adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Avqust 2018 00:19
48810
LAYİHƏ
A- A+

"SARILDIĞIM SAZDI MƏNİM"

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Milətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.

Z.Yaqub

Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: "Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib, sonradan vərəqlərə köçürülüb".
Hələ 1978-ci ildə Xalq şairi Osman Sarıvəlli yazırdı: "Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır". Xalq şairi Hüseyn Arif isə belə deyib: "Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan od-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlir ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir".
Akademik Kamal Talıbzadə isə belə deyib: "Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir". AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: "Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla - tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qayıdır". Zəlimxan Yaqub özü isə yazır: "Mənim şeirlərimin hamısında musiqinin sehirli qanadları var. Nəğmələrim nə qədər uzağa uçur uçsun, heç vaxt yorulmaq bilmir. Müxtəlif ölkələrdə, müxtəlif qitələrdə şeirlərimi əzbər oxuyan yüzlərlə poeziya vurğunu görmüşəm. Sərhədləri aşan şeirlərim öz qırılmaz qanadları ilə gedib dünyanın o başından öz həvəskarlarını, öz oxucusunu tapır. Bu uzaq uçuşların bir hünəri şeirin gücüdürsə, bir hünəri də o şeirin canındakı saz musiqisinin gücüdür". Bəli, Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır. Təsadüfi deyil ki, Z.Yaqub "Saza Allah demədim, ancaq onu Allahı sevən kimi sevdim", mən sazdan doğulmuşam, "sarıldığım sazdı mənim", - deyir:

Əl açıb göylərə çox yalvarmışam,
Qoy bu gün saz olsun Allahım mənim.
İstəyim Tanrının xətrinə dəysə,
Gərək bağışlana günahım mənim.

13 cildlik "Əsərləri" külliyyatının birinci cildinə yazdığı geniş müqəddimədə şair özünün aşıq sənətinə bağlılığı və bunun yaradıcılığına təsiri haqda belə yazır: "Ömrümün körpəlik və uşaqlıq çağlarından böyük sənətkarların danışdığı dastanları yaddaşıma köçürməyim, mənim o dastanların qəhrəmanlarına bənzəmək həvəsim sonralar mənə o imkanı verdi ki, "Saz", "Yunus Əmrə", "Ələsgər", "Aşıq Hüseyn Saraçlı", "Əbədiyyət", "Peyğəmbər" kimi lirik-epik əsərlər, dastanlar yaratdım. Əgər vaxtilə çox böyük təsir gücünə, dil gözəlliyinə malik olan dastanları qəlbimə, ruhuma köçürməsəydim, məndə zərrə qədər şübhə yoxdur ki, yuxarıda adını çəkdiyim əsərlərin heç biri dünyaya gəlməzdi".
Və Zəlimxan Yaqub deyir ki, "mənim şeirlərimin dili çaldığım sazın dilidir". Bu səbəbdəndir ki, onun poeziya dili "heç vaxt pəltək olmur, dolaşmır, dolaşdırmır, əllaməçilik eləmir, nə varsa, necə varsa, xalq necə yaradıbsa, o şəkildə çatdırır". Bu şeirlərin dili təmiz, duru, təbii, gözəl, aydın və səlis, rəvan və axıcıdır, elə buna görə də yaddaqalandır, seviləndir. Çünki:

Büdrəməz köhləni, yorulmaz atı,
Nağıldı, dastandı ömrü, həyatı.
Zəlimxan nə yazsa qoşma, bayatı,
Zəlimxan nə desə saz dilindədi.

Ədəbiyyat adlı böyük bir yolda ilk addımlarını atdığı gündən saza bağlanıb, "mən havacat Məcnunuyam", - deyib, saz onun "əbədi Leylisi" olub. Aşağıdakı misraları yazanda şair 23 yaşlı bir gənc idi:

Az yandırsan, dərdim azmı?
Heç bilmirəm qışmı, yazmı?
Saz aşığı tanımazmı,
Zəlimxanam, ay "Sarıtel".

Sonrakı illərdə yazdığı bir şeirdə isə, məni başqa yerdə axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun deyir:

Əl atmaq nə lazım kağız qələmə,
Heç kəsə demərəm yaz ünvanımı.
Kimə gərək olsa sözüm, söhbətim,
Ona göstərəcək saz ünvanımı.
Sarıldığım sazdı mənim, - deyib, sazın dili kimi dillənib, teli kimi danışıb, zili kimi yüksəlib, onu ana kimi əzizləyib, sona kimi sığallayıb. Həqiqəti, doğrusu da saz olub, məşəqqəti, ağrısı da. Bəzən Qərib olub - saz onun qürbətinə çevrilib, Məcnuna dönüb - saz həsrəti olub, Kərəm kimi yanıb - sazı hicrəti sayıb. Sazı Tanrının şah vergisi bilir, Qorqud quran bir yuvada Yunusdan qalan havanı dərk etməyənləri binəva hesab edir, "Zəlimxan sazdan doğulub", - deyir:

Çiçəklər yazdan doğulub,
Gözəllər nazdan doğulub,
Zəlimxan sazdan doğulub,
Sarıldığım sazdı mənim.

("Sarıldığım sazdı mənim")

"Qorqudam, Abbasam, Ələsgərəm mən, könlüm çalmasınmı saz havasını", - deyən Zəlimxan Yaqub sazın-sözün beşiyi olan Borçalıda dünyaya gəlib, XX əsr aşıq sənətinin nəhənglərindən olan Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev və digər ustad aşıqların əhatəsində böyüyüb, aralarındakı yaş fərqinə baxmayraq onların hər biri ilə dostluq münasibətində olub. Şeirləri mətbuata yol açmamış bu böyük ustadların dilində eldən elə yayılıb. Z.Yaqub yazır ki: "Ozan-aşıq dünyasıyla bağlı mətləblərin çoxunu oxuduğum kitablardan daha çox Borçalı aşıq məktəbinin çox ünlü şəxsiyyətlərindən - Əmrah Gülməmmədovdan, Kamandar Əfəndiyevdən və Hüseyn Saraçlıdan öyrəndim. Onlar böyük ustadlar kimi,, eyni vaxtda məni Tanrının üç müqəddəsliyi ilə qovuşdurdular. Göylər aləmindən enib gələn, torpaqda ilahi ucalıq yaradıb yenidən uca göylərə qalxan səslə, sözlə və sazla tanış etdilər. Onların çaldığı havalar, oxuduğu sözlər, danışdığı dastanlar mənə elə bir xəzinə, sərvət bağışladı ki, onu dünyanın heç bir maddi xəzinəsi ilə almaq olmaz! Ömrümün ən coşqun vaxtında üç böyük ozanın taleyimə yazılması, beşiyimin başında durması mənim üçün Allahın ən böyük lütfü, hədiyyəsidir.
Onlar bütövlükdə şərqin müqəddəs üçlüyü kimi mənim varlığıma köçdü - məndə yaşamaq, məni yaşatmaq üçün".
Bakı ədəbi mühitində əhatə dairəsi daha da genişlənən, Osman Sarıvəlli, Hüseyn Arif, Süleyman Rəhimov, Xəlil Rza, Tofiq Bayram və digər böyük şair və yazıçılarla sıx ünsiyyətdə olan Zəlimxan Yaqub eyni zamanda Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digər ustad sənətkarlarla da tez-tez təmasda olub. Ustadlar da həmişə onu özlərinə doğma sanıb, yeri gələndə ürəklərini ona boşaldıblar. Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Hüseyn Saraçlıya, Əmrah Gül-məmmədova, Aşıq Kamandara, Xanlar Məhərrəmova və digər ustadlara onlarla şeir ithaf edib.
"Könlümdə yaşadıb könül varını, sazımı eşqinlə çalmışam, ustad", - dediyi ustadlar ustadı Aşıq Ələsgərin yurdu ulu Göyçəni qarış-qarış gəzib, ona həsr etdiyi "Göyçədən gələn səslər" poeması vaxtilə həm də səhnələşdirilib. "Saz", "Yunus Əmrə", "Ozan evi - saz evi" poemalarını, "Hüseyn Saraçlı dastanı"nı yazıb, Hüseyn Bozalqanlıya poema həsr edib. Aşıq sənətinə və ustad aşıqlarımıza aid onlarla məqalənin müəllifidir, ustad aşıqlardan bir çoxunun kitabı məhz onun xeyir-duası, məsləhəti və redaktorluğu ilə işıq üzü görüb.
(ardı gələn sayımızda)

Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi