adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Avqust 2018 00:04
47482
LAYİHƏ
A- A+

TOPONİMİK RƏVAYƏTLƏR

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Tarixən insanlar bəşər cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq özlərinə ad verdikləri kimi, yaşadıqları yerlərə də müəyyən adlar vermişlər. Xalq heç bir coğrafi obyektə təsadüfi, yaxud göydəndüşmə-mənası bilinməyən ad verməmişdir. Verilən adlar vaxtı ilə konkret bir mənanı ifadə etmişdir. Lakin zaman keçdikcə sadəcə olaraq biz müəyyən coğrafi adların həqiqi mənasını izah etməkdə çətinlik çəkirik.
Hər bir coğrafi ad tarixi sənəd olub, maddi-mədəniyyət nümunəsi kimi keçmişimizdən xəbər verən mötəbər elmi mənbədir. Bu adlar eyni zamanda həmin ərazidə yaşayan xalqın tərcümeyi-halıdır, silinməz-pozulmaz yaddaşıdır.
Görkəmli alimlər Y.Yusifov və S.Kərimov "Toponimikanın əsasları" əsərində yazırlar ki, coğrafi adlar xalqın milli sərvətidir. Qədim yer-yurd adlarının qorunub-saxlanılması həm millətin, həm də dövlətin qədimliyinə dəlalət edir. Çünki xalqı yaşadan addır.
Coğrafi ad hər şeydən əvvəl ünvan deməkdir. Coğrafi adları cəmiyyətdən heç vaxt və heç cür kənar etmək mümkün deyildir.
Məşhur sovet toponimisti V.A.Nikonov yazır: "Bir anlığa təsəvvür edək ki, planetimizdəki bütün coğrafi adlar-şəhər, kənd, dəniz, dağ, ölkə, küçə adları yox olmuşdur. O saat bütün rabitə işləri dayanar. Ünvansızlıq üzündən yanğınsöndürən və təcili yardım maşınları əbəs axtarış yollarında ora-bura şütüyər.
Bütün nəqliyyat dayanar: heç kim hara mindiyini, hara getdiyini və harda düşdüyünü bilməz, yüklər Marsel əvəzinə Qonoluluya gedib çıxar. Dünya təsərrüfatı dağılar, bəşəriyyət ibtidai vəziyyətə qayıdar. Yalnız xırdaca bir şeyə-ada görə."
Yaxud, təsəvvürünüzə gətirin ki, bir ailədə 9 uşaq var, valideynləri onların heç birisinə ad verməmişdir. Bu cür şəraitdə uşaqların harasa göndərilməsi, yaxud yerləşdirilməsi, onların buyrulub-çağırılması nə qədər çətinlik yaradar. Və yaxud, əhalisi çox olan bir yaşayış məntəqəsində heç bir şəxsə ad qoyulmamışdır. Belə anlaşılmazlıq, çaş-başlıq kimin kim olduğunu , kimə nəyinsə ünvanlandığını, yaxud kimin harasa ünvanlandığını və s. sadəcə olaraq ayrıd etmək mümkün olmaz. Həyat iflic vəziyyətinə düşər.
Göründüyü kimi cəmiyyətdə adların rolu çox böyükdür.
Bir fransız generalı coğrafi adların rolu haqqında çox qabarıq şəkildə yazmışdır. "Müharibələr tarixində belə nümunələr çoxdur ki, bəzən əhəmiyyətsiz hesab edilən bir anlaşılmazlıq döyüşün taleyini həll edir. Məsələn; əmr oxunarkən iki məntəqə adının qarışıq salınması.
Fransada eyni adlı yerlər həddən artıq çoxdur, belə ki, Sen-Jermen adlı 125, Sen-Jak adlı 168, Sen-Marten adlı 227 yer vardırg
Tutaq ki, döyüş vaxtı komandan qərar çıxarır ki, Sen-Martendəki döyüş mövqeyinə əlavə korpus, yaxud hərbi sursat göndərilsin, lakin əmrdə hansı Sen-Marten olması göstərilmir. Bu çox sadə faktdan döyüş uduzula bilər".
Söhbət coğrafi adların əhəmiyyətindən düşmüşkən Veresayevin də qeydlərinə nəzər salaq. O, rus-yapon müharibəsi haqqında qeydlərində çar generallarının bacarıqsızlığından bəhs edən çox xarakterik misallar göstərir. O yazır ki, hərbi əməliyyatlar xəritəsində çox kəndlər "Putunda" adlandırılmışdır. Döyüş vaxtı məlum olur ki, belə adda kəndlər yoxdur, "putında" isə "başa düşmürəm" mənasında olub, xəritələri tərtib edərkən kəndlərin adlarını soruşan məmurlara rus dilini bilməyən yerli əhalinin "başa düşmürəm"-deyə verdiyi cavabdır.
Yaxud, XİX əsrin xəritələrində Sibir regionunda "Bılbanın" yer adına çox təsadüf edilir. Bılbanın yakut dilində "səni başa düşmürəm" deməkdir. Yakutların rus məmurlarının "Bu yer necə adlanır?"-sualına verdikləri cavab yer adları kimi xəritəyə salınmışdır.
Bir daha xatırladırıq ki, mənasız, göydəndüşmə toponim yoxdur. Valideynlərimiz bizlərə xoşagələn, gözəl adlar qoyduqları kimi, babalarımız da yaşadıqları yerlərə başdansovdu ad verməmişlər. Lakin coğrafi adların heç də hamısının məna və mənşəyi aydınlaşdırılmamışdır. Buna görə də toponimlərin öyrənilməsi vacib və bütöv bir təqdiqat işidir. Tədqiqatlar və araşdırmalar göstərir ki, Azərbaycanda yüzilliklərin yaşıdı olan, bu gün mənası çətinliklə izah olunan, yaxud oluna bilməyən coğrafi adlar çoxdur. Yeri gəlmişkən deyək ki, hazırda bu istiqamətdə çox asan bir yol tutulmaqdadır. Belə ki, çətin izah olunan yer-yurd adlarının məna-mənşəyinin bünövrəsini arayıb-axçamaq, onların həqiqi mənasını üzə çıxarmaq əvəzinə, həmin toponimlər yenisi ilə əvəzlənir.
Əziz oxucular, qəzetimizdə bugünkü sayından başlayaraq "Toponimik rəvayətlər" rubrikasını açırıq. Məqsədimiz Qarabağın toponimləri barədə dolaşan rəvayətlərlə oxucularımızı tanış etməkdirdir. Həm də oxucularımızın bu işdə fəal olmağa çağırır, onlardan yaşadıqları yer-yurd haqqında dolaşan rəvayətləri toplayaraq redaksiyamıza göndərmələrini xahiş edirik. Xatırladırıq ki, coğrafi adlar gələcəyimizdir. Çünki onlar bizdən sonar uzun illər, əsrlər və min illər yaşayacaq, dövrümüzün əks-sədasını xələflərimizə çatdıracaqdır. Bunun üçün biz yaşadığımız kəndin və şəhərin toponim, hidronim, oykonim və s. barədə mükəmməl bilməli və biliyimizi də paylaşmağa borcluyuq.
Məngələnata

Məngələn ata tilsimli bir kişi imiş. Yüzdən artıq yaşı olan bu kişinin bircə qızı varmış. Bir gün bərk susayan Məngələn ata qızına deyir:
- Qızım, get mənə bulaqdan su gətir, yanıram, çalış tez gəl.
Qız gedir, lakin başı bulaq üstündə rəfiqələri ilə söhbətə qarışdığından gecikir. Məngələn ata çox gözləyir, qız gəlib çıxmır. Susuzluğa dözə bilməyən kişi özü bulağa gəlir, qızını rəfiqələri ilə söhbət edən görüb hirslənərək deyir:
- Səni görüm daş olasan, niyə gəlib çıxmırsan? Bilmirsənki susuzam?
Atanın qarğışından sonra qız çiynində cürdək daşa dönür.
Məngələnata Füzuli şəhərinin yaxınlığındadır.

Alça payı
Alman kalonlarından birinin bir neçə üzvü Şükürbəyli kəndinin ərazisində məskunlaşır. Onlar burada əsasən bağçılıq və üzümçülüklə məşöul olmağa başlayırlar. Belə deyirlər ki, onların içərisində çox xəsis bir mülk sahibi varmış. Onun həyət-bacasında, əkin-biçin sahələrində xeyli işçi çalışırmış. Meyvə bağlarının qoruqçusu isə fəğır bir adammış. Bir neçə ildən sonra qoruqçu işdən çıxmalı olur. O, neçə illik zəhmət haqqını almaq üçün mülk sahibinin yanına gəlir.
Sahibkar kəndlinin gəlişinin məqsədini öyrəndikdən sonra oğlunu çağırıb deyir:
-Get, bu kişinin zəhmət haqqını ver getsin.
Sən demə, oğul atadan da xəsis imiş.
Oğlan kişini bağa aparır, ona bir neçə alça dərib verir: "Bu da sənin payın"-deyib onu bayıra çıxarır.
Həmin vaxtdan da bu yer "Alça payı" adlanır.

Mirəli türbəsi

Qədim zamanlarda məşhur bir memarın şagirdlərindən biri hər axşam yoxa çıxır, tezdən iş yerində olurdu. Usta bu işdən şübhələnib onu izləyir. Gəlib bir dərəyə çatdıqda görür ki, şagirdi elə bir türbə tikiğ ki, usta heç onun kimi türbə tikə bilməz. Ustanın buna paxıllığı tutur, qılıncı ilə oğlanın bir qolunu kəsir. Lakin oğlan yenidən türbənin tikintisini davam etdirir. Türbənin tikintisinin başa çatmasına az qalmış oğlan həlak olur. Ona görə də türbənin adı "Birəlli", sonralar isə Mirəli qalır.
Mirəli türbəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndindədir. Orta əsr memarlıq abidəsi sayılan bu qülləvari türbənin hündürlüyü 17,7 metrdir. XIII-XIV əsrdə inşa edildiyi bildirilir.

Dikdaş

Keçmiş zamanlarda bir qadın olur. O, hamilə imiş, vaxtına çox az qalırmış. Bu zaman qarşısına bir atlı dəstəsi çıxır. Qadın bir qarnına baxır, bir göyə. Atlılar yaxına gələnə kimi allahdan daş olmasını arzu edir. Atlıların gözündən yayına bilməyən qadın başını aşağı dikir. Demə atlılar da qadını qabaqcadan görüblərmiş. Ona yaxınlaşdıqda qadının yerində dik bir daş görürlər. Həmin adamlar guya həmin daşa oxlar vurublar ki, qadın yenidən canlansın. Daşın üzərində olan deşiklər sübut edir ki, daşı həqiqətən nə iləsə vurublar. Tarixi məlumat yoxdur. Ancaq təxmini olaraq bu daşlaşmış abidəni YII əsrə aid edirlər. Həmin vaxtdan da onun adı "Dikdaş" qalıb.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf