adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Iyul 2018 00:22
38075
LAYİHƏ
A- A+

DÜNYAYA AÇILAN GÜLLƏ...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

...Yayın bir səhəridi. Biz hələ də buradayıq. Bu balaca, üstü örtülü beş addımlıq həyətdə. Uşaqlar səhər elə həvəssiz yuxudan oyanır ki, tərpətməsən heç durmaq istəməzlər. Əvvəllər yay aylarında Ağdamdakı doğmaların yanına gedirdik. Son illər ora gedə bilmirik. Olanlardan sonra... Mənə nə var. Biz öyrənmişik güllə səsinə. Amma uşaqları atası qoymur. O, öyrəşməyib güllə səsinə...
İndi elə havada, elə ruhdayam ki, sizə ancaq kəndimizin nağılını danışmaq istəyirəm. Həyat çox qəribədir, adam vaxtında yaşadıqlarının, əlində olanların dəyərini anlamır bəzən. Mən də uşaq idim. Geniş həyətimizdə gilas ağaclarında quş kimi nəğmə deyə-deyə böyüdükcə arzularım da böyüyürdü...
Ağdamın işğal altında olan Qiyaslı kəndində doğulmuşam. Ailəmizdə düz on bir uşaq dünyaya gəlib. Bir bacım səkkiz yaşında vəfat edib. Qalmışıq yeddi bacı, üç qadaş. Kəndimizdə 8 illik bir məktəb vardı. Piyada gedirdik. Ağacların, gül-çiçəyin içiylə oynaya-oynaya... Sinfimizdə 12 oğlan, 7 qız idik. Ən sevimli müəllimim ədəbiyyatdan dərs deyən Cavan müəllim idi. O, bizi atamızın adıyla çağırırdı. Dərsə gecikəndə məni saxlamırdı. Deyirdi sən keç, Rəşidin qızı, sənsə qal, Məhişin qızı... Bu bizim necə oxumağımızla bağlı idi. Ailədə 7 bacıdan altıncısı idim. Bir bacımdan başqa hamımız yaxşı oxumuşuq. Müəllimlər təəssüflənirdilər ki, niyə belə uşaqları oxumağa qoymurlar. Bacım Suqra lap yaxşı oxuyub. Anam könülsüz aparıb onu imtahana, deyib, təki qəbul olmasın, elə o istəyən kimi də olub. Suqranın həm də gözəl səsi vardı. Bir ansanbılla Bakıya da gəlib oxumuşdu. 17 yaşında ərə verdilər onu. İndi Baharlı kəndindəki həyətində, evində hərdən elə segah deyir nəvələri də ona baxa-baxa qalır... Ötən illərdə düşmənin atdığı mərmi gəlib qonşularına düşüb, qəlpələr isə onun da evinin pilləkənlərinə dağılıb. Biz də onlara həsrət qalmışıq...
8-ci sinfi bitirdikdən sonra tam orta təhsil almaq üçün Söyüdlüqol kənd orta məktəbinə gedirdik. Anamdan olsaydı heç getməzdik... Yeni məktəbdə də ən sevimli müəllimim, yenə ədəbiyyatdan dərs deyirdi. Heç vaxt unutmadığım Mərdan müəllimin yumşaq səsi şeir deyəndə daha da gözəl olurdu. O, ədəbiyyatı sevdirib bizə. Heç yadımdan çıxmaz, bir dəfə onun dərsində sinifimizə yoxlama gəlmişdi. Bütün suallara cavab verdim. Müəllim sonra dedi ki, mənim bir şagirdim varmış sinifdə... Sonra Mərdan müəllimi Bakıda, Azərbaycan nəşriyyatında gördüm və bir daha görmədim, təəssüf...
Orta məktəbi də bitirdim və anamın istədiyi oldu. Mən onun əvəzinə üzüm bağında işləməyə getdim... Bir gün anamdan xəlvət böyük bacımla Ağdam Əmək Sarayı yanındakı makinaçılıq kursuna getdik. Sonra atam məcbur oldu, dedi heç olmasa tibb kursuna yazılım. Amma kurslar çoxdan dolmuşdu. Onsuz da mən hamısına gecikmişdim. Hamıdan gec getsəm də kursu fərqlənmə ilə bitirdim. Ağdam qəzetində yazılarım da çap olundu...
Və bir gün müharibə havası bizim də kəndimizə gəlib çatdı. Müharibə necə olur görəsən? Mən onu ancaq filmlərdə görmüşdüm... Həmin gecə kəndin kişiləri oyaq qaldı. Gündən-günə xəbərlər böyüdü. Artıq silah səsləri duyulmağa başladı. Üç qardaşımın üçü də orduya yazıldı. Biri könüllü özünümüdafiə batalyonuna, biri polis kimi, o biri isə əsgər kimi... Polis qardaşım Nəsib ilk yaralananlardan oldu. Sağalıb yenə döyüşə yollandı. Kiçik qardaşım Talib isə 2-ci qrup əlil oldu. Bir qolu hələ də dirsəkdən qalxıb enmir. Hələ bu harasıdı. Bir gün də atam Ağdam şəhərində düşmən mərmisinin qəlpəsindən yaralandı və al-qan içində evimizə gəldi. Onda kəndimiz də od içində idi. Atəş səsindən qulaq tutulurdu. O qədər şəhid olan, yaralanan vardı ki... Amma nə bir maşın tapılırdı, nə də bir həkim.... Sonra atam Gəncə xəstəxanasına, biz Sabirabada uzaq qohumun evinə getdik. Bir az keçmiş evimizə qayıtdıq. Atam bizdən də əvvəl qayıtmışdı. Şəhid olmuşdu və onu kənd qəbiristanlığında dəfn elədik...
Bir gün yenə elə bil, göy gurladı. Qaçıb evimizin birinci mərtəbəsinə sığındıq. Bir az keçmiş küçəyə çıxdım. Qonşumuz xanəndə Şahmalı Kürdoğlunun xanımının qucağında qana boyanmış balasını gördüm. Görməz olsaydım... Ana qanına bələnmiş balasını qucağına alıb dəhşət içində özünü küçəyə atmışdı... Demə, o göy kimi guruldayan mərmi gəlib qonşumuza - xanəndə Şahmalı Kürdoğlunun həyətinə düşüb. Ata-bala nar yeyərkən mərmi yanlarında partlayıb. Hər ikisi şəhid oldu o gün. Xanəndə oğluna da öz adını qoymuşdu. Ata-bala Şahmalı o limon bağçalı, güllü-çiçəkli həyətlərində nar kimi qırmızı qanına boyandı... Tənqidçi Vaqif Yusiflinin yaxşı yadındadı, o hasarı günbəzlərlə bəzənmiş limon bağçalı həyət. Vaqif müəllim muğam aşiqidi axı. Səsinə heyran olduğu Şahmalı Kürdoğlunun bir vaxt əziz qonağı olmuşdu...
Biz o dəhşətli gecə başqa kənddə gecələdik. Səhər yenə qayıtdıq... Yenə silahlar susmadı.... Amma mərmilərin uğultusu daha bizə adi gəlirdi... Evimizdə bir-iki qumbara da vardı. Hələ bir dəfə çaşıb qumbaranı əlimə də götürmüşəm, yadıma düşəndə indi də dəhşətə gəlirəm... Qorxudan bilməmişdim neyləyim, yerə qoymağa da qorxmuşdum. O qədər uşaq belə ehtiyatsızlıqdan məhv olmuşdu ki...
Hara getsək qaçıb yenə evimizə gəlirdik. Anam evdən ayrıla bilmirdi, bacımla mən də onun yanında. Ona görə də düz Ağdamın işğalı günü - 23 iyulda, o dəhşətli gündə çıxdıq evimizdən və bir daha qayıda bilmədik...
...Bərdədən o tərəfə keçməyə anamın ürəyi gəlmədi, dedi buradan kəndin, elin havasını alıram. Neylədiksə getmədi heç hara. Qaldıq yayda od tutub yanan, qışda buza dönən dəmir vaqonun içində. 1998-ci ildə də anam şəhid oldu, bəli, mən onu şəhid sanıram. Anam qoca deyildi, onun ürəyi yurd həsrətindən, dözülməz şəraitdə ağrı-acıdan partladı.... Üç subay balası qaldı, qardaşım, bacım, mən. Bizdən çox nigaran idi... Hə, onu da deyim, sonda deyəsən məni oxutmadığına peşiman olmuşdu, bütün qonşular televiziyada qızını görüb anama xəbər aparmışdılar. Deyirdilər mən anama çox oxşayıram... Anam dünyadan köçəndə mən texnikumu bitirib 26 yaşında universitetə qəbul olunmuşdum...
...Bu günlərdə birinci sinfə birgə getdiyimiz sinif yoldaşım Şahnazla tapmışıq bir-birimizi. Şahnaz professor, şair Əjdər Qiyaslının qardaşı qızıdı. Mərdəkanda yaşayırlar. Onunla danışanda elə bil başqa aləmə düşdüm. Uşaqlaşdım, gəncləşdim, sanki kəndimiz də, məktəbimiz də sağ-salamatdı. Sanki bir dərdim yoxmuş kimi anlar yaşadım. Şahnaz dedi ki, elə mən də sənin kimi düşünürəm. Hələ üzünü görməmişəm... Sinif yoldaşlarımı soruşdum. Bəzilərini görüb. Mən onlardan ötrü elə ağlamışam ki... Adam varidatını qoyub gəlib ağlayır. Mənim də varım sinif yoldaşlarımdı, qonşularımızdı, o ağaclar, güllü bağçalar, o Novruz bayramı, o işıqlı evlərdi...
...Şahmalı Kürdoğlu oğlu ilə şəhid olanda uşağın maşını da güllələnmişdi, ağaclar da yaralanmışdı, evlər də, güllər də, limon bağçasındakı limonlar, havada quşlar da... BU BÜTÜN DÜNYAYA ATILAN GÜLLƏDİ! Bütün insanlara yönələn güllədi... Bəs dünya bizim evimiz deyilmi?.. İndi də silahlar susmur, indi də Şahmalı, Fariz, Zəhra kimi uşaqlarımız qətlə yetirilir, indi də təbiətin köksünə yaralar vurulur, ağaclar saçlarını yolur, quşlar ağı deyir... Göyüzünə çərpələnglər uçurmağa qorxur uşaqlar, silahlar evlərə, məktəblərə tuşlanır, dilsiz-ağızsız heyvanlar məhv edilir... Bir hekayə yazmışam. "Kamilin arzusu". Balaca Kamilin arzusu dünyanı bütün insanlara Vətən etmək, "müharibə" sözünü belə lüğətdən silməkdi.... Bu o qədər də asan iş deyil. Amma Kamil böyüdükcə onun kimi düşünən insanların sayı o qədər artır ki, sonunda onlar bütün dünyaya sülh gətirirlər. Axırda qoca Kamil Şuşaya gedir nəvəsi ilə. Və bütün dünya onunla bir gülümsəyir... Yazı "Göyərçin" jurnalında çap edilib.
Yazıçı, jurnalist Hicran Hüseynova deyir ki, mən bu hekayəyə Nobel mükafatı verərdim. Sülhü tərənnüm etdiyi və dünyanı azad görmək istəyinə görə. Hicran kosmopolit adamdı. Bir kəndə, bir şəhərə sığışan deyil. İngilis yazıçısı C.Svivt kimi o da müharibələri durdurmaq istər. Füzuli rayonundan didərgin düşüb. Amma "Dünya bizim evimizdi", söyləyir... Fəqət nəinki dünya, heç öz doğulduğumuz kənd, şəhər də bizim ola bilmir.... Dünyadan doymayan canavar gözlü harınların, insan qanına susayan cəlladların, hər yerə sahib olmaq istəyən yeddibaşlı əjdahaların əlindən... Amma Kamillər var olduqca Şahmalılar, Farizlər, Zəhralar da yenidən gələcək dünyaya bəşərin xilası üçün...

Mina RƏŞİD

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ