandan sonra isə aşıq sənətinə dövlətin qayğısı və diqqəti daha da artıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün musiqi məktəblərində ayrıca saz sinifləri var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə ayrıca aşıq sənəti şöbəsi və kafedra var. Burada təhsilin bakalavr və magistr pillərində təhsil alan gənc aşıqlar öz biliklərini musiqi məktəblərində uşaqlara böyük həvəslə öyrədirlər. Bu gün aşıqlar arasında məhz bu sənət üzrə fəlsəfə doktorları da var. Elə adını çəkdiyimiz universitetin "Aşıq sənəti" kafedrasında çalışanların hamısı həm də aşıq kimi el şənliklərində çıxış edirlər. Kafedranın müdiri Əhliman Rəhimov, müəllimlər Fəzail Miskinli, Nemət Qasımlı, Altay Məmmədli və Samirə Əlieva təkcə Azərbaycanda deyil, bir sıra şərq və Avropa ölkələrində də konsert proqramları ilə çıxış edən aşıqlar olmaqla yanaşı, həm də fəlsəfə doktorları kimi pedaqoji fəaliyyət göstərirlər.
Azərbaycanda aşıqlar bu gün çox yüksək hörmətə layiqdir. Bütün dövlət tədbirlərində çıxışları olur. Aşıqlar dövlət mükafatları ilə, fəxri adlarla təltif olunurlar, fərqlənənlərə ayrıca Prezident təqaüdü verilir. Bakıda artıq iki dəfə Beynəlxalq Aşıq festivalı keçirilib. Azərbaycan aşıqları dünya ölıkələrində keçirilən folklor festivallarına, simpozium və konfranslara dəvət olunurlar. 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi də bu sənətin beynəlxalq miqyasada daha geniş tanınmasında böyük rol oynadı.

***
Azərbaycan aşıq sənətində qadın aşıqlar hər zaman mühüm yer tutub. Bunu aşıqların repertuarında mühüm yer tutan dastanlar da sübut edir. Belə ki, istər məhəbbət dastanları olsun, istərsə də qəhrəmanlıq dastanları, biz burada qadınları da əlində saz söz qoşub, mahnı oxuyan görürük. Real həyatda da qadın aşıqlar hələ bir neçə əsr bundan əvvəl də olub, bu gün də vardır. İstər XX yüzillikdə Sovet hakimiyyəti illərində, istərsə də hazırda müstəqil Azərbaycanda kişi aşıqlarla yanaşı qadın aşıqlar da el şənliklərində, dövlət tədbirlərində çıxış ediblər. Hazırda gənc qızlar və qadınlar arasında bu sənətə maraq gündən-günə artmaqdadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti şöbəsinin bakalavr və magistr pillələrində təhsil alan gənclər arasında da qızlar çoxdur. Bu gün kişi aşıqlarla yanaşı, qadın aşıqların da sorağı dünyanın bir sıra ölkələrinin nüfuzlu konsert salonlarından, beynəlxalq folklor festivallarından gəlir. 1984-cü ildə yaradılmış "Aşıq Pəri məclisi" qadın aşıqların sənət məclisi kimi uğurlu fəaliyyəti ilə yaddaşlara yazılıb.
Qadın aşıqlardan həm də bu sənətin elmi araşdırması ilə də məşğul olanlar var. Samirə Əliyeva aşıq sənəti üzrə fəlsəfə doktorudur, universitetdə dərs deyir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qadın aşıqlardan Ulduz Quliyeva, Gülarə Azaflı, Solmaz Kosayeva, Zülfiyyə İbadova və Samirə Əliyevaya "Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilib. Ulduz Quliyeva eyni zamanda Prezident təqaüdçüsüdür. Qadın aşıqlar respublikanın ictimai həyatında da fəaldırlar.

***
XVIII-XIX əsrlərdə yaşayıb fəaliyyət göstərmiş qadın aşıqların heç də hamısı haqqında məlumatlar bu günə gəlib çatmayıb. Barələrində məlumat əldə etdiklərimiz haqqında burada qısa da olsa söhbət açmaq istəyirik.
Azərbaycanın qadın aşıqlarının ilk nümayəndələrindən biri Ağabəyim ağadır. Ağabəyim ağa 1780-ci ildə Qarabağda - indi Ermənistanın işğalı altında olan Şuşa şəhərində anadan olub. O, Qarabağ xanı İbrahim xanın qızıdır.
Azərbaycanda qadın aşıqlardan söz düşəndə ilk yada düşən Aşıq Pəri olur. Aşıq Pəri də 1811-ci ildə Qarabağ torpağında - indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Onun doğulduğu kənd də 25 ildir ki, Ermənistan dövlətinin işğalı altındadır. Pəri öz dövrünə uyğun təhsil alıb. Aşıq şeiri ilə maraqlanıb və özü də şeirlər yazmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti hər yana yayılıb və öz dövrünün aşıqlarının diqqətini çəkib. Təxminən 1830-cu ildə Qarabağın ən gözəl şəhərinə - Azərbaycanın musiqi konservatoriyası hesab olunan Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb. Aşıq məclislərində böyük hörmətə sahib olub, Şuşada keçirilən şeir məclislərində iştirak edib. Dövrünün məşhur şair və aşıqlarıyla şeirlə deyişməsləri olub. Onun yaradıcılığı tam şəkildə bu günə gəlib çatmamışdır. Şerləri ilk dəfə 1856-cı ildə nəşr olunub. Sonralar isə Adolf Berjenin tərtib etdiyi Azərbaycan şairlərinə həsr olunmuş kitabda (Leypsiq, 1867) dərc olunub. Aşıq Pərinin 1848-ci ildə vəfat etdiyi güman olunur. Aşıq Bəsti XIX əsrin 40-cı illərində Azərbaycanın çox gözəl bir guşəsində - bu gün Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunun Lev kəndində, yoxsul ailədə anadan olub. Kasıb bir ailədə dünyaya gəldiyindən təhsil ala bilməyib. Xalq ədəbiyyatı nümunələrini anasından və yaxın ətrfafından eşitməklə öyrənib.
Gənc ikən, təxminən, 19-20 yaşlarında Əyyub adlı bir çobanı sevən Bəsti sevdiyinə qovuşa bilməyib. Onun sevgilisini qəddarlıqla öldürüblər. Bu hadisədən sonra Bəsti bütün ömrünü aşıqlığa həsr edərək, saz götürüb kəndbəkənd, oba-oba dolaşıb, öz dərdini "dərdli ellərlə" sazla bölüşüb, şeirlər qoşub. O dövrdə elin qınağından çəkindiyindən şeirlərində sevgilisi Əyyubu öz adıyla deyil, Xançoban adıyla təqdim edib. Ah-naləylə dolu, sazın incə tellərindən axıb gələn kədərli nəğmələr qoşub. Hər gün sevgilisinin həsrətiylə ağlamaqdan onun gözləri zəifləyib və bu səbəbdən də el arasında "Kor Bəsti" adı ilə məhşur olub. Həmişə hüznlü və kədərli oxusa da, Bəsti hazırcavablığı və məlahətli səsi ilə böyük rəğbət qazanıb. Təsadüfi deyil ki, el arasında belə bir deyim yayılmışdı: "Bəsti oxuyanda daş da ağlayır".
Aşıq Bəstinin şeirlərində öz dövrünün ziddiyyətlərinə, rastlaşdığı haqsızlıqlara qarşı etiraz da əsas yer tutur.
Kəlbəcər rayonunda doğulan Bəsti sonralar ayrı-ayrı vaxtlarda Samux, Daşkəsən, Gədəbəy rayonlarında və bu gün Ermənistan ərazisi hesab olunan Basarkeçərdə aşıqlıq edib. Bu rayonlarda onun bir çox yetirmələri də olub. Azərbaycanda məşhur aşıqlar kimi tanınmış Sarıyaqub kəndindən Aşıq Paşa və Aşıq Məmmədəli, Qabaqtəpədən Bayram və Cavad kimi aşıqlar bu sənəti Bəstidən öyrəniblər.
Ömrünün ahıl vaxtlarında Bəsti yenidən doğma Kəlbəcərdəki Lev kəndinə qayıdıb, 1936-cı ildə, təxminən 90-95 yaşlarında orada vəfat edib. Aşıq Bəstinin məzarı olan Lev kəndi də 25 ildirr Ermənistanın işğalı altındadır.
Aşıq Həmayıl təxminən XIX əsrin birinci yarısında Şəmkir mahalının Dəllər-Çırdaxan kəndində anadan olub. O, şeir də yazıb və bu günə onun bir neçə şeiri gəlib çatıb.
Savad Şəfi qızı Nəsibova 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Atasından və qardaşlarından ruhani təhsili alıb. Ailə qurduqdan sonra həyat yoldaşından saz çalmağı, aşıqlığın sirlərini öyrənib. Toylarda və el şənliklərində çalıb-oxuyub. O, şeirlər də yazıb.
Aşıq Savad 1970-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Qumlu kəndində vəfat edib.
Pəri Hasan qızı Alıyeva 1886-cı ildə Zəngəzur mahalının Qafan bölgəsinin Çaykənd kəndində anadan olub. Uşaqlıqdan söz qoşmağa həvəsi olub. İllər keçdikcə onun qoşduğu qoşmalar dildən-dilə düşüb. Aşıq sənətinə meyil göstərdiyi üçün el arasında ona "Aşıq Pəri" də deyiblər. O, 1980-ci ildə vəfat edib.

(ardı gələn sayımızda)

Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi