adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2018 00:01
42563
LAYİHƏ
A- A+

YAXŞI Kİ, SƏN VARSAN, AY MUSA YAQUB

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

V.Yusifli: Elə şeirləriniz var ki, indijə etiraf etdiyiniz kimi, Milli Məclisdə olmasaydınız, onlar yaranmazdı. Demək istəyirəm ki, həmin şeirlər Milli Məclisin ümumi ruhuna müxalif olan ab-havadan, konkret olaraq sizin içinizdəki barışmazlıqdan, ümumi havaya köklənmək istəməməyinizdən yaranıb.
M. Yaqub: Doğrudur. Məsələn, Milli Məclisdə olarkən, biz bir qisim deputat çox cəhd elədik, Qarabağ məsələsini gündəmə çıxaraq. Amma hər dəfə bunun qarşısı alındı. Mənim "Nəyi bizimdir" şeiri də həmin əhval-ruhiyyəinin ifadəsidir:

Qarabağ bizimdir,- deyib dəf çalan,
Yatan qılınjımı, intiqamımı,
Sən ey nifrətimi arxayın salan,
Axı Qarabağın nəyi bizimdir?..
O boyda ölümü, itimi bizim,
Gəlimi düşmənin, gedimi bizim,
Çadırda doğulan yetimi bizim-
Axı Qarabağın nəyi bizimdir?

V.Yusifli: Başqa bir şeirinizdə də bu yaralı yerimizə toxunmusunuz:
Qarabağ inləyə-inləyə qaldı,
Vədləri dinləyə-dinləyə qaldı,
Heç kəsin əlindən heç nə gəlmədi,
Köhnə dostlarımız ağzını yumdu.
Təzə dostların da vecinə gəlmədi-
Daha zəhləm gedir kömək sözündən,
Daha zəhləm gedir dəstək sözündən.

V.Yusifli: Musa müəllim, siz təbiətdən cəmiyyətə üz tutdunuz və cəmiyyətdə baş verən bütün pislikləri, yaman işləri, xüsusilə Milli Məclisdəki ab-havanı görəndən sonra içinizdə bir ümidsizlik, inamsızlıq baş qaldırdımı? Axı, bunlar sizin üçün gözlənilməz idi.
M.Yaqub: Əslində, pislikdi, şərdi, yamanlıqdı...cəmiyyətdə bütün bunlar həmişə olub və olacaq. Ona görə də mən bir şerimi elə bu mövzuya həsr eləmişəm-Yaxşı adamlarıı qoruyaq, gəlin! Əgər cəmiyyətdə, yaşadığımız mühitdə hər şey normal olsaydı, insanlar arasında anlaşma, necə deyərlər, can deyib can eşitmək yamanlıqdan, pislikdən vəznjə ağır gəlsəydi, onda yaşamağın mənası bir ayrı cür olardı.
V.Yusifli: Onda icazə verin, sizin "Bir günah sənin, bir günah mənim" şerinizdən bu misraları söhbətimizə qatım:

Bir gözü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran,
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

V.Yusifli: Musa müəllim, sizin bir çox şeirləriniz- o şeirlər ki, cəmiyyətdə baş verən mənəvi proporsiyanın pozulmasındvan söz açır, "tərəzi"nin gözünü əyən məqamlara işarə edir, biganəliyi, etinasızlığı pisləyir, halallığın, düzlüyün kompasını tərsinə çevirir-bütün bunları siz sovet dönəmində də şeirlərinizdə əks etdirmisiniz. Ona görə də poeziyanızda son 15-20 ildə bir gözəllik şairinin antigözəlliyə qarşı inadla çarpışmasını təbii sayıram. Ancaq 90-cı illər və bu ikimininci illər təzadlı, son dərəjə mürəkkəb hadisələrlə diqqəti cəlb edir, insanlıq elə bil öz mahiyyətindən uzaqlaşmağa başlayır, cəmiyyətdə anlaşılmazlıq kritik həddə çatır, unudulur ki, axı, bizim torpaqlarımızın iyirmi faizi işğal altındadır. Sizin "Bizimkilər...Bizimkilər...", "İsmayıllı kömürü", "İlahi, mən hara gəlib çıxmışam", "Burax məni, çıxım gedim azadlığa", "Hara gedir", "Bir də görəcəyik", "Bu məddahlar" və s. şeirlərinizi mən poeziyada vicdanın səsi, harayı kimi qiymətləndirirəm. Siz bunları yazmalıydınız. Bunun üçün Milli Məclisin üzvü olmaq, kənddə ya şəhərdə yaşamaq elə bir önəm daşımır. Qoy bir şerinizdən bu misraları da yada salım:

İnsanın neçə min üzü olarmış?
Köhnənin nə qədər sözü olarmış?
Pay, rüşvət bir "şapka" qiyafəsində
Yaxşının nə qədər pisi olarmış?
Pambığın nə qədər bezi olarmış?
Sözü döngələyib döngəyə çıxmaq,
Döngədən bir təzə bölgəyə çıxmaq,
Ölkəyə təzə ad verməyə nə var,
Təzə qiyafəyə girməyə nə var.
Bəlkə də köhnəmi özüm yıxmışam,
Fırlana-fırlana bu fırlancıqda
İlahi, mən hara gəlib çıxmışam?!

Bax, bu misralar son on beş-iyirmi ilin gerçək mənzərəsidir və siz mənafe və siyasət çevrilməsini lap Sabir kimi kəskinliklə şeirə gətirmisiniz. Bəlkə də tənqid etdiyiniz kəslər bu şeirləri oxumur, ya oxuyursa özlərini o yerə qoymurlar, amma minlərlə, milyonlarla oxucu bilir ki, şair bu topları kimə atır, bu tüfəngi hara tuşlayır. Poeziyanın cəmiyyəti dəyişdirmək gücü yoxdur, amma poeziyanın elə təsir gücü var ki, o, insanların ürəyinə yol tapır, onlara "daha belə yaşamaq olmaz" fikrini aşılayır. Abbas Səhhət Sabirin poeziyası haqqında yazırdı ki, onun şeirləri İran məşrutə hərəkatına bir ordudan ziyadə xidmət etmişdir. Elə isə YAŞASIN POEZİYA!

ÜÇÜNCÜ MÜSAHİBƏ

(Ustadlar haqqında)

V.Yusifli: Musa müəllim, bu müsahibəmizdə sizin ustadlarınızı və müasirlərinizi, dostluq elədiyiniz insanları yad edəcəyik. Mən- Vaqif Yusifli fəxr edirəm ki, o sənətkarların bir çoxunu sağlığında görmüşəm, bəziləri haqqında məqalələr yazmışam, bir çoxu ilə müsahibələr aparmışam, dostluq etdiyim sənətkarlar da var. Həm də sevinirəm ki, bunların arasında Azərbaycanın istedadlı şairi Musa Yaqub da var və onunla dostam. Amma sizinlə müqayisəyə gəlmərəm. Çünki həm yaşınıza görə, həm də şöhrətinizə görə sizin mühitiniz daha geniş, daha sərhədsiz olub. Başlayaq ustad hesab etdiyiniz sənətkarlardan. Yazılarınızda və xatirələrinizdə dönə-dönə qeyd edirsiniz ki, sizin poeziyaya gəlməyiniz , ilk qayğı, ilk kömək Xalq şairi Məimməd Rahimin adı ilə bağdlıdır.
M.Yaqub: Bəli, Məmməd Rahimin mənim yaradıcılıq taleyimdə böyük rolu olub. Bu gün onun mənsub olduğu ədəbi nəsli ( S.Vurğunu, S.Rüstəmi, R.Rzanı və b.) tez-tez yad edirlər, amma nədənsə Məmməd Rahim unudulur. Heç şübhəsiz, adlarını çəkdiyim o ustad şairlərlə müqayisədə M.Rahim çox da güclü şair deyildi, amma onun da ədəbiyyat tariximizdə öz yeri var. Xüsusilə, o, lirik şeir ustası idi.Bir başqa örnək olası cəhəti də o idi ki, M.Rahim heç vaxt istedadlı gənc şairlərlərə biganə qalmırdı. Onun Əliağa Kürçaylı, Məmməd Araz, Ağacavad Əlizadə, İlyas Tapdıq, Şəkər Aslan, Səyavuş Sərxanlı və mənim şeirlərim barədə vaxtında yazdığı məqalələr gənj istedadlara qayğının təzahürü idi.
V.Yusifli: Musa müəllim, altmışıcı illərin axırlarıydı, mən ADU-nun tələbəsi idim. Bir dəfə bulvarda iki böyük sənətkarı gəzinən gördüm. Biri Süleyman Rəhimov, o biri Əli Vəliyev. Bir saat onları qarabaqara izlədim, bəzən lap iki-üç addımlığında hərəkətlərinə diqqət yetirdim, danışıqlarına qulaq asdım. Çalışırdım ki, heç bir anı nəzərdən qaçırmayım. Bu, mənim böyük ustadlara sonsuz məhəbbətimlə bağlı idi. Siz heç şübhəsiz, Əli Vəliyevi, Süleyman Rəhimovu, Mirzə İbrahimovu, Əbülhəsəni, Rəsul Rzanı, Süleyman Rüstəmi, İlyas Əfəndiyevi, Osman Sarıvəllini, Mehdi Hüseyni tez-tez görmüsünüz. İndi onları necə xatırlayırsınız?
M.Yaqub: Vaqif, sən elə böyük sənətkarların adlarını çəkdin ki, bunların hər biri Azərbayjan ədəbiyyatı tarixində silinməz izlər buraxan ayrı-ayrı zirvələrdir. Mən bu sənətkarların hər biri ilə fəxr edirəm, böyük qürur duyuram ki, xalqımızın bu jür söz korifeyləri var.
Çox təəssüf ki, Bakı ədəbi mühitində az-az göründüyümdən onların bir çoxu ilə sıx təmasda olmamışam. Amma deyim ki, bu görüşlərin hər biri xatirimdə dərin izlər buraxıb.
Mehdi Hüseyni cəmi bircə dəfə görmüşəm. Özü də elə bir insanla ki, həmişə onun poeziyası qarşısında baş əymişəm. Mən Məmməd Rahimi gözləyirdim, o, Yazıçılar İttifaqının sədri Mehdi Hüseynin yanına girmişdi. Otaqdan çıxanda Nazim Hikmətləydi. Bu ani görünüşdə Mehdi Hüseyn mənə olduqca jiddi bir insan təsiri bağışladı. Nazim Hikmət haqqında isə sonralar mən "Nazim həsrəti" şeirini yazdım:

Yarandı bir elin ahı-zarından,
Doğuldu vətənin intizarından,
Keçdi ölkələrin daş hasarından
Nazim həsrəti.

Özü Moskvada dinjələr, yatar,
Məzarı-intizar, ruhu-intizar.
Bəlkə Anadolu qəbristanında
Hələ də bir qarış torpaq axtarar
Nazim həsrəti.

Süleyman Rəhimovu mən həmişə Azərbaycan nəsrində uca bir dağ sanmışam. Elə bir dağ ki, ora qalxmaq, o zirvəyə ucalmaq heç kəsə nəsib olmayıb.
(ardı olacaq)

VAQİF YUSİFLİ