adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2018 09:20
43740
LAYİHƏ
A- A+

"SARILDIĞIM SAZDI MƏNİM"

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Hüseyn Saraçlıya dastan da həsr edən Z.Yaqub məqalələrinin birində bu böyük ustad haqda belə yazır: "Aşıq Hüseyn Saraçlını Allah əsl ozan kimi yaratmışdı. Ona baxanda elə bilirdin Yunus Əmrə də budur, Dadaloğlu da budur, Aşıq Veysəl də budur, Xəstə Qasım da budur. Yerişi, duruşu, gəzişi, danışığı, əlini bığına çəkməsi, nəmli dəsmalla aradabir alnının tərini silməsi - hamısı o qədər ölçülü-biçili, nizamlı, səliqəli, insanı heyrətə gətirən bir gözəllik mücəssəməsi idi".
Hüseyn Saraçlının ölümündən təsirlənən şair yazır:
Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar.
Ay Zəlimxan, ağlamaqdan nə çıxar,
Az sızılda, az inildə, az ağla!
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!

Şeirlərindən da göründüyü kimi, 1987-ci ilin baharında Borçalıda XX əsr Azərbaycan aşıq sənətinin iki ünlü simasının - Əmrah Gülməmmədov və Hüseyn Saraçlının dünyasını dəyişməsi onu təsirləndirir, "sözü ürəkdə, sazı köynəkdə" qalan "bir mahalın mahal boyda dərdi var", - deyir. Haqlı olaraq deyir ki, analar bir də Xan Əmrahı doğmaz, Saraçlını zaman bir də yetirməz, bu ustadların həyatdan köçməsi bütövlükdə Azərbaycanın itkisi olsa da, onların varlığından sazın ömrü qazandı:

Nə qazandı sazın ömrü qazandı,
Nə itirdi, Azərbaycan itirdi.

Bu iki böyük ustadın dünyasını dəyişməsindən hədsiz təsirlənən, qəlbi göynəyən, Əmrah Gülməmmədovun ölüm günü yazdığı şeirdə "Aman ellər, xan Əmrahı itirdik, sənət mülkü Kamandarsız qalmasın", - deyən Zəlimxan Yaqub Aşıq Kamandar Əfəndiyevlə də sıx dostluq münasibətində olub, onun sənətini hər zaman yüksək dəyərləndirib:

Ruhunla Qorqudtək qocalardasan,
Ahınla tüstülü bacalardasan,
Bəndə dərgahından ucalardasan,
Tanrı dərgahını haxla, Kamandar.

Aşıq Kamandar sənətini ovsun, tilsim, sehir, cazibədarlıq dünyası adlandıran Z.Yaqub yazır: "Aşıq Kamandar təzənəni tellərə yox, ürəklərə çəkirdi. Aşıq Kamandarın səsi boğazdan yox, ürəkdən gəlirdi. Aşıq Kamandar dərsini kitablar-dan yox, qırxlar pirindən, ələst aləmindən, ərənlər məclisindən almışdı. Boyu-buxunu da, yerişi-duruşu da, durumu-qırımı da, səs diapazonunun genişliyi də, nəfəs mənzilinin uzaqlığı da, avazı-laylası da, on bir telli, uzunqollu, gen sinəli tavar sazı da bəndənin yox, Allahın əsəridi.
...Kamandarın ömrü sazın, saz üstündə köklənən sözün ömrüdür. Qurbanidən Dədə Şəmşirə və bu günə qədər gələn ozan-aşıq dünyasında olan böyük sənətkarların hamısının birgə yaşadıqları ömürdür".
Məqalələrinin birində şair yazır: "Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır".
Sazın "ruhundan qopan", sazın "ruhuna hopan", sazı "özündə tapan", özünün təbirincə desək, dili söz tutub, ağlı kəsəndən Ələsgər çağırırb, Ələsgər deyən, "el məclisi görməsə, şair könlü saz olmaz", "sənsiz mənim bir məclisim, bir şənliyim olarmı heç", - deyən şairin qəlbi kövrələndə, tənha qalanda həmişə ümid yeri, pənahı saz olub, dərd-ələm üstünə yeriyəndə "Cəngi", "Misri" onun silahına çevrilib, özü "havacat Məcnunu", saz isə əbədi Leylisi olub, varlığını sazda görüb, sazın gücünə, sehrinə inanıb, ona güvənib:

Sən varsan, həyatda mən varam demək,
Səsimi hər yana yetir, ay sazım.

Saz adlı, sənət adlı bir yola könül verən Zəlimxan Yaqub deyir ki, bu yol məni duru və diri saxladı, "baxışımda haqq odunu, qəlbimdə nuru saxladı". Bəli, bu yol onun gözünü yaşdan, yazını qışdan qoruyub, külündə qoru saxlayıb:

Haqdan, nahaqdan ölmüşdüm,
Qılıncdan, oxdan ölmüşdüm,
Vallah, mən çoxdan ölmüşdüm,
Saz məni diri saxladı.

("Saxladı")

Bəşəri qanunlardan fərqli olaraq, sazın müqəddəs qanunları dəyişməzdir. Saz duyanları uca göylərə qaldırır, duyğusuzlara divan eyləyir, insana öz ilkini, kökünü, tarixini tanıdır.
Ədəbiyyatşünas alim Azər Turan yazır: "Eiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müstəvisində ədəbiyyatın timsalında Bəxtiyar Vahabzadənin "Muğam" poeması hansı işi görübsə, Zəlimxan Yaqubun "Saz" poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb".
"El havası" - "Qaraçı"yla ellərimizi gəzib dolanan, "Sarıtel" çalınanda Qul Abbası, Xəstə Qasımı xatırlayan, "Mansırı" nakam aşiqlərin sorağı, könülləri göynədən qəmli bir dastanın varağıdır deyən, "Divani"ni dənizə bənzədən şair "Təcnis" söz meydanında sınaqdı, - cinas yarışıdı, söz imtahanıdı deyir.
"Yanıq Kərəmi"dən söz açanda deyir ki, Kərəmi yandıran təkcə keşiş deyil, həm də dağılan, bölünən torpağımızdı, Vətənimizdi. "Ənəlhəq" deyən Nəsiminin dərisi soyulanda, Babəkin qolları kəsiləndə "ağrıdan göynədi tellərin səsi":

Məni dilləndirmək Dədə Qorqudun,
Yandırmaq Kərəmin bəxtinə düşdü!

"Dübeyti" havasından söz açanda şair deyir ki, bu hava "bir az dərddi, bir az dəva", bu, dağılan yurddu, uçan yuvadı, nisgil, ağrı, həsrət, qərib, qürbət havasıdı. Havaların sultanı "Ruhani" çalınanda isə saz ürəkləri kitab kimi varaqlayır. "Dilqəmi" elin dərdidi, elin qəmidi. Ocaqdan, alovdan, qılıncdan yaranan, ildırımdan od alan "Misri" mənim özümə sığmazlığım, döyüşüm, mübarizəmdir, bu dünyaya alovlu gəlib, ər kimi yaşamağım, kişi kimi ölməyimdir deyir:

"Misri" mənim nəyimdir?
Kamalda bitkinliyim,
Sınaqlarda dözümüm,
Döyüşdə yetkinliyim!
Mən onu çala-çala,
Qeyrətimi qorudum,
Mərdliyimi yaşatdım!
İnadımı qorudum,
Sərtliyimi yaşatdım!
Sənətdə varisliyə böyük əhəmiyyət verən şair deyir ki, dünəni, keçmişi bilməyən aşıq sabaha üzüağ gedə bilməz. Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digərləri kimi böyük ustadlarla daim sıx ünsiyyətdə olub onların ifalarını dinləməkdən doymayan Zəlimxan Yaqub aşıqlara qarşı olduqca tələbkardır:

Zəlimxan sevəndi kamil ustadı,
Kamil ki, deyilsən, batırma adı.
Yoxdu sözlərinin ləzzəti, dadı,
Gözünə qatmağa duz qəhətdimi?

("Qəhətdimi")

"Hər pərdənin ahəngində bir ölümsüz halallıq" olan, telləri susmaq nədir, lallıq nədir bilməyən, "yerli-yersiz zərbələrə tuş gəlsə də", heç zaman sınmayan saza biganə olanlara, onu bəyənməyənlərə "sən mənim sazımla oynama, bala," - deyərək özünəməxsus qətiyyət və inamla cavab verir:

Çör-çöp deyil, küləklərə yem ola,
Yerin-göyün görkəmidi, görküdü,
Təbiətin sevgisidi, ərkidi.
Yaxşılığa dəvətidi dünyanın,
Yamanlığın birdəfəlik tərkidi.
Dodağında Türk adlanan millətin
Şirin səsdi, xoş avazdı, türküdü.
Bəndəsindən Allahına yol gedər,
Yaranmışın yaradanı dərkidi,
Mənim sazım sındırılan saz deyil.

("Mənim sazım sındırılan
saz deyil")

Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi